Məhkəmə qərarları › İş №1(011)-236/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-236/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-236/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1993-cü il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu götürülmüş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 9, mənzil 104 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə çəkisi 0,446 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 yanvar 2023-cü il tarixdə saat 13:50 dəqiqədə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 0,446 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, gecə evdə yatdığı zaman 5-6 nəfər polis əməkdaşı evə daxil olmuş və onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları evə daxil olarkən evin qapısı açıq olmuşdur. Şöbədə polis əməkdaşları narkotik vasitəni onun cibinə qoyublar. Hazırkı iş üzrə şahid olan şəxslər – Şahid1 və Şahid2 onu əməliyyat-axtarış tədbiri nəticəsində saxlayan polis əməkdaşları deyil. Onu polis şöbəsinə aparan digər polis əməkdaşları idi. Yuxarıda sadalananları onun əlaqələndirir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuş və cinayət məsuliyyətinə cəlb edilmişdir. Polis Şöbəsində ona qarşı fiziki zorakılıq göstərilməmişdir. Lakin, şöbədə hazırkı iş üzrə cinayət əməlini etiraf edəcəyi təqdirdə onu azad edəcəklərini bildirmişlər. Qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu (məhkəməyədək icraat zamanı) və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını bilmədiyi, adlarını da dəqiq bilmədiyi şəxslərdən narkotik vasitə heroin əldə edib istifadə etmişdir. Belə ki, heroin ağrılarına təsir göstərərək onları yüngülləşdirir. 28 yanvar 2023-cü il tarixdə saat 13 radələrində narkotik vasitə heroin almaq üçün Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına gəlib orada üzdən tanıdığı, anket məlumatlarını və istifadə etdiyi mobil nömrəsini bilmədiyi şəxsdən 11 manata öz istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin almışdır. Həmin şəxsdən əvvəllər də öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bir yer tapıb həmin narkotikdən istifadə etsin. 28 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Şirvani küçəsi ilə yaxınlıqda olan park istiqamətində piyada hərəkət edən zaman iki polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 34-cü PŞ-yə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü cibindən çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməşdaşı bükümün içərisində nə olduğunu soruşmuş, bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 11 manata aldığını bildirmişdir. Polis əməkdaşı bükümə baxmış və həmin bükümü elektron tərəzidə çəkdikdən sonra onu bir ədəd zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə heroini əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 daxil edilmiş, qrupa rəhbərlik isə özünə həvalə edilmişdir. Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə saat 13:50 dəqiqədə Xətai rayonu, S.Ə.Şirvani küçəsi ilə piyada hərəkət edərkən saxlanılmışdır. Həmin şəxsə onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olduğunu deyib ona 34-cü PŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onu 34-cü PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması şöbənin təhqiqatçısı polis leytenantı Ülvi Qəhrəmanlıya həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, özü və sahə inspektoru Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı X3 Ələskərova üzərində olan əşyaları təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan c bindən içərisində tozşəkilli maddə olan bir ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı bükümün içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 11 manata aldığını bildirmişdir. Təhqiqatçı bükümü elektron tərəzidə çəkdikdən sonra onu bir ədəd zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin saxlaması, gəzdirməsi və qəbul etməsi barədə məlumat daxil olmuş, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis leytenantı Şahid2 həmin qrupun üzvü, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 isə qrup rəhbəri təyin edilmiş və həmin Polis Şöbəsinin rəisi VMİE polis mayoru Kamil Məmmədov tərəfindən verilmişdir. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1993-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin saxlaması, gəzdirməsi və qəbul etməsi barədə məlumat daxil olmuş və onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, qərar Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Polis Şöbəsinin rəisi VMİE polis mayoru Kamil Məmmədov tərəfindən təsdiq edilmişdir. əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2023-cü protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 9, mənzil 104 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan mütəmadi olaraq üzərində narkotik vasitələrin saxlaması, gəzdirməsi və qəbul etməsi barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu təşkil edilmişdir. Protokol Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis leytenantı Şahid2 da iştirak etmişdir. müdafiəçinin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:50-da tutulmuşdur. şəxsi axtarış və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sözügedən istintaq hərəkəti aparılarkən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı Ülvi Qəhrəmanlı, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin ə/m polis baş leytenantı Şahid1, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin s/i, polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirak etmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Təhqiqatçı bükümün içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təhqiqatçı bükümü elektron tərəzidə çəkdikdən (0,62 qram) sonra onu bir ədəd zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfdə imza etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/527 nömrəli 29 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ...”, və.s, imzalar və möhür olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,446 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. elektron daşıyıcıda olan videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2023-cü il tarixli 685 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə iclasında elektron daşıyıcıda diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğundur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-527/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən və Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin Məcəllənin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra o, Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə, o, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq həmin qərarın 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-527/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində olan narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir ləğv edilmiş və xx.xx.2022-ci il tarixdə həmin amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən, Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, gecə yatdığı zaman 5-6 nəfər polis əməkdaşlarının evə gəlməsi, şöbədə narkotik vasitənin onun cibinə qoyulması faktı və hazırkı iş üzrə şahid olan şəxslər – Şahid1 və Şahid2 əməliyyat-axtarış tədbiri nəticəsində onu saxlayan polis əməkdaşları olmaması həqiqətə uyğun deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,446 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 28 yanvar 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,396 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,396 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar