Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-230/2020 24.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Ermənistan Respublikasının Amasiya şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 36 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakım talama məqsədi ilə xx xxxxxx 2019cu il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsi 28A saylı evin qarşısına gəldikdən sonra həmin ünvanda saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs1 məxsus **-NX-*** dövlət qeydiyyat nişanlı “İnfinity” markalı avtomobilin qabaq sol yan şüşəsini daş parçası ilə sındırıb avtomobilin içərisindən sonuncuya məxsus 01 (bir) ədəd 50 manat qiymətində olan pencək, 01 (bir) ədəd 150 manat qiymətində olan palto, 01 (bir) ədəd 1.000 manat qiymətində olan monitor aparat və pencəyin cibindən 2.000 manat məbləğində pul vəsaitini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3.200 (üç min iki yüz) manat dəyərində maddi zərər vurmaqla, oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində ünvan 3 ünvanının qarşısına gəldikdən sonra həmin ünvanda saxlanılmış vətəndaş Zərərçəkmiş şəxs2 məxsus **-NP-*** dövlət qeydiyyat nişanlı “Wolkswagen” markalı avtomobilinin sol arxa yan şüşəsini daş parçası ilə sındırıb avtomobilin içərisindən sonuncuya məxsus 01 (bir) ədəd 800 manat qiymətində olan “Acer” markalı noutbuk kompüter və 01 (bir) ədəd 3.200 manat qiymətində olan “Canon” markalı fotoaparatı gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümmilikdə 4.000 (dörd min) manat dəyərində maddi zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, işsiz olduğundan dolanmaqda çətinlik çəkir, yaranmış bu vəziyyətdən çıxış yolu kimi oğurluq etmək və bu üsulla pul əldə etmək yolu seçmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi ilə hərəkət etdiyi zaman çox mərtəbəli binanın qarşısında dövlət qeydiyyat nömrəsini xatırlamadığı qara rəngli “İnfinity” markalı avtomobilin dayandığını görmüş və yerdən 3-4 ədəd daş götürərək həmin avtomobilə yaxınlaşaraq əlində olan daşlar ilə avtomobilin qabaq sol şüşəsini sındırmışdır. Avtomobilin şüşəsinin sınma səsini kiminsə eşitməsini yoxlamaq üçün o, bir qədər gözlədikdən sonra avtomobilə yaxınlaşmış və avtomobilin qapı altlığının üzərinə çıxıb bədənini yarıya kimi avtomobilin şüşəsindən avtomobilin içərisinə doğru daxil edib qoltuq altını açmış və oradan 01 ədəd bağlı qutuda olan monitoru götürmüşdür. Bundan sonra o, arxa qapını açaraq qapıdan asılmış 01 ədəd palto, 01 ədəd pencəyi götürmüş və dərhal hadisə yerindən uzaqlaşmışdır. Daha sonra o, avtomobildən götürdüyü paltarların cibinə baxış keçirtdiyi zaman həmin paltarların ciblərinin boş olduğunu görmüşdür. O, həmin ərazidən uzaqlaşdıqdan sonra palto və pencəyi zibil yeşiyinə atmış, manitoru isə tanımadığı şəxsə 150 manat qarşılığında satmışdır. Bundan əlavə o, xx xxxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi ilə hərəkət etdiyi zaman dövlət qeydiyyat nömrəsini xatırlamadığı ağ rəngli “Wolkswagen” markalı avtomobilin dayandığını görüb tanınmaması üçün başına papaq keçirtmiş və avtomobilə yaxınlaşmışdır. Avtomobilə yaxınlaşıb avtomobilin şüşəsindən içərisinə baxış keçirtdiyi zaman o, avtomobilin arxa oturacağının üzərində kompüter sumkasının və fotoaparatın olduğunu görmüşdür. Bu zaman yenə də o, eyni üsul ilə yerdən daş götürüb, həmin daş ilə avtomobilin arxa şüşəsini sındırmış və cəld şəkildə arxa oturacağın üzərində olan 01 ədəd gödəkçəni, içərisində noutbuk kompüter olan sumkanı və fotoaparatı götürmüşdür. O, gödəkçəni, kompüter sumkasnı və içərisində fotoaparat olan sumkanı götürüb oradan təxminən 150-200 metr uzaqlaşdığı zaman arxadan kiminsə onu səslədiyini eşitmiş və əlində olan içərisində noutbuk kompüter olan sumka ilə içərisində fotoaparat olan sumkanı yaxınlıqda olan zibil yeşiklərinə atıb qaçaraq oradan uzaqlaşmışdır. Hazırda o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəmişdir. Onlarla barışmışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, ailə üzvlərinin birinin xəstə olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələr və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, 2005-ci ildən etibarən ünvan 5, mənzil 3 ünvanda yaşayır. O, ünvan 4i rayonunun inzibati ərazisində yerləşən “Laçın” ticarət mərkəzində ticarət ilə məşğul olur. O, hər gün adəti üzrə səhər saatlarında «Laçın» ticarət mərkəzinə yollanıb axşam saat 19:00 radələrində “Laçın” ticarət mərkəzindən çıxaraq yaşadığı mənzilə gedirmiş. xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində o, kassada olan 2.000 manat məbləğində pul vəsaitini əynində olan peycəyinin cibinə qoyaraq “Laçın” ticarət mərkəzindən çıxmışdır. O, avtomobilinin yanına çatdıqda havanın soyuq olması səbəbindən əynində olan pencəyi çıxardaraq ona məxsus olan avtomobilin içərisində olan asılqandan asılmış paltonun üzərindən asmış və avtomobilinin içərisində olan gödəkçəni geyinmişdir. Bundan sonra o, Xətai rayonu, R. Quliyev küçəsində yerləşən “Bravo” marketə gedərək bir qədər bazarlıq etmiş və oradan isə yaşadığı mənzilə yollanmışdır. O, Xətai rayonu, G.Mehmandarov küçəsi 28A ünvana çatdıqdan ona məxsus olan **-NX-*** dövlət qediyyat nişanlı “İnfinity” markalı avtomobili yaşadığı mənzilin eyvanının qarşısında saxlamış və avtomobili tərk edərək yaşadığı mənzilə yollanmşdır. O, yaşadığı mənzilə daxil olarkən kassadan götürdüyü pulların pencəyin cibində avtomobildə qaldığını xatırlamış və oğlu Nadiri həmin pulu götürməsi üçün yaşadığı mənzilin qarşısında saxladığı özünə məxsus olan **-NX-*** dövlət qediyyat nişanlı “İnfinity” markalı avtomobilə yollacağını düşünmüşdür. Lakin o, evdə olarkən oğlu Nadirin yaşadığı mənzildə olmadığını və dostları ilə görüşməyə getdiyini görmüşdür. xx xxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində oğlu Nadir yaşadığı mənzilə gəldikdə o, Nadirə avtomobilin içərisindən pencəyi və içərisində olan 2.000 manat məbləğində pul vəsaitini götürməsini deməyi unutmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 09:00 radələrində o, yaşadığı mənzilin eyvanında siqaret çəkərkən ona məxsus olan **-NX-*** dövlət qediyyat nişanlı “İnfinity” markalı avtomobilin qabaq sol şüşəsinin sındırıldığının şahidi olmuş və dərhal yaşadığı mənzili tərk edərək avtomobilə tərəf yüyürmüşdür. O, özünə məxsus olan **-NX-*** dövlət qediyyat nişanlı “İnfinity” markalı avtomobilə yaxınlaşdıqda avtomobilin qabaq sol şüşəsinin sındırıldığının və içərisində olan 150 manat dəyərində olan 01 ədəd paltonun, 50 manat dəyərində olan 01 ədəd pencəyin və həmin pencəyin iç cibində olan 2000 manat məbləğində pul vəsaitinin oğurlandığının şahidi olmuşdur. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə ona məxsus olan **-NX-*** dövlət qediyyat nişanlı “İnfinity” markalı avtomobilə nəzər saldıqda avtomobilin qoltuqaltı hissəsində olan 1.000 manat dəyərində olan 01 ədəd monitor aparatın oğurlandığını aşkar etmişdir. Ona məxsus olan **-NX-*** dövlət qediyyat nişanlı “İnfinity” markalı avtomobildən baş vermiş oğurluq nəticəsində ümumilikdə 3.200 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Ona görədə məhkəmədən, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq məhkəmə iclaslarına gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanıödədiyini, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını və məhkəmə iclaslarının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən etibarən Bakı şəhəri Xətai rayonu, Q.Nəbi küçəsi23/19 nömrəli evdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində o, **-NP-*** dövlət qediyyat nişanlı “Wolkswagen” markalı avtomobil ilə iş yerindən yaşadığı mənzilə gəlmişdir. O, çox yorğun olduğu üçün avtomobilinin arxa oturacağının üzərində olan içərisində noutbuk kompüter olan kompüter sumkasını və içərisində fotoaparat olan “cat” markalı sumkanı avtomobildən götürüb yaşadığı mənzilə aparmağa ərinmiş və yorğun olduğu üçün yaşadığı mənzilə gəldikdən dərhal sonra yatmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində o, yaşadığı mənzilin qapısının döyüldüyünə ayılmış və qapıya yaxınlaşdıqda qonşuluqda yaşayan bir nəfər şəxsin olduğunu görmüşdür. O, qapını açdıqda həmin şəxs ona avtomobilinin şüşəsinin sındırıldığını bildirmişdir. O, bundan sonra özünə məxsus 90-NP- 384 dövlət qediyyat nişanlı “Wolkswagen” markalı avtomobilə yaxınlaşdıqda avtomobilinin arxa sol şüşəsinin sındırıdılğını və avtomobilinin arxa oturacağının üzərindən içərisində “Acer” markalı noutbuk kompüteri olan kompüter sumkasının və içərisində “Canon” markalı fotoaparat olan sumkasının oğurlandığını görmüşdür. O, belə olduğu təqdirdə özünə məxsus olan avtomobilə toxunmadan dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng eləmiş və ona məxsus olan avtomobildə baş vermiş oğuluq hadisəsi barədə məlumat vermişdir. Ona məxsus olan **-NP-*** dövlət qediyyat nişanlı “Wolkswagen” markalı avtomobildən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4.000 manat ziyan dəymişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 011-10897-1219 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 məxsus “İnfinity-QX 56” markalı AZ ** NX *** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı əl izlərindən 01 (bir) ədədi Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etmişdir. Cinayət işinin 130-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 20/211R nömrəli rəyindən görünür ki, ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 məxsus “İnfinity- QX 56” markalı AZ ** NX *** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı ekspertiza tədqiqatına təqdim edilmiş 07 ədəd şəffaf yapışqan lent və 09 ədəd daktilolent kəsikləri üzərlərində olan əl izlərindən 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs əl əksləri (daktiloskopik xəritəsi) müqayisəli tədqiqatın aparılması üçün yararlıdırlar. Şəxsiyyətin eynilşməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izlərindən 01 ədədi (daktiloskopik xəritəsi tədqiqata təqdim edilmiş) xx.xx.1978-ci il tarixdə Ermənistan Republikasında anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan o, cümlədən Təqsirləndirilən şəxs əl barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 154-160-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən hadisə yerlərinə baxış zamanı aşkar edilərək götürülmüş 22 ədəd əl-barmaq izləri və 01 ədəd “CD-RV” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 29,177.2.1, 177.2.2, 228.4, 234.1-ci maddələri təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla Cinayət Məcəlləsinin 66.3 və 68.2-ci maddələrinə əsasən 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 400 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx xxxxxxxx 2004-cü il tarixdə ünvan 4i Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77-ci maddəsini rəhbər tutaraq cəzasının çəkilməmiş 08 (səkkiz) ay hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur; 2) Ağır Cinayətlərə dair X2 Azərbaycan Respublikası Məhkəmənin xx xxxx 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3, 181.3.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67-ci maddələrinə əsasən 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxx 2005-ci il tarixli qərar ilə həmin hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1-ci maddəsi hökmdən xaric edilmişdir. xx xxxxxxxx 2014-cü il tarixdə ünvan 4i Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx xxxxxxx 2015-ci il tarixdə cəza müddəti bitmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələb yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq təkrar talamaqla oğurluq cinayətlərinin törətməsi, onun özünün istintaq zamanı verdyi ifadəsi, zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CinayətMəcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin, tələblərinin olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsiniin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmişhadisə yerlərinə baxış zamanı aşkar edilərək götürülmüş 22 ədəd əl-barmaq izləri və 01 (bir) ədəd “CD- RV” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmişhadisə yerlərinə baxış zamanı aşkar edilərək götürülmüş 22 ədəd əl-barmaq izləri və 01 (bir) ədəd “CD-RV” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-230/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-230/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver