Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-24/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Xətai Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın böyük məsləhətçisi Qanuni nümayəndə3 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, döngə 4, yataqxana 5, otaq 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına saxlanılan Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı X2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə 21 may 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, LZülfiqarov küçəsi 29/44 saylı binanın qarşısında ilk olaraq Cavid Qafarov azyaşlı Zərərçəkmiş şəxs2 məxsus 280 manat dəyərində “Saft” markalı velosipedi, Təqsirləndirilən şəxs isə azyaşlı Zərərçəkmiş şəxs1 məxsus 300 manat dəyərində “Saft” markalı velosipedi binanın həyətində sürmək adı ilə alıb idarə edərək qaçırmaqla açıq yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 280 (iki yüz səksən) manat, Zərərçəkmiş şəxs1 cəmi 300 (üç yüz) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin ibtidai istintaqda verdikləri ifadələri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında qanuni nümayındəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olduğunu və hazırda birçox rayonda törətdiyi cinayətlərə görə cinayət işinin aparıldığını bildirmişdir. Hazırda Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, anası və atası boşanmışlar və Gəncə şəhərində ayrı yaşayayırlar .Özü isə , Bakı şəhəri, Nəsimi rayonu ərazisində tək kirayə yaşayır. Heç bir yerdə işləmir. Pula ehtiyacı olduqda oğurluqla məşğul olur. 21 may 2021-ci il tarixdə saat 18 radələrində o, tanışı X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində gəzən zaman binaların qarşısında uşaqların futbol oynadığını və velosiped sürdüklərini görmüşdür. Həmin vaxt o, Cavidə velosiped oğurlamağı təklif etmişdir. Cavid də onunla razılaşmış və bunu necə edəcəklərini soruşmuşdur. O, Cavidə uşaqlarla top oynamağı sonra isə velosipedi götürüb qaçacaqlarını bildirmişdir. Buna görə də o və Cavid binanın qarşısında dayanmış iki nəfər azyaşlı uşağa yaxınlaşıb özlərini həmin məhəllədə yaşayan uşaq kimi təqdim edib, uşaqlarla futbol oynamağa başlamışlar. Bir müddət sonra Cavid həmin uşaqlardan birinə velosipedini sürmək istədiyini demiş və həmin uşaq da velosipedi Cavidə vermişdir. Həmin vaxt o da digər uşaqdan velosipedini sürmək istədiyini demiş, lakin həmin uşaq velosipedini verməmişdir. O, həmin uşağın vermədiyini görüb kənarda olan “saft” markalı, qara rəngli velosipedi götürüb, sürərək oradan uzaqlaşmağa başlamışdır. Bundan sonra onlar ikisi də hərəsi bir velosipedi sürərək, binanın kənarına doğru getmişlər. Həmin vaxt uşaqlar onların arxasınca gələrək qışqırmağa başlamışlar. Onlar dayanmayaraq, velosipedi sürüb oradan uzaqlaşmışlar. Onlar velosipedi sürərək Nəsimi rayonunda yerləşən icarə əsasında yaşadığı mənzilə getmişlər. Səhəri gün, yəni 22 may 2021-ci il tarixdə onlar birlikdə velosipedləri satmaq üçün Bakı şəhəri, Sabunçu rayonu ərazisində ‘‘Əşya bazar” adlanan yerə gedib, onun götürdüyü velosipedləri 50 manata, Cavidin götürdüyü velosipedi isə 45 manata satmışlar. Onlar həmin velosipedləri satan zaman özlərinə məxsus olmasını demişlər. Əldə etdikləri pulları isə öz aralarında bölmüşlər. 01 iyun 2021-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib kimliyi barədə sorğu-sual etdikdən sonra Xətai rayonu ərazisində baş vermiş oğurluq cinayətində şübhələnildiyi üçün Xətai rayon Polis İdarəsinə dəvət etmişlər. O isə artıq polislərin onun törətdiyi cinayətdən xəbərdar olduqlarını başa düşüb polislərlə birgə Polis idarəsinə gedərək etdiyi əməli etiraf etmişdir. Son sözündə təqsirləndirilən şəxs əməlimdən peşman olmasını, anasının xəstə olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə telefonoqram verərək təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı şikayətçi olmadıqlarını qeyd edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və verdikləri ifadənin təsdiq etdiklərini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq məhkəmə iclasının zərərçəkmiş şəxslərin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarında atası ona sürmək üçün 300 manata qara rəngli “Saft” markalı velosiped almış və həmin vaxtdan o, boş vaxtlarında velosipedi sürmüşdür. 21 may 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında onunla bir məhəllədə yaşayan dostları ilə birlikdə futbol oynayırmış. Onunla bir binada qonşuluqda yaşayan Bəxtiyar isə binanın qarşısında özünə məxsus olan velosipedi sürmüşdür. O, dostları ilə futbol oynadığı üçün özünə məxsus olan “Saft” markalı velosipedi binanın qarşısında divarın yanında saxlamışdır. Onlar futbol oynayan zaman 2 nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq birlikdə futbol oynamağı təklif etmişdir. Onlar da razılaşmış və həmin iki nəfər bir komanda, onlar isə bir komanda şəklində oynamağa başlamışlar. Həmin şəxslərdən biri uca, digəri isə qısa boy olmuşdur. Bir qədər sonra qısa boylu olan şəxs dostu Bəxtiyara yaxınlaşaraq ondan sürmək üçün idarə etdiyi velosipedi istəmişdir, Bəxtiyar da velosipedi həmin şəxs binanın həyətindən kənara çıxmamaq şərti ilə verə biləcəyini bildirmişdir. Həmin şəxs velosipedi həyətdə sürəcəyini bildirdiyi üçün Bəxtiyar velosipedi həmin şəxs vermişdir. Bundan sonra həmin şəxslərdən uca boylu olan şəxs heç bir söz demədən ona məxsus binanın qarşısında olan velosipedi götürüb idarə etməyə başlamışdır, o, tez həmin şəxsin arxasınca qaçaraq velosipeddən tutub saxlayaraq velosipedi qaytarmasını bildirmişdir. Həmin şəxs ona and içərək binanın həyətindən kənara çıxmayacağını bildirib həyətdə velosipedi sürüb qaytaracağını demişdir. O da inandığı üçün heç bir söz deməyib razılaşmışdır. Buna baxmayaraq həmin şəxslərin binanın həyətindən çıxıb uzaqlaşmaq istədiklərini görüb Bəxtiyarla birlikdə həmin şəxslərin arxasınca qaçaraq velosipedləri qaytarmalarını tələb etmişlər. Buna baxmayaraq həmin şəxslər onların səslədiklərini və arxalarınca qaçdıqlarını görüb velosipedi sürətlə idarə edərək uzaqlaşıb çıxıb getmişlər. Hadisə baş verən zaman həmin şəxs ona heç bir zor tətbiq etməmiş və heç bir xəsarət almamışdır. Bundan sonra o, yaşadığı mənzilə gedərək baş vermiş hadisə barədə anasına məlumat vermişdir. Anası da, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Sonra atası Pünhan baş vermiş hadisə barədə ərizə ilə 36-cı PB-nə müraciət etmişdir. Həmin hadisə nəticəsində onlara 300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarında atası ona sürmək üçün 280 manata fosfor sarı “Saft” markalı velosiped almış və həmin vaxtdan o, boş vaxtlarında velosipedi sürmüşdür. 21 may 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında onunla bir məhəllədə yaşayan dostları ilə birlikdə futbol oynamışdır. Onunla bir binada qonşuluqda yaşayan Kənan isə binanın qarşısında özünə məxsus olan velosipedi sürmüşdür. O, dostları ilə futbol oynadığı üçün özünə məxsus olan “Saft” markalı velosipedi binanın qarşısında divarın yanında saxlamışdır. Onlar futbol oynayan zaman 2 nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq birlikdə futbol oynamağı təklif etmişlər. O da razılaşmış və həmin iki nəfər bir komanda, onlar isə bir komanda şəklində oynamağa başlamışlar. Həmin şəxslərdən biri uca, digəri isə qısa boy olmuşdur. Bir qədər futbol oynadıqdan sonra qısa boylu olan şəxs ona yaxınlaşaraq ondan sürmək üçün idarə etdiyi velosipedi istəmişdir, o da velosipedi həmin şəxs binanın həyətindən kənara çıxmamaq şərti ilə verə biləcəyini bildirmişdir. Həmin şəxs velosipedi həyətdə sürəcəyini bildirdiyi üçün o, velosipedi həmin şəxs vermişdir. Bundan sonra həmin şəxslərdən uca boylu olan şəxs heç bir söz demədən Kənana məxsus binanın qarşısında olan velosipedi götürüb idarə etməyə başlamışdır. Kənan tez həmin şəxsin arxasınca qaçaraq velosipeddən tutub saxlayaraq velosipedi qaytarmasını bildirmişdir. Həmin şəxs Kənana and içərək binanın həyətindən kənara çıxmayacağını bildirib həyətdə velosipedi sürüb qaytaracağını demişdir. Kənan da heç bir söz deməyib razılaşmışdır. Buna baxmayaraq həmin şəxslərin binanın həyətindən çıxıb uzaqlaşmaq istədiklərini görüb Kənanla birlikdə həmin şəxslərin arxasınca qaçaraq velosipedləri qaytarmalarını tələb etmişlər. Buna baxmayaraq həmin şəxslər onların səslənərək arxalarınca qaçdıqlarını görüb velosipedi sürətlə idarə edərək uzaqlaşıb çıxıb getmişlər. O, yaşadığı mənzilə gedərək baş vermiş hadisə barədə atasına məlumat vermişdir. Sonra atası Yusif baş vermiş hadisə barədə ərizə ilə 36-cı PB-nə müraciət etmişdir. Həmin şəxslər 160-170 boylarında olmuşlar. Həmin şəxslərdən uca boylu olanın əynində qara rəngli şalvar olmuşdur. Kənana məxsus velosipedi qaçıran qısa boylu şəxsin əynində qara rəngli şalvar, boz rəngli köynək və qara rəngli gödəkcə olmuşdur. Hadisə baş verən zaman həmin şəxs ona heç bir zor tətbiq etməmiş və heç bir xəsarət almamışdır. Həmin hadisə nəticəsində onlara 280 manat maddi ziyan dəymişdir. Cinayət işinin 36-38-ci vərəqələrində olan 01.06.2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan məlum olur ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs fotoşəkili 4 şəxsin fotoşəkillərinin arasında 3-cü yerdə qoyulmuş, tanıyan şəxs Zərərçəkmiş şəxs1 21.05.2021-ci il tarixdə velosipedini sürmək adı ilə alıb qaçan şəxsin 3 nömrəsi ilə nişanlanmış şəxs olmasını bildirmişdir. Cinayət işinin 51-55-ci vərəqələrində olan 01.06.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı istintaqa verdiyi ifadəsini təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. Cinayət işinin 82-83-ci vərəqələrində olan 01.06.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş 30.11.2021-ci il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 12.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07.02.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Cinayət işinin 92-98-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəzasını çəkməmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.03.2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında digər cinayət işləri vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yetkinlik yaşına çatmadığını cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dəfələrlə azadlığın məhdudlaşdırması cəzasına məhkum olunması və bu cəzaları çəkmədən yenidən cinayət törətməsi və hazırda barəsində digər bölgələrdə tötərdiyi cinayətlərə görə istintaq aparılması onun islah olunmamasından xəbər verir .Göstərilən xüsusatlar cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; 435.4.3. yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yetkinlik yaşına çatmayan şəxs olmasını, ona təyin edilmiş cəzalardan sonra nəticə çıxarmamasını, islah olmamasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 1(011)-189/2021 saylı hökmü ilə təyin edilmiş və amnistiya tədbiq edildikdən sonra çəkilməmiş qalan 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdən axtarışla tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli 1(011)- 189/2021 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-24/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-24/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver