Məhkəmə qərarları › İş №1(011)-232/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-232/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-232/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 27 avqust 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8-ci inzibati binada (polisin binası) qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun qızı Şahid2 “Asan Xidmət”in Pasport şöbəsinə işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 28 may 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən “Heydər Əliyev” adına olan parkın qarşısında Zərərçəkmiş şəxs 6000 manat, 14 iyun 2021-ci il tarixdə saat 16 radələrində isə eyni ünvanda sonuncudan 500 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl Maştağa qəsəbəsinə avtoyuma məntəqəsinin yaxınlığında dostunun işlətdiyi kafelərin birində Aydın adlı şəxslə tanış olmuşdur. Aralarında yaxın münasibət yaranmışdır. Onlar arasında olan söhbət əsnasında o, guya çox sayda yüksək vəzifəli şəxsləri tanıdığını və lazım gələrsə dost-tanışı işə düzəldə biləcəyini söyləmişdir. Həmin vaxt maddi cəhətdən çox çətinlik çəkdiyindən dələduzluq yolu ilə gəlir əldə etmək qərarına gəlmişdir. Bir müddət keçdikdən sonra Aydın onun ilə əlaqə saxlayaraq bir nəfər keçmiş iş yoldaşının qızını işə düzəltmək istədiyini bildirmişdir. Aydın tanışının işin hansı qiymətə həyata keçirilməsi ilə maraqlandığını söyləmişdir. O, Aydına müxtəlif yerlərdə işçilərin əmək haqqısı barədə məlumat vermişdir. Həmçinin həmin yerlərə işə düzəlmək üçün 7000 manatdan 12000 manata qədər pul lazım olduğunu bildirmişdir. Bu barədə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Aydına bildiriş göndərmiş, Aydın isə öz növbəsində bu barədə tanışına məlumat vermişdir. Bundan sonra isə Şahid1 həmin Ramiz adlı tanışının mobil nömrəsini ona vermişdir ki, birbaşa sonuncu ilə əlaqə saxlaya bilsin. Bir müddət sonra o, Zərərçəkmiş şəxs zəng etmişdir. Ramiz ilə söhbət əsnasında o, sonuncunun qızı Nərgizi işə düzəldə biləcəyini bildirmişdir. Bir müddət sonra Ramiz ona zəng edərək qızını “Asan Xidmət”ə işə düzəltmək istədiyini bildirmişdir. O, bu işi həll edə biləcəyini söyləyərək Ramizi inandırmaği bacarmışdır. Ramizə hansı sənədlərin surətini təqdim etmək lazım olduğunu bildirmişdir. Həmçinin Ramizin deməsinə əsasən qızı Nərgiz xanım ilə də “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Nərgizə də iş barədə ətraflı izahlar vermişdir. Həmin ərəfələr Ramiz ilə danışaraq görüşmək qərarına gəlmişdirlər. Sonuncu lazım olan məbləğdə pulu verəcəyini söyləmişdir. 28 may 2021-ci il tarixdə saat təxminən 17 radələrində o, Ramiz ilə Xətai rayonu, Ukrayna dairəsinin yanında yerləşən “Heydər Əliyev” adına parkın qarşısında görüşmüşdür. Orada Ramiz ona 6000 manat məbləğində pul vermiş və o, tez bir zamanda qızını işə düzəldəcəyinə vəd vermişdir. Görüşdükdən bir neçə gün sonra o, yenidən Ramiz ilə əlaqə saxlayıb “Asan Xidmət”ə uyğun formanın alınması üçün guya əlavə olaraq 500 manat pulun da lazım olduğunu bildirmişdir. Buna görə də onlar yenidən 14 iyun 2021-ci il tarixdə “Heydər Əliyev” adına parkın qarşısında görüşməli olmuşdurlar. Həmin vaxt o, Ramizə qızının işini demək olar ki həll etdiyini söyləmişdir. Ramiz ona 500 manat vermiş və onlar sağollaşmışdırlar. Daha sonra isə o, Zərərçəkmiş şəxs işini həll etmədiyi üçün bir müddət mobil telefon zənglərinə cavab verməmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bu səbəbdən Ramiz ondan polisə şikayət etmişdir. Bu günədək Ramizin pulunu qaytara bilməmişdir. Son sözündə əməlindən peşman olduğunu qeyd edərək barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 Texnoloji İdarəsində mühəndis elektronçu işləyir. Şahid1 ilə təxminən 20 il əvvəl hava limanında işlədikdə tanış olmuş və yaxın münasibətləri yaranmışdır. 2021-ci ilin aprel ayının sonlarında Şahid1 qızına iş axtardığını bildirmiş və Aydın bir nəfər Elvin adlı tanışının ona köməklik göstərə biləcəyini söyləmişdir. Aydın “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Elvinin göndərdiyi bildirişi ona göndərmişdir. Orada Elvin müxtəlif iş sahələri üzrə əmək haqqı barədə məlumatları göstərmişdir. Həmçinin həmin işlərə düzəlmək üçün 7000-12000 manat arası pul lazım olacağını göstərmişdir. Aydın mobil nömrəsini Elvinə vermiş və sonuncu ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən onun ilə əlaqə saxlamağa başlamışdır. Elvin ona zəng etdikdə qızını işə düzəldə biləcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra o, qızını “Asan Xidmət”ə pasport şöbəsinə işə düzəltmək istəmiş və bu barədə Elvinə bildirmişdir. Elvin “Asan Xidmət”ə də Nərgizi işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin may ayında o, ilk dəfə tək Xətai rayonu, “Heydər Əliyev” adına parkın qarşısında Elvin ilə görüşmüşdür. Sonuncu ilə iş barədə söhbət aparmışdırlar. Bir neçə gün sonra isə qızı ilə birlikdə həmin parkın qarşısına gələrək Elvin ilə görüşmüşdürlər. Orada Elvin qızının yanında iş barədə onlara ətraflı məlumat vermişdir. Həmin ərəfələrdə Elvin qızının işə düzəlməsi ilə bağlı hansı sənədlərin lazım olması barədə onlara məlumat vermişdir. 28 may 2021-ci il tarixdə saat 17 radələrində o, Elvin ilə Xətai rayonunda yerləşən “Heydər Əliyev” adına parkın qarşısında görüşmüşdür. Orada parkın qarşısında Elvinə 6000 manat pul vermişdir. Elvin qızını Asan xidmətə işə düzəldəcəyinə söz vermişdir. Bir neçə gün sonra isə Elvin yenidən ona zəng edərək “Asan Xidmət”ə uyğun formanın alınması üçün əlavə olaraq 500 manat pulun verilməli olduğunu bildirmişdir. 14 iyun 2021-ci il tarixdə saat 16 radələrində o, yenidən Elvin ilə “Heydər Əliyev” adına parkın qarşısında görüşmüş və söylənilən 500 manat pulu vermişdir. Elvin artıq qızının işə düzəlməsi ilə bağlı məsələnin həll olunduğunu və tezliklə ona şad xəbər verəcəyini bildirmişdir. Bir neçə gün keçdikdən sonra o, Elvinə zəng etdikdə sonuncunun mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra artıq Aydına zəng edib Elvinə pul verdiyini, lakin işin gecikdiyini bildirmişdir. Aydın Elvinin tezliklə onun ilə əlaqə saxlayacağını söyləmiş və məsələnin öz həllini tapacağını bildirmişdir. Sonuncu isə heç bir narahatçılığın olmadığını və tezliklə qızını işə düzəldəcəyini söyləmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq qızı işə düzəlməmişdir. Elvin tərəfindən aldadıldığını anlayıb polisə şikayət etmişdir. Çıxışında Elvin tərəfindən edilmiş dələduzluq nəticəsində ona vurulmuş ziyan ödənilmədiyindən ağır cəza verilməsini məhkəmədən xahiş etmiş və bu barədə olan ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər “Heydər Əliyev” adına hava limanında təhlükəsizlik şöbəsində işləmişdir. Təxminən 7 il əvvəl oradan işdən çıxmışdır. Hava limanında 20 il əvvəl Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Ramiz də onun ilə birlikdə hava limanında işləmişdir. Sonuncu ilə yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ilə isə təxminən bir il əvvəl tanış olmuşdur. Elvin mütəmadi olaraq Maştağa qəsəbəsinə olan avtoyuma məntəqəsində və onun yanında olan kafetə Xamer avtomobili ilə tez-tez gəlib gedirdi. Həmin vaxt da o, Elvin ilə tanış olmuşdur. Elvin özünü iş adamı kimi təqdim etmiş və imkanlı şəxslərin qohumu olduğunu bildirmişdir. Elvin dost-tanışıişə düzəlmək ilə bağlı məsələlərdə kömək edə biləcəyini ona bildirmişdir. 2021-ci ilin aprel ayının sonlarında o, Ramiz ilə görüşmüş və aralarında olan söhbət əsnasında sonuncu qızı Nərgiz üçün iş axtardığını ona söyləmişdir. Ramiz Nərgizi “Asan Xidmət”ə işə düzəltmək istədiyini söyləmişdir. O, Elvinin Ramizə kömək edə biləcəyini fikirləşmiş və bu barədə sonuncuya söyləmişdir. Ramiz Elvinin bu işi hansı qiymətə həll edə biləcəyini ondan soruşmuşdur. O, bu barədə məlumatı olmadığını və Elvindən öyrənəcəyini bildirmişdir. Bundan sonra Elvin ilə istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamış və sonuncu “Asan Xidmət”ə işə düzəlmək ilə bağlı qiymətləri ona göndərmişdir. Bundan sonra o, bu barədə bildirişi “Whatsapp” tətbiqi vasitəsi ilə Ramizə göndərmişdir. Daha sonra Ramiz mobil nömrəsini Elvinə verməyinə razılıq vermişdir. O, Ramizin mobil nömrəsini Elvinə vermiş və daha sonra Elvin və Ramiz özləri bir biri ilə əlaqə saxlamışdır. Aralarında olan söhbətlərdən heç bir məlumatı olmamışdır. Bir neçə ay keçdikdən sonra Ramiz onun ilə əlaqə saxlayıb Elvinə 6500 manat pul verdiyini, lakin sonuncunun qızını işə düzəltmədiyini söyləmişdir. O, Elvin ilə Ramizi tanış etdiyi üçün narahatlıq hissi keçirmişdir. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Ramiz Elvinin barəsində polis bölməsinə şikayət edib. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununlada işin yuxarıda araşdırılan xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materialında olan Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş istifadəsində olan “Huawei” markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Mobil telefonun “Whatsapp” tətbiqinə daxil olduqda Zərərçəkmiş şəxs mobil telefonda “Elvin” adı altında qeyd edilən ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə danışıqların olması müəyyən edilmişdir. Göndərilmiş mətn aşağıdakı kimi olmuşdur: -“ Nərgiz xanım sizin fikriniz işdəməyə qətidirmi?; Mən sizin valideyinizə hər bir sözü demişəm.; Narazı olmaqınızın səbəbi nədən ibarətdir?; Nərqiz xanım asan xidmətin zəhmət haqqısı az işi isə çoxdur; Əminsiniz?; Nərgiz xanım mən sizə bizdə pasport şöbəsin təklif etmək istəyirdim; Bu gün ştat boşalıb; Bizim işçi ezam olunur asan xidmətin natariusu şöbəsinə ” İş materiallarında olan (i.v. 76) axtarışda olan şəxsin tutulması barədə protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə axtarışla tutulmuşdur. İş materiallarında olan vəsatətin imtina edilməsinə dair 04 aprel 2022-ci il tarixli Xətai rayon prokuroru Sərdar İmanovun qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs oğlu azadlığa buraxılmışdır. İş materiallarında olan 04 aprel 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qərarı ilə 20 oktyabr 2017-ci tarixli qanuna əsasən əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilib cəza müddəti 05 ilə endirilərək cəza çəkildiyindən azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Huawei” markalı mobil telefon maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin ziyanının ödənilməməsini, onun şikayətçi olmasını, əvvəllər oxşar cinayətə görə çəkdiyi cəzadan nəticə çıxarmadığını habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam’’ qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış “Huawei” markalı mobil telefon onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış “Huawei” markalı mobil telefon onun istifadəsinə verilmiş hesab edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar