Məhkəmə qərarları › İş №1(011)-233/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-233/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-233/2020 13.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 mənzil 31 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi ünvan 2 ünvanında yerləşən “Halal market” mağazasının ön hissəsində bağlanmış vəziyyətdə olan jalüzün kilidini dəmir parçası ilə sındırdıqdan sonra həmin dəmir parçası ilə mağazanın plastikdən olan giriş qapısının kilid hissəsini fiziki güc tətbiq etməklə çərçivədən aralayıb açaraq qanunsuz olaraq içəri daxil olmuş və mağazadan hər birinin qiyməti 1,60 manat olan, ümumi qiyməti 16 manat olan 10 qutu «İmperial Classik» markalı, hər birinin qiyməti 1,40 manat olan, ümumi qiyməti 14 manat olan 10 qutu «X5» markalı, hər birinin qiyməti 3,30 manat olan, ümumi qiyməti 66 manat olan 20 qutu «X6» markalı, hər birinin qiyməti 3 manat olan, ümumi qiyməti 30 manat olan 10 qutu «Kent HD 4 Neo» markalı siqaretləri və qəpiklərlə olan 30 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 156 (bir yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan ünvan 3 saylı ünvanın qarşısında yerləşən “Dost” kafesinin həyətinə keçib oradan fiziki güc tətbiq etməklə kafenin pəncərəsini aralayıb açaraq qanunsuz olaraq içəri daxil olmuş və kafedən qiyməti 1000 manat, iri ekranlı işlənmiş vəziyyətdə olan 01 ədəd «Sony» markalı televizoru idarəetmə pultu ilə birlikdə, hər birinin qiyməti 600 manat, 102 diaqonallı işlənmiş vəziyyətdə olan 02 ədəd «Samsung» markalı televizoru idarəetmə pultları ilə birlikdə, qiyməti 400 manat, 102 diaqonallı işlənmiş vəziyyətdə olan 01 ədəd «Samsung» markalı, «UE40EH5300W» modelli televizoru, qiyməti 10 manat olan 01 ədəd televizorun idarəetmə pultunu, hər birinin qiyməti 25 manat olan 03 ədəd litrlik «Nemiroff» markalı arağı, hər birinin qiyməti 17,50 manat olan 02 ədəd 750 ml-lik «Nemiroff» markalı arağı, hər birinin qiyməti 12 manat olan 04 ədəd 500 ml-lik «Nemiroff» markalı arağı, hər birinin qiyməti 1 manat olan 12 ədəd «Bizon» markalı enerji içkisini, hər birinin qiyməti 1,50 manat olan 12 ədəd «Go» markalı enerji içkisini, ümumi qiyməti 20 manat olan 40 paçka suxarini, ümumi qiyməti 15 manat olan 20 ədəd limonadı və qiyməti 300 manat olan bir ədəd suvenir gitaranı gizli olaraq talayıb kafenin arxa giriş qapısının iç tərəfdən üzərində olan asma qıfılı kəlbətinlə sındırıb kafeni tərk edərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3133 (üç min yüz otuz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mağazadan oğurluq etmək qərarına gəlmiş, gecə saat 02 radələrində həmin mağazanın qarşısına gəlmiş, mağazanın girişi dəmir jalüzlə örtüldüyündən özü ilə gətirdiyi dəmir parçası ilə jalüzü bir neçə yerdən əyib aralamağa çalışmış, lakin jalüz kilidlə bağlandığından yuxarı qaldıra bilməmişdir. Dəmir parçası ilə həmin kilidi sındırmış və jalüzü yuxarı qaldırmışdır. Mağazanın giriş qapısı plastikdən olmuş və qapı açarla bağlanmışdır. Dəmir parçası ilə həmin qapını kilid yerindən çərçivədən aralayıb açmış və içəri daxil olmuş, əl-barmaq izlərini qoymamaq üçün rezin əlcəklər geyinmişdir. Mağazada vitrində olan müxtəlif markalı siqaretlərdən 4-5 blokunu özü ilə gəzdirdiyi çantaya yığmış, sonra mağazada olan masanın yuxarı siyirtməsindən qəpiklər götürərək oranı tərk etmişdir. Bundan başqa, xx.xx.2020-ci il tarixə keçən gecə saat 02 radələrində Rahib Məmmədov küçəsi ilə yaşadığı evə gedən zaman yolun kənarında yerləşən «Dost» kafesini görmüş, həmin kafenin arxa tərəfinə gəlib orada olan hasarın üzərinə çıxmış və özü ilə gətirdiyi dəmir parçası ilə kafenin arxa həyətinə baxan plastik pəncərəni güc tətbiq edərək açmış, sonra dəmir parçasını bir qədər aralı tullayıb pəncərədən kafenin içərisinə daxil olmuş, əl-barmaq izlərini qoymamaq üçün əvvəlcədən rezin əlcəklərdən də istifadə etmişdir. Kafenin zalını və kabinetlərini yoxlamış, kafedə olan üç kabinətin hər birində biri «Sony» markalı, digər ikisi isə «Samsung» markalı olmaqla televizorlar olmuş və həmin televizorlar kabinetdə divardan asılmış vəziyyətdə olmuş və onların üçünü də çıxarıb kafenin arxa girişinə yığmışdır. Kafedən enerji içkiləri də götürmüş, üç ədəd televizorun idarəetmə pultlarını və içkiləri özü ilə gəzdirdiyi kürəkdən asılması üçün nəzərdə tutulmuş çantanın içinə yığmışdır. Üç ədəd televizoru kafedən bir-bir çıxardıb yaxınlıqda olan yaşayış binasının birinci mərtəbəsinin balkonunun alt hissəsinə yığmışdır. Səhər açılana yaxın qardaşı Raminə zəng edib olduğu televizorların yerini izah etmiş, Ramin evdən dəsmal götürüb dediyi yerə gəlmiş, ondan televizorları haradan götürdüyünü soruşmuş, Raminə həmin televizorların bir tanışına məxsus olduğunu, tanışının televizorları satmaq istədiyini, həmin televizorları bir az baha qiymətə satıb üstündə pul tutacağını demişdir. Televizorları taksiyə yükləmiş və yaşadıqları binanın həyətinə gətirmiş, Raminlə televizorları evə qaldırmış, valideynləri görməsinlər deyə televizorlardan ikisini öz çarpayısının altına, birini isə Raminin çarpayısının altına yığmışdır. Həmin gün günün birinci yarısında bir ədəd «Sony» və bir ədəd «Samsung» markalı televizorları «8-ci km» bazarında 310 (üç yüz on) manata tanımadığı bir şəxsə satmış və həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur, hazırda zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam ödənilmişdir və Zərərçəkmiş şəxs2 ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Digər Zərərçəkmiş şəxs1 dəymiş ziyanı maddi çətinlikləri səbəbindən ödəyə bilməmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadıqları binanın qarşısında yerləşən «Dost» kafesi özünə məxsusdur, əri rəhmətə gedəndən sonra həmin kafeni işlətmək üçün bir qohumuna vermişdir. Respublikada karantin rejimi qüvvəyə mindiyi üçün xx.xx.2020-ci il tarixdən kafe fəaliyyətini dayandırmış, lakin buna baxmayaraq hər gün gəlib kafeni yoxlamışdır. Kafenin iki girişi var, hər girişdə qapılar taxtadandır və asma qıfılla bağlanırlar. xx.xx.2020-ci il tarixdə saat 10 radələrində kafeni yoxlamaq üçün həyətə düşmüş, kafenin arxa girişinə yaxınlaşdıqda qapının üzərində olan asma qıfılın yerində olmadığını, giriş qapısının isə yarıörtülmüş vəziyyətdə olduğunu görmüş və kiminsə asma qıfılı sındıraraq içəri daxil olduğunu başa düşmüşdür. Qapını aralayıb içəri daxil olmuş və kafenin zalında divardan asılmış iri ekranlı «Sony» markalı televizorun yerində olmadığını görmüş, sonra kafenin kabinetlərini yoxlamış, kabinetlərdə olan «Samsung» markalı televizorların da yerində olmadığını müəyyən etmişdir. Artıq kafedən oğurluq edildiyini görüb DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişdir. Kafeni işlədən qohumu ilə birlikdə kafedə olan əşyaları və içkiləri tam şəkildə yoxlamış və kafedən qiyməti 1000 manat olan iri ekranlı işlənmiş vəziyyətdə olan bir ədəd «Sony» markalı televizor, hər birinin qiyməti 600 manat olan 102 diaqonallı işlənmiş vəziyyətdə olan üç ədəd «Samsung» markalı televizor, hər birinin qiyməti 25 manat olan üç ədəd litrlik «Nemiroff» markalı araq, hər birinin qiyməti 17,50 manat olan iki ədəd 750 ml-lik «Nemiroff» markalı araq, hər birinin qiyməti 12 manat olan dörd ədəd 500 ml-lik «Nemiroff» markalı araq, hər birinin qiyməti 1 manat olan 12 ədəd «Bizon» markalı enerji içkisi, hər birinin qiyməti 1,50 manat olan 12 ədəd «Go» markalı enerji içkisi, ümumi qiyməti 20 manat olan 40 paçka suxari, ümumi qiyməti 15 manat olan 20 ədəd limonad və qiyməti 300 manat olan bir ədəd suvenir gitara oğurlandığını müəyyən etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3323 (üç min üç yüz iyirmi üç) manat məbləğində maddi ziyan dəymişdir. 01 ədəd “Samsung” markalı televizor idarə etmə pultu ilə birlikdə müstəntiq tərəfindən ona təhvil verilmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçiril bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən «Halal market» ərzaq mağazasını icarə əsasında işlədir, mağazanı hər gün səhər saat 07:00-da açır və saat 20:00-da bağlayır. xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində mağazanı bağlayıb evə getmiş, növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə saat 07 radələrində mağazaya gələndə dəmir jalüzün yarı açıq vəziyyətdə olduğunu, jalüzün üzərində olan kilidin sınmış vəziyyətdə olduğunu, açarla bağladığı plastikdən olan giriş qapısının isə açıq vəziyyətdə olduğunu görmüşdür. Mağazada qapının kilidinə kənardan müdaxilə olunmamış, ora girən şəxs həmin qapını hansısa alətlə aralayıb açmışdır. Kiminsə mağazaya girdiyini başa düşüb içəri keçmədən DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək mağazasından oğurluq edildiyini bildirmiş, bir qədər sonra 36-cı PB-nin əməkdaşları gəlmiş və mağazanı müayinə etmişlər. Mağazaya nəzər saldıqda orada rəflərin üzərində olan siqaretlərin və mağazada olan masanın siyirtməsindən qəpiklərlə olan 30 manat pulun oğurlandığını aşkar etmiş, həmin vaxt polis əməkdaşı hansı məbləğdə siqaretlərin oğurlandığını soruşduqda dəqiq hesabat aparmadan oğurlanmış siqaretlərin qiymətinin təxminən 800 manat olduğunu bildirmiş və bu haqda yazdığı ərizədə və izahatda göstərmişdir. Lakin polis əməkdaşları getdikdən sonra mağazada dəqiq hesabat aparmış və mağazadan hər birinin qiyməti 1,60 manat olan, ümumi qiyməti 16 manat olan 10 qutu «İmperial Classik» markalı, hər birinin qiyməti 1,40 manat olan, ümumi qiyməti 14 manat olan 10 qutu «X5» markalı, hər birinin qiyməti 3,30 manat olan, ümumi qiyməti 66 manat olan 20 qutu «X6» markalı, hər birinin qiyməti 3 manat olan, ümumi qiyməti 30 manat olan 10 qutu «Kent HD 4 Neo» markalı siqaretlər və qəpiklərlə olan 30 manat pul oğurlandığını müəyyən etmişdir. Bu hadisədən təxminən 10 gün sonra bir polis əməkdaşı mağazaya gəlib mağazadan oğurluq edən şəxsin qonşuluqda yaşayayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Oğurluqdan təxminən iki həftə öncə Fərid mağazaya gəlib nisyə 24 manatlıq siqaret götürmüş və girov kimi öz şəxsiyyət vəsiqəsini qoymuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 156 (bir yüz əlli altı) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixə keçən gecə saat 05 radələrində anasının mobil telefonuna zəng gəlmiş, mobil telefon dəhlizdə olduğu üçün onu götürüb cavab vermişdir. Zəng edən Fərid olmuş, Fərid «Bravo» hipermarketi ilə üzbəüz yerləşən «Ana və uşaq» parkının yaxınlığına gəlməyi və dəsmal gətirməyi demiş, Fəridin dediyi kimi edib evdən bir dəsmal götürüb onu qırmızı rəngli torbaya qoymuş və Fəridin dediyi yerə gəlmişdir. Parkın yaxınlığında Fərid onu qarşılamış və dəsmalı götürüb əl-üzünü silmiş, sonra isə dəsmalı əlindəki sellofan torbaya qoymuşdur. Fərid onu yaxınlıqda olan bir binanın tininə gətirmiş, orada Fərid balkonun altına qoyulmuş böyük ölçülü bazar çantasını göstərib onu köməkləşib həmin binanın blokuna aparmağı demişdir. Çantanın içərisində televizorları görüb Fəriddən onları haradan götürdüyünü soruşmuş, Fərid televizorların bir nəfərə məxsus olduğunu, həmin şəxsin televizorları satmaq istədiyini, həmin televizorlara müştəri tapdığını və vasitəçilik edib pul qazanacağını demişdir. Köməkləşib həmin televizorları binanın bloklarının birinə yığmış, orada Fərid taksi xidmətinə zəng edib taksi çağırmaq istəsə də, taksi tapa bilməmiş, sonra Fərid televizorları yola tərəf aparmağı və orada taksi tutacağını demiş, televizorları iki dəfəyə yola tərəf aparmış və orada taksi tutub televizorları taksi ilə evə gətirmişlər. Hətta Fərid televizorlardan birini evdən gətirdiyi dəsmala bükmüşdür. Fəridin kürəyində çanta da olmuş, lakin həmin çantanın içərisində nələrin olduğunu bilməmişdir. Evə gələndə saat 06 radələri olmuş, hava artıq işıqlanmışdır. Valideynləri evdə yatdığından qapını açıb sakitçə içəri keçmiş, Fərid gətirdikləri çantanı yatdığı çarpayının alt hissəsinə qoymuş və öz çarpayısında uzanıb yatmışdır. Saat 10 radələrində yuxudan oyanıb Fəridin paltarını geyinib harasa getməyə hazırlaşdığını görmüş, Fəriddən hara getdiyini soruşmuş, Fərid isə işinin olduğunu və bir azdan qayıdacağını demişdir. Günortaya kimi yatmış, yuxudan oyanıb paltarını geyinəndə çarpayısının altında 01 ədəd «Samsung» markalı televizorun olduğunu görmüş, digər iki ədəd televizorun Fəridin yatdığı çarpayının altında olub-olmamasına fikir verməmişdir. Siqaret almaq üçün həyətə düşmüş, təxminən bir saata yaxın həyətdə qalmış, bir qədər sonra həyətdə Fəridlə rastlaşmışdır. Fəriddən borca 10 manat pul istəmiş, Fərid də həmin pulu ona vermişdir. Axşam evə gələndə otaqlarında yalnız 01 ədəd «Samsung» markalı televizorun olduğunu görmüş və Fəridin digər iki televizoru kiməsə satdığını başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı mənzildə olan zaman Fərid və Raminin otağına keçmiş, həmin otaqda olan yazı masasının üzərində 01 ədəd qara rəngli plazma tipli «Samsung» markalı televizoru görüb arvadı ilə birlikdə Fəriddən həmin televizoru haradan gətirdiyini soruşmuş, Fərid isə bir nəfər şəxsin ona pul borclu olduğunu və həmin televizoru pul əvəzi verdiyini bildirmiş, lakin Fəridə çox da inanmadığı üçün həmin televizoru evdən aparmağı tələb etmişdir. Növbəti gün axşam isə Fəridgilin otağına keçəndə televizoru orada görməmiş, Fərid isə həmin televizoru sahibinə qaytardığını demişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında məlum olmuşdur ki, Fərid hansısa kafedən oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. xx.xx.2020-ci il tarixdə evdə olarkən polis əməkdaşları Fərid və hal şahidləri ilə birilkdə evə gəlib baxış keçirtmək istədiklərini bildirmiş, o, buna etiraz etməmiş və bu haqda ərizə yazmışdır. Mənzilə baxış zamanı Fərid onun yataq otağında olan paltar dolabından 01 ədəd «Samsung» markalı televizoru idarəetmə pultu ilə birlikdə götürüb polis əməkdaşlarına təqdim edərək həmin televizoru «Dost» kafesindən başqa iki televizorla birlikdə oğurladığını bildirmişdir. Fəridin polis əməkdaşlarına təqdim etdiyi 01 ədəd «Samsung» markalı televizor yataq otağında yazı masasının üzərində gördüyü televizor olmuşdur. Polis əməkdaşları televizoru götürüb protokol tərtib etmiş, həmin protokolda imza etmişdir. Özü və arvadı yalnız polis əməkdaşları mənzillərinə gələndən sonra Fəridin evə gətirdiyi «Samsung» markalı televizorun oğurladığını bilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanında yerləşən “Dost” adlı kafeyə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 06-13); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 16); şübhəli şəxsin tutulması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şöbhəli şəxs qismində tutulmuşdur (i.v. 32); şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmiş və həmin xüsusatlar göstərilən zaman fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v 64-69); baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokolundan görünür ki, ünvan 1 mənzil 31 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzildən 01 ədəd “Samsug” markalı televizor pultu ilə birlikdə aşkar edilərək götürülmüş və fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 71-74); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 75- 76); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-271/2020 saylı qərarından görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 91-92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 178.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək aylıq qazancından 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.2, 67.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 (altı) ay azaldılaraq 01 (bir) il 10 (on) ay cəza saxlanılmış və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 108-110); xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanında yerləşən “Halal Market” adlı ərzaq mağazasına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmişdir (i.v. 123-126); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 128); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır (i.v. 137-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/942 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd Malaziyada istehsal edilmiş “Samsung” markalı, “UE40EH5300W” modelli, 40 düyümlü, 102 dioqanallı televizorun istifadə olunması nəzərə alınmaqla 2020ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 400 (dörd yüz) manat və 01 ədəd televizorun uzaq məsafədən idarə edilməsi üçün nəzərdə tutlmuş “Samsung” markalı pult 10 (on) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat hesablanmışdır (i.v. 146-148); sübutların qiymətləndirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.2.2 və 177.2.3cü maddələrinə tövsif edilmiş və onun CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmaqla ona həmin maddələrlə ittiham elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2 və X2 ifadələri, hadisə yerlərinə baxış keçirilməsi haqqında protokollar, ifadənin yerində yoxlanılması haqqında protokol, mənzilə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası DİN X1 xx xxx 2020-ci il tarixli 011-5011-1220 nömrəli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/942 nömrəli rəyi və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirimiş, Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə saat 02 radələrində ünvan 5 ünvanında yerləşən kafedən qiyməti 80 manat olan 01 ədəd 82 diaqonallı “Samsung” markalı televizorun oğurlanması xüsusatı üzrə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması lüzumsuz hesab edilmiş, Şahid1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmiş, ünvan 3 saylı ünvanın qarşısında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus «Dost» kafesində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd «Bizon» markalı içki bankası sübuti əhəmiyyətə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və prosessual tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ünvan 3 saylı ünvanın qarşısında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus «Dost» kafesində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş 37 ədəd əl izi cinayət işinin materiallarında saxlanılmış, ünvan 3 saylı ünvanın qarşısında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus «Dost» kafesində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd şüşə butulka müvəqqəti olaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 mənzil 31 ünvanına baxış keçirilən zaman oradan götürülmüş 01 ədəd «Samsung» markalı, «UE40EH5300W» modelli televizor və bir ədəd televizorun idarəetmə pultu sübuti əhəmiyyətə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmış və prosessual tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılmasından ötrü Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (i.v. 153-160); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (i.v. 162-163); qəbzdən görünür ki, həmin qəbzdə Zərərçəkmiş şəxs1 ona məxsus olan 01 ədəd “Samsung” markalı televizoru idarə etmə pultu ilə birlikdə müstəntiqdən saz vəziyyətdə təhvil aldığını və bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (i.v. 185); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini (CM-59.1.12), Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Axundov X3 Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut – 01 ədəd Malaziyada istehsal edilmiş “Samsung” markalı, “UE40EH5300W” modelli, 40 düyümlü, 102 dioqanallı televizor və 01 ədəd televizorun uzaq məsafədən idarə edilməsi üçün nəzərdə tutulmuş “Samsung” markalı pultun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut - 01 ədəd «Bizon» markalı içki bankası Zərərçəkmiş şəxs1 qaytarılmalı, 37 ədəd əl izi cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 01 ədəd Malaziyada istehsal edilmiş “Samsung” markalı, “UE40EH5300W” modelli, 40 düyümlü, 102 dioqanallı televizor və 01 ədəd televizorun uzaq məsafədən idarə edilməsi üçün nəzərdə tutlmuş “Samsung” markalı pultun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd «Bizon» markalı içki bankası Zərərçəkmiş şəxs1 qaytarılsın, 37 ədəd əl izi cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar