Məhkəmə qərarları › İş №1(011)-233/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-233/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-233/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1985-ci ildə Naxçıvan MR, Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və qanunla müəyyən edilmiş əsaslarla məhkumluğu ödənilmiş, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 71-də yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,725 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 yanvar 2024-cü il tarixdə saat 18:00-da ünvan 1 ünvanın yaxınlığında saxlanılıb Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər 6A ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,725 qram, ağ rəngli, kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 12 yanvar 2024-cü il tarixdə saat 18:00-da ünvan 1 ünvanda yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdə məsuliyyətdən yayınmaq və onları qorxutmaq məqsədilə üzərində olan dəstəyi qırılmış kiçik ölçülü bıçağın tiyəsini çıxarmış və əynində olan köynəyini yuxarı qaldırıb bıçağın tiyə hissəsinin ucu ilə qarın nahiyəsinə bir neçə dəfə vurmuşdur. Lakin zərbələr elə də qüvvətli olmadığından qarın nahiyəsindən ciddi xəsarətlər almamışdır. Polis əməkdaşları ona ilkin tibbi yardım göstərilməsini təklif etsələr də o bundan imtina etmişdir. Daha sonra polis əməkdaşları onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xətai RPİnin 36-cı PŞ- nin inzibati binasına dəvət etmişlər. O da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 36-cı PŞ-yə gəlmişlər. Şöbənin içərisində olan xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət hesabına vəkil dəvət edilmişdir. Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona üzərində olan qeyri-qanuni əşya və ya predmetləri könüllü təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd dəstəyi qırılmış kiçik ölçülü bıçağın tiyə hissəsini və 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən ağ rəngli, kristal formalı kütlə aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi bükümün içərisində olan kütlənin nə olmasını, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda o, təqdim etdiyi bükümün içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olmasını və 12 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının qarşısında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat məbləğində nağd pula aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün rəhbəri olduğu və şöbənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 12 yanvar 2024-cü il tarixdə saat 18:00-da ünvan 1 ünvanın yaxınlığına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüşünə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 35-38 yaşlarında olan bir nəfər şəxsin olmasını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs isə anidən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən dəstəyi qırılmış kiçik ölçülü bıçağı çıxarmış və əynində olan köynəyini yuxarı qaldırıb bıçağın tiyə hissəsi ilə ardıcıl olmaqla qarın nahiyəsinə bir neçə dəfə zərbə vurmuşdur. Dərhal həmin şəxsə yaxınlaşıb ona ilkin tibbi yardım göstərilməsini təklif etsələr də həmin şəxs bundan imtina etmişdir. Bundan sonra həmin şəxs özünü xx xxxxxxxx 1985-ci ildə Naxçıvan MR, Kəngərli rayonunda anadan olmuş, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Sarayevə küçəsi, ev 12, mənzil 71-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına gətirmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmələri ilə bağlı tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılması üçün xidmətdə olan təhqiqatçı, polis mayoru Aslan Rəhimova təhvil vermişlər. Aslan Rəhimov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində o, Şahid2 və dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü və dəstəyi qırılmış 1 ədəd kiçik ölçülü bıçağın tiyə hissəsini könüllü olaraq çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində ağ rəngli, toz şəkilli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o həmin kütlənin özünə maxsus olmaqla psixotrop maddə olan metamfetamin olmasını və onu 12 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında tanımadığı, anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün on manat məbləğində pula aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan digər geyim paltarları təhqiqatçı, polis mayoru Aslan Rəhimov tərəfindən yoxlanılsa da üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilərkən psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisinin 0,82 (sıfır tam yüzdə səksən iki) qram olması məlum olmuşdur. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan MR-nın Kəngərli rayonunda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 71-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi və istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1985-ci il tarixdə, Naxcıvan Muxtar Respublikasında anadan olmuş, Naxcivan MRnın Kəngərli rayonunda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 12, mənzil 71-də yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; (i.v.4-5) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai RPİ-nin 36-cı PŞ-nin 12 yanvar 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.1985-ci il tarixdə, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Naxçıvan MRnın Kəngərli rayonunda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 71-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, istifadə etməsi və üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 36-cı PŞ-nın əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri - Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1; qrupun üzvü - Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət olmuşdur; (i.v.6) - şübhəli şəxsin tutulması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə saat 18:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.22) - şəxsi axtarış və götürmə aparılması haqqında 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, içərisində ağ rəngli, toz şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü və dəstəyi olmayan kiçik ölçülü bıçağı təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs daha sonra təqdim etdiyi bükümün içərisində olan ağ rəngli, toz şəkilli kütlənin camaat arasında şüşə adlandırılan metamfetamin olmasını və həmin bükümü bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən «Koroğlu» metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manata alıb almasını, bıçağın tiyə hissəsini isə taksi sürücüsü işləyərkən meyvə soyması üçün idarə etdiyi avtomobildə gəzdirdiyini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı bir kənar təsir olmadan bıçağın tiyə hissəsi ilə özü-özünə qarın nahiyəsinə xəsarət yetirməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və həmin sellofan kəsiyindəki kütlənin çəkisinin 0.82 qram olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə və bıçağın tiyəsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya predmet aşkar edilməmişdir; (i.v.32-33) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/203 nömrəli 13 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 151" dairəvi möhür əksləri, "Təqsirləndirilən şəxs (imza)..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,725 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,725 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,675 qram; (i.v.40-44) - maddi sübut kimi tanıma haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş olan 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,725 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,675 qramı iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır; (i.v.104) - maddi sübut kimi tanıma haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirilməsi zamanı videoçəkiliş aparılaraq qeydə alınmış 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır; (i.v.97) - diskə baxış keçirilməsi haqqında 13 yanvar 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 36-cı PŞ- nin təhqiqatçısı, polis mayoru Aslan Rəhimovun sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 13 saylı vəkil bürosunun vəkili X1, üzbəüz ayaq üstə dayanmış, əynində göy rəngli gödəkçə, qara rəngli köynək və boz rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxs, onun sol tərəfində ayaq üstə dayanmış və adı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 36-cı PŞ- nin əməliyyat müvəkkili Şahid1, sağ tərəfində ayaq üstə dayanmış və adı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili Şahid2dur. Videogörünütünün davamında təhqiqatçı Aslan Rəhimov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü, 1 ədəd dəstəyi qırılmış kiçik ölçülü bıçağın tiyə hissəsini könüllü olaraq çıxarıb təqdim etməsi, həmin büküm açıldıqda içərisində ağ rəngli, toz şəkilli kütlənin müəyyən olunması, Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını bildirməsi, həmin bükümü Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata alması, təqdim olunmuş 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümün elektron tərəzidə çəkilən zaman 0,82 qram olması və sonda həmin bükümün və bıçağın tiyə hissəsinin ayrıayrılıqda içərisi boş olan zərflərə qoyularaq qablaşdırılması və möhürlənməsi qeydə alınmışdır; (i.v.55-56) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.57-58) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 4(011)-25/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablanmışdır; (i.v.75-79) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-40/2024 saylı 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2024-cü il tarixli, 4(011)-25/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır; (i.v.92-96) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 mart 2024-cü il tarixli, 4(011)-177/2024 saylı qərarın surətindən görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Ev dustaqlığı qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs istintaqın aparıldığı və məhkəmədə işə baxıldığı zaman yaşayış yerini dəyişməsinə, tərk etməsinə, habelə cinayət işi üzrə digər şəxslərlə və onların qohumları ilə əlaqə saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə qadağa qoyulsun, ona davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtda zəng etmək, həmin orqanın, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına şəxsən və təxirə salınmadan gəlmək vəzifəsi həvalə edilmişdir. Ev dustaqlığında olduğu müddətdə Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilmiş, Bakı şəhərinin hüdudlarını tərk etməmək, saat 22:00-dan 07:00-dək Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 12, mənzil 71 yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur; (i.v.135-139) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir; (i.v.99-101) - təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın ləğv edilməsi haqqında 18 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar ləğv edilmiş, cinayət işi istintaqın davam etdirilməsi üçün RPİ-nin İŞ-ə göndərilmişdir; (i.v.142-144) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 1161 №-li məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan və Baklı şəhəri, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə 30.11.19-29.12.19-cu il tarixdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olub. Diaqnoz: Şəxsiyyətin emosional-davamsız tip pozuntusu, psixotik daxil olmalarla; (i.v.113) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 19 yanvar 2024-cü il tarixli 47№-li ekspert rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər nahiyəsinin ön səthində qrup şəkilli cəmi otuz beş ədəd kəsilmiş səthi dəri qarın yaraları kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitlərdə əmələ gələ bilər, o cümlədən də qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni bıçağın tiyə hissəsi ilə özünə xəsarət yetirməsindən əmələ gəlməsi istisna olunmur, əgər belə bir şərait istintaq yolu ilə müəyyənləşdirilərsə, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin kiçik ölçülü bıçağın tiyə hissəsi ilə özünə yetirilməyə xarakterik olubolmamasının təyini istintaq yolu ilə, eləcə də hadisə vaxtı əynində olan paltarların, əşyanın və ya predmetin (bıçağın) tibbi kriminalistik müayinəsi kömək edə bilər;(i.v.114-116) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-3/140 nömrəli 15 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq tiyəsi zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağının tiyəsidir, soyuq silah hesab edilmir, üzərində sonradan düzəlişlər edilməmişdir; (i.v.117-118) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 25 yanvar 2024-cü il tarixli 458 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; (i.v.117-118) - həbs edilmiş şəxsin istintaq təcridxanasından X4 keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin aparılmasından ötrü, həbsdə saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından müvəqqəti olaraq 3 (üç) gün müddətinə Xətai RPİ-nin X4 keçirilmişdir; (i.v.125-126) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 23 fevral 2024-cü il tarixli 492 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə "emosional davamsız şəxsiyyət pozuntusu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir; (i.v.146-148) - sübutların qiymətləndirilməsi haqqında 22 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında protokollar, maddi sübut kimi tanıma haqqında qərarlar, məhkəmə-kimyəvi və məhkəmə- narkoloji ekspertizalarının rəyləri və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir; (i.v.149-157) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-233/2024 saylı, 15 may 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1985-ci ildə Naxçıvan MR, Kəngərli rayonunda anadan olmuş, Naxçıvan MR, Kəngərli rayonu, Xok kəndində qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan (əlaqə nömrəsi ***-***-**-**), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. - Məhkəməyə 02 oktyabr 2024-cü il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının 02 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-233/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,725 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 12 yanvar – 06 mart 2024-cü il tarixlərdə həbsdə və 06 mart -15 may 2024-cü il tarixlərdə ev dustaqlığında saxlanıldığı ümumilikdə 04 ay 03 gün təşkil edən müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, 04 (dörd) ay 03 (üç) gün həbsdə və ev dustaqlığında saxlama müddəti təyin edilmiş cəzadan çıxılmalı, cəzasının əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,675 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D I: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 04 (dörd) ay 03 (üç) gün həbsdə saxlama müddəti 04 (dörd) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,675 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar