Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-23/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi, sahə 4D, məhəllə 1 ünvanında yaşayan, barəsində Xətai rayon Məhkəməsinin qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 yanvar 2023-cü il tarixdə saat 02 radələrində tanışı Şahid idarə etdiyi “Toyota Prius” markalı **- DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsində əvvəllər yerləşən 4 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığına gələrək, orada Xətai rayonu, Tağızadə küçəsi 7 saylı binanın qarşısında park edilmiş X3 məxsus “X12” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb, pəncərədən keçməklə avtomobilin salonuna daxil olub, salonun ön panelində yerləşən daxılda-(bardaçok) olan Səməd Şaxtaxtinskiyə məxsus 15.000 (on beş min) manat milli pul əsginaslarını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Səməd Şaxtaxtinskiyə xeyli miqdarda yəni, ümumilikdə 15.000 (on beş min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahid ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, subaydır, hazırda heç bir yerdə işləmir. 2011-ci il tarixdə törətdiyi oğurluq cinayətinə görə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2015-ci ildə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra, “Luvr” şadlıq sarayında adminstrator kimi işə düzəlmiş, 2022-ci ilin sentyabr ayında işdən çıxmışdır. İşdən çıxdıqdan sonra, bir müddət özünə iş axtarsa da, tapa bilməmişdir. İşsizliyi səbəbindən dolanmaqda çətinlik çəkdiyi üçün məcbur olub hər hansı avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, avtomobildən oğurluq cinayəti törətmək ona daha rahat və təhlükəsiz gəlmişdir. Habelə daha çox maddi imkana sahib insanlar şəhər ətrafında yaşadıqları üçün, oğurluğu məhz şəhər ətarfında törətməyi düşünmüşdür. Bu minvalla 19 yanvar 2023-cü il tarixdə saat təxminən 01 radələrində yaşadığı evdən çıxmışdır. Evdən çıxdıqda, qəsəbədən tanıdığı fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Rəşid adlı şəxsə yaxınlaşaraq, onu Xətai metrostansiyası yaxınlığına aparmasını xahiş etmişdir. Rəşid də, etiraz etmədiyi üçün idarə etdiyi "Toyota Prius” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək, onunla birgə metronun Xətai stansiyası yaxınlığına gəlmişdir. Qeyd edilən ünvanın yaxınlığında avtomobildən düşdükdə, Rəşidə təxminən bir saatlıq işinin olduğunu və onu gözlədiyi halda yol haqqı kimi 20 manat pul verəcəyini demişdir. Rəşid etiraz etmədikdə, o oradan kənarlaşıb, piyada hərəkət edərək, məhəllələrdə və məhəllələr arası yollarda saxlanılan avtomobillərin içərisinə baxmış, avtomobillərdə hər hansı əşyanın olubolmamasına diqqət elməyə başlamışdır. Artıq saat 02 radələri olmuşdur. Bu minvalla Bakı şəhəri, Xətai rayonu, Tağızadə küçəsi ilə hərəkət edib, həmin küçədə yerləşən beşmərtəbəli binanın qarşısında, yoldan bir qədər kənarda parklanmış “X12" markalı **- CA-*** markalı avtomobilin yanından keçərkən, avtomobil diqqətini cəlb etmişdir. Belə ki, avtomobil məhəllədə nisbətən təcrid olunmuş yerdə saxlandığı üçün, avtomobildən oğurluq etmək ona bir qədər rahatlıq yaratmışdır. Avtomobil bahalı olduğu üçün içərisində pul və ya pula satıla biləcək hər hansı əşya olduğunu güman edərək, həmin avtomobildən oğurluq etməyi qərarlaşdırmışdır. Bu məqsədlə ərtafa baxıb, ətrafda kənar şəxsin olmadığına əmin olduqdan sonra yerdən daş parçası götürüb, həmin daş parçası ilə avtomobilin qabaq sağ yan qapı şüşəsini sındırmışdır. Avtomobilə siqnalizasiya sisteminin quraşdırılması ehtimalını nəzərə alaraq, avtomobilin qapılarını açmadan, əli ilə qapı pəncərəsinin şüşə qırıqlarını təmizləyib pəncərədən keçməklə avtomobilin salonuna daxil olmuşdur. Bundan sonra cəld şəkildə avtomobilin salonunda axtarış aparmağa başlamışdır. Axtarış apardığı zaman, avtomobilin “bardaçok” hissəsinin bağlı olduğunu görmüşdür. Bu zaman əli ilə bardaçokun tutacağından dartmaqla, kilid hissəsini sındırıb bardaçoku açmışdır. Bardaçoka nəzər salan zaman orada ağ rəngli kağızın içərisində 100 manatlıq əskinaslarla xeyli sayda pul olmasını görmüşdür. Güman etmədiyi həcmdə pul aşkar eldiyi üçün, çox sevinmişdir. Avtomobildən daha heç bir əşya oğurlamayıb, cəld şəkildə qaçmağa başlamışdır. Hadisə yerindən bir qədər aralandıqdan sonra, oğurladığı pulları saydıqda, pulların 15.000 manat təşkil etdiyini görmüşdür. Cəld şəkildə oğurladığı pulu gödəkçəsinin içərisinə yerləşdirib, hadisə yerindən bir qədər kənarda onu gözləmiş Rəşidə yaxınlaşmışdır. İşini tamamladığını deyib, onu təkrarən yaşadığı evə aparmasını xahiş etmişdir. Lakin törətdiyi cinayət haqda ona heç bir məlumat verməmişdir. Evə gəldikdə, Rəşidə danışdığı kimi 20 manat pul verməklə, ondan ayrılmışdır. Səhəri gün oğurladığı puldan 5000 manat hissəsini öz şəxsi ehtiyyaclarına sərf etmişdir. Qalan 10.000 manat pula isə dəyməyib özündə saxlamışdır. 20 yanvar 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman törətmiş olduğu əməli səmimi olaraq etiraf etmişdir. Qeyd edir ki, oğurluq yolu ilə əldə eldiyi puldan qalan 10.000 manat pul polis tərəfindən götürülmüşdür. Son olaraq əməlindən səmimi peşman olduğunu, vurduğu zərəri tam şəkildə ödədiyini, himayəsində yaşlı valideynlərinin olmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda "Socar” şirkətində Sosial İnkişaf İdarəsinin tikinti departamentinin rəis müavini vəzifəsində işləyir. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 18 radələrində işdən çıxıb etibarnamə əsasında özünə məxsus “X12" markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Tağızadə küçəsi 7 saylı evin qarşısına gəlmiş, avtomobilini evin qarşısında saxlamaqla yaşadığı evə getmişdir. Səhəri gün, yəni 19 yanvar 2023-cü il tarixdə saat təxminən 08 radələrində avtomobilinə yaxınlaşdıqda, avtomobilin qabaq sağ yan pəncərəsinin sındırıldığını görmüşdür. Dərhal avtomobilin qapısını açıb, avtomobilin içərisinə nəzər saldıqda, avtomobilin qolluqaltı hissəsində saxladığı əşyaların dadığılaraq avtomobilin içərisinə doğru atıdlığını, avtomobilin ön panelinin saxlanc yerinin kilidinin sındırıldığını, saxlanc yerində saxladığı özünə məxsus 15.000 manat pulun yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Eyni zamanda avtomobildə saxladığı digər əşyalara diqqət eldikdə, həmin əşyaların yerində olduğunu və hər hansı digər əşyanın oğurlanmadığını müəyyən etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə zəng vurmaqla hadisə barədə məlumat vermişdir. Qeyd edir ki, avtomobilində baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 15.000 (on beş min) manat avtomobilinin qabaq sağ yan pəncərə şüşəsinin və avtomobilin ön panelinin saxlanc yerinin kilidinin sındırılması nəticəsində isə ona 350 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı övladı vardır. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, övladı “talasemiya” xəstəliyindən əziyyət çəkidiyi üçün cinayət törətməkdən uzaq olub, ona dəstək olmağa çalışır. Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, aralarında yoldaşlıq münasibətləri vardır. Cinayət törətməklə bağlı aralarında hər hansı danışıq və ya razılaşma olmamışdır. 19 yanvar 2023-cü il tarixdə saat təxminən 01 radələrində idarə etdiyi " Toyota Prius" markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Savalan qəsəbəsində durub müştəri gözlədiyi zaman Rəxşan ona yaxınlaşaraq idarə etdiyi avtomobilə əyləşib, metronun Xətai stansiyası yaxınlığına gedəcəyini orada işlərinin olduğunu bunun üçün ona gediş haqqı olaraq 20 manat verəcəyini demişdir. Bu minvalla onlar birgə Xətai metroslansiyasının yaxınlığına gəldikdə, avtomobili Rəxşanın göstərməsinə əsasən qadın həbsxanasının yaxınlığında saxlamışdır. Rəxşan qeyd edilən ünvanda avtomobildən düşdükdən sonra, qısa müddətdə qayıdacağını deyib, kənarlaşmışdır. O da, öz növbəsində avtomobildə qalıb, onun gəlməsini gözləməyə başlamışdır. Təxminən 40 dəqiqədən sonra, Rəxşan geriyə qayıdıb, avtomobilə əyləşdikdə, o avtomobili hərəkətə gətirib, yaşadığı ev istiqamətdə hərəkətə başlamışdır. Rəxşan ona söz verdiyi kimi 20 manat pul verib avtomobildən düşüb getmişdir. 20 yanvar 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polisə gəlirildiyi zaman isə hadisə ilə əlaqədar ona məlum olan halları bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan örünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1). Cinayət işinin başlanmasına əsas və səbəb, 19 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Xətai rayonu, Tağızadə küçəsi 7 saylı binanın qarşısında vət. X2 avtomobilindən 15000 manat məbləğdə pulun gizli olaraq oğurlanması barədə ərizəsi əsasında Xətai RPİ-nin 37-ci PB-də toplanmış materiallar olmuşdur. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v.9) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27-28) Cinayət işinin istintaq materiallarına əlavə edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqına 20 yanvar 2023-cü il tarixli protokoldan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan şalvarın sağ yan cibindən 100 ədəd 100 manatlıq əskinasla olan ümumilikdə 10.000 manat pulu təqdim edərək, həmin pulu 19 yanvar 2023-cü il tarixdə saat təxminən 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Tağızadə küçəsində yerləşən binalardan birinin qarşısında saxlanılmış “X12” markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobildən gizli olaraq taladığını bildirmişdir. Həmin pulu könüllü olaraq istintaq orqanına təqdim etmişdir (i.v. 38). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndidirlən şəxs qismində cəlb edilmişdir (i.v. 58-59). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru İsa Həbibzadənin 21 yanvar 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (i.v. 82-83). “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan göürünür ki, xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Xınalıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 89-90). “Maddi ziyanın ödənilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru İsa Həbibzadə icraatında olan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.1988-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Xınalıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs və müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinə əsasən ondan ötrü tərtib olunmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə maddi ziyanın ödənilməsi üçün istintaqa təqdim etdiyi 2000 (iki min) manat pulu, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təhvil verilməsi üçün qəbul edilmişdir (i.v. 92). 22 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus cinayət yolu ilə əldə edilmiş 12.000 manat pulu təhvil almışdır (i.v. 93). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 98). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, digər şəxs Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndidirlən şəxs qismində cəlb edilmiş (i.v.69-70), daha sonra Xətai Rayon Prokurorunun 21 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar ləğv edilmişdir (i.v. 85-87). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 20 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 157). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış 25 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə cəza müddəti 04 il 06 ay olaraq təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CMnin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmişdir (i.v. 146- 147). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(011)- 273/2023 nömrəli qərarı ilə xx xxxxxxx 1988-ci ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Qubadlı rayonu, Xınalıq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının 18 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2023-cü il tarixdə Xətai RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 1(011)-273/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 1(011)-273/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(011)-273/2023 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin 0432203/1852№-li çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Tonzillektomiya” əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişində ağırlaşma, mənfi reaksiyalar olmamışdır. Əməliyyatdan sonrakı dövr sakit keçmiş, aparılan infuzion, antibakterial, simptomatik və s.müalicələrin nəticəsində xəstə ambulator müalicə üçün kafi vəziyyətdə evə yazılmışdır. Naxçıvan MR Xəstəxanasının 19 oktyabr 2023-cü il tarixli stasionar epikrizindən görünür ki, 16 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs anal nahiyyədə olan şişkinlik və hiperemiya, qəbizlik, ağrı şikayətləri ilə daxil olmuşdur. 16 oktyabr 2023-cü il tarixdə cərrahi əməliyyatı – Perianal abssesin kəsilməsi aparılmışdır. Təqsirləndirilən şəxs 19 oktyabr 2023-ü il tarixdə ambulator şəraitdə müalicəni davam etdirmək şərtilə evə yazılmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 28 noyabr 2023-cü il tarixli ərizəsindən və məhkəmə iclasında təqdim etdiyi 17 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan törətdiyi cinayət əməlləri cinayət işi üzrə toplanmış sübutların məcmusu, özünün səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında və ifadənin yerində yoxlanılması haqqında protokol və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə CM-nin 177.2.4-cü maddəsinə əsasən cinayət hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir..... Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan həmin qərarına görə: ”Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz”. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 20-21 yanvar 2023-cü il tarixlərdə tutulduğu, habelə 07 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət, 27 dekabr 2023-cü il tarixdən halhazıradək ev dustaqlığında saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Həmin Məcəllənin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2assivi, sahə 4D, məhəllə 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) ay 12 (on iki) gün həbsdə və ev dustaqlığında ümumi saxlanılma müddəti 02 (iki) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 09 (doqquz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-23/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-23/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver