Məhkəmə qərarları › İş №1(011)-240/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-240/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-240/2020 28.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olmuş, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan müxtəlif vaxtlarda Masallı rayonu ərazisində kafedə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alaraq əldə edib, əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-niır əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadığı ünvan 1 saylı ünvanın yaxınlığında saxlanılıb ünvan 2 saylı ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərinə videogörüntü ilə baxış keçirilən zaman, əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 12 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,075, 0,081, 0,108, 0,115, 0,100, 0,093, 0,204, 0.107, 0,115, 0,209, 0,095, 0,106 qram, ümumi təmiz çəkisi 1,408 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici və əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 və 0,244 qram, ümumi təmiz çəkisi 0,281 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir və narkotik vasitəni tanımadığı şəxslərdən alır. Bir-neçə gün bundan əvvəl o, Masallı rayonunda olmuş, həmin vaxt xatırlamadığı yerdə olan çayxanada üzdən tanıdığı, lakin adlarını bilmədiyi və haqqında heç bir məlumata sahib olmadığı 4-5 nəfər şəxsdən ayrı-ayrılıqda 14 ədəd bükümdə 12 ədədi kakos, iki ədədi isə şüşə kimi tanıdığı narkotik vasitələri almışdır. Narkotikə görə o, hər hansı bir məbləğdə pul ödəməmiş, belə ki, narkotik vasitələri verən şəxslər narkotiki pay vermişlər. 2 ədəd şüşə deyilən narkotik vasitələr siqaretin kağızına bükülü olmuş, digər narkotik vasitə isə sellefon bükümlərdə olmuşdur. Həmin şəxslərdən o, narkotik vasitəni öz istifadəsi üçün alıb şalvarının cibinə qoymuş və özü ilə birlikdə istifadə etmək üçün Bakı şəhərinə gətirmişdir. Üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimə deməmişdir. Həmin narkotik vasitələrdən bir neçə gün istifadə etmişdir. xx xxx 2020-ci il tarixdə o, narkotik vasitəni bir ədəd kibrit qutusuna qoymuş və əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinə qoyaraq yaşadığı evdən çölə çıxmışdır. Həmin narkotik vasitələrin hamısını özü ilə birlikdə götürmüşdür ki, evdə ailə üzvüləri görməsin. O, yaşadığı evin yaxınlığında olarkən saat təxminən 16:30 radələrində bir neçə nəfər şəxs ona yaxınlaşaraq özərini polis əməkdaşı kimi təqdim etmiş və Xətai RPl-nin 36-cı polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis bölməsində olarkən xidməti otaqların birində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı bildirilmiş, sonra vəkil dəvət etmişlər. Orada hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olması barədə sual verilmişdir. O, əynində olan şalvarımın sağ yan cibində saxladığı içərisində narkotik vasitələr olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusu polis əməkdaşları tərəfindən açılaraq baxılmış və içərisində olan 14 ədəd bükümlər aşkar edilmişdir. Polis əməkdaşları aşkar edilmiş bükümlərdə olan maddələrin nə olması və haradan və hansı yolla əldə etməsi barədə sual vermiş, bu zaman həmin bükümlərdəkinin kakos və şüşə kimi tanıdığı maddə olmasını və Masallı rayonunda adını bilmədiyi kafedən pulsuz almasını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələri üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında heç bir məlumata sahib olmadığı təxminən 4-5 nəfər şəxsdən əldə etmişdir. Narkotik vasitəni həmin şəxslərdən pulsuz olaraq Masallı rayonunda almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır və əkməmişdir. Narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitəni aldığı şəxslərin adlarını və harada olmalarını o, bilmir. Həmin şəxsləri o, yalnız üzdən tanıyır. Narkotik vasitələri o, ayrı-ayrı bükümlərdə almış, həmin narkotik vasitələri bükümlərə özü ayırmamışdır. Narkotik vasitəni aldıqda ümumilikdə 14 ədəd bükümdə olmuşdur. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində iki az yaşlı uşağının olduğunu, bir daha daha belə hallara yol verməyəcəyini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Masallı rayonu Qızılağac kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Ramal adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Ramal adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupda özü, bölmənin sahə inspektoru, polis leytenantı Şahid2 və sahə inspektoru, polis leytenantı Şahid3 təyin olunmuşdur. Bundan sonra Ramal adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün adlarını qeyd etdiyi polis əməkdaşları ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 3 saylı ünvanın qarşısına gəlmişdir. Saat təxminən 16:30 radələrində həmin ünvanın qarşısında Ramal adlı şəxsi görüb ona yaxınlaşmış, onlar Ramal adlı şəxsə özlərini təqdim edib onu Xətai RPİ-nin 36cı PB-nə dəvət etmişlər. Ramal da heç bir etiraz etməmişdir. Bundan sonra Ramal ilə birlikdə Xətai RPİ-nin 36-cı PB-nə gəlmişdir. Bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Ramala hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə sonuncunun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Ramala üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Ramal əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq bir ədəd kibrit qutusu təqdim etmişdir. Həmin kibrit qutusun içərisinə baxdıqda 14 ədəd bükümlər olması müəyyən olunmuşdur. Həmin bükümlərdən, gümüşü və göy rəngli siqaret kağızlarına bükülmüş bükümləri açıb badıqda hər ikisinin içərisində kristal şəkilli maddə, digər 12 ədəd göy rəngli selefon bükümlərin içərisində isə qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Ramala üzərindən aşkar edilmiş həmin bükümlərdə nə, haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin bükümlərin içərisində kakos və şüşə olmasını, həmin maddələri Masallı rayonunda adını bilmədiyi kafedə özünün istifadəsi üçün heç bir şey, yəni pulsuz üzdən tanıdığı şəxslərdən almasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən müdafiəçi, Ramal özü, həmin tədbirdə iştirak edən digər polis əməkdaşları və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər həmçinində özü imza etmişdir. Polis idaəsində Təqsirləndirilən şəxs hər hansı bir fiziki və yaxud psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin polis sahə inspektoru vəzifəsində işləyən, polis leytenantı Şahid2 və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin polis sahə inspektoru vəzifəsində işləyən, polis leytenantı Şahid3 özündən əvvəl məhkəmə iclasında ifadə vermiş şahid Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 89-92-ci vərəqlərində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 4(011)-291/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 40-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/629 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 12 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,075 qr, 0,081 qr, 0,108 qr, 0,115 qr, 0,100 qr, 0,093 qr, 0,204 qr, 0,107 qr, 0,115 qr, 0,209 qr, 0,095 qr, 0,106 qr, ümumi təmiz çəkisi 1,408 qr qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qr və 0,244 qr, ümumi təmiz çəkisi 0,281 qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx xxxx 2005-ci il tarixdə Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in metanfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahasına daxildirlər. Ekspertizaya təqdim etmə zamanı metamfetaminin ümumi təmiz çəkisi – 0,281 qram, sərf edildi 0,05 qr., qalıq 0,231 qr. Heroinin ümumi təmiz çəkisi: 1,408 qr, sərf edildi 0,12 qr, qalıq 1,288 qr. Cinayət işinin 116-123-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatı zamanı sərf edilərək qalıq qılmış 1,288 qram heroin və 0,231 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin inzibati binasının içərisində xidməti otağında baxış keçirilən zaman çəkilmiş video görüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxx 2020ci il tarixli, 1788 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə olunmasına ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən xx xxx 2020-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 115-ci vərəqəsində olan Masallı RİHB-nın Qızılağac ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2012-ci il tarixində verilmiş AZ-İ seriyalı 759700 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 xx xxxx 2012-ci il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “16” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Əhmədov, arvadın Əhmədova qeyd edilmişdir. Cinayət işinin 115a-ci vərəqəsində olan Masalı RPŞ tərəfindən verilmiş AZE seriyalı 12799975 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sinan Əhmədov xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Gülnar Əhmədovadır. Cinayət işinin 115b-ci vərəqəsində olan Masalı RPŞ tərəfindən verilmiş AZE seriyalı 12799967 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kəmalə Əhmədova xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası Gülnar Əhmədovadır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfındən cinayət cəzalarmın təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinəmüvafiq olaraqcinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətliolmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağının olduğunu, ilk dəfə məhkum olduğunu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixi, 4(011)-291/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə ambulator X1nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiq sayır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,288 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,231 qram metanfetaminhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 AZN (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,288 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə -heroin və 0,231 qram metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 AZN (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar