Məhkəmə qərarları › İş №1(011)-23/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-23/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-23/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 09 avqust 1990-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya avtomobil ehtiyat hissələrinin, eləcə də digər məişət sahəsinə aid malların xarici ölkədən sifarişlə gətizdirilib sataraq gəlir əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda 2.000 manat, 2022-ci ilin avqust ayının ortalarında həmin ünvanda 3.000 manat, 2022-ci il avqust ayının sonlarında həmin ünvanda 2.000 manat, 2022-ci ilin sentyabr ayının ortalarında həmin ünvanda 3.000 manat və 2022-ci ilin sentyabr ayının sonlarında Xətai rayonu S.Vəzirov küçəsi ev 27 ünvanda 3.000 manat ümumilikdə 13.000 (on üç min) manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 13.000 manat (on üç min) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2016-cı il tarixdən tanıyır. Həmin vaxtlarda Bəhramın yaşadığı ünvan 4 ünvanın yaxınlığında yerləşən yükdaşıma qarajında mühafizəçi olaraq işləmişdir. Bəhram həmin ərəfələrdə yükdaşıma lazım olduqda həmin qarajdan əmlakları taksi fəaliyyəti olaraq ünvanlara aparıb zəhmət haqqı almışdır. Bu yolla Bəhramla aralarında tanışlıq yaranmışdır. Bəhram ondan ölkə xaricindən hər hansı bir məhsul gətirib Bakı şəhərində sataraq gəlir əldə edilməsi mümkün olan bir iş olarsa bildirməsini xahiş etmişdi. O həmin vaxtlar az miqdarda avtomobil ehtiyat hissəsi sifariş edib mühafizəçisi olaraq işlədiyi yükdaşıma qarajı vasitəsi ilə Bakı şəhərinə gətirib satmışdır. 2022-ci ilin avqust ayının əvvəllərində o Bəhrama yükdaşıma qarajı vasitəsi ilə Türkiyə Respublikasından avtomobil ehtiyat hissələri sifariş edib Bakı şəhərində bir qədər baha qiymətə satmaqla gəlir əldə edəcəklərini təklif etmişdir. Bəhram bu işdə onunla razılaşmışdır. Bəhrama bildirmişdir ki, “bu iş üçün müəyyən məbləğdə pul lazım olacaq lakin mənim hal-hazırda maddi durumum yaxşı deyil". Bəhram ona demişdir ki, “bu işin nəticəsində gəlirimiz olacaqsa mən pul təşkil edə bilərəm". Bu danışıqdan bir neçə gün sonra 2022-ci ilin avqust ayının əvvəllərində Bəhramla əlaqə saxlayıb işə başlamaq üçün pul lazım olduğunu demiş və Bəhramın yaşadığı Xətai rayonu S.Vəzirov küçəsi 27 saylı ünvanın qarşısına gedib Bəhramdan ilkin olaraq 2.000 (iki min) manat pul almışdır. Bundan təxminən bir həftə sonra Bəhramla danışıb əlavə olaraq 3.000 (üç min) manat pul lazım olduğunu demişdir. Bəhram ona demişdir ki, sən ilkin olaraq aldığın 2.000 manat müqabilində heç bir gəlir təqdim etmədin bəs bu işin axırı necə olacaq". O, Bəhrama ilkin olaraq aldığı pulla avtomobil ehtiyat hissəsi sifariş etdiyini, bu dəfə isə geyim əşyası sifariş edəcəyini, həmin əmlaklar gəldikcə satıb əldə olunan gəliri təqdim edəcəyini deyib Bəhramı inandırmışdır. Bəhramın evi iş yerinə yaxın olduğu üçün evin qarşısına gedib həmin 3.000 manat pulu Bəhramdan almışdır. Təxminən 10 gün sonra 2022-ci ilin avqust ayının ortalarında Bəhrama zəng edib ölkə xaricindən kosmetoloji əmlakları sifariş edəcəyini, bunun üçün əlavə 2.000 (iki min) manat pul lazım olduğunu, bundan əvvəl aldığı pulları sifarişlərə ödədiyini, ölkə xaricindən gəldiyi üçün bir qədər uzun müddət vaxt apardığını demişdir. Bəhram etibar edib ona 2.000 manat pulu yaşadığı evin qarşısında vermişdir. Bəhramla mütəmadi əlaqə saxlayıb sifarişlərin yolda olduğunu səbirli olmasını, sifarişlər gəldikdən sonra satıb əldə olunan gəlirlə birlikdə verdiyi pulları da qaytaracağını deyib Bəhramı inandırmışdır. 2022-ci ilin sentyabr ayının sonunda Bəhramla danışıb iri həcmli texnikaların ehtiyyat hissələrini sifariş etmək üçün əlavə olaraq 3.000 (üç min) manat pul verilməli olduğunu demişdir. Bəhram bu təkliflə razılaşmış və 3.000 manat pulu işdən sonra ona yaşadığı ünvanın qarşısında vermişdir. Axırıncı dəfə 2022-ci ilin sentyabr ayının sonunda Bəhramın bildirməsi əsasında yaşadığı evə gedib Bəhram evdə olmadığı üçün qızı Mədinədən 3.000 manat pulu qəbul etmişdir. Həmin pulu Bəhramdan sifariş edilən əmlakların gömrük sənədləşdirməsini həyata keçirmək rüsumları ödəmək bəhanəsi ilə almışdır. Bəhramdan adlığı pulları sifarişlər üçün xərcləmişdir. Ümumilikdə Bəhramdan aldığı 13.000 manat pulun hazırda 2.600 manatını Bəhramın polisə müraciət etməsindən sonra qaytarmışdır. Zərərçəkmiş şəxs aldığı pulların müqabilində sifarişlərə dair hər hansı ödəniş çeki və ya sifariş edilən məhsulun miqdarı, dəyəri, hansı növdə olmasına dair çıxarış istintaqa təqdim edə bilmir. Hazırda vurulan zərəri tam olaraq ödəmişdir. İş üzrə icraata xitam verilməsi üçün dövlət nəfinə müvafiq məbləği ödəmək imkanı yoxdur. Törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ildir tanıyır. Elnurun əmisi oğlu kimi tanıdığı Elvin karqo şirkəti işlətdiyi üçün o Elvinin yük daşımalarını taksi kimi lazımi ünvana aparıb zəhmət haqqı almışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs tanımışdır. 2022-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, "yaxşı tanışları vardır, həmin şəxslərdən müxtəlif avtomobil ehtiyat hissələri sifariş edib Bakı şəhərində satmaqla xeyir əldə edə bilərik". Elnur ona bildirmişdir ki, bu işə başlamaq üçün pul göndərmək lazımdır. O Elnurun təklifi ilə razılaşmış və ilk dəfə Elnura yaşadığı ünvanın qarşısında 2000 manat pul vermişdir. Elnur ona demişdir ki, " bu pulla xaricdən ehtiyat hissəsi sifariş edəcəkdir". Bundan təxminən bir həftə sonra Elnur yenidən 3.000 manat pul istəyib xaricdən geyim əşyası sifariş edəcəyini demişdir. Elnurdan soruşmuşdur ki, “sənə ilkin olaraq verdiyim 2.000 manatın əvəzində hansı ehtiyat hissəsini sifariş vermisən". Elnur yalandan bildirmişdir ki, həmin pula sifariş etdiyi ehtiyat hissələr yoldadır, xarici dövlətdən gəldiyi üçün Bakı şəhərinə gəlib çatması uzun müddət vaxt aparır. Bu kimi bəhanələrlə Elnur onu inandırdığından ikinci dəfə Elnura istədiyi 3.000 manatı vermişdir. Təxminən 10 gün sonra yəni avqust ayının axırlarında Elnur yenidən onun yaşadığı evə gələrək 2.000 manat pul istəmişdir. Elnur bildirmişdir ki, kosmetoloji firmadan müxtəlif mallar sifariş edəcəkdir. O heç-bir gəlir əldə etmədiyini Elnura dedikdə Elnur narahat olmamağını işlərin qaydasında olmasını demişdir. Elnur ona demişdir ki, sifarişlərin gəlməsi uzun müddət vaxt apardığı üçün hazırda xeyir əldə edə bilmir. Elnurla aralarında olan danışığa əsasən yekunda hər bir sifariş edilən əşyaların satışından əldə edilmiş gəlirlə birlikdə Elnur aldığı pulları geriyə qaytarmalı olmuşdur. Bu yolla Elnur bir aydan çox vaxtını almışdır. 2022-ci ilin sentyabr ayının sonunda Elnur yenidən 3.000 manat pul istəmişdir ki, iri həcmli texniki avtomobilin ehtiyat hissəsini sifariş edəcəkdir və bunun üçün həmin məbləğdə pul lazımdır. O həmin məbləğdə pulu Elnura vermişdir. Elnur həmin vaxtlarda onun yaşadığı evin arxasındakı küçədə kirayə yaşadığı üçün mütəmadi olaraq işdən sonra görüşüb danışmışdırlar. Bu səbəbdən Elnura iş üçün lazım olan pulları yaşadığı evdə olan zaman vermişdir. Sonuncu dəfə Elnur ona zəng edib 3.000 manat pul lazım olduğunu sifariş edilən malların gömrük xərclərinə veriləcəyini demişdir. O evdə olmadığından qızı Mədinə Novruzovaya zəng edib Elnur adında şəxsin gələcəyini həmin şəxsə 3.000 manat pul verməsini demişdir. Elnur sonuncu dəfə qızı Mədinədən yaşadığı evin qarşısıında 3.000 manat pul almışdır. Bundan sonra o mütəmadi olaraq Elnurla əlaqə saxlayıb ümumilikdə 13.000 manat pul verdiyini lakin indiyə qədər heç bir gəlir əldə etmədiyini bildirsə də, Elnur hər dəfə müxtəlif bəhanələr deməklə işlərin həllini tapacağını demişdir. Elnur ona demişdir ki, " 13.000 manat pulun əvəzində 5.000 manat xeyirlə birlikdə sənə 18.000 manat pul verəcəm". Danışıqları zamanı Elnur ona bildirmişdir ki, sifariş edilən əşyalar gömrükdə qalıb onları keçirmək üçün müəyyən qədər vaxt lazımdır. Sonradan Elnurun kargo şirkətləri ilə heç bir əlaqəsi olmadığını qohumu Elvin tərəfindən işdən qovulduğunu öyrəndikdə Elnurun onu aldatmasını başa düşüb polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona 2.600 manat pul qaytarsa da indiyədək 10.400 manat pulu verməmişdir. Elnurun qohumu Elvin Ağayev baş vermiş hadisəni təsdiq edə bilər. Elnur onu aldatdıqdan sonra bu barədə ilkin olaraq Elvinə bildirmiş və Elvin Elnuru zəng edib iş yerinə çağırmışdır. Elvin, Elnurdan nə üçün yalan vədlər verib pul almasını ehtiyat hissələrinin harada olmasını soruşduqda Elnur yalandan sifariş verdiyi ehtiyat hissələri satmasını demişdir. Elvinin təkidi ilə Elnur həmin vaxt 2.500 manat pul qaytarmış, sonradan isə 100 manat kart hesabına göndərmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 21 avqust 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ərizəsini heç bir təzyiq olmadan könüllü özü yazmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. 2015-2022-ci ilin yay aylarının sonunadək Elnur onun iş yerində mühafizəçi olaraq işləmişdir. Həmin ərəfələrdə iş yerinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs tanımışdır. Bəhram taksi fəaliyyəti ilə məşğul olub sifarişlərin bildirilən ünvanlara çatdırılmasını həyata keçirmişdir. Elnur həmin ərəfələrdə işlənmiş avtomobil ehtiyat hissələrini Bakı şəhərində olan el arasında "avtomobil ölüxanası" kimi adlandırılan məntəqələrdən alıb satışını həyata keçirmişdir. Elnur 2022-ci il tarixdə işdən çıxıb avtomobil kirayə edərək taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bəhramla Elnurun tanışlığı əvvəldən yaranmışdır. 2022-ci ilin oktyabr ayında Bəhram onunla əlaqə saxlayıb bir məsələ ilə bağlı danışmaq istədiyini demişdir. Bəhramı Babək prospektində yerləşən iş yerinə dəvət etmişdir. Bəhram ona bildirmişdir ki, Elnurla işlənmiş ehtiyat hissələrinin alıb- satmaq barədə aralarında razılıq olmuş, bu məqsədlə Elnura hissə-hissə ümumilikdə 13.000 manat pul vermişdir, lakin Elnur bunun müqabilində heç bir iş görməyib və hazırda onun pulunu geri qaytarmır. O bu danışıqdan sonra dərhal Elnura zəng edib iş yerinə gəlməsini bildirmişdir. Elnurla Bəhram onun yanında danışdıqda məsələnin gəlir əldə edilməsi məqsədi ilə öz aralarında olan şifahi danışıq yolu ilə pul alınıb verilməsindən ibarət olmasını başa düşmüşdür. O Elnurdan pulu haraya xərcləməsini soruşduqda Elnur ona bildirmişdir ki pulu ehtiyat hissələrə verib, və həmin əşyaları mağazalara satılması üçün paylayıbdır. O, Bəhrama demişdir ki, "get həmin mağazalardan mallarını götür". Bəhram isə sadəcə pulunun geri qaytarılmasını tələb etmişdir. Bu zaman onlara bildirmişdir ki, "bu məsələnin mənimlə heç bir əlaqəsi yoxdur, bir tanışınız olaraq sizin aranızda olan narazılığıa aydınlıq gətirmək istədim lakin bundan sonrasını özünüz həll edin". Elnur həmin gün onun yanında Bəhrama 2500 manat pul qaytarmışdır. O Elnurun xarici ölkədən ehtiyat hissə sifariş etməsinin və satışını həyata keçirməsinin heç vaxt şahidi olmamışdır. Elnurun hansı məqsədlə Bəhrama bu kimi vədlər verdiyini bilmir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş 10 iyun 2024-cü il tarixli və 03 avqust 2024-cü il tarixli Şahid tərəfindən göndərilmiş teleqramlarda qeyd olunmuşdur ki, ağır əməliyyat keçirdiyi üçün və əməliyyat səbəbindən ağrıları olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə qəbul edilmiş Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nicat İbrahimovun 17 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilib fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 1-2) - 18 may 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edib bildirmişdir ki, 2022-ci ildə X1 işi qurmaq üçün 13.000 manat pul vermiş lakin sonuncu onu aldadıb pulu mənimsəmişdir; (i.v. 7) - Zərərçəkmiş şəxs 05 may 2023-cü il tarixli ərizəsindən görünür ki, 2022-ci ildə karqo işləri görmək məqsədilə X10 rayonu, S.Vəzirov küçəsində 13000 manat pul vermişdir. Lakin Elnur onu aldadıb etibarından istifadə edərək pulunu mənimsəmişdir. Ağayev Elnurun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir; (i.v. 8) - 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir; (i.v. 19-21) - 30 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunub materialın əlavə yoxlamaya qaytarılması barədə qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış HK-1- 1190/23 nömrəli material üzrə RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nicat İbrahimov tərəfindən qəbul edilmiş cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə 05 iyun 2023-cü il tarixli qərar ləğv edilmişdir; (i.v. 28-29) - 17 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə aparılmış araşdırma zamanı Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir; (i.v. 37-40) - 15 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (i.v. 53) - 16 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 55) - 16 fevral 2024-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs yalan vəd verib ondan 13.000 manat pul almasını etiraf etməsinə dair audio səs yazılar köçürüldüyü 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs götürülməsi qərara alınmışdır; (i.v. 64) - 16 fevral 2024-cü il tarixli götürülmə haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisinə Təqsirləndirilən şəxs yalan vəd verib ondan 13.000 manat pul almasını etiraf etməsinə dair audio səs yazılar köçürüldüyü 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; (i.v. 65) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 04 mart 2024-cü il tarixli tələbnamə sənədindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 68) - 05 mart 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir; (i.v. 75-76) - 05 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 05 mart 2024-cü il tarixdə saat 20:30-da tutulmuşdur; (i.v. 87) - 06 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1. Birinci audio yazıda Təqsirləndirilən şəxs səs yazısı mövcuddur, o, Zərərçəkmiş şəxs deyirki, "qonşu sənin 10.500 manat maya məndədir, dekabr və yanvar ayı ərzində sənin pulunu geri qaytaracam və səninlə haqq hesabı tamamlayacam". 2. İkinci audio yazıda Təqsirləndirilən şəxs səs yazısı mövcuddur, o Zərərçəkmiş şəxs deyirki, " Sən Bəhram mən Elnur ayın axırına kimi sənin 10.500 manat pulunu qaytarıram məsələ həllini tapır". 3. Üçüncü audio yazıda Təqsirləndirilən şəxs səs yazısı mövcuddur, o Zərərçəkmiş şəxs deyirki, " qonşu mən səni də başa düşürəm, mən səni pis vəziyyətdə qoymuşam, pulunu geri qaytaracam. Mənə bu cür sözlər sözlər demək lazım deyil". 4. Dördüncü audio yazıda Təqsirləndirilən şəxs səs yazısı mövcuddur, o Zərərçəkmiş şəxs deyir ki, " 13.000 manat mayadır. Mən hər ay 2 və ya 3 min sənə hissəli ödəniş edəcəm, 13.000 manatdan əlavə sənə nə vəd vermişəmsə həmin pulu da hesabla sənə ödəyəcəm". Şübhəli şəxs Təqsirləndirilən şəxs səs yazılarını dinləyib, həmin səs yazılarını Bəhramla Votsap sosial sms mübadiləsi vasitəsi ilə danışığı zamanı göndərməsini, səs yazılarının özünə məxsus olduğunu, Bəhramdan aldığı pulu geri qaytaracağını bildirməsini izah etməyə və aralarında olan narazılığa son verməyə çalışdığını demişdir; (i.v. 95) - 07 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (i.v. 97-98) - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X4 01 iyul 2023-cü il tarixdə 1063 №-li qeydlə nikah bağlamışlar; (i.v. 109a) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 mart 2024-cü il tarixli, 4(011)-190/2024 saylı qərarından görünür ki, vəsatət və təqdimat rədd edilmiş, xx.xx.1990-cı ildə Yardımlı rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, bu qətimkan tədbirinin müddəti 02 ay 01 gün həddində müəyyən edilməklə onun əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmışdır; (i.v. 118-123) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli 3384№-li məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Yardımlı rayonunda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v. 128) - 27 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmaqla barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, aparılmış istintaqla əməlində Azərbaycan Republikası CM-nin 178.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Xətai rayon prokurorluğuna göndərilsməsi, Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, götürmə və diskə baxış protokolları işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır; (i.v. 131-136) - Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(003)- 668/2024 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinmiş və 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 24 (iyirmi dörd) saatdan artıq müddət 02 (iki) gün hesab edilərək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək həbsdə saxlanıldığı saxlanıldığı 01 (bir) ay 10 (on) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yardımlı rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi hökm edilmişdir. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(011)-23/2025 saylı qərarın surətindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs 09 avqust 1990-cı il tarixdə Yardımlı rayonu, Yardımlı qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. - Yardımlı rayon məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 7(038)-2/2025 saylı qərarın surətindən görünür ki, təqdimat təmin olunmuş, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-668/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona təyin edilmiş 02 il 03 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi yeri dəyişdirilmiş və o, həmin hökmlə təyin edilmiş cəzasını yaşayış yeri üzrə, yəni ünvan 8 ünvanında çəkməsi, məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması qərara alınmışdır. - Yardımlı rayon icra və probasiya şöbəsinin 20 fevral 2025-ci il tarixli, 1205/2025-83- 4 №-li məktubundan görünür ki, Yardımlı şəhər sakini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-668/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 2 4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yardımlı Rayon İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyata alınmışdır. Odur ki, qanunvericliyə əsasən onun cəza müddəti xx.xx.2025-ci il tarixdən başlanmaqla xx.xx.2027-ci il tarixdə başa çatacaqdır. Əlavə olaraq bildirilir ki, cəzanın icrası ilə əlaqədar olaraq 04.02 2025-ci il tarixdə yaşayış yerində məhkum Təqsirləndirilən şəxs „Attenti" markalı elektron nəzarət vasitələri tətbiq edilmişdir. - 10 iyun 2024-cü il tarixli və 03 avqust 2024-cü il tarixli Şahid tərəfindən göndərilmiş teleqramlardan görünür ki, ağır əməliyyat keçirdiyi üçün və əməliyyat səbəbindən ağrıları olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmişdir və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs 21 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ərizəsini heç bir təzyiq olmadan könüllü özü yazmışdır. - Elektron məhkəmə sisteminin çıxarışından görünür ki, 01 may 2024-cü il təvəllüdlü X2 Elnur Bahadur oğlunun övladıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidin ifadəsi və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərəri tam şəkildə ödəməsi və himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-668/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və ona təyin olunmuş cəzanın icrasının əvvəli birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanaraq 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəlki hökm üzrə həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) ay 12 (on iki) gün həbsdə saxlama müddəti və hazırki iş üzrə 05 mart 2024-cü il tarixindən 01(bir) il 27 (iyirmi yeddi) gün “ev dustaqlığında” saxlama müddəti 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs digər hökm üzrə cəzanın icrasına başlanılmazdan əvvəl barəsində qətimkan tədbiri seçildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsi məhkumun vəziyyətini ağırlaşdırdığı üçün hazırkı iş üzrə tətbiq edilməməli, həmin məcəllənin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saat iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-668/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Xəzər rayon məhkəməsinin hökmü üzrə həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) ay 12 (on iki) gün həbsdə saxlama müddəti və hazırki iş üzrə 05 mart 2024-cü il tarixindən 01(bir) il 27 (iyirmi yeddi) gün “ev dustaqlığında” saxlama müddəti 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın icrasının əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar