Məhkəmə qərarları › İş №1(011)-240/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-240/2021

20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-240/2021 20.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilİ Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx.xx.1994-cü il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yataqxana 1 ünvanında qeydiyyatda olan, ünvan 3nında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 iyun 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 4 ünvanında yerləşən 64 saylı tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ABŞ dollarının manata nisbətdə məzənnə ilə daha yüksək qiymətlə mübadiləsini həyata keçirmək adı ilə həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 3.910 (üç min doqquz yüz on) manat dəyərində 2.300 (iki min üç yüz) ABŞ dolları məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 15 iyun 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 4 ünvanında yerləşən 64 saylı tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ABŞ dollarının manata nisbətdə məzənnə ilə daha yüksək qiymətlə mübadiləsini həyata keçirmək adı ilə həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 3.910 (üç min doqquz yüz on) manat dəyərində 2.300 (iki min üç yüz) ABŞ dolları məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 və Şahid təxminən 2017-ci ildən tanıyır. Belə ki, o, 2014-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində olan zaman Qalib və Xəyyamla orada tanış olmuş, Qalib Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə, Xəyyam isə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Onlar arasında cəzaçəkmə müəssisəsində isti münasibət yaranmışdır. Xəyyamla Qalibin cəzaları bitdiyi üçün onlar cəzaçəkmə müəssisəsindən azad olunmuşlar. O isə 29 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Qalib və Xəyyamla arada bir mobil telefon vasitəsi ilə əlaqə saxlamışlar. 14 iyun 2020-ci il tarixdə o, «Neftçilər» metrostansiyası tərəfdə Xəyyamla görüşmüşdür. Görüş zamanı Xəyyam ona bildirmişdir ki, Arzu adında qadın tanıyır. Həmin qadında 10.000 ABŞ dolları pul var və həmin pulu Azərbaycan manatına dəyişmək istəyir. Bundan sonra o, Qalibin istifadəsində olan mobil nömrəyə zəng edərək görüşmək istədiyini bildirmiş və onlar Qalibin evinin yaxınlığında görüşmüşlər. Söhbət zamanı o, Qalibə bildirmişdir ki, cəzaçəkmə müəssisəsində olan zaman oradan tanıdıqları Xəyyamın tanışı olan qadın ABŞ dollarını Azərbaycan manatına dəyişmək istəyir. Bu barədə Xəyyam ona demişdir. Daha sonra Qalibə təklif etmişdir ki, Xəyyamın gətirəcəyi pulu götürərək onları aldadarlar. Qalib də onun bu təklifi ilə razılaşmışdır. Səhəri gün, yəni 15 iyun 2020-ci il tarixdə saat 14 radələrində o, Qaliblə görüşmüş, onun idarə etdiyi «Opel» markalı, **-EL-*** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu ərazisində yerləşən 64 nömrəli tam orta məktəbin yaxınlığında Xəyyamla görüşmüşlər. Xəyyam idarə etdiyi «Mercedes» markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. Həmin avtomobildə Xəyyamdan başqa bir qadın da olmuşdur. Onlar orada bilmişlər ki, Azərbaycan manatına dəyişdirilməli olan pul həmin qadına məxsudur. O, Qalibin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Xəyyam öz idarə etdiyi avtomobildən düşərək Qalibin avtomobilinə yaxınlaşmış və 2.300 ABŞ dolları pulu Qalibə vermişdir. Qalib də həmin pulu Xəyyamdan götürərək ona vermişdir. Bundan sonra Xəyyam ondan pulu nə zaman Azərbaycan manatına dəyişib gətirəcəyini soruşmuş, o isə 1 saata gələcəklərini demişdir. Bundan sonra Xəyyam onlarla sağollaşaraq çıxıb getmişdir. Bundan sonra o, Qaliblə birlikdə sonuncunun idarə etdiyi avtomobillə oradan uzaqlaşaraq onun yaşadığı ünvana getmişlər. Yolda olan zaman o, 2.300 ABŞ dollarından 800 ABŞ dollarını Qalibə vermiş və qalan 1.500 ABŞ dollarını isə özünə götürmüşdür. Qalib onu yaşadığı ünvana düşürtdükdən sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. Daha sonra o, əldə etdiyi 1500 ABŞ dollarını şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin o zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, işi üzrə dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, özünü təqsirli bildiyini və iş üzrə icraaa xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 və Şahid təxminən 2017-ci ildən tanıyır. Belə ki, o, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, 6 saylı Cəzaçəkmə müəssisəsində olan zaman Xəlid və Xəyyamla orada tanış olmuş, Xəlid Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, Xəyyam isə Azərbaycan Respublikası CMnin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Onların aralarında cəzaçəkmə müəssisəsində isti münasibət yaranmışdır. Xəyyamla onun cəza müddəti bitdiyi üçün cəzaçəkmə müəssisəsindən azad olunmuşlar. O, 2019-cu ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Xəlidlə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və arada bir görüşmüşlər. 14 iyun 2020-ci il tarixdə Xəlid onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş və görüşmək istədiyini bildirmişdir. O, Xəlidlə razılaşmış və onlar yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət zamanı Xəlid ona bildirmişdir ki, cəzaçəkmə müəssisəsində olan zaman oradan tanıdıqları Xəyyam adlı şəxsin tanışı olan qadın ABŞ dollarını Azərbaycan manatına dəyişmək istəyir. Bundan başqa Xəlid bildirmişdir ki, Xəyyamın gətirəcəyi pulu götürərək onları aldadarlar. Onun da maddi vəziyyəti yaxşı olmadığı, həmçinin avtomobilin kreditinin vaxtı yaxınlaşdığı üçün Xəlidlə razılaşmışdır. Səhəri gün, yəni 15 iyun 2020-ci il tarixdə saat 14 radələrində o, Xəlidlə görüşmüş, idarə etdiyi «Opel» markalı, **-EL-*** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu ərazisində yerləşən 64 nömrəli tam orta məktəbin yaxınlığında Xəyyamla görüşmüşlər. Xəyyam idarə etdiyi «Mercedes» markalı, **-SZ-*** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. Həmin avtomobildə Xəyyamdan başqa bir qadın da olmuşdur. O, həmin vaxt bilmişdir ki, Azərbaycan manatında dəyişdirilməli olan pul həmin qadına məxsusdur. Xəlid o, idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Xəyyam idarə etdiyi avtomobildən düşərək onun avtomobilinə yaxınlaşmışdır. Xəyyam 2.300 ABŞ dolları pulu ona vermiş, o, pulu Xəyyamdan götürərək Xəlidə vermişdir. Bundan sonra Xəyyam Xəliddən pulu nə zaman Azərbaycan manatına dəyişib gətirəcəyini soruşmuş, Xəlid isə cavabında 1 saata gələcəyini demişdir. Bundan sonra Xəyyam onlarla sağollaşaraq çıxıb getmişdir. O da, idarə etdiyi avtomobillə oradan uzaqlaşaraq Xəlidin yaşadığı ünvana getmişdir. Yolda Xəlid 2.300 ABŞ dollarından 800 ABŞ dollarını ona vermiş və qalan 1.500 ABŞ dollarını özünə götürmüşdür. O, Xəlidi yaşadığı ünavan düşürtdükdən sonra oradan uzaqlaşaraq çıxıb getmiş, ona çatan 800 ABŞ dollarını özünün və evinin ehtiyacları üçün xərcləmişdir. Həmçinin o zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, işi üzrə dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, özünü təqsirli bildiyini və iş üzrə icraaa xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 15 iyun 2020-ci il tarixində ipoteka üçün ayırdığı 2.300 (iki min üç yüz) ABŞ dollarını Azərbaycan manatına dəyişdirmək istəmişdir. Bununla bağlı, tanıdığı Şahid ona bildirmişdir ki, yaxın adamları var, onun pulunu yüksək qiymətlə manata çevirə bilər. Şahid təsadüfən 04 iyun 2020-ci il tarixdə tanımışdır. O, buna narazılıq etsə də, Şahid ona təkrar bildirmişdir ki, atası Bakı şəhər prokurorluğunda işləyir, özü 20 Yanvar tərəfdə təzə tikili binaları tikir. O da, Şahid inanaraq onunla qeyd olunan tarixdə görüşmüş və Şahid «Mercedes Galenvagen» markalı, **-SZ-*** dövlət nömrəli avtomaşınla gəlib onu yaşadığı evin yaxınlığından götürərək onda olan 2.300 (iki min üç yüz) ABŞ dollarını yaxın adamlarında xırdalayaraq manata çevirəcəyini demişdir. Daha sonra Şahid məxsus həmin avtomobil ilə Xətai rayon ərazisində yerləşən Kənd Əhmədli məscidinin yanına getmiş, ora «Lada» markalı avtomobil ilə bir neçə şəxs gələrək Xəyyamla görüşmüş və Xəyyam ondan 2.300 (iki min üç yüz) ABŞ dollarını alıb, dostları olan və atasının işçiləri olduğunu dediyi özlərini Xalid və Qalib təqdim edən adamlara vermişdir. Xəyyam ona bildirmişdir ki, 2 (iki) saata dolları xırdalayıb ona verəcəkdir. O da, Xəyyama məxsus «Mercedes» markalı maşında pulunun manata çevrilməsini gözləmişdir. İki saat bitdikdən sonra Xəyyam ona müxtəlif bəhanələr deyərək bildirmişdir ki, pul hələ manata çevrilməyib, olmasa atasından alıb o pulu ona verəcəkdir. O da, Xəyyama inanaraq, sonuncuya etibar edərək Xəyyama məxsus avtomaşınla öz evinə gəlmişdir. O, yenidən Xəyyamla əlaqə saxlamış və sonuncu ona müxtəlif bəhanələr demiş, onda Xəyyamın yazışmaları vardır. O, sonradan başa düşmüşdür ki, Xəyyamın məqsədi bir qrup şəxslərlə ona qarşı dələduzluq yolu ilə onun etibarından sui-istifadə edərək 2.300 ABŞ dollarını ələ keçirmək olmuşdur. Həmçinin o təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın onlar tərəfindən tam olaraq ödənildiyini, ona görə də onlara qarşı heç bir şikayəti, tələbi olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etdiyini qeyd etmişdir.. Şahid qismində dindirilmiş Şahid ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təxminən 2017-ci ildən tanıyır. Belə ki, o, 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 178, 221, 315, 326-cı maddələri ilə məhkum olunmuşdur. 01 oktyabr 2019-cu il tarixdə 6 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. O, 6 saylı Cəzaçəkmə müəssisəsində olan zaman Qalib və Xəlidlə tanış olmuş, Qalib Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi, Xəlid isə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdurlar. Onun sonuncularla cəzaçəkmə müəssisəsində isti münasibəti yaranmışdır. Onunla Qalibin cəzaları bitdiyi üçün cəzaçəkmə müəssisəsindən azad olunmuşlar. Xəlid isə 29 fevral 2020-ci il tarixdə cazasının bitməsi ilə azad olunmuşdur. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Qalib və Xəlidlə arada bir mobil telefon vasitəsilə əlaqə saxlamışlar. Zərərçəkmiş şəxs Faiq qızını təxminən 8 ay olar ki, tanıyır. Arzu xanımla Hövsan qəsəbəsində tanış olmuş və aralarında isti münasibətləri yaranmışdır. Arzu xanım görüşlərin birində ona bildirmişdir ki, onda 13.300 ABŞ dolları pul var və həmin pulu manata dəyişməklə ipoteka pulunu ödəməlidir. O isə cavabında bildirmişdir ki, valyuta dəyişmə məntəqəsində işləyən tanışı var və həmin tanışı vasitəsilə pulu 1.750 AZN məzənnəsi ilə dəyişə bilər. Arzu xanım da onunla razılaşmışdır. 14 iyun 2020-ci il tarixdə o, Xəlidin istifadəsində olan mobil nömrəsinə zəng etmiş və ona 13.300 ABŞ dolları pulu Azərbaycan manatına dəyişmək istədiyini bildirmişdir. Xəlid ona danışıqlar zamanı bildirmişdir ki, tanışı var və həmin tanışı vasitəsilə ABŞ dollarını Azərbaycan manatına çevirir. Ona görə də o, ABŞ dollarını manata dəyişmək üçün Xəlidə müraciət etmişdir. Xəlid isə mobil telefon vasitəsilə danışıqları zamanı bildirmişdir ki, 13.300 ABŞ dollarını manata dəyişə bilər. O da bunu Arzu xanıma dedikdə sonuncu bu təkliflə razılaşmışdır. 15 iyun 2020-ci il tarixdə saat təxminən 11 radələrində o, Arzunun yaşadığı ünvandan götürərək ünvan 5sasında onlar Xəlidlə orada görüşməli idilər. Əvvəlcədən danışıqlarına əsasən Xəlid valyuta məntəqəsində işləyən tanışı ilə birlikdə gəlməli və pulu manata dəyişərək getməli idi. O, idarə etdiyi avtomobili məktəbin yanında saxlamışdır. Arzu xanım üzərində 12.700 ABŞ dolları pul gətirmiş və həmin pulun hamısını manata dəyişmək istəmişdir. O, Arzuya bildirmişdir ki, ilkin olaraq 2.300 ABŞ dollarını versinlər manata dəyişsinlər əgər bu məsələ uğurla alınarsa, onda qalan pulu da dəyişərlər. Arzu da onunla razılaşmış və 2.300 ABŞ dolları pulu ona vermişdir. O, pulu Arzu xanımdan götürərək idarə etdiyi avtomobildən düşmüşdür. Avtomobildən düşüb Xəlidin gəldiyi avtomobilə yaxınlaşdıqda Xəlidin Qaliblə birlikdə sonuncunun idarə etdiyi avtomobillə gəldiyini bilmişdir. Qalib sükan arxasında, Xəlid isə avtomobilin arxa oturacağında əyləşmişdir. O, 2.300 ABŞ dolları pulu Qalibə vermişdir. Qalib pulu götürdükdən sonra onu Xəlidə vermiş və Xəlid bir saata gələcəyini və gələndə 2.300 ABŞ dolları əvəzinə Azərbycan manatı gətirəcəyini bildirmişdir. O da razılaşıb öz idarə etdiyi avtomobilə getmişdir. Danışıqları Arzu xanıma dedikdən sonra Arzu ilə birlikdə otelə getmiş və orada gözləməyə başlamışlar. Təxminən bir neçə saat sonra Xəliddən zəng gəlmədiyini görüb özü sonuncunun istifadəsində olan mobil nömrəyə zəng etmiş, lakin dəfələrlə zəng etməsinə baxmayaraq Xəlid zənglərə cavab verməmişdir. Bundan sonra onlar oteldən çıxaraq Xəlidin yaşadığı ünvana getmişlər. O, Xəliddən pulun harada olduğunu soruşmuşdur. Xəlid isə bildirmişdir ki, pulu tanışına vermiş və həmin tanışı onu aldadaraq çıxıb getmişdir. Ondan pulu qaytarmaq üçün vaxt istəmiş, o isə cavabında bildirmişdir ki, pulun sahibi Arzu xanımdır. Ondan dərhal pulu qaytarmasını istəsə də Xəlid pulu müxtəlif bəhanələr gətirərək verməmişdir. Bundan sonra o, Arzu xanımı yaşadığı ünvana aparmışdır. Qalib və Xəlidlə bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, sonuncular onun telefonlarına cavab verməmişlər (i.v.65-68); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 29 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə Xətai RPİ-nin istintaq şöbəsinə göndərilmişdir (i.v.01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.47); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 13.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur(i.v.96); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir(i.v.105); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 107); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, 15 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir(i.v.117-118); qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yer getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.119); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25.02.2021-ci il tarixli cavabından, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin 28.06.2013-cü il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin 22.08.2014-cü il tarixli qərarına əsasən 08 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 09 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10.10.2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2015-ci il tarixli hökmü dəyişdirilərək, onun əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikası Prezidentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir(i.v.142-144, 147-160); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 25.02.2021-ci il tarixli cavabından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur(i.v.145-146, 161-167); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 177); qətimkan tədbirinin seçilməsi haqqında 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yer getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.187); 05.03.2021-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, istintaq zamanı Şahid ilə Zərərçəkmiş şəxs ilə üzləşdirmə keçirilmiş, həmin üzləşmədə, sonuncular ifadələrində göstərdikləri xususatları bir daha təsdiq etmişlər (i.v. 190-193); 06.03.2021-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, istintaq zamanı Şahid ilə Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə keçirilmiş, həmin üzləşmədə, sonuncular ifadələrində göstərdikləri xususatları bir daha təsdiq etmişlər (i.v. 194-197); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 1(011)-240/2021 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 22 iyun 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 24 iyul 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlara qarşı şikayətinin və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş edir; "xxxx" ASC-nin Əhmədli filialının 20.09.2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən 1(011)-240/2021 saylı cinayət işi üzrə dəymiş ziyanın 25 %-i, yəni 978 (doqquz yüz yetmiş səkkiz) manat dövlət büdcəsinə ödənilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən xitam verilməsinə razı olduqlarını bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 3910 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 977.5 (doqquz yüz yetmiş yeddi manat əlli qəpik) manat təşkil etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən müştərək qaydada 978 (doqquz yüz yetmiş səkkiz) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxslərin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdıqlarını və dəymiş ziyanı tamamilə ödədiklərini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onlar barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və onlar dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs2 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs1 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar