Məhkəmə qərarları › İş №1(011)-230/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-230/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-230/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Biləsuvar rayonu, Bəydili kəndi, Yeni Məhəllə küçəsi, ev 14 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə, əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyi Biləsuvar rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə inspektor vəzifəsinə işə qəbul etdirəcəyinə dair vəd verib aldadaraq, 2018-ci ilin may ayında Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən H.Əliyev adına parkdakı kafedə 5000 manat, 30.05.2018-ci ildə qeyd olunan kafedə 2.500 manat, 01.06.2018-ci ildə yenidən həmin kafedə 2500 manat, 2018-ci ilin iyun ayının əvvəllərində isə 3150 manat pulu ünvan 3 ünvanında yerləşən 7 saylı şəhər poliklinikasının qarşısında tanışı vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, 13.150 (on üç min yüz əlli) manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dayısı X4 İnzibati İqtisad Məhkəməsinin sədri vəzifəsində işləmişdir. Dayısı 2021-ci ilin iyun ayında ölmüşdür. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Cabbar Ağdam rayonundan məcburi köçkündür. Cabbar 2015-ci ildə polis orqanlarında işə düzəlmək üçün imtahan versə də, imtahandan kəsilmişdir. Cabbar imtahandan kəsildiyini ona demişdir. Hadisə olan ərəfələrdə atası Soltan xəstəlikdən əziyyət çəkirdi və onun müalicəsi üçün təcili pul lazım idi. Cabbarın imkanlı şəxs olduğunu bildiyi üçün fikirləşmişdir ki, onu polis orqanlarına işə düzəltmək üçün dələduzluq yolu ilə pul alar, həmin pulu da atasının müalicə xərclərinə xərcləyər. Cabbarla görüşlərin birində Cabbara bildirmişdir ki, dostları vasitəsi ilə onu polisə işə düzəldə bilər. O Cabbara bildirmişdir ki, işinin həll edilməsi üçün 15.000 manat pul verməlidir. Cabbar isə 15.000 manatının olmadığını dedikdən sonra Cabbara dayısıyla danışaraq qiyməti münasib edə biləcəyini demişdir. Lakin bu məsələlərdən dayısının xəbəri olmamışdır. Bir gün sonra o, Cabbara zəng edərək dayısı Mehmanla danışdığını və onun polis orqanlarına işə düzəlməsi üçün 13.000 manat pul lazım olduğunu bildirmişdir. Cabbar da onunla razılaşmış və həmin pulu ona hissə-hissə verəcəyini qeyd etmişdir. 2018-ci ilin may ayında o, Cabbarla Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən H.Əliyev adına parkda olan kafedə görüşmüşdür. Cabbar həmin kafedə ona 5000 manat pul vermişdir. O, Cabbarı daha da inandıraraq bildirmişdir ki, Cabbarı iyun ayında kursa göndərəcək. 2018-ci ilin may ayının sonlarında o, Cabbarla əlaqə saxlayaraq sənədlərinin Daxili İşlər Nazirliyinə göndərildiyini bildirmişdir. 30.05.2018-ci il tarixdə Cabbarla yenidən H.Əliyev adına parkda olan kafedə görüşmüş və Cabbar həmin kafedə ona əlavə olaraq 2500 manat pul vermişdir. Cabbardan aldığı pulları atasının müalicəsi və şəxsi ehtiyacları üçün xərcləmişdir. 01.06.2018-ci il tarixdə o, Cabbarla yenidən qeyd olunan kafedə görüşmüş və Cabbar ona əlavə olaraq 2500 manat pul vermişdir. Söhbət zamanı Cabbar ona bildirmişdir ki, başqa pulu qalmamışdır və özünə məxsus avtomobili sataraq qalan pulu ödəyəcək. Cabbar ona demişdir ki, avtomobili Bakı şəhərində satacaq. O, Cabbara bildirmişdir ki, Bakı şəhərində olacaq, avtomobili satdıqdan sonra Bakı şəhərində görüşərək qalan pulu götürər. O, Cabbardan əlavə olaraq sənədləri düzəltmək və həmin sənədləri Bakı şəhərinə göndərmək üçün 150 manat da pul istəmişdir. Cabbar razılaşaraq çıxıb getmişdir. Bir neçə gün sonra Cabbar onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və pulun hazır olduğunu bildirmişdir. O, Cabbara Bakı şəhərində olmadığını Cabbarın mobil nömrəsini tanışına verərək tanışının Cabbarla əlaqə saxlayacağını demiş və qalan 3150 manat pulu da həmin şəxsə verməsini istəmişdir. Cabbar da onunla razılaşmışdır. O, Bakı şəhərində yaşayan adını xatırlamadığı tanışıyla əlaqə saxlamış və həmin şəxsə mobil nömrəsini verərək bildirmişdir ki, Cabbarla görüşsün və Cabbar həmin şəxsə 3150 manat pul verəcək. O həmiun şəxsə demişdir ki, pulu götürərək üzərində saxlasın, Bakı şəhərinə gələn zaman pulu ondan götürər. Tanışı xatırlamadığı vaxtda Xətai rayonu, Əhmədli qəsəbəsi, 7 saylı şəhər poliklinikasının qarşısında Cabbarla görüşmüş və həmin şəxsə 3150 manat pul vermişdir. Bir neçə gün sonra o, Bakı şəhərinə gəlmiş və həmin tanışından 3150 manat pulu götürmüşdür. Cabbarla əlaqə saxlayaraq Bakı şəhərində olmasını və bir neçə gündən sonra polis orqanlarına işə düzəlmək üçün kursa gedəcəyini bildirmişdir. Cabbar da onunla razılaşmışdır. O birdaha bildirmişdir ki, maddi sıxıntıları olduğu üçün Cabbardan aldığı pulu öz ehtiyacları və atasının müalicəsi üçün xərcləmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Ağdam rayonundan məcburi köçkündür. X2 uşaqlıqdan tanıyır. Oqtayla dost münasibəti olmuşdur. 2015-ci ildə polis orqanlarında işə düzəlmək üçün imtahan komissiyasına müraciət etmiş və az bal topladığı üçün imtahandan kəsilmişdir. Oqtay da onun polis orqanlarının imtahanından kəsildiyini bilirmiş. 2018-ci ilin aprel ayının sonlarında o, Oqtayla görüşən zaman Oqtay onu polis orqanlarında işə düzəldə biləcəyini demişdir. O, Oqtaydan bunun necə olacağını soruşduqda Oqtay bildirmişdir ki, dayısının general dostları var və həmin general dostları vasitəsilə onu polis orqanlarında işə düzəldə bilər. Oqtayın dayısı X4 İnzibati İqtisad Məhkəməsinin sədri vəzifəsində işləyib və halhazırda Mehman Nuriyev ölmüşdür. O, da Oqtaya inanaraq razılaşmışdır. Oqtay ona bildirmişdir ki, polis orqanlarında işə düzəltmək üçün 15.000 manat pul verməlidir. O, isə Oqtaya 15.000 manat pulu verməyə imkanının olmadığını demişdir. Oqtay isə dayısı ilə danışıb qiyməti aşağı edəcəyini deyərək getmişdir. Bir gün sonra Oqtay onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və bildirmişdir ki, dayısı Mehmanla danışmışdır və 13.000 manata onu Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis Şöbəsində yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinə inspektor vəzifəsinə düzəldəcək. O, da Oqtayla razılaşmış və bildirmişdir ki, 13.000 manat pulu tam şəkildə verə bilməyəcək, həmin pulu hissə-hissə verəcək. Oqtay isə problem olmadığını, 45 günlük kursa gedəcəyini və kursa getməmiş son pulu da verməli olcuğunu demiş və onunla sağollaşmışdır. 2018-ci ilin may ayında Biləsuvar rayonu, H.Əliyev küçəsində yerləşən H.Əliyev adına parkda Oqtayla görüşmüş və 13.000 manat puldan 5.000 manatını Oqtaya vermişdir. Oqtay 5.000 manatı götürdükdən sonra onu daha da inandırmağa çalışaraq dayısı ilə danışacağını və onu iyun ayında kursa göndərəcəyini deyərək çıxıb getmişdir. 2018-ci ilin may ayının sonlarında Oqtay ona zəng edərək sənədlərinin Daxili İşlər Nazirliyinə göndərildiyini və tez bir zamanda polis orqanlarında işə düzələcəyini demişdir. Bundan sonra 30.05.2018-ci il tarixdə o, Oqtayla yenidən H.Əliyev adına olan parkda görüşmüşdür. Kafedə oturub çay içən zaman o, Oqtaya 2.500 manat pul vermişdir. Əlavə olaraq 01.06.2018-ci il tarixdə yenidən qeyd olunan parkda Oqtayla görüşmüş və əlavə olaraq 2.500 manat pul vermişdir. Bundan sonra Oqtaya pulunun olmadığını, yalnız özünə məxsus “Vaz 21099"’ markalı avtomobili satdıqdan sonra qalan pulu verə biləcəyini demişdir. Bildirmişdir ki, avtomobili Bakı şəhərində satacaq, Oqtay da Bakı şəhərində olacağını və görüşərək pulu götürəcəyini ona demişdir, əlavə olaraq çatışmayan sənədləri düzəltmək üçün 150 manat da pul istəmişdir. O, Bakı şəhərinə gəlib, özünə məxsus “Vaz 21099” markalı avtomobili satdıqdan sonra Oqtayla əlaqə saxlamışdır. Oqtay Bakı şəhərində olmadığını, onunla görüşməyə dayısının tanışını göndərəcəyini demişdir. Bundan sonra Oqtay ona hal-hazırda xatırlamadığı mobil nömrə demiş və o, həmin mobil nömrə ilə əlaqə saxlamışdır. Adını xatırlamadığı şəxs ona Xətai rayonu ərazisində yerləşən 7 nömrəli şəhər xəstəxanasının qarşısına gəlməyini istəmişdir. Təxminən bir saatdan sonra həmin ünvana gəlmiş və həmin şəxslə görüşmüşdür. Həmin şəxslə görüşən zaman 3.150 manat pul vermişdir. Həmin şəxs ona heç nə deməmişdir və pulu saydıqdan sonra sağollaşaraq oradan uzaqlaşmışdır. Oqtayla əlaqə saxlayaraq pulu dediyi şəxsə verdiyini dedikdən sonra Oqtay həmin şəxsin pulu lazımi adama çatdıracağını demişdir. Təxminən iyul ayına qədər o, Bakı şəhərində kursa getmək üçün gözləsə də onu kursa heç kim çağırmamışdır. Hər dəfə o, Oqtayla mobil telefon vasitəsilə əlaqə saxlasa da Oqtay onu müxtəlif bəhanələrlə aldatmış və gözləməyini istəmişdir. Təxminən iyul ayının sonlarında o, Biləsuvar rayonuna qayıtmış və Oqtayla görüşmüşdür. Oqtaydan nə baş verdiyini soruşduqda Oqtay ona bildirmişdir ki, onu işə düzəltmək üçün aldığı pulu dayısının tanışına vermişdir və dayısının tanışı onu aldatmışdır, lakin pulunu özü hissəhisə qaytaracaq. Bundan sonra o, Oqtaydan dəfələrlə pulu geri tələb etsə də Oqtay onun pulunu qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Cəvahirli kəndində qeydiyyatda olsa da faktiki olaraq ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun dayısı oğludur. Cabbar polis orqanlarına düzəlmək üçün bir neçə dəfə müraciət etmiş və imtahanlardan kəsildiyi üçün polis orqanlarında işə düzələ bilməmişdir. Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Oqtay Cabbarla qonşudur. Bildiyi qədəri ilə 2018-ci ildə Oqtay dayısı, məhkəmə sədri olan Mehman Nuriyevin vasitəsilə Cabbarı polis orqanlarında işə düzəldəcəkdi və ondan təxminən 15.000 manat pul istəmişdi. Lakin Cabbarın o qədər pulu olmadığı üçün onlar 13.000 manata razılaşmışlar. Cabbar müxtəlif vaxtlarda Oqtaya ümumilikdə 10.000 manat pul vermişdir. Sonuncu dəfə Cabbar onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və özünə məxsus “VAZ 21099” markalı avtomobili satdığını və avtomobilinin satışından əldə etdiyi puldan 3150 manatını Oqtaya işə düzəlmək üçün verməli olduğunu bildirmişdir. Pulu verən zaman tək olmaması üçün onun da Oqtayla birlikdə getməyini istəmişdir. O da razılaşdıqdan sonra Cabbarla görüşmüşdür. Cabbar ona bildirmişdir ki, Oqtaya 3000 manat da verdikdən sonra Oqtay onu polis orqanlarında işə düzəldəcək. Əlavə olaraq Oqtaya sənədləri düzəltmək üçün 150 manat da verəcəkdir. Cabbar Oqtaya zəng edərək görüşüb pulu vermək istədiyini demişdir. Lakin Oqtay Bakı şəhərində olmadığını, dayısının tanışı ilə görüşmələrini bildirmiş və Cabbara nömrə vermişdir. Cabbar həmin nömrə ilə əlaqə saxlamış və həmin şəxs Cabbara Xətai rayonu, 7 saylı xəstəxananın qarşısına gəlməsini istəmişdir. O, Cabbarla birlikdə həmin ünvana gəlmişdir. 7 saylı xəstəxananın qarşısında onlar həmin şəxslə görüşmüşlər. Cabbar həmin şəxsə 3150 manat pul verdikdən sonra həmin şəxslə sağollaşaraq oradan uzaqlaşmışlar. Bir aydan sonra Cabbar Biləsuvar şəhərinə qayıtmışdır. Sonradan xəbəri olmuşdur ki, Oqtay Cabbardan ümumilikdə 13.150 manat pulu Cabbarı polis orqanlarında işə düzəltmək adı ilə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Onun hər ikisi ilə də dostluq münasibəti var, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cabbar bir neçə il bundan əvvəl polis orqanlarında işə düzəlmək üçün sənəd vermiş, lakin polis orqanlarına qəbul imtahanından kəsilmişdir. 2018-ci ilin may ayında işdən çıxıb evə gedən zaman Oqtayla qarşılaşmışdır. Oqtayla görüşdükdən sonra Cabbar ona çay içməyi təklif etmişdir. O da onunla razılaşdıqdan sonra Oqtayla birlikdə H.Əliyev parkında olan çayxanaya getmişlər. Çayxanada təxminən yarım saat oturub söhbət etdikdən sonra Cabbar onların yanına gəlmişdir. Cabbar da onlar oturduğu masada əyləşmiş və Oqtayla söhbət etməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra Cabbarla Oqtay masadan qalxaraq kənara çəkilmişlər və kənarda söhbətlərini davam etdirmişlər. Bir neçə dəqiqədən sonra Cabbarla Oqtay yenidən masaya yaxınlaşaraq oturmuşlar. Oqtayın əlində pul var idi və pul saymışdır. Söhbət zamanı ona məlum olmuşdur ki, Cabbar Oqtaya pul vermişdir. Lakin həmin dəqiqədə Cabbarın Oqtaya nə üçün pul verməsini bilməsə də sonradan ona məlum olmuşdur ki, Oqtay dayısı, məhkəmə sədri olan, mərhum Mehman Nuriyevin vasitəsilə Cabbarı polis orqanlarında işə düzəldəcəkdir və ondan təxminən 15.000 manat pul istəmişdir. Lakin Cabbarın o qədər pulu olmadığı üçün onlar 13.000 manata razılaşmışdırlar. Cabbar müxtəlif vaxtlarda Oqtaya ümumilikdə 10.000 manat pul vermişdir. Sonuncu dəfə Cabbar özünə məxsus “VAZ 21099” markalı avtomobili satdığını və avtomobilinin satışından əldə etdiyi puldan 3150 manatını da Oqtaya verdiyini bildirmişdir. 13150 manat puldan da 5000 manatını onun yanında verdiyini sonradan başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs təxminən 2017-ci il tarixdən tanıyır. Oqtay Biləsuvar şəhəri İcra və Probasiya şöbəsində baş mütəxəssis vəzifəsində işləmişdir. Oqtayla dostluq münasibətləri var idi. 2018-ci ilin may ayında işdə olan zaman Oqtay söhbət zamanı ona bildirmişdir ki, Cabbar adlı şəxsi polis orqanlarında işə düzəltmişdir. O, Cabbarı ilk vaxtlar tanımasa da Oqtaydan Cabbarın adını eşitmişdir. Oqtay söhbətlərində Cabbarı polis orqanlarına işə düzəldəcəyini demişdir. Sonradan o, hiss etmişdir ki, Oqtay Cabbarı aldadaraq ona qarşı dələduzluq edir və onun pulun alır. O, tanışları vasitəsilə Cabbarı tapmışdır. Cabbarla tanış olduqdan sonra bildirmişdir ki, Oqtay Cabbara qarşı dəlduzluq edir və Cabbarı polis orqanlarında işə düzəltməyəcək. Cabbarla söhbət zamanı ona məlum olmuşdur ki, Oqtay ondan təxminən 15.000 manat pul istəmişdir. Lakin Cabbarın o qədər pulu olmadığı üçün onlar 13.000 manata razılaşmışdırlar. Cabbar müxtəlif vaxtlarda Oqtaya ümumilikdə 10.000 manat pul vermişdir. Sonuncu dəfə Cabbar özünə məxsus “VAZ 21099” markalı avtomobili satdığını və avtomobilinin satışından əldə etdiyi puldan 3150 manatını da Oqtaya verdiyini bilmişdir. Bundan sonra Cabbarla birlikdə Biləsuvar şəhərində Oqtayı axtarmışlar. Cabbarın idarə etdiyi avtomobildə olan zaman Oqtayı görmüşlər. Cabbar Oqtayı avtomobilə dəvət etmişdir. Oqtay avtomobilə əyləşdikdən sonra Cabbarla söhbət etməyə başlamışdır. Söhbət zamanı bir daha ona aydın olmuşdur ki, Oqtay Cabbarı polis orqanlarında işə düzəltmək adı ilə ondan 13.150 manat pul almış və pulu qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v. 01); cinayət işinin icraata qəbul edilməsi haqqında 20 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqının aparılması üçün tərəfindən icraata qəbul edilmişdir (i.v. 28); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 32-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 41); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 49-50); ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, 21 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduqda Bakı şəhəri Xətai RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v. 52-53); axtarışda olan şəxsin tutulması haqqında 08 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.03.2022-ci il tarixdə saat 16:00 radələrində tutulmuşdur (i.v. 60); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-119/2022 saylı 09.03.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 93-96); 09 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 97-100); video diskə baxış keçirilməsi barədə 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs işinin düzəlmədiyini, ilkin olaraq ona qaytarmalı olduğu 13150 manat puldan 3000-4000 manatını qaytaracağını, qalan pul üçün də ona 20 gün müddətində plastik kart verəcəyini bildirir. Bundan sonra avtomobilə Azad adlı şəxs əyləşir, Cabbar ona dəymiş maddi ziyanın dayısı tərəfindən ödənilməsini istəsədə, Oqtay dayısının birinin xəstə olduğunu və işləmədiyini, digərinin isə banklara borcu olduğunu bildirir (i.v. 101); sübutların qiymətləndirilməsi haqqında 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmiş, bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 109-120); Azərbaycan Respublikası Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bəydili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 may 2022-ci il tarixli 497 saylı arayışından görünür ki, Astanov X1 rayonu, Bəydili kəndi, Yeni Məhəllə küçəsi, ev 14 ünvanında yaşayır. ünvan 7 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri 52 saylı notariat ofisində və məhkəmədə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini (CM-59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Biləsuvar şəhəri, ünvan 2nını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar