Məhkəmə qərarları › İş №1(011)-235/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-235/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-235/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu üzərindən götürülmüş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 19 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, M.Hadi küçəsi, metronun «Əhmədli» stansiyasının yaxınlığında Şahid3 xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,328 qram narkotik vasitə heroini 8 manata alıb üzərində saxlamaqla ünvan 2 ünvanına kimi daşımış və həmin gün saat 13:45-də Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai rayonu, 8-ci Qəsəbə küçəsi, ev 4 ünvanının qarşısında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,328 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 10-15 ildir ki, narkotik vasitələrdən özü üçün istifadə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyası yaxınlığında Əfqan kimi tanıdığı şəxsdən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş «kakos» adı ilə tanıdığı narkotik vasitə heroini 8 manata öz şəxsi istifadəsi üçün alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə təxminən saat 13:40-13:45 radələrində Bakı şəhəri, Xətai rayonu, 8-ci Qəsəbə küçəsi ev 4-ün qarşısında olan zaman 1 nəfər polis formasında, digəri mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu 34-cü PŞ-nə dəvət etmişlər. Onlara müqavimət göstərmədən polis şöbəsinə gəlmişdir. 34-cü PŞ-də polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi rəngli toz şəkilli olan kütləni çıxardaraq masaya qoymuşdur. Daha sonra həmin maddə açılaraq tərəziyə qoyulmüş və çəkisi müəyyən edildikdən sonra özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyularaq, imzalanıb qablaşdırılmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, özü narkotik vasitə qəbul etdiyi üçün şəxsi ehtiyacına görə əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni heç kimə satmamış və heç kəsə pay olaraq verməmişdir. Polis əməkdaşları onu saxlayan zaman və polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş, ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə istifadə etməyini heç kim bilmirmiş, həmişə narkotik vasitəni tək istifadə etmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə satmamışdır. Şahid3 ibtidai istintaqda fərqli ifadə verdiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuş və məlum olmuşdur ki, o, həmin ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə səhər Fəridə adlı tanışından aldığı narkotik vasitə heroindən həmin gün Təqsirləndirilən şəxs bir dəfə istifadə etmək üçün 10 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü Polis şöbəsinin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmiş, xx.xx.2024-cü il tarixli qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1, üzvü isə özü təyin edilmişlər. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 13:45də ünvan 5 ünvanın qarşısında piyada hərəkət etdiyi vaxt müəyyən edilərək şübhəli şəxs kimi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edilmişdir. PŞ-da Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra polis şöbəsində inzibati otaqlarının birində onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamadan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan çibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bükümü açarkən içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğunu soruşduqda bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə heroindir. Həmin narkotik maddə bükümdə olaraq çəkilərkən çəkisi 0,55 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar maddənin haradan əldə edilməsi barədə sual verildikdə bildirmişdir ki, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 13-14 radələrində Əfqan adı ilə tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 8 manata almışdır. Bundan sonra həmin narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 152 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, şəxsi axtarış və götürmə zamanı videoçəkilişin əks olduğu disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçi protokolla tanış olub imza etmişlər. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə oxşar maddə ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 19 yanvar 2024-cü il tarxili qərardan görünür ki, xx xxxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat- axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v. 6-7) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin 19 yanvar 2024-cü il tarixli əmrindən görünür ki, xx xxxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarından ibarət aşağıdakı tərkibdə əməliyyat qrupu yaradılmışdır: qrupun rəhbəri - Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1; qrupun üzvü - Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid2 olmuşdur; (i.v. 8) - şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 13:45-də ünvan 7 ünvanı yaxınlığında tutulmuşdur; (i.v.23-24) - şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddə halında olan kütləni çıxararaq təqdim etdi. Təqsirləndirilən şəxs həmin ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən heroin (kakos) olmasını bildirdi. Həmin bükümdəki maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkisi çəkildi və həmin ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin çəkisi 0.55 (sıfır nöqtə əlli beş) qram olması məlum oldu. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 13-14 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosu yaxınlığında adını Əfqan kimi tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 8 manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v.37-39) - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; (i.v. 40) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/381 nömrəli 20 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Arayışlar üçün №152 dairəvi möhür əksləri olan, "... "imza" Məmmədov ..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi – 0,050, qalıq – 0,278 qram; (i.v.50-54) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1134 nömrəli 15 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Şahid3 "imza"..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,439 qram, 0,212 qram, 0,376 qram, ümumi təmiz çəkisi 0,977 qram olan heroin üzərində "1) X4 "imza"..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,345 qram olan və üzərində "... "imza" Məmmədov..." soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,278 qram olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Təqsirləndirilən şəxs aşkar edilmiş 0,278 qram heroindən tədqiqata yenidən 0,050 qram sərf edildi, qalıq – 0,228 qram; (i.v.130-134) - 20 yanvar 2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 19 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı İmaməli Asimin sağ yanında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X2r. Xidməti otaqda baş təhqiqatçı İmaməli Asimin qarşısında ayaq üstə durmuş əynində göy rəngli jilet, qara rəngli gödəkcə və tünd göy rəngli cins şalvarı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 və 34-cü PŞ-nin sahə inspektoru polis leytenantı Şahid2dur. Video çəkilişin davamında baş təhqiqatçı Asim İmaməli Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoyur. Bundan sonra baş təhqiqatçı Asiman İmaməli ağ rəngli kağız kəsiyinə bükülmüş bükümü açaraq içərisində gəhvəyi toz şəkilli narkotik vasitəyə oxşar maddə aşkar edilir. Daha sonra baş təhqiqatçı Asim Məmmədov həmin bükümdə nə olmasını və hardan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olan maddənin narkotik vasitə "kakos", yəni heroin olduğunu və onu tanıdığı Əfqan adlı şəxsdən 8 manata aldığını bildirir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə elektron tərəzidə çəkilir, həmin kağız büküm kütlənin birlikdə çəkisi 0.55 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və predmet olduğu soruşuldu və baş təhqiqatçı Asiman İmaməli tərəfindən onun üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı onun üzərindən narkotik vasitə və hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır; (i.v.63-64) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir; (i.v.69-70) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 21 yanvar 2024-cü il tarixli prokurorun qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Xətai RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Əbülfəz Quliyevin 3 ay müddətinə «həbs qətimkan tədbirinin seçilməsinə dair qaldırılmış vəsatətin müdafiə edilməsindən imtina edilmişdir; (i.v.84-85) - qətimkan tədbirinin seçilməsi haqqında 21 yanvar 2024-cü il tarixli müstəntiqin qərarından görünür ki, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; (i.v.86) - “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə Məhdudiyyət” siyahısına daxil edilməsinə dair 26 yanvar 2024-cü il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs “Çıxış qadağandır” statusu qoyulmuşdur; (i.v.93) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 03 fevral 2024-cü il tarixli tələbnamədən və Xətai rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2,5-ci bəndinə əsasən cəzadan azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür; (i.v.94-96) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 7(011)-502/2021 saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-404/2019 saylı, 24 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. - 14 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin köçürülməsinə dair qərardan görünür ki, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, ünvan 10 ünvanında qeydiyyatda olan və ünvan 11 hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Şahid3 5 gün müddətinə Xətai RPİ-nin MSY-nə köçürülmüşdür; (i.v.101-102) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 7 Nömrəli Şəhər Poliklinikasının 14 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8-ci Qəsəbə küçəsi, ev 4 ünvanında qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 7 nömrəli şəhər poliklinikasının psixiatr müşahidəsində deyil; (i.v.103) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 29 mart 2024-cü il tarixli 4003 №-li məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, 8-ci Qəsəbə küçəsi, ev 4-də qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. - 20 yanvar 2024-cü il tarixli cinayət işi başlanması, icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v.108) - 21 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.109) - 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v.110) - 21 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; (i.v.111) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X9 xx.xx.2024-cü il tarixli 985 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v. 127-128) - 19 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; (i.v.144-145) - İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,328 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,228 qram narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Şahid3 Təqsirləndirilən şəxs narkotik vasitə satmaması barədə məhkəmə iclasında verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünün ibtidai istintaqda verdiyi, eləcə də, barəsində ayrıca icraatda Bakı Şəhəri Xətai Rayon Məhkəməsində CM-nin 234.2-ci maddəsi ilə baxılan cinayət işi üzrə verdiyi ifadəsi ilə təkzib olunur. Belə ki, həmin ifadələrdə o, Təqsirləndirilən şəxs narkotik vasitə satdığını göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,328 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,328 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,228 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, 8-ci Qəsəbə küçəsi, ev 4 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,228 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar