Məhkəmə qərarları › İş №1(011)-239/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-239/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-239/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə İsmayıllı rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Xankəndi Ərazi Dairəsi, Zeyvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şahid2 məxsus olan, etibarnamə əsasında “BC” kateqoriyalı “AE970927” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili 25 sentyabr 2023-cü il tarixdə, saat 21:35-də Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi ilə N.Rəfiyev küçəsi istiqamətində 10 km/saat sürətlə idarə edərkən S.Vəzirov küçəsi 11 saylı ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda o, həmin qaydanın tələblərini pozub avtomobilin qabaq sol hissəsi ilə piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınıqları ilə müşaiyət olunan və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində etibarnamə və AE 970927 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Toyota Prius” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanın yaxınlığına gətirdiyi tanımadığı müştəri avtomobildən yerə endikdən sonra avtomobili hərəkətə gətirib saatda 10 km sürətlə N.Rəfiyev küçəsi istiqamətində hərəkətdə olduğu zaman idarə etdiyi avtomobilin sol tərəf fara hissəsi yolu soldan sağa doğru keçən Zərərçəkmiş şəxs sağ ayağına dəyərək yerə yıxmışdır. Hadisədən dərhal sonra avtomobilindən yerə enib Zərərçəkmiş şəxs köməklik edərək avtomobilinə əyləşdirib xəstəxanaya aparmaq istəyərkən Zərərçəkmiş şəxs orada olan dostu da onlara yaxınlaşmış və birlikdə Zərərçəkmiş şəxs dostunun avtomobilinə əyləşdirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs dostu öz mobil nömrəsini ona verib demişdir ki, zəng etsin Zərərçəkmiş şəxs ayağını müayinə etdirmək üçün apardığı xəstəxananın ünvanını deyəcək. O da Zərərçəkmiş şəxs dostuna zəng etmiş sonuncu Sərdarı X1 və Ortopediya İnstitutuna apardığını bildirmişdir. O da idarə etdiyi avtomobil ilə X1 və Ortopediya İnstitutuna getmişdir. Ora çatanda görmüşdür ki, həkimlər Zərərçəkmiş şəxs ayağını və bədənini müayinə edirlər. Bir müddət keçəndən sonra həkimlər Zərərçəkmiş şəxs tibbi yardımlar göstərdikdən sonra müalicə olunması üçün palataya yerləşdirmişlər. Bundan sonra yaşadığı evə getmişdir. Səhəri günü Zərərçəkmiş şəxs yanına gedib onunla danışmış və Zərərçəkmiş şəxs bildirmişdir ki, şikayətçi deyil. Ona görə də həkimlərə demişdir ki, xəsarəti öz ehtiyatsızlığından yıxılması nəticəsində alıb. O da Zərərçəkmiş şəxs təşəkkürünü bildirmişdir. xx.xx.2023-cü il tarixdə həkimlər Zərərçəkmiş şəxs evinə göndərdiklərinə görə onu idarə etdiyi avtomobili ilə yaşadığı Salyan şəhərinə aparmışdır. Bundan sonra mütəmadi olaraq Zərərçəkmiş şəxs zəng edib onun vəziyyəti ilə maraqlanmışdır. Arada 3 gün Zərərçəkmiş şəxs zəng etməmiş, 3 gündən sonra zəng etdikdə Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. 3-4 gündən sonra Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs demişdir ki, onu qəsdlə vurmamışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs ondan şikayətçi olduğunu bildirib vurduğu maddi ziyanı ödəmədiyi təqdirdə şikayətini davam etdirəcəyini demişdir. O da Zərərçəkmiş şəxs tələb etdiyi 6400 manat məbləğində maddi vəsaitini ödəyə bilmədiyinə görə sonuncu ondan şikayətçi qalmışdır. Lakin hadisə nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərərin real məbləği təxminən 1500 manat olmuş və o, həmin pulu hər ay hissə-hissə olmaqla zərərçəkmiş şəxsə ödəyəcəyini bildirsə də, sonuncu onunla razılaşmamışdır. Bundan əlavə o bildirmişdir ki, müharibə iştirakçısıdır, müharibədə xəsarət alaraq qazi olmuşdur. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngün cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində toya getmişdir. Şadlıq evində pivə olmadığına görə özü üçün pivə və siqaret almaq məqsədi ilə şadlıq evindən bayıra çıxanda həmyerlisi Şahid1 şadlıq evinin həyətində görmüşdür. Ondan nə üçün burada dayandığını xəbər alanda o da tanışının toy mərasiminə gəldiyini demişdir. Həsənağadan xahiş etmişdir ki, siqaret və pivə almaq üçün onu yaxınlıqda yerləşən ərzaq mağazasına aparsın. Həsənağa da imtina etməyərək onu idarə etdiyi “X7” minik markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 3 ünvanda yerləşən Araz marketə aparmışdır. Ora çatandan sonra, təxminən saat 19:30 radələrində Həsənağanın avtomobilindən yerə enib Araz marketə daxil olmaq üçün N.Vəzirov küçəsinin əks tərəfinə keçməyə çalışdığı zaman ondan sağ tərəfdən gələn “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə sağ ayaq nahiyəsindən vurub onu yerə yıxmışdır. Həsənağa tez yanına gəlib onu vuran sürücü ilə birlikdə avtomobilinə əyləşdirmişlər. Həsənağa bədənini və ayağını müayinə etdirmək üçün X1 və Ortopediya İnstitutuna aparmışdır. İdarə etdiyi avtomobil ilə onu vurub bədən xəsarəti yetirən sürücü Təqsirləndirilən şəxs də onlardan sonra X1 və Ortopediya İnstitutuna gəlmişdir. Orada Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğunu, ona vurduğu maddi və mənəvi zərəri tam ödəyəcəyini deyib xahiş etmişdir ki, ondan şikayətçi olmasın. O da Təqsirləndirilən şəxs xahişini nəzərə alıb həkimə avtomobil ilə vurulmağı nəticəsində deyil, küçədə yeriyərkən çirkli su quyusunun dəmir qapağının ayağına dəyməsi nəticəsində xəsarət aldığını demişdir. Həkimlər bədənini və ayaqlarını müayinə edib sağ ayağının baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli sınığı xəsarətləri aldığını deyib tibbi yardım göstərib palataya yerləşdirmişlər. 3 gün müddətində institutda müalicə olunduqdan sonra evə getmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, sonrakı günlərdə də vəziyyəti ilə maraqlanacaq və müalicə xərclərini qarşılayacaq. Ancaq o, Təqsirləndirilən şəxs hər hansı bir müalicə xərcləri tələb etməmişdir. Lakin Təqsirləndirilən şəxs onun səhhəti ilə maraqlanmamışdır. Ona görə də polisə zəng edib Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onu vurub bədən xəsarəti yetirməsindən şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Mübarək” şadlıq evinə tanışının toy mərasiminə getmişdir. Həmin günü təxminən saat 19:30 radələrində toydan bayıra çıxanda təsadüfən həmyerlisi Zərərçəkmiş şəxsla şadlıq evinin qarşısında rastlaşmışdır. Söhbət zamanı bilmişdir ki, Zərərçəkmiş şəxs da həmin toy məclisinə gəlmişdir. Sərdarla 5-10 dəqiqə danışdıqdan sonra sonuncu ondan xahiş etmişdir ki, siqaret və pivə almaq üçün onu yaxınlıqda yerləşən marketə aparsın. O da etiraz etməmiş və idarə etdiyi “X7 minik” markalı, ** SY *** dövlət qeydiyyat rişanlı avtomobil ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, N.Vəzirov küçəsində yerləşən “Araz” supermarketə aparmışdır. Marketin yaxınlığında yol kənarında avtomobilini dayandırdıqdan sonra Sərdar avtomobilindən yerə enib N.Vəzirov küçəsinin əks tərəfinə keçməyə çalışan zaman sağ tərəfdən gələn “Toyota Prius” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq ön hissəsi ilə Zərərçəkmiş şəxs sağ tərəf yan hissəsindən güclü zərbə ilə vurub onu yerə yıxmışdır. Dərhal avtomobilindən yerə enib Zərərçəkmiş şəxs yaxınlaşanda sağ ayağından ciddi sınıq xəsarəti aldığını görüb onu vuran avtomobilin sürücüsü və tanımadığı digər şəxslərlə birlikdə avtomobilinə əyləşdirdikdən sonra mobil telefon nömrəsini Zərərçəkmiş şəxs vuran sürücüyə vermişdir ki, zəng etsin xəstəxananın ünvanını ona bildirsin ki, yanlarına gəlsin. Bundan sonra Zərərçəkmiş şəxs bədənini və ayağını müayinə etdirmək üçün X1 və Ortopediya İnstitutuna aparmışdır. X1 və Ortopediya İnstitutuna çatandan sonra Zərərçəkmiş şəxs vuran sürücü ilə danışaraq onu X1 və Ortopediya İnstitutuna gətirdiyini bildirmişdir. Sürücü də X1 və Ortopediya İnstitutuna gəlmişdir. İnstitutda həkimlər Zərərçəkmiş şəxs ayağını müayinə etdikdən sonra müalicə olunması üçün palataya yerləşdirmişlər. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təsadüfən tanımışdır. Onunla tanış olduqdan sonra özünə məxsus olan “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs ona zəng edib idarə etdiyi avtomobil ilə piyada oğlan vurduğunu, piyadanın elə də ciddi xəsarət almadığını və xəstəxanada olduğunu bildirmişdir. O da köməyə ehtiyacı olub-olmadığını xəbər almış, Təqsirləndirilən şəxs də hər şeyin yaxşı olduğunu və köməyə ehtiyacı olmadığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1-2); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 noyabr 2023-cü il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilmiş və sxem tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 8-10a); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildə hər hansı bir zədə müəyyən edilməmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 11-12a); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Ağsu RQİYBŞ tərəfindən xx.xx.2020-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AE 970927 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 14); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-2761 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 17); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə təsdiqlənmiş Azərbaycan Respublikası medalının İ-36754 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i.v. 17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 18 noyabr 2023-cü il tarixli, 1311 saylı rəyindən görünür ki, 1. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sağ baldır sümüklərinin orta 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, xx.xx.2023cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddirlər. 2. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. 3. Vətəndaş Zərərçəkmiş şəxs bədənindəki xəsarətlər qısa müddət ərzində yetirildiyinə görə xəsarətlərin ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün olmamışdır. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir (i.v. 24-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməyol nəqliyyat hadisələri ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 8/3578 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 27-30); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (i.v. 31); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 34-35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 52); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmiş və o, təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 63-64); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 mart 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 77-78); sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmiş, “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanlması üçün sahibinə verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 84- 89); İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 94). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır (Sağ bud sümüyünün kor güllə yarası, Sol baldır nahiyəsinin yumşaq toxumalarının dəlib keçən güllə yarası) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Vətən müharibəsi iştirakçısı olmasını, həmçinin medallarla təltif edilməsini, hərbi travma almasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius minik” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar