Məhkəmə qərarları › İş №1(011)-232/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-232/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-232/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixdə təxminən saat 21:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və “Azpilot” LLC şirkəti tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli, A/017Ç-20 nömrəli etibarnamə ilə texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Hilux” minik markalı H021 400 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ilə üzü Neapol dairəsi istiqamətində saatda 40-50 km sürətlə iki tərəfli yolda hərəkətdə olduğu vaxt G.Mehmandarov küçəsi 26A saylı ünvanda yerləşən avtobus dayanacağının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və hərəkət hissəsinin sağından yolu düzünə hərəkət edən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol maksillar sinus (əng sümüyü) divarlarında yerdəyişən qapalı sınıqları və sifətin sol yan səthinin, sol gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, döş qəfəsinin sol yan səthinin, hər iki əlin arxa səthinin, sol qalça darağı nahiyəsinin sıyrıqları xəsarətləri yetirərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməklə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq piyadanı avtomobillə vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin aprel ayından “Azpilot” şirkətində sürücü işləmiş, şirkət tərəfindən idarə etmək üçün “Toyota Hilux” markalı H021400 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona həvalə edilmişdir. 01 oktyabr 2020-ci il tarixdə təxminən saat 21:10 radələrində o, yaşadığı evdən çıxıb Nizami rayonu, Q.Qarayev metrosunun yanına gedən zaman avtomobildə tək olmuşdur. Xətai rayonu, Günəşli qəsəbəsi istiqamətindən saatda 40-50 km sürətlə üzü Neapol dairəsi istiqamətində hərəkətdə olduğu zaman anidən yolun ortasında bir nəfər cavan oğlanın dayandığını görmüş və o, avtomobilin sürətini azaltmaq istəyərkən özünü itirərək avtomobillə gəldiyi sürətlə qabaq hissəsi ilə yolun ortasında dayanan şəxsin sol tərəfindən vurmuşdur. O, qorxduğundan özünü itirmiş və avtomobilini saxlamayaraq hadisə yerindən uzaqlaşmışdır. 06 oktyabr 2020-ci il tarixdə Xətai rayon polis idarəsinin təhqiqatçısı Orxan müəllim onu idarəyə çağırmış və o, həmin gün polis idarəsinə gəlib izahat vermişdir. Daha sonra, həmin gün o, xəsarət almış Zərərçəkmiş şəxs polis idarəsində olarkən Vüsala xəstəxana xərclər çəkdiyi xərclər üçün ona 1.200 manat pul vermişdir. Əməlindən peşman olduğunu, hadisənin ani ehtiyatsızlıqdan baş verdiyini, zərərçəkmiş şəxsə maddi cəhətdən köməklik etdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ilk dəfə məhkum olunduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 01 oktyabr 2020-ci il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı o, ünvan 2 ünvanında bir bakal pivə içdikdən sonra çölə çıxıb gəzişmiş, saat təxminən 21:30 radələrində evə qayıtdığı zaman Xətai rayonu, G.Mehmandarov küçəsi 26A saylı binanın qarşısında olan magistral yolu yaşadığı ev istiqamətində piyada keçidinin yaxınlığından asta addımlarla keçdiyi zaman “Toyota Hilux” markalı “H021400” dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yolu ilə ona tərəf yaxınlaşdığını görmüş, o, hərəkətini davam etdirən zaman avtomobilin də sürətini azaltmaq istədiyini başa düşmüş, lakin o, yolu keçib qurtarmamış həmin avtomobil gəldiyi sürətlə qabaq hissəsi ilə onun sol tərəfindən vurmuş və o, üzü üstə asfaltın üstünə yıxılmışdır. Həmin avtomobilin sürücüsü onu idarə etdiyi avtomobillə vurduqdan sonra gəldiyi sürətlə də avtomobili sürüb hadisə yerindən qaçıb getmiş və heç bir köməklik etməmişdir. Daha sonra arxadan gələn avtomobilin sürücüsü avtomobili saxlayıb təcili yardıma bu barədə məlumat vermiş, təcili yardım xidmətinin həkimləri gəlib onu 3 saylı şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə zamanı sol sifət nahiyəsində olan sümüyünün sınması müəyyən edilmişdir. Həmin gecə Xətai rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Orxan Məmmədov xəstəxanaya gəlib ondan xəstəxanada olarkən ilkin izahat almışdır. 02 oktyabr 2020-ci il tarixdə xəstəxanadan çıxdıqdan sonra Xətai rayon polis idarəsinə gedib orada izahat yazmışdır. Onun xəstəxana xərclərini onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs çəkmişdir. Daha sonra onu vuran avtomobilin sürücüsü ona 1.200 manat pul vermişdir. Hazırda Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Ona görə də məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 01 oktyabr 2018-ci il tarixində verilmiş AD seriyalı 095800 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi 01 oktyabr 2028-ci il tarixinədək etibarlıdır. Cinayət işinin 27-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİÇ tərəfindən 31 yanvar 2014-cü il tarixində verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013, mühərrikin nömrəsi 2KDS262600, ban nömrəsi MROFR22G8E0707720, «Toyota Hilux» markalı, pikap tipli, ağ rəngli, H021400 qeydiyyat nişanlı avtomobilin sahibi “Azpilot” LLC şirkətidir. Cinayət işinin 26-cı vərəqəsində olan “Azpilot” LLC şirkətinin direktoru Emin Zeynalov tərəfindən 30 iyul 2020-ci il tarixində verilmiş 026 nömrəli etibarnamənin surətindən görünür ki, “Azpilot” LLC şirkətinin balansında olan H021 400 dövlət qeydiyat nişanlı, «Toyota Hilux minik» markalı avtomobili Təqsirləndirilən şəxs idarə etmək üçün 31 dekabr 2020-ci il tarixədək etibar edilmişdir. Cinayət işinin 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 20 oktyabr 2020-ci il tarixli 1064 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sol maksillar sinus (əng sümüyü) divarlarında yerdəyişən qapalı sınıqları və sifətin sol yan səthinin, sol gözyuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, döş qəfəsinin sol yan səthinin, hər iki əlin arxa səthinin, sol qalça darağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 01 oktyabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomobil vurması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Cinayət işinin 83-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli 8/589 saylı məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası rəyindən görünür ki, “Toyota Hilux” minik markalı, H021 400 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 90-93-cü vərəqələrində olan 19 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə “Toyota Hilux” minik markalı H021400 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və “Azpilot” LLC şirkətinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2021-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs xitam verilməsini, digər maddə ilə yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçması cinayətlərini törətməsi sübuta yetdiyinə görə, Təqsirləndirilən şəxs əməli həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olan zaman 20 oktyabr 2017-ci il tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanun 2017-ci ilin dekabrın 1-dən qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs verilən ittihamlardan biri ondan ibarətdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. 2017-ci ilin dekabr ayının 1-dən qüvvəyə minən Qanuna əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs 06 may 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödədiyini bildirib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə elan edilmiş ittiham üzrə barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs yazılı ərizəsindən (vəsatətindən) görünür ki, o, zərərçəkmiş şəxslə barışdığı üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və onun həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Bundan başqa, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı və zərərçəkmiş şəxsin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Həmçinin, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, «Təcili tibbi yardım» maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə maddi cəhətdən köməklik edildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ilk dəfə məhkum olunduğunu, cavan olduğunu barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün sahibi “Azpilot” LLC şirkətinə təhvil verilmiş buraxılış ili 2013, mühərrikin nömrəsi 2KDS262600, ban nömrəsi MROFR22G8E0707720, «Toyota Hilux» markalı, pikap tipli, ağ rəngli, H021400 dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra sahibi “Azpilot” LLC şirkətinin istifadəsinə verilmiş hesab edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 354, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün sahibi “Azpilot” LLC şirkətinə təhvil verilmiş buraxılış ili 2013, mühərrikin nömrəsi 2KDS262600, ban nömrəsi MROFR22G8E0707720, «Toyota Hilux» markalı, pikap tipli, ağ rəngli, H021400 dövlət qeydiyyat nişanlı avtomobil qərar qanuni qüvvəsini aldıqdan sonra sahibi “Azpilot” LLC şirkətinin istifadəsinə verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar