Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-230/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayətin icraata qəbul edilməklə məhkəmə baxışına təyin edilməsi və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2023-cü il tarixdə “1news.az” adlanan, kütləvi informasiya vasitəsi sayılan redaksiyaya müraciət edərək, Leyla Məmmədova adlı müxbirin imzası ilə öz adından "Jaluytes komu xotite, mı vsex nakormili” (Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik) adlı məqalə dərc etdirmişdir. Daha sonra, Vüqar Məmmədov həmin məqaləni yaşadığı ünvan 1 ünvanında, özünün “Facebook” internet səhifəsində həm rus, həm də azərbaycan dilində yerləşdirmiş və paylaşmışdır. Paralel olaraq həmin məqalə M.Vüqar ilə eyni ünvanda yaşayan bacısı Ruhiyyə Məmmədovanın da “Facebook” internet səhifəsində eyni şəkildə paylaşılmışdır. Həmin məqalə bugünədək Vüqar Məmmədovun və Ruhiyyə Məmmədovanın “Facebook” internet səhifələrində aktivdir, yəni paylaşılmaqda davam edir. Ona görə də bu əməl davam edən cinayət hesab olunur. Paylaşım olan səhifədəki məlumatdan görünür ki, sonuncu paylaşımdan sonra halhazırkı vaxtadək Məmmədov Vüqarın səhifəsindəki paylaşımı 454 nəfər, Ruhiyyə Məmmədovanın səhifəsində olan paylaşımı isə 236 nəfər izləmişdir. Digər paylaşımların nəticəsi barədə məlumatı yoxdur. Dərc edilmiş və sonradan “Facebook” internet səhifəsində paylaşılmış məqalənin qısa məzmunu belədir ki, Vüqar Məmmədovun avqust 2022-ci ildə vəfat etmiş mərhum qardaşı (mərhum əri) Məmmədov Etibar sağlığında birgə istifadə etdikləri 10 sot həyətyanı torpaq sahəsində özbaşına fərdi yaşayış evi tikmişdir. O, qardaşının bu hərəkətlərinə etiraz edərək dövlətin icra və hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət etməsinə baxmayaraq, həmin orqanlar qardaşına və onun ailə üzvlərinə qarşı tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməmişlər. Əvəzində bu şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olduğunu ona izah etmişlər. (qeyd: həmin həyətyanı sahədə M.Vüqarın özü də özbaşına fərdi yaşayış evi inşa etmiş və hazırda həmin evdə yaşayır). Bu zəmində başlanmış münaqişə qardaşı öldükdən sonra, onunla və uşaqları ilə davam etməkdədir. Məqalədə qeyd edilmişdir ki, qardaşı öldükdən sonra arvadı və uşaqları tamamilə ağlını itirmiş (vıjili iz uma), murdarlaşmış, əclaflaşmış (osterveneli) vəziyyətdə onunla düşmənçilik edirlər. Onlar dəfələrlə MİS-nin rəisinə, Polis Şöbəsinin yaşadıqları sahə üzrə rəisinə şikayət etsələr də, onlar bildirirlər ki, bu işin onlara aidiyyəti yoxdur. Məqalədə davam olaraq yazılmışdır ki, növbəti münaqişə zamanı qardaşının arvadı demişdir ki, “Gedin kimə istəyirsinizsə şikayət edin, biz hamısını yedizdirmişik”. Buradan tamamilə aydın olur ki, nəyə görə kimsə onların problemi ilə məşğul olmur. Məqalədə davam olaraq göstərilir ki, o, hətta Xətai Rayon İcra Hakimiyyətinə də məktub göndərsə də, oradan da heç bir müsbət cavab almamışdır. Bundan sonra, o, dekabr 2022-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda olmuş və qardaşının özbaşına tikililəri barədə İH-nin başçısına məlumat vermişdir, hətta hamını “yedizdirdiklərini” bildirmələri barədə də demişdir. Bundan sonra da onların problemləri həll edilməmiş və bildirilmişdir ki, məhkəməyə müraciət etmək hüquqları vardır. Məqalənin sonunda qeyd olunur ki, bütün səlahiyyətli orqanlar bu qanunsuzluğa göz yumur. Beləliklə, dərc olunan və paylaşılan məqalədə göstərilənlər birbaşa ona dəlalət edir ki, guya o, səlahiyyətli orqanlara, o cümlədən İcra Hakimiyyətinin vəzifəli şəxslərinə, Polis İdarəsinin vəzifəli əməkdaşlarına (şəxslərinə), onlar tərəfindən bilə-bilə qanunsuz hərəkətsizlik etmək, yəni onların qanunsuz hərəkətlərinə göz yummaq məqsədi ilə, onlara rüşvət vermişdir. Qanunvericiliyin mənasına görə rüşvət - hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir. Azərbaycan leksikonunda vəzifəli şəxsi yedizdirmək - vəzifəli şəxsə rüşvət vermək (deməkdir) anlamıdır. M.Vüqar tərəfindən mediada dərc olunmuş və internet informasiya ehtiyatında paylaşılmış məqalədə göstərilənlər tamamilə yalandır. Məqalədə qeyd olunan sözləri o, heçvaxt deməmişdir. Vüqar Məmmədov aralarında özünün yaratdığı münaqişəni daha da qızışdırmaq, onu, vəfat etmiş həyat yoldaşının adını və uşaqlarını nüfuzdan salmaq, şərəf və ləyaqətlərini ləkələmək məqsədi ilə yalan olduğunu bilə-bilə “Kimə istəyirsiniz şikayət edin, biz hərkəsi yedizdirmişik“ məqaləsini uyduraraq mediada dərc etdirib , daha sonra həmin məqaləni internet informasiya ehtiyatlarında yayaraq, vəzifəli şəxslərə rüşvət vermə barədə ona böhtan atmaqla, CM-nin 312.2-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətdə onu ittiham etmişdir. Eyni zamanda onun qanunsuz əməli Xətai rayonunda fəaliyyət göstərən dövlət orqanlarına qarşı xalqın fikrində inamsızlıq yaratmağa yönəlmişdir. M.Vüqar özünün “Facebook” səhifəsində hər kəsə müraciət edərək həmin paylaşımın onlar tərəfindən təkrar paylaşılmasını xahiş etmişdir. Bundan sonra “Facebook”da onun və dövlət qulluqçularının ünvanına xoşagəlməz şərhlər yazılmışdır. Nəticədə onun psixoloji və fiziki sağlamlığıma ciddi zərər dəymiş, yüksək təzyiq və əsəb xəstəsinə çevrilmişdir. Bu xəstəlikdən müalicələr almağa məcbur olmuşdur. Yuxarıda qeyd olunan hallar M.Vüqarın “Facebook” internet səhifəsindən xüsusi CD diskə xx.xx.2025-ci il tarixdə köçürülmüş maddi sübutla təsdiq olunur. Beləliklə, Vüqar Məmmədov yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları mediada və internet informasiya ehtiyatında yaymışdır. Həmin məlumatlarda onu ağır cinayət törətməkdə, yəni vəzifəli şəxslərə qanuna zidd olan hərəkətsizlik etdirmək məqsədi ilə onlara rüşvət verməkdə ittiham etmişdir. Bununla da Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Ona görə də X8 Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun nümayəndəsi X6 hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və müdafiəçisi X7 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar(harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, həmin şəxsl tərəfindən X1 barəsində ehtimal edilən böhtan xarakterli məlumatların 1-ci epizod üzrə “1news.az” saytında dərc edilmə tarixi göstərilsə də, 2-ci epizod üzrə məlumatların hansı tarixdə internet resursunda (Facebook) yayılması öz əksini tapmamışdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-230/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-230/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver