Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-238/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, 15 avqust 2021-ci il tarixdə, saat 01:30-da ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsinə hasardan keçməklə, qanunsuz daxil olaraq, evin həyətində olan hasarın üzərində quraşdırılmış 01 ədəd 1000 manat dəyərində “Neo Term” markalı kombi istilik sistemi aparatı və 01 ədəd 10 manat dəyərində, üzərində BT yazıları olan hidroforu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1010 (bir min on) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə, 28 avqust 2021-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 81 saylı binanın 2-ci girişinin 4-cü mərtəbə ilə 5-ci mərtəbə arasında yerləşən saxlanc yerinin qapısının kilidini dəmir alət vasitəsi ilə sındırıb, oraya qanunsuz daxil olaraq, divarda quraşdırılmış 01 ədəd 500 manat dəyərində “Korona” markalı, 24 kw kombi istilik sistemi aparatını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağstafa rayonunda qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsində yerləşən yaşayış sahəsində yaşamışdır. 14 avqust 2021-ci il tarixdə, axşam saatlarında evdən çıxaraq, “8 Noyabr” prospektində, Nargilə dairəsinin yaxınlığında yerləşən küçədə daha çox həyət evləri olduğunu müəyyən edib, oradan oğurluq etmək qərarına gəlmişdir. O, kombi aparatlarını oğurlamağı düşünmüşdür. Gecə saatlarında o, piyada bir qədər gəzib, heç kimin yaşamadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün, bir neçə evlərə baxmışdır. Evlərin çoxunda işıqlar yanırdı. Gecə saat 01 radələrində həyət evlərinin birində işiqların sönmüş vəziyyətdə olduğunu görmüşdür. O, hasara qalxıb evin həyətinə baxmışdır. Həyətə baxdıqda, evdə heç kimin olmadığına əmin olmuşdur. Həyətdə hasardan asılmış vəziyyətdə xüsusi bir yerdə quraşdırılmış kombi aparatını aşkar etmişdir. Həmin kombi aparatının yerləşdiyi yerin plastik qapısı açıq vəziyyətdə idi. O, əli ilə kombini yerindən söküb çıxartmışdır. Kombini yerindən çıxartdıqdan sonra, kənara qoymuş və həyətdə digər dəyərli əşya axtarmağa başlamışdır. Lakin, bir az baxdıqdan sonra, dəyərli bir şey tapa bilməmişdir. Artıq kombi aparatını götürüb küçəyə çıxmaq istəyərkən, kombinin quraşdırıldığı yerin alt hissəsində su mühərrikinin olduğunu görmüşdür. O, su mühərrikini də əli ilə yerindən çıxardıb götürmüşdür. İlk olaraq kombi aparatını hasarın yanına aparıb, oradan keçib küçəyə qoymuşdur. Daha sonra yenidən hasardan həyətə keçmiş və su mühərrəkini götürüb küçəyə çıxartmışdır. Həmin vaxt gecə saatları olduğu üçün, küçədə heç kim olmamışdır. O, kombi və su mühərrikini götürüb, taksiyə əyləşmiş və oğurladığı əşyaları avtomobilin yük hissəsinə yerləşdirib, “20 Yanvar” metrostansiyasının yaxınlığına sürməyini istəmişdir. Yolda gedərkən, taksi sürücüsü yük hissəsinə qoyduğu əşyalar ilə maraqlanmış və o, əşyaların özünə məxsus olduğunu söyləmişdir. Həmçinin, o, əşyaları satdığını demiş, lakin taksi sürücüsünün pulu olmadığından, almaqdan imtina etmişdir. “20 Yanvar” metrostansiyasının yaxınlığında taksidən düşərək, kombi və mühərriki ağaclıq bir hissədə gizlətmişdir. Həmin günün səhəri tanımadığı şəxsə kombi və mühərriki ümumilikdə 60 manata satmışdır. Həmin şəxs adının Piri olduğunu söyləmiş və o, həmin şəxsin kombi və s. avadanlıqların alqı-satqısı ilə məşğul olduğunu başa düşmüşdür. Buna görə də, Piridən mobil nömrəsini istəmişdir ki, gələcəkdə hər hansı satılası əşya olarsa əlaqə saxlaya bilsin. Bundan sonra evə getmiş və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 28 avqust 2021-ci il tarixdə, gecə saat 01 radələrində evdən çıxaraq, oğurluq etmək qərarına gəlmişdir. O, Xətai rayonu, M.Hadi küçəsi 81 ünvanında yerləşən binanın 2-ci girişinə daxil olaraq, 4 ilə 5-ci mərtəbələrin arasında saxlanc yerinin olduğunu görmüş və taxtadan olan qapını tapdığı dəmir alət vasitəsi ilə qırıb içəri daxil olmuşdur. İçəri daxil olduqda, qaranlıq anbara oxşar yerdə kombi istilik aparatının quraşdırıldığını görmüşdür. O, kombini divarda olan borulardan ayıraraq, söküb özü ilə götürüb birinci mərtəbəyə düşmüşdür. Bundan sonra, küçədə ətrafa baxmış və heç kimin olmadığını görmüşdür. Oğurluq edərkən, istifadə etdiyi dəmir aləti məhəllədə qaranlıq bir yerdə atmışdır. Daha sonra, kombini evə aparmışdır. Səhər saatlarında evə gətirdiyi kombini götürüb, taksi vasitəsi ilə 3-cü mikrorayon dairəsi tərəfə getmişdir. Yolda gedərkən o, ilk dəfə Xətai rayonu ərazisindən oğurladığı kombi və su mühərrikini satdığı Piri adında şəxsin istifadə etdiyi mobil nömrəsinə zəng etmiş və onlar “20 Yanvar” metrostansiyasının yaxınlığında olan 3-cü mikrorayon dairəsi tərəfdə görüşmüşdürlər. O, Piri adlı şəxsə 50 manat müqabilində kombini satmış və əldə etdiyi pulu şəxsi istifadəsinə xərcləmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 81 nömrəli binanın 4-cü mərtəbəsində yaşayır. Yaşadığı binanın 4-cü mərtəbəsi ilə 5-ci mərtəbəsinin arasında yerləşən sahədə ona məxsus saxlanc yeri var və o, özünə məxsus əşyaların bəzilərini həmin saxlanc yerində saxlayır. Həmin saxlanc yerinin qapısı taxtadandır və açar vasitəsi ilə bağlanır. Bundan əlavə həmin saxlanc yerində ona məxsus «Korona» markalı istilik sistemi quraşdırılmışdır. 25 avqust 2021-ci il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evdən çıxaraq, özünə məxsus bağ evinə getmişdir. 30 avqust 2021-ci il tarixdə, təxminən saat 18 radələrində o, nəzarət etmək üçün mənzilə gəlmiş və həmin vaxt saxlanc yerinin qapısının sındırıldığını aşkar etmişdir. Saxlanc yerinə baxan zaman, müəyyən etmişdir ki, ona məxsus olan 1130 manat dəyərində «Korona» markalı istilik sistemi avadanlıqları ilə birlikdə oğurlanmışdır. Bundan sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək, məlumat vermiş və daha sonra ərizə ilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, yaşadığı binadan ona məxsus istilik sistemini Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə digər Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Xətai rayonu, Zığ yolu küçəsi 25 ünvanında yerləşən fərdi yaşayış evi qaynatasına məxsusdur. Qaynatasının vəfat etməsi səbəbindən, həmin ünvanda çox vaxt heç kim yaşamır. Lakin, həmin evə nəzarət etmək üçün, mütəmadi olaraq ailəsi ilə birlikdə həmin ünvana gedirlər. Sonuncu dəfə oraya təxminən 02 avqust 2021-ci il tarixdə getmişdir. Həmin fərdi yaşayış sahəsinə həmişə olduğu kimi baxıb, ev işlərini görüb, ailəvi şəkildə qayıtmışdırlar. 20 avqust 2021-ci il tarixdə, axşam saatlarında Zığ yolu küçəsində yaşayan qonşuları Ramin ona zəng edib, həyətlərində su axdığını bildirmişdir. Buna görə də o, ailəsi ilə birlikdə evdən çıxaraq, oraya getmişdir. Çatdıqda, qapını açıb həyətə keçmiş və həyətdə bir az qabağa getdikdə, o, hasarın üzərində olan kombi aparatının quraşdırıldığı yerin plastikdən olan qapılarının açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Oraya yaxınlaşdıqda, kombi aparatının yerindən çıxarılaraq oğurlandığını aşkar etmişdir. Həmin kombi aparatının yerləşdiyi yerin plastik qapıları örtülü vəziyyətdə idi və heçnə ilə bağlanmamışdır. Kombi aparatı təxminən 2 il əvvəl onun vəsaiti hesabına 1000 manata alınmışdır. Cinayətin baş verdiyini aşkar edərək, o, ərazi aidiyyəti üzrə 36-cı Polis Bölməsinə bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq, hadisə yerinə baxış keçirtmişdirlər. Baxış keçirildikdən sonra, o, bir daha 21 avqust 2021ci il tarixdə həmin ünvana getmişdir. Həmin vaxt o, kombinin altında yerləşən su mühərrikinin də oğurlandığını aşkar etmişdir. Həmin mühərrik 6 ay əvvəl onun tərəfindən 80 manata alınmışdır. Oğurlanan kombi “Neo Term” markalı, ağ rəngli idi. Su mühərriki isə sarı və qara rəngli, nisbətən kiçik ölçüdə idi. İş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda, şahidlər Şahid1 və Şahid3 məhkəməyə müraciət edərək, ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiklərini, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini göstərərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir. Ara-bir usta kimi müxtəlif yerlərdə işləyib, gəlir əldə edir. Həmçinin, müxtəlif avadanlıqlar əldə edib, onların satışı ilə məşğul olur. 2021-ci ilin iyul ayında icarəyə “Tofaş” markalı avtomobili götürüb, taksi fəaliyyəti ilə məşğul olmağa başlamış və idarə etdiyi avtomobillə “20 Yanvar” metrostansiyasının yaxınlığından sərnişinlərin rayonlara çatdırılması ilə məşğul olurdu. 2021-ci ilin avqust ayının ortalarında, “20 Yanvar” metrostansiyasının yaxınlığında bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq, bir ədəd kombi və bir ədəd su mühərriki satdığını bildirmişdir. Həmin şəxs əşyaları ümumilikdə 60 manata satırdı. O, nəyə görə belə ucuz qiymətə aparatları satdığını soruşmuşdur. Həmin şəxs kombi və mühərriki evdən gətirdiyini və təcili olaraq pul lazım olduğu üçün, onları satdığını bildirmişdir. O, həmin avadanlıqları ucuz qiymətə alıb sonradan iki qat qiymətə satmaq fikrində idi. Həmin tanımadığı şəxsdən kombi və su mühərrikini 60 manata alıb avtomobilin saxlanc yerinə yerləşdirmişdir. Kombi ağ, su mühərriki isə sarı və qara rəngli idi. Həmin şəxs adının Anar olduğunu və bundan sonra da ona kombi aparatı sata biləcəyini söyləmişdir. Buna görə də o, Anara özünə məxsus mobil nömrəni vermişdir ki, gələcəkdə əgər satılası əşya olarsa, onunla əlaqə saxlasın. Həmin gün kombi və su mühərrikini evə aparmışdır. Həmin günün sabahısı o, avadanlıqları götürüb yaşadığı evin yaxınlığında yerləşən metal və avadanlıqların qəbulu yerinə getmişdir. Oraya yaxınlaşaraq, əldə etdiyi kombi və su mühərrikini orada işləyən tanımadığı şəxsə ümumilikdə 100 manata satmışdır. Bundan təxminən 10 gün sonra, yenə də “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman, həmin Anar adlı şəxs ona zəng edib kombi aparatı satdığını bildirmişdir. O, Anara harada olduğunu bildirmiş və sonuncu həmin yerə gəlmişdir. Anar ilə razılığa gələrək, kombini 50 manata almışdır. Həmin gün kombini ilk dəfə satdığı metal qəbulu yerinə aparmış və orada 80 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, icarə əsasında avtomobilləri götürüb taksi faəliyyəti ilə məşğul olur. Çox vaxt taksi fəaliyyəti üçün nəzərdə tutulmuş mobil telefon tətbiqlərinə qoşulub sifariş əsasında müştərilər götürür. Gecə saatlarında sifariş edən sərnişinlər az olduğundan, tətbiqdən ayrılıb özü sərbəst şəkildə yoldan sərnişinlər götürüb, müxtəlif ünvanlara çatdırır. 2021-ci ilin avqust ayının ortalarında “Bolt” tətbiqinə qoşulub, gecə saat 23 radələrinə kimi sifarişlər qəbul edirdi. Həmin vaxtdan sonra, artıq sifariş verənlərin sayı azaldığından o, tətbiqdən ayrılıb özü sərbəst sərnişinləri götürmək qərarına gəlmişdir. Saat təxminən 01 radələrinə kimi müxtəlif ünvanlardan sərnişinlər götürüb onları daşıyırdı. Sonuncu sərnişini saat 01 radələrində Xətai rayonu, “8 Noyabr” prospektində yerləşən “Nargilə” dairəsinin yaxınlığında düşürtmüşdür. Orada bir az dayanıb yoldan keçə bilən sərnişinləri aparmaq istəyirdi. Gecə saatları olduğu üçün təsadüfən kiminsə taksiyə ehtiyacı olduğunu düşünürdü. Həmin vaxt avtomobilə tərəf bir nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxsin əlində avadanlıqlar var idi. Həmin şəxs ondan “20 Yanvar” metrostansiyası tərəfə aparmağını istəmişdir. O, bunun müqabilində 10 manat pul verməyini istəmişdir. Həmin şəxs onunla razılaşmış və daşıdığı avadanlıqları avtomobilin yük hissəsinə yerləşdirmək üçün icazə istəmişdir. O, avtomobildən düşmüş və avadanlıqları yerləşdirməkdə köməklik etdikdə həmin əşyaların kombi aparatı və su mühərriki olduğunu görmüşdür. Yolda olduqları zaman, avtomobilə əyləşmiş şəxsin əlində gecə saatlarında avadanlıqlar daşıması ona şübhəli gəldiyi üçün, o, nəyə görə “20 Yanvar” metrostansiyası tərəfə getdiyini və kombi ilə su mühərrikini apardığını soruşmuşdur. Həmin şəxs əşyaların özünə məxsus olduğunu, təcili olaraq pul lazım olduğu üçün onları satdığını bildirmişdir. Avtomobilə əyləşən şəxsdən kombi və su mühərrikini hansı qiymətə satdığını soruşmuşdur. Həmin şəxs əşyaları 200 manata satdığını bildirmişdir. Həmin vaxt onun o, qədər pulu olmadığından, avadanlıqları almaqdan imtina etmişdir. Şəxsin dediklərinə baxmayaraq, yenə də əşyaların mənsubluğu ona şübhəli gəlmişdir. Onlar “20 Yanvar” metrostansiyası tərəfə getmiş və orada olan avtovağzalın yaxınlığında həmin şəxs avtomobildən düşərək, əşyalarını yük hissəsindən götürmüşdür. Bundan sonra o, həmin şəxsi bir daha görməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanında yerləşən metal qəbulu məntəqəsini işlədir. Metal əşya və predmetləri alıb sonradan onların satışı ilə məşğul olur. 2021-ci ilin avqust ayında bir nəfər tanımadığı şəxs məntəqəyə yaxınlaşaraq, bir ədəd su mühərriki və bir ədəd kombi aparatını satdığını bildirmişdir. Həmin əşyalara baxdıqda, onların artıq işlənmiş vəziyyətdə olduğunu görmüşdür. Su mühərriki hidrofor tipli, sarı və qara rəngli idi, kombi aparatı isə “Neo Term” markalı və ağ rəngli idi. O, həmin şəxsdən bu əşyaları haradan əldə etdiyini soruşmuşdur. Sonuncu bir nəfər şəxsin “20 Yanvar“ metrostansiyasının yaxınlığında həmin əşyaları satdığını bildirmişdir. Həmçinin, həmin şəxs kombi və su mühərrikinin lazım olmadığı üçün satdığını bildirmişdir. Həmin şəxslə bir az söhbət etdikdən sonra, o, su mühərriki və kombi aparatını ümumilikdə 100 manata almağa razı olmuşdur. Həmin avadanlıqları alıb sonradan hissələrə bölərək satmaq fikrində idi. Bu hadisədən təxminən 10-15 gün sonra həmin şəxs yenidən məntəqəyə yaxınlaşaraq, bir ədəd “Karona” markalı kombi aparatı almağını təklif etmişdir. Həmin şəxs kombini yenidən eyni adam tərəfindən satıldığını bildirmişdir. Kombi lazım olmadığı üçün özü satmaq istədiyini söyləmişdir. Aralarında olan söhbət zamanı, kombini satan şəxsin adının Piri olduğunu öyrənmişdir. Piri ilə son olaraq 80 manata razılığa gəlmişdirlər. Həmin kombi aparatını alaraq, sonradan hissələrə bölüb satmaq fikrində idi. İlk olaraq aldığı “Neo Term” markalı kombi aparatını hissələrə sökərək, məntəqədə yerləşdirib hissə-hissə satmışdır. Su mühərriki və “Karona” markalı kombi aparatını isə sökmədən məntəqədə yerləşdirməklə tam şəkildə satmaq fikrində idi. Fikirləşirdi ki, belə halda onları daha baha qiymətə sata bilər. Lakin uzun müddət ərzində onları sata bilməmiş və həmin əşyalar elə məntəqədə qalmışdır. Sonradan, əşyaları ona satan Piri adlı şəxs məntəqəyə polis əməkdaşları ilə birlikdə yaxınlaşdıqda, ona satılan əşyaların oğurluq yolu ilə əldə edildiyini bilmişdir. O, məntəqədə saxladığı bir ədəd su mühərriki və bir ədəd “Karona” markalı kombi aparatını polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı ünvan 3 ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar oğurlanan bir ədəd qara-sarı rəngli hidroforun və ünvan 4 ünvanından oğurlanan bir ədəd “Karona” markalı kombi aparatının hazırda ünvan 5 ünvanında yerləşən metal qəbulu məntəqəsində olması müəyyən edilmişdir. Həmin əşyalar iş üzrə əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, metal qəbulu məntəqəsindən götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2022-ci il tarixli, 9/1517 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 510 manat müəyyən olunur. O cümlədən, bir ədəd qara-sarı rəngli, üzərində BT yazıları olan hidroforun dəyəri 10 manat, bir ədəd ağ rəngli, “Karona” markalı, 24 kW kombi aparatının dəyəri 500 manat müəyyən olunur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Karona» markalı kombi aparatı və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd hidrofor iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahiblərinə təhvil verilmişdir. İş materiallarından görünür ki, 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Həsənov X4 Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 28 iyul 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013 və xx.xx.2014-cü il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 13 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Karona» markalı kombi aparatı və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd hidroforun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 13 iyun 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs2 məxsus bir ədəd «Karona» markalı kombi aparatı və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd hidroforun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-238/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-238/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver