Məhkəmə qərarları › İş №1(011)-235/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-235/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-235/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Hümbət qızının, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1991-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 8-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu küçəsi YYM-də yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə və xx xxxxxxxx 1989-cu ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Naxçıvan MR, Naxçıvan şəhəri, Şahtaxtinski küçəsi, döngə 2, ev 8-də qeydiyyatdaa olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu küçəsi YYM-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 20 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən Xətai Rayon Məhkəməsinin inzibati binasının qarşısında qardaşı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri ilə qardaşı Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində həmin iş üzrə digər təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhkəmə prosesindən sonra onu təhqir etməsini bəhanə edib səsküy yaradaraq Zərərçəkmiş şəxs qarşı nalayiq sözlər işlədərək xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsindən vurub burun sümüyünün qapalı qəlpəli sınığı, tənəffüsün pozulması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, lakin zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmin an qərəzli hərəkətləri davam etdirən qeyriləri arxadan Zərərçəkmiş şəxs qollarını tutaraq dirsək və oynaq nahiyələrin sıyrıqları ilə nəticələnən sağlamlığa zərəvurmayan xəsarətlər, Təqsirləndirilən şəxs2 ilə qeyrisi ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqları ilə vuraraq ona sağ gicgah və alın nahiyəsinin dərialtı hematomaları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmin xuliqanlıq hərəkətləri zamanı Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “İphone X” markalı və 100 manat dəyərində “Xiaomi" markalı mobil telefonlar yerə düşdükdə Təqsirləndirilən şəxs1 təpiklə vurub sındırmaqla ümumilikdə Zərərçəkmiş şəxs 500 manat dəyərində maddi ziyan vurmaqla xuliqanlıq elmişdir. Təqsirləndirilən şəxs2 20 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən Xətai Rayon Məhkəməsinin inzibati binasının qarşısında tanışları qeyriləri ilə və qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməklə onun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prossesində həmin iş üzrə digər təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhkəmə prosessindən sonra Təqsirləndirilən şəxs1 təhqir etməsini bəhanə edib səs-küy yaradaraq Zərərçəkmiş şəxs qarşı nalayiq sözlər işlədərək Eİvin Qasımov xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsindən vurub burun sümüyünün qapalı qəlpəli sınığı, tənəffüsün pozulması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuş, həmin an qərəzli hərəkətləri davam etdirən qeyrisi arxadan Zərərçəkmiş şəxs qollarını tutaraq dirsək və oynaq nahiyələrin sıyrıqları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər, Təqsirləndirilən şəxs2 isə qeyrisi ilə birlikdə Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqları ilə vuraraq ona sağ gicgah və alın nahiyəsinin dərialtı hematomaları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Farizlə qonşuluq münasibəti olmuşdur. xx.xx.2022-ci il tarixdə qardaşı Anarın barəsində Xətai Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra Fariz gülə-gülə çıxmış, bu da onda qıcıq yaratmışdır. Farizə demişdir ki, “niyə sırtıqsırtıq gülürsən?”. Fariz də onu təhqir etmişdir. Samir onun qolundan tutub dartaraq Farizin üstünə getməməsini demişdir. Ona görə geri çəkilmişdir. Lakin görmüşdür ki, Fariz özünü saxlamır, o da əsəbiləşib qaça-qaça məhkəmədən çıxaraq dönərxananın qarşısında təpiklə üzündən və belindən vurmuşdur. Qardaşı Anar hadisə vaxtı orada olmuş,Farizi vurmağını görməsədə onları ayırmağa çalışdığını görmüşdür. Hadisədən sonra bölmədən çıxanda Farizdən vurduğuna görə üzr istəmişdir. Əməlindən peşman olmasını,himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra qardaşı Elvinlə Fariz arasında mübahisə yaranmışdır. O çatdıqda artıq mübahisə bitmişdir. Mübahisə vaxtı orada olmamışdır. Anarın Farizi vurduğunu görməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 onun doğma əmisi, Şahid2 isə əmisinin kürəkəni, Elvin və Təqsirləndirilən şəxs2 qardaşları isə keçmiş qonşularıdır. Onlarla olan münasibəti son zamanlar yaxşı olmamışdır. Buna səbəb isə əmisi və Samirin Xətai rayonu, NZS qəsəbəsində 2017-ci ildə baş vermiş yanğın zamanı avtomobilə və evə ziyan dəyməsi nəticəsində onu günahkar bilməsi və onunla bağlı aralarında baş vermiş mübahisələr olmuşdur. Həmin məsələ ilə bağlı barəsində araşdırma aparılmış və toplanmış iş Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə o və Təqsirləndirilən şəxs2 təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində məhkəmə prosesi bitdikdən sonra Elvin ondan niyə güldüyünü soruşmuş, o da “gülürəm, əcəb edirəm, sənə gülmürəm ki!” deyə cavab vermişdir. Pilləkanla düşəndə Elvin onun üstünə hücum etmiş, lakin ətrafdakılar onu aralamışlar. Sonra məhkəmədən çıxıb sola dönmüş, birdən əvvəlcə Elvin, sonra isə digərləri hücum edib onun sifətinə və bədəninə yumruq vurmağa başlamışlar. Eldəniz onun qollarından tutmuş, o birilər isə vurmuşlar. Həmçinin maşının üstünə atmışdırlar. Daha sonra ətrafdakı şəxslər onları ayırmışlar. Halı olmadığı üçün onlara cavab verə bilməmişdir. Telefonları cibindən yerə düşmüş, Elvinin də telefonu təpiklə səkiyə vurduğunu görmüşdür. O biri telefonu sonradan tapmışdır. Daha sonra təqsirləndirilən şəxslərlə barışmadığını nəzərə alaraq onların cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, işsiz olduğu üçün avtomobillərin dayanacaqda saxlanmasına kömək edirdi. xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində maşınlara baxan zaman görmüşdür ki, tanımadığı bir şəxsin üzərinə 4-5 nəfər şəxs hücum çəkərək onu döyürlər. Daha sonra onu maşının üzərinə atmışlar. Tanımadığı bir şəxs yerə düşən telefonu təpiklə vurmuşdur. Döyülən şəxsin sifət nahiyəsinin qan olduğunu görmüşdür. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs2 da həmin şəxsi döydüyünü gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Fariz onun qardaşı oğludur, Anar və Elvin isə qonşuları olmuşdur. Xətai Rayon Məhkəməsində olan məhkəmə iclasından çıxandan sonra Elvin Farizdən niyə güldüyünü soruşmuş, Fariz isə onu söymüşdür. Daha sonra Elvin çıxıb getmişdir. Kürəkəni Samirlə aşağıya düşəndə eşitmişdir ki, onlar dalaşıblar. Hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fariz uzaq qohumudur. Anar və Elvini sonradan tanımışdır. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasından çıxandan sonra Fariz və vəkili getmək istəyəndə Elvin niyə güldüyünü soruşmuş, Fariz isə onu söymüşdür. Fariz çıxıb getdikdən sonra Elvin də tez çıxmışdır. Bir neçə saniyə sonra Anar da onun dalınca qaçıb getmişdir. O və Samir isə 3-4 dəqiqə sonra aşağı düşmüşlər, aşağı düşəndə Elvinin, Farizin və vəkilinin gəldiyini görmüşlər. Anarı görməmişdir. Farizin üzərində qan ləkələri var idi. Elvin Farizi onun döydüyünü demişdir. O, Farizi vurmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə məhkəmə iclasından sonra səs-küy eşitdiyindən çıxmış və Elvinlə Fariz arasında mübahisə olduğunu eşitmişdir. Lakin gözüylə görməmişdir. Nahar fasiləsində məhkəmədən çıxıb “Araz” marketə gedən tərəfdə Farizin gəldiyini görmüşdür. Farizin üzündə xəsarətlər görmüş, lakin səbəbini soruşmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1066 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün qapalı qəlpəli sınığı, tənəffüsün pozulması, alın və sağ gicgah nahiyəsinin dərialtı hematomaları, alın, sağ gözaltı və sağ dirsək oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcələrinə görə burun sümüyünün qapalı qəlpəli sınığı, tənəffüsün pozulması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, alın və sağ gicgah nahiyəsinin dərialtı hematomaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 9/8488 saylı rəyindən görünür ki, 1 ədəd "İphone" markalı ”X" model mobil telefon təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə - 400.00 manat, hazırki arxa gövdəsi və ekranı zədəli vəziyyətdə 160.00 manat, 1 ədəd "Xiaomi” markalı, "M1803E7SG” model mobil telefon təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə - 100.0 manat, hazırki arxa kamera şüşəsi və ekranı zədəli vəziyyətdə - 20.00 manat. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs oğlıına məxsus olan 1 ədəd “İphone” markalı“X” model və 1 ədəd "Xiaomi" markalı, "M1803E7SG“ model mobil telefonlar maddi sübut kimi tanınmış və ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 20 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan AZ-İV 614727 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il təvəllüdlü Yusif Qasımov adlı azyaşlı uşağı var. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il təvəllüdlü Tunar Qasımzadə adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsi, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə sübutları və iş materiallarını tədqiq etdikdən sonra belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməməsi özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, onun həmin cinayəti törətməsi qardaşı digər Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, onların hər biri izahatlarında Təqsirləndirilən şəxs2 hadisə vaxtı orada olmasını bildirmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tamamilə təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf etməməsi onun peşmançılıq keçirmədiyini göstərir. Həmçinin Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə cəzası çəkməsinə baxmayaraq yenidən cinayət törətməsi, həmçinin barəsində Bakı Hərbi Məhkəməsinin icraatında olan cinayət işinin olması onun şəxsiyyətinin cinayət törətməyə meyilli olmasını sübut edir. Göstərilənləri, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğundur. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 16 iyun 2023-cü il tarixdən həbsdədir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “İphone” markalı “X” model və 1 ədəd “Xiaomi” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “İphone” markalı “X” model və 1 ədəd “Xiaomi” markalı mobil telefonlar hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar