Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-234/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 30 yanvar 2022-ci il tarixdə, saat 19:45-də ünvan 2 ünvanında yerləşən binanın qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun axşam saatlarında evə gəlməsini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan, səs-küy salaraq, ilkin olaraq iki dəfə ardıcıl olaraq yumruqla Zərərçəkmiş şəxs başının sağ hissəsindən vurduqdan sonra, bununla kifayətlənməyib, qanunsuz hərəkətlərini davam etdirib, özünün şəxsiyyətini sonuncunun fövqündə tutmaqla, haqsız olaraq başladığı mübahisədən cüzi səbəb kimi istifadə edib, öz davranışı ilə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq-aydın etinasızlıq göstərib, bir dəfə də yumruqla Zərərçəkmiş şəxs sağ gözündən qəsdən vuraraq, sağ orbitanın aşağı divarının “Blow out” tipli sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ göz almasının qansızması, təpə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, döş qəfəsinin və sol bazunun qançırları ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2004-cü ildə o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki uşaqları olmuşdur. Oğlu Ayxanın 16 yaşı, qızı Dənizin isə 3 yaşı vardır. Zərərçəkmiş şəxs ilə ilk vaxtlarda münasibətləri normal olmuş, lakin sonradan yaranmış problemlərə görə boşanmışlar. 2020-ci ilin dekabr ayında Misri uşaqları ilə anasının yaşadığı Xətai rayonu, Lütfizadə küçəsində yerləşən mənzilə köçüb, orada yaşamağa başlamışlar. Nərimanov Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən, Misri ilə nikahları pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış, lakin o, uşaqları ilə görüşürmüş. 30 yanvar 2022-ci il tarixdə, səhər saatlarında uşaqlarını götürmək üçün atası Vəli ilə birlikdə Misrinin yaşadığı ünvana getmişlər. Ora çatdıqda oğlu Ayxana zəng etmiş və gəldiyini xəbər vermişdir. Oğlu Ayxan bacısı Dəniz ilə birlikdə gəlib avtomobilə əyləşmiş və onları atası ilə bacısının yaşadığı evə aparmışdır. Həmin gün axşam saatlarına qədər bacısının evində olmuşlar. Axşam saatlarında oğlu ilə qızını atası ilə birlikdə Misrinin yaşadığı evə aparmışlar. Saat təxminən 20 radələrində binanın həyətinə çatmışlar. Atası Vəli, oğlu Ayxan və qızı Dəniz avtomobildən düşmüş və binanın qapısına yaxınlaşıb, qapının açılmasını gözləmişlər. Belə ki, binanın giriş qapısını açmaq üçün onlarda maqnit açar olmamışdır. Soyuq olmasın deyə atası azyaşlı Dənizi götürüb avtomobilə getmişdir. Oğlu Ayxanla bir qədər gözləmişlər. X2 zəng etmiş, lakin o, telefon zənginə cavab verməmişdir. Oğlu Ayxan ilə qapının açılmasını gözlədikdə, keçmiş arvadı Misri onlara yaxınlaşmışdır. Misridən haradan gəlməsini soruşmuş, sonuncu isə ona aidiyyəti olmadığını demişdir. Misriyə soyuq olmasını bildirmiş, sonuncu sözlərinə əhəmiyyət verməyib, yoluna davam etmişdir. Misrinin saymamazlığına görə əsəbləşmiş və arxadan ona yaxınlaşıb başından əli ilə bir dəfə vurmuşdur. Misri yerə yıxlmış, sonra isə sonuncunu yerdən qaldırmaq istədikdə, bir nəfər tanımadığı yaşlı kişi yaxınlaşaraq, onu tutub kənara çəkmişdir. Sonra Misrini yerdən qaldırıb aparmışlar. Oradan atasının yanına avtomobilə qayıtmışdır. Avtomobildə atasına baş verənləri bildirmişdir. Oğlu Ayxanın hadisə baş verən anda orada olub-olmamasını xatırlamır. Zərərçəkmiş şəxs bir dəfə vurmağını və sonuncunun yerə yıxılmasını xatırlayır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2004-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan iki uşaqları olmuşdur. Oğlu Ayxan yetkinlik yaşına çatmamış, qızı Dəniz isə azyaşlıdır. Təqsirləndirilən şəxs ilə ilk vaxtlardan münasibətləri normal olmamış və nəticədə o, məcbur olub 2020-ci ilin dekabr ayında uşaqları ilə birlikdə anasının yaşadığı ünvan 3 ünvanına köçmüşdür. Sonradan o, nikahın pozulmasından ötrü Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə Orxan ilə nikahları pozulmuş, uşaqlar isə onun himayəsində saxlanılmışdır. Buna baxmayaraq, Orxan övladları ilə görüşürmüş. 30 yanvar 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evə qayıtmışdır. Uşaqları isə həmin günü atası Orxan ilə görüşdə olmuşdur. Axşam saat 19:45-də yaşadığı binanın həyətinə çatmışdır. Binanın qarşısına çatdıqda, mobil telefonuna zəng gəlmişdir. Zəng edən oğlu Ayxan olmuşdur. Zəngə cavab vermək istədikdə görmüşdür ki, oğlu Ayxan, qızı Dəniz və Orxan həyətdə olan marketin qarşısında dayanmışlar. Onların yanına çatdıqda Orxan bildirmişdir ki, “sən bu vaxtı haradan gəlirsən”. Orxana bacısının yaşadığı evdən gəlməsini demişdir. Bundan sonra Orxan gözlənilmədən, heç bir səbəb olmadan yumruqla onun başının arxa sağ hissəsindən bir neçə zərbə vurmuşdur. Zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt orada olan oğlu Ayxan qışqırıb atasına mane olmaq istəmişdir. Bundan sonra o, yerdən qalxıb qaçmışdır. Binanın giriş qapısına yaxınlaşdıqda, açarını götürmək istəmiş, lakin Orxan arxadan yaxınlaşıb əlləri ilə tutmuş, qapını aça bilməmişdir. Arxaya çevrildikdə, Orxan bir dəfə zərbə ilə sağ gözündən vurmuşdur. O, huşunu itirmiş və yerə yıxılmışdır. Özünə gəldikdə isə, yerdə uzanıqlı vəziyyətdə olmuş və ətrafında tanımadığı şəxslər olmuşdur. Həmin şəxslər kömək edib, onu yerdən qaldırmışlar. Sağ gözündə ağrı hiss etmiş və gözündən qan gəlmişdir. Bundan sonra anası ilə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gedib, baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonra isə xəstəxanaya müraciət etmişdir. Sağ gözündə görmə ilə əlaqədar problemlər olduğu üçün, 11 fevral 2022-ci il tarixdə əməliyyat olunmuşdur. Hazırda o, Təqsirləndirilən şəxs üzrxahlığını qəbul etmir. Odur ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Nümayəndə zərərçəkmiş şəxsin ifadəsini müdafiə edərək, iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını xahiş etdi. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - 2006-cı il təvəllüdlü Şahid1 göstərmişdir ki, anası, bacısı və nənəsi ilə birlikdə yaşayır. O, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Valideynləri boşanmışlar və ayrı yaşayırlar. Azyaşlı bacısı Dənizlə birlikdə mütəmadi olaraq atası ilə görüşmüşlər. Valideynləri ayrıldıqdan sonra, onlar nənəsinin yaşadığı evə köçmüş və orada yaşamağa başlamışlar. 30 yanvar 2022-ci il tarixdə, səhər saatlarında atası Orxan nənəsinin yaşadığı binanın həyətinə gəlmiş və onlar atası ilə görüşməyə getmişlər. Həmin vaxt anası Misri evdə olmuş və görüşə etiraz etməmişdir. Onlar atası ilə birlikdə bibisinin evinə getmişlər. Həmin gün axşam saatlarında atası onları evə qaytarmışdır. Yaşadığı binanın həyətində olan “Araz” marketin qarşısına çatdıqda, anasına zəng etmişdir. Həmin anda anasının onlara doğru gəlməsini görmüşdür. Anası Misri yanlarına çatdıqda, atası Orxan anasına bildirmişdir ki, “sən bu vaxtı haradan gəlirsən”. Anası da xalasının evindən gəlməsini demişdir. Bu zaman atası heç bir səbəb olmadan yumruqla anasının başının sağ hissəsindən 2-3 dəfə zərbələr vurmuşdur. Zərbələrin təsirindən anası yerə yıxılmışdır. O, həyəcanlanıb qışqırmış, atasını tutmuşdur. Anası bir neçə dəqiqə sonra yerdən qalxaraq, binanın giriş hissəsinə tərəf qaçmışdır. Anası binanın giriş qapısına çatdıqda, atası arxadan yaxınlaşıb əlləri ilə anasını tutmuşdur. Anası binanın giriş qapısının qarşısında arxaya çevrildikdə, atası gözlənilmədən bir dəfə zərbə ilə anasının sağ gözündən vurmuşdur. Anası huşunu itirmiş və yerə yıxılmışdır. Səs-küyə oraya tanımadığı 4-5 nəfər şəxs toplaşmış və anasına kömək etməyə başlamışlar. Atası Orxan isə anası yerə yıxılan an qaçaraq uzaqlaşmışdır. Həmin vaxt orada olan bacısı qorxaraq ağlamışdır. Orada olan şəxslər anasına kömək edərək onu yerdən qaldırmışlar. Anasının gözündən qan gəlməsini görmüşdür. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Oğlu Zərərçəkmiş şəxs ilə evli olmuş, onların iki ölvadı vardır. Kiçik nəvəsi Dənizin 3 yaşı, böyük nəvəsi Ayxanın isə 16 yaşı vardır. Orxan Misri ilə boşandıqdan sonra ayrı yaşamışlar. Lakin, oğlu Orxan uşaqları ilə mütəmadi olaraq görüşmüşdür. Nəvələri və Misri Xətai rayonu, Lütfizadə küçəsi 2347/48 ünvanında yaşayırlar. 30 yanvar 2022-ci il tarixdə, səhər saatlarında oğlu Orxan ilə nəvələrini götürmək üçün yaşadıqları binanın həyətinə getmişlər və oradan nəvələrini götürüb, qızının evinə getmişlər. Həmin gün axşam saat 20 radələrində onlar nəvələri Ayxan və Dənizi yaşadıqları evə aparmışlar. Həmin vaxt oğlu Orxan da onlarla olmuşdur. Binanın həyətinə çatdıqda, Orxan və nəvələri ilə avtomobildən düşüb onları aparmışlar. Lakin, binanın giriş qapısını aça bilməmişlər. Nəvəsi Dənizə soyuq olmasın deyə, onu avtomobilə aparmışdır. Orxan və Ayxan isə orada qalmışdır. Bir neçə dəqiqə sonra, Orxan avtomobilə gəlmiş və bildirmişdir ki, keçmiş arvadı Misrini yumruqla vurmuşdur. Oğlundan Misrini nə üçün vurduğunu soruşmuş, sonuncu da bildirmişdir ki, özündən asılı olmayaraq Misrini vurmuşdur. Bundan sonra onlar oradan uzaqlaşıb getmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 82/2022 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər - sağ orbitanın aşağı divarının “Blow out” tipli sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ göz almasının qansızması, təpə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, döş qəfəsinin və sol bazunun qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla və ya hər hansı küt əşya ilə vurulma nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağ orbitanın aşağı divarının sınığı, sağ gözətrafı nahiyənin dərialtı hematoması, sağ göz almasının qansızması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, təpə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, döş qəfəsinin və sol bazunun qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından görünür ki, istintaqdan yayındığına görə, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışığa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 05 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-234/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-234/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver