Məhkəmə qərarları › İş №1(011)-240/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-240/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-240/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Qazax rayonu, Canalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi, Zakirbəyov küçəsi, ev 11-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə 11 iyun 2022-ci il tarixdə saat 20 radələrində otaq rezerv etmək bəhanəsi ilə müştəri qismində ünvan 1 ünvanında yerləşən «Qafqaz» restoranına daxil olub kənar şəxslərin olmamasından istifadə edərək restoranın həyətində masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd 300 (üç yüz) manat dəyərində «HONOR 10LİTE» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 300 (üç yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə 17 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində nasazlıq səbəbindən yolda qalmış avtomobilini təmir etdirmək bəhanəsi ilə müştəri qismində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Retro Servis» avtomobil təmiri məntəqəsinə daxil olub kənar şəxslərin olmamasından istifadə edərək həmin məntəqədə masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində «Apple iPhone X» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə 28 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində istintaqla müəyyən olunmayan ünvanda «Hyundai Solaris» minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs3 özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xildmətinin əməkdaşı kimi təqdim edib DTX əməkdaşlarını əhali arasında nüfuzdan salaraq həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla özünə məxsus bank hesabından pul vəsaiti çıxarmaq üçün yaxınlıqda müvafiq bankomat olmaması bahanəsi ilə bir qədər sonra geri qaytaracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 mobil tətbiq vasitəsilə ona məxsus 4098-5844-6522-7682 nömrəli «Leo Bank» bank kartına həmin gün saat 17:43-də 80 (səksən) manat, saat 17:56-da isə 20 (iyirmi) manat məbləğində pul vəsaiti köçürməsinə nail olub qeyd olunan vəsaitləri vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla ələ keçirmiş, habelə 19 (on doqquz) manat məbləğində yol pulunu qəsdən ödəməyib ərazidən uzaqlaşaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 119 (bir yüz on doqquz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə 01 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində müştəri qismində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Luxury Boutuqie» avtomobil təmiri məntəqəsinə daxil olub orada kimyəvi təmizləmə bölməsində işləyən Zərərçəkmiş şəxs4 Viktoriviçə guya, idarə etdiyi avtomobillə qəza törətdiyini və avtomobilinin təmirə ehtiyacı olduğunu bildirmiş və Zərərçəkmiş şəxs4 həmin vaxt məşğul olmasından, eləcə də kənar şəxslərin olmamasından istifadə edərək həmin məntəqədə masanın üzərindən sonuncuya məxsus 1 (bir) ədəd 1200 (bir min iki yüz) manat dəyərində «Apple iPhone 11 Pro» markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 1200 (bir min iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə 10 noyabr 2022-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yaxınlığında «Hyundai İ30» minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs5 özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xildmətinin əməkdaşı kimi təqdim edib DTX əməkdaşlarını əhali arasında nüfuzdan salaraq həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla bir qədər sonra geri qaytaracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 nağd şəkildə 100 (bir yüz) manat məbləğində pul almış, həmçinin Zərərçəkmiş şəxs5 həmin gün saat 21:31-də ünvan 4 ünvanında yerləşən «Rahat supermarket» mağazasında olan «MilliÖn» ödəmə terminalı vasitəsilə ona məxsus 4098- 5844 -6522-7682 nömrəli «Leo Bank» bank kartına əvvəlcə 110 (bir yüz on) manat, saat 22:06-da isə 60 (altmış) manat məbləğində pul vəsaiti köçürməsinə nail olub qeyd olunan vəsaitləri vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla ələ keçirmiş, habelə 30 (otuz) manat məbləğində yol pulunu qəsdən ödəməyib ərazidən uzaqlaşaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 300 (üç yüz) manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, o, 03 yanvar 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında «Hyundai Elantra» minik markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs6 özbaşına özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xildmətinin əməliyyatçısı «Tahir Bədəlov» kimi təqdim edib DTX əməkdaşlarını əhali arasında nüfuzdan salaraq həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla özünə məxsus bank hesabından pul vəsaiti çıxarmaq üçün yaxınlıqda müvafiq bankomat olmaması bəhanəsi ilə bir qədər sonra geri qaytaracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 ona məxsus 4098-5844-6522-7682 nömrəli «Leo Bank» bank kartına 45 (qırx beş) manat məbləğində pul vəsaiti köçürməsini istəmiş, lakin sonuncunun onun hərəkətlərindən şübhələnərək həmin vəsaiti yalnız nağd şəkildə verə biləcəyini bildirib mobil telefonla videoçəkiliş aparması səbəbindən 17 (on yeddi) manat məbləğində yol pulunu qəsdən ödəməyib ərazidən uzaqlaşaraq Zərərçəkmiş şəxs6 45 (qırx beş) manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etmiş, habelə ona 17 (on yeddi) manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə elan edilmiş ittiham üzrə tam, CM-nin 177.2.2-ci maddəsi ilə özünü qismən təqsirli bilib göstərmişdir ki, 2022-ci ilin iyun ayının 11-də Bakı şəhəri, Binəqədi rayonu, “Qafqaz-Gədəbəy” restoranında geyimindən və davranışından müdiriyyətə aidiyyəti olan kişi cinsli şəxsin ona olan ilkin etimadından istifadə edərək həmin şəxsə məxsus «HONOR 10LİTE» markalı mobil telefonu ona hiss elətdirmədən oğurlamış və dərhal oradan uzaqlaşmışdır. Həmin restorandan çıxandan sonra birbaşa “Neftçilər” metrostansiyasına gedərək əvvəllər tanımadığı telefon mağazasına girib oğurladığı «HONOR 10LİTE» markalı mobil telefonu 115 manata satmışdır. Təxminən 2022-ci ilin oktyabr ayında axşam radələrində Nərimanov rayonu ərazisində yerləşən “Araz” marketin qarşısında olarkən “Bolt” mobil tətbiqi vasitəsilə biznes sinfinə məxsus taksi çağırmışdır. Həmin taksiyə əyləşən zaman əvvəllər tanımadığı sürücüyə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polisə nəzarət idarəsinin kapitan rütbəli əməkdaşı kimi təqdim etmiş və avtomobili Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına tərəf sürməyini bildirmişdir. Taksi çağırmamışdan əvvəl səliqəli geyinərək qalstukdan istifadə etdiyi üçün görünüşü taksi sürücüsündə inam yaratmışdır. DTX-nin inzibati binasının arxa tərəfinə yaxınlaşan zaman taksi sürücüsünə maşını saxlamasını söyləyib 10-15 dəqiqə ərzində qayıdacağını bildirmişdir. Taksidən uzaqlaşandan sonra taksi sürücüsünə zəng etmiş, taksi sürücüsünə öz adına olan “Leobank” kartını göndərərək 100 manat pulu ona göndərməsini söyləyib 5-10 dəqiqə ərzində yaxınlaşdıqdan sonra həmin pulu qaytaracağını vəd etmişdir. Adına olan bank kartına pul gəldikdən sonra taksi sürücüsünün mobil nömrəsini bloklayıb oradan dərhal uzaqlaşmışdır. Bundan başqa 10 noyabr 2022-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yaxınlığında «Hyundai İ30» minik markalı taksi avtomobilinin sürücüsünə özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib bir qədər sonra geri qaytaracağını deyib ondan nağd şəkildə 100 manat məbləğində pul almış, yol pulunu ödəməyib ərazidən uzaqlaşmışdır. Həmçinin həmin gün saat 21:31-də «MilliÖn» ödəmə terminalı vasitəsilə ona məxsus «Leo Bank» bank kartına əvvəlcə 110 manat, saat 22:06-da isə 60 (altmış) manat məbləğində pul vəsaiti köçürməsinə nail olmuşdur. Bundan başqa, 03 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında «Hyundai Elantra» minik markalı taksi avtomobilinin sürücüsünə özünü vəzifəli şəxs kimi, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xildmətinin əməliyyatçısı «Tahir Bədəlov» kimi təqdim edib özünə məxsus bank hesabından pul vəsaiti çıxarmaq üçün yaxınlıqda müvafiq bankomat olmamasını, bir qədər sonra geri qaytaracağını deyib «Leo Bank» bank kartına 45 (qırx beş) manat məbləğində pul vəsaiti köçürməsini istəmiş, lakin sonuncu həmin vəsaiti yalnız nağd şəkildə verə biləcəyini bildirib mobil telefonla videoçəkiliş aparması səbəbindən 17 (on yeddi) manat məbləğində yol pulunu ödəməyib ərazidən uzaqlaşmışdır. Özünə məxsus olan həmin “Leobank” kartını 6 ay əvvəl itirmişdir. Bu səbəbdən pul gələn zaman müxtəlif tanışlarından xahiş edərək onların kartına həmin pulu göndərmiş, sonra isə həmin tanışları vasitəsilə pulu nağdlaşdırmışdır. Lakin onların həmin pulu necə əldə etməsi barədə məlumatı olmamış, onlara bu barədə heç nə deməmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Retro Servis» avtomobil təmiri məntəqəsindən «Apple iPhone X» markalı mobil telefonu O, oğurlamamışdır. Oradan sadəcə telefon sim kartını tapmışdır. Həmçinin «Luxury Boutuqie» avtomobil təmiri məntəqəsində «Apple iPhone 11 Pro» markalı mobil telefonuda O, oğurlamamışdır.Oradanda sadıcı telefon sim kartını tapmışdır. Son sözündə yalnız törətdiyi əməllərə görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, videogötüntülər və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, M.Davudoğlu 1Q ünvanında yerləşən “Qafqaz” restoranını icarəyə götürərək işlədir. 11 iyun 2022-ci ildə saat 20:25-də bir nəfər şəxs müştəri qismində restorana daxil olub kabinet rezerv etmək istədiyini bildirmişdir. Ofisiant həmin şəxsə restoranın kabinetlərini göstərmişdir. Həmin şəxs beş saylı kabinetin qonaqlar üçün hazırlanmasını istəmişdir. Bundan sonra o, həmin şəxsdən həyətdə masanın yanında əyləşməsini xahiş etmiş və bir anlıq işi ilə əlaqədar həmin yerdən aralanmışdır. Geri qayıtdıqda həmin şəxsin həyətdə tək olmağından istifadə edərək masanın üzərində olan ona məxsus 300 (üç yüz) manat dəyərində «HONOR 10LİTE» markalı mobil telefonu götürüb getdiyini aşkar etmişdir. Telefonun həmin şəxs tərəfindən götürülməsini təhlükəsizlik kameralarına baxdıqdan sonra müəyyən etmişdir. Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin «102» xidmətinə telefonla məlumat vermiş və Binəqədi RPİ-nin 4-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək ondan izahat almışlar. Araşdırma zamanı ona məxsus mobil telefonu oğurlayan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Retro Servis»də avtomobil təmiri üzrə elektrik işləyir. 17 sentyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində işdə olan zaman təxminən 35-40 yaşlarında bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb salamlaşaraq 2016-cı il buraxılışlı «Mersedenz-Benz C-Class» markalı avtomobilinin yolda qaldığını bildirib onun avtomobilini təmir etməsini xahiş etmişdir. Həmin şəxsə 10 dəqiqəlik işinin olduğunu bildirib işini bitirdikdən sonra onun avtomobilinə gedib baxa biləcəyini söyləmişdir. Digər avtomobili təmir edən zaman həmin şəxs onunla söhbət etməyə başlayıb yaxın ləhcədə danışmasını bildirərək hansı rayondan olduğunu soruşmuşdur. Cavabında Qazaxdan olduğunu söyləmiş, həmin şəxs də Qazaxdan olduğunu bildirərək həmyerli olduqlarını demişdir. Digər avtomobili təmir edən zaman ona məxsus «Apple İphone X» markalı 800 manata aldığı mobil telefonuna zəng gəlmiş, danışdıqdan sonra telefonu işlədiyi otaqda yerləşən kompyuter masasının üstünə qoymuşdur. Bu zaman telefonu masanın üstünə qoymasını həmin şəxs görmüşdür. Təxminən bir neçə dəqiqə sonra həmin şəxs yaxınlıqda olan mağazadan içmək üçün su almağa getmək istədiyini bildirərək ondan nəyəsə ehtiyacı olub-olmadığını soruşub getmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxsin gəlmədiyini görmüş və ev ilə əlaqə saxlamaq üçün mobil telefonunu götürmək istəyərkən telefonun masanın üzərində olmadığını görüb həmin şəxsdən şübhələnmişdir. Dərhal servisdə olan videoqeydiyyat otağına keçmiş və videogörüntülərə baxan zaman həmin şəxsin onun üzərində «Azercell» mobil operatoruna aid ***-***-**-** nömrəsi olan mobil telefonunu götürərək şalvarının sağ kəmər hissəsinə qoyub otaqdan çıxdığını görmüşdür. Araşdırma zamanı ona məxsus mobil telefonu oğurlayan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. 18 sentyabr 2022-ci il tarixdə dostu İsmayıl Gürzalıyev ona zəng edərək onun bank kartına 300 (üç yüz) manat məbləğində pulun köçüb-köçməməsi ilə maraqlanmışdır. X1 həmin vəsaiti nə üçün və kimin xahişi ilə göndərdiyini soruşduqda İsmayıl Gürzalıyev «Azercell» mobil operatoruna aid özünə məxsus ***-***-**-** nömrəsindən «WhatsApp» vasitəsilə ona mesaj göndərərək çətinlikdə olduğunu bildirib bank kartına 300 (üç yüz) manat köçürməsini istədiyi üçün bu addımı atdığını bildirmişdir. Ona məxsus telefonu oğurlayan həmin şəxsin telefondan və onun adından istifadə edərək İsmayıl Gürzalıyevi aldatdığını başa düşüb məsələni ona izah etmişdir. Həmin gün həmçinin Ülvi adlı dostu ona zəng edərək 100 (bir yüz) manat məbləğində, təxminən 10 gün sonra Elxan adlı digər dostu isə onunla əlaqə saxlayaraq 400 (dörd yüz) manat məbləğində pulun onun hesabına köçüb-köçməməsi barədə maraqlanmış, həmin şəxslərə də vəziyyəti izah edib telefonunu oğurlayan şəxsin onun adından istifadə edərək onları aldatdığını bildirmiş və bu kimi hallara yol verməmək üçün məcburiyyət qarşısında qalıb «Azercell»ə müraciət edərək özünə məxsus ***-***-**-** nömrəsini bağlatdırmışdır. Dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə də cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayının 28-də saat 17 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində olarkən “Bolt” tətbiqetməsindən sifariş qəbul edib həmin ərazidə yerləşən “saatlı bina” deyilən ünvanın arxasındakı küçədə sifariş verən müştərini idarə etdiyi «Hyundai Solaris» minik markalı ** ET *** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə götürmüşdür. Müştərinin sifarişinə əsasən Nizami rayonu ərazisindəki B.Çobanzadə küçəsi istiqamətində hərəkətdə olarkən ümumi söhbət əsnasında həmin şəxs DTX əməkdaşı olduğunu bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Nizami rayonu, B.Çobanzadə küçəsindəki ünvana çatmışlar. Müştəri maşından düşəndən sonra ondan gözləməsini istəyib harasa getmişdir. 15-20 dəqiqə gözlədikdən sonra həmin şəxs zəng edib yaxınlıqda bankomat olub-olmadığını soruşmuşdur. Bu barədə məlumatının olmadığını bildirdikdə həmin şəxs bir qədər sonra geri qaytaracağını vəd edib «WhatsApp» vasitəsilə «Leo Bank» bank kartının şəklini ona göndərərək həmin bank kartına 100 (bir yüz) manat köçürməsini xahiş etmişdir. Həmin şəxsin DTX əməkdaşı olduğunu və onu aldatmayacağını düşünüb razılaşaraq onun istədiyi 100 (bir yüz) manat məbləği həmin bank kartına köçürmək qərarına gəlmişdir. Bu məqsədlə mobil tətbiqdən istifadə etməklə özünə məxsus «BirKart» bank kartının balansından həmin bank kartına saat 17:43-də 80 (səksən) manat, saat 17:56-da isə 20 (iyirmi) manat olmaqla cəmi 100 (bir yüz) manat pul köçürmüşdür. Bir qədər gözlədikdən sonra həmin şəxsin qayıtmadığını görüb telefonuna zəng etmiş, lakin həmin şəxs telefona cavab verməmişdir. Bu səbəbdən köçürdüyü 100 (bir yüz) manat pulu və 19 (on doqquz) manat məbləğində yol pulunu almaq üçün həmin şəxsə mesaj göndərmiş və həmin şəxsin cavab vermədiyini görüb onu aldatdığını başa düşərək ərazidən uzaqlaşmışdır. Bu hadisədən 2 (iki) gün sonra DTX-nin qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verməklə həmin şəxsin bank kartı məlumatlarını və telefon nömrəsini təqdim etmişdir. Təxminən 2 (iki) gün sonra DTX-dan ona zəng edərək belə bir əməkdaşın olmadığını bildirmişlər. Özünü DTX əməkdaşı kimi təqdim edərək aldatma yolu ilə ondan pul alan şəxs “Maşın Bazarı TV” “Facebook” kanalında paylaşılan videodakı şəxs, yəni Təqsirləndirilən şəxsdur. Dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə də onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Luxury Boutuqie” avtotəmir sexində bir ay müddətində kimyəvi təmizləmə işləri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində həmin sexdə kimyəvi təmizləmə işləri ilə məşğul olarkən bir nəfər tanımadığı şəxs sexə daxil olaraq ona yaxınlaşmış və özünü DTX əməkdaşı “Tahir” kimi təqdim edib şəxsi avtomobili ilə qəza törətdiyini, avtomobilinin təmirə ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt özünə məxsus olan 1200 (bir min iki yüz) manat dəyərində “İphone 11 Pro” markalı mobil telefon sexdə stolun üzərində olmuşdur. Bir müddət söhbət etdikdən sonra həmin şəxs telefonla danışacağını bildirərək sexi tərk etmişdir. Həmin şəxs sexi tərk etdikdən sonra özünə məxsus olan telefonu axtardıqda telefonun stolun üzərində olmadığını görmüş və telefonu tapa bilməmişdir. Bu barədə sexdə olan iş yoldaşlarını məlumatlandırdıqda iş yoldaşları ona məxsus telefonu görmədiklərini bildirmişlər. Bundan sonra həmin gün sexə daxil olaraq özünü DTX əməkdaşı kimi təqdim edən şəxsin ona məxsus “İphone 11 Pro” markalı mobil telefonu oğurladığını yəqin etmişdir. Araşdırma zamanı ona məxsus mobil telefonu oğurlayan həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə də onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, «Hyundai İ30» minik markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci ildə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən “Qardaşlar” marketinin qarşısında dayanıb müştəri gözləyən zaman “Maxim” tətbiqetməsindən sifariş qəbul etmiş və bir neçə dəqiqə sonra sifarişi verən müştəri yaxınlaşıb onun avtomobilinə əyləşmişdir. Həmin şəxs Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində yerləşən DTX-nın inzibati binasına getməli olduğunu söyləyib, orada bir neçə dəqiqə ərzində işlərini həll etdikdən sonra onu həmin ünvana geri qaytarıb gətirməsini xahiş etmişdir. Yolda olarkən ümumi söhbət zamanı həmin şəxs özünü DTX əməkdaşı «Tahir» kimi təqdim etmişdir. Saat 20:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına çatdıqdan sonra həmin şəxs öz bank hesabına təcili 100 (bir yüz) manat köçürməli olduğunu bildirib bir qədər sonra qaytaracağını vəd edərək ondan 100 (bir yüz) manat borc pul istəmişdir. Etiraz etməyib ona 100 (bir yüz) manat pul vermiş, həmin şəxs maşından düşərək binaya doğru getmiş, bir neçə dəqiqə sonra isə geri qayıdıb avtomobilə əyləşərək onu Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən “Qardaşlar” marketinin qarşısına aparıb düşürməyi xahiş etmişdir. Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən həmin şəxs yaxınlıqda olan hansısa telefon mağazasına gedəcəyini bildirib avtomobili saxlamasını xahiş etmişdir. Etiraz etməyib avtomobili Xətai rayonu, M.Hadi küçəsi, 82 ünvanında yerləşən «Rahat supermarket» mağazasının qarşısında saxlamışdır. Həmin şəxs ondan gözləməsini xahiş edib avtomobildən düşmüşdür. Bir neçə dəqiqə sonra həmin şəxs ona zəng edərək işi ilə əlaqədar təcili mobil telefon almalı olduğunu, lakin yaxınlıqda hesabından pul çıxarmaq üçün müvafiq bankomat olmadığını bildirib bir qədər sonra geri qaytaracağını vəd edərək ondan bir daha 110 (bir yüz on) manat borc pul istəmiş və bu məqsədlə «Leo Bank» bank kartının fotoşəkilini «WhatsApp» vasitəsilə ona göndərmişdir. Həmin şəxsə inandığı üçün etiraz etməmiş və avtomobili tərk edib saat 21:31-də Xətai rayonu, M.Hadi küçəsi, 82 ünvanında yerləşən «Rahat supermarket» mağazasında olan «MilliÖn» ödəmə terminalı vasitəsilə onun hesabına 110 (bir yüz on) manat pul köçürtmüşdür. Təxminən 30-35 dəqiqə sonra həmin şəxs növbəti dəfə zəng edərək 60 (altmış) manat borc istəmişdir. Yenə də etiraz etməyib qeyd olunan «Rahat supermarket» mağazasındakı «MilliÖn» ödəmə terminalı vasitəsilə saat 22:06-da onun heasabına 60 (altmış) manat pul köçürtmüşdür. Beləcə, həmin şəxsə ümumilikdə 270 (iki yüz yetmiş) manat pul vermişdir. Bundan sonra həmin şəxsi təxminən 25-30 dəqiqə gözləyib ona dəfələrlə zəng etmiş, lakin həmin şəxs geri qayıtmamış və telefon zənglərinə cavab verməmişdir. Təxminən bir saat keçdikdən sonra həmin şəxs ona zəng vurub 30 (otuz) manat yol pulu ilə birlikdə onun kartına ümumilikdə 300 (üç yüz) manat köçürəcəyini bildirmiş və onu inandırmaq üçün öz bank hesabının şəkilini «WhatsApp» vasitəsilə ona göndərmişdir. Bu vaxt həmin şəkildə onun hesabında cəmi 65 (altmış) manat pul olduğunu görmüşdür. Bir neçə dəqiqə gözləməsinə baxmayaraq, onun hesabına hər hansı məbləğdə pul daxil olmadığı üçün həmin şəxsə zəng etmiş, lakin telefon zənglərinə cavab verilməmişdir. Bundan sonra aldadıldığını başa düşmüşdür. Həmin şəxs M.Hadi küçəsində avtomobili tərk edən zaman həmin gün saat 20:50 radələrində Parlament prospektində öz bank hesabına köçürtdüyü 100 (bir yüz) manat məbləğində pulun köçürmə qəbzini avtomobildə düşürüb unutmuşdur. O, sonradan həmin qəbzi tapıb saxlamışdır. Həmin köçürmə qəbzini, habelə həmin şəxsin bank hesabına köçürtdüyü 110 (bir yüz on) və 60 (altmış) manat məbləğində pul vəsaitlərinin köçürmə qəbzlərini sonradan diqqətlə oxuduqda qeyd olunan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Buna görə də onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 03 yanvar 2023-cü il tarixdə saat 15:58-də idarə etdiyi «Hyundai Elantra» minik markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə maşğul olan zaman Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Yeganə» şadlıq sarayının qarşısından Xətai rayonu, Gəncə prospekti, 2942A ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığındakı «Rahat Market» mağazasına, oradan isə DTX-nin mərkəzi aparatına sifariş qəbul etmişdir. «Yeganə» şadlıq sarayının qarşısında bir neçə dəqiqə gözlədikdən sonra orta yaşlı, təxminən 35-40 yaşlarında olan bir kişi yaxınlaşıb idarə etdiyi «Hyundai Elantra» minik markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Həmin şəxs avtomobilinə əyləşərkən özünü DTX-nin əməkdaşı və əməliyyatçısı Tahir Bədəlov kimi təqdim etmiş, yol boyu uzun müddətdən bəri DTX-də xidmət etməsi haqda söhbət etmişdir. Söhbət əsnasında həmin şəxs oğluna mobil telefon almaq istədiyini bildirib ətrafda «Paşa Banka» məxsus terminalın olub-olmaması barədə maraqlanmışdır. Həmin şəxsə müvafiq bankomatın 5 (beş) kilometr aralıda olduğunu bildirdikdə o, həmin yerin uzaq olduğunu demişdir. Həmin şəxsi saat 16 radələrində sifariş verdiyi birinci ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942A ünvanında yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığındakı «Rahat Market» mağazasına çatdırdıqda o, bir neçə dəqiqədən sonra geri qayıdıb DTX-nin inzibati binasına gedəcəklərini bildirərək avtomobili tərk etmişdir. Bu məqsədlə həmin şəxsi digər ünvana aparmaq üçün gözləyərkən həmin şəxs ona zəng gedib 45 (qırx beş) manat məbləğində vəsaiti borc olaraq onun «Leo Bank» bank kartına köçürməsini xahiş etmiş və müvafiq bankomatı tapan kimi həmin 45 (qırx beş) manat məbləği 17 (on yeddi) manat 30 (otuz) qəpik yol pulu ilə birlikdə geri qaytaracağını vəd etmişdir. Şübhələndiyi üçün həmin vəsaiti nağd şəkildə verə biləcəyini söyləyib pulu şəxsən gəlib götürməsini bildirmiş və həmin şəxs razılaşmışdır. Bundan sonra özünə məxsus mobil telefonu videoçəkiliş aparmaq üçün əlində hazır vəziyyətdə saxlamış və həmin şəxs avtomobilin qapısını açıb əlini uzadaraq pulu götürmək istədikdə onu çəkməyə başlayıb pulun olmadığını bildirmişdir. Həmin şəxs əsəbiləşərək öz kartını «WhatsApp»la ona atmasını bildirib gediş haqqını karta köçürəcəyini vəd etmiş və gediş haqqını ödəmədən çıxıb getmişdir. Həmin gün «WhatsApp» vasitəsilə qeyd olunan şəxsə öz kartının şəkilini atıb ondan gediş haqqını istəmiş, lakin həmin şəxs gediş haqqını verməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə barədə «WhatsApp»-da Şahid2 idarə etdiyi «X3 1» qrupuna mesaj ünvanlayaraq hadisənin təfərrüatını və videosunu göndərmişdir ki, digər taksi sürücüləri və vətəndaşlar həmin şəxs barədə qabaqcadan məlumatlı olub zərər görməsinlər. Araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən telefon mağazasında satıcı işləyir. 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs adlı şəxs mağazaya yaxınlaşaraq “Xiaomi note 11” markalı telefon satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs telefonu ancaq şəxsiyyətini təsdiq edən vəsiqənin surəti olduqda ala biləcəyini demiş və buna cavab olaraq Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin telefonu ondan 180 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq olaraq ayrı-ayrı vaxtlarda ona “Samsung S10” markalı, “Samsung A13” markalı telefon satmışdır. Həmin telefonların oğurluq olmasından xəbəri olmamışdır. Həmin telefonlar sonradan əsl sahiblərinə qaytarılmışdır. Belə ki, telefon sahibləri Təqsirləndirilən şəxs telefonları ona satdığını öyrənərək işlədiyi mağazaya yaxınlaşmışlar. O da həmin telefonları əsl sahiblərinə qaytarmışdır. Təqsirləndirilən şəxs «İphone» markalı mobil telefon almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan 05 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung J3» markalı mobil telefona baxış zamanı aşkar edilən «Leobank» mobil tətbiqində «AZ13UBAZ**********1010AZN001» saylı bank hesabına bağlı olan «4098 5844 6522 7682» bank kartının qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Protokola əlavə edilmiş son 6 (altı) aylıq dövrü əhatə edən mədaxil-məxaric əməliyyatlarından görünür ki, «Birbank» mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank hesabına 28 oktyabr 2022-ci il tarixdə saat 17:43-də 80 (səksən) manat, həmin gün saat 17:56-da isə 20 (iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüşdür. 10 noyabr 2022-ci il tarixdə saat 20:57-də «eManat» ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat, həmin gün saat 21:31də «MilliÖn» ödəmə terminalı vasitəsilə 110 (bir yüz on) manat, həmin gün saat 22:07-də isə «MilliÖn» ödəmə terminalı vasitəsilə 60 (altmış) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi “65227682” olan bank kartı hesabına 10 noyabr 2022-ci il tarixdə saat 20:56-da «eManat» ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat, həmin gün saat 21:31-də «MilliÖn» ödəmə terminalı vasitəsilə 110 (bir yüz on) manat, həmin gün saat 22:07-də isə «MilliÖn» ödəmə terminalı vasitəsilə 60 (altmış) manat məbləğində pul vəsaiti köçürmüşdür. xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, DTX İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi Əsgər Hacıyev tərəfindən 06 yanvar 2023-cü il tarixdə «Facebook» sosial şəbəkəsinin «Maşın Bazarı TV» («https://www.facebook.com/masinbazaritv) səhifəsində «DTX adından Sürücülərdən PUL TƏLƏB EDƏN ŞƏXS Dövlət Təhlükəsizlik Xidməti «DTX» əməkdaşı kimi özünü təqdim edib, sürücülərdən pul alan bu şəxs kimdir.....» başlıqlı paylaşılmış video-çarxa baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan müxtəlif şəxslərə özünü DTX əməkdaşı kimi təqdim edərək onlardan pul tələb etməklə məşğul olmuşdur. Baxış zamanı həmçinin müəyyən olunmuşdur ki, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs6 tərəfindən çəkilmiş videogörüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 45 (qırx beş) manat məbləğində pul istəyərək həmin məbləği az sonra bankomatdan çıxarıb geri qaytaracağını vəd etmiş, lakin Zərərçəkmiş şəxs6 onda həmin məbləğin olmadığını bildirmişdir. İş materiallarında olan 04 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus «Samsung J3» markalı mobil telefona baxış zamanı telefonda aşkar edilmiş «WhatsApp» mobil tətbiqində Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçməsi və profil fotoşəkili qismində üzərində DTX (Dövlət Təhlükəsizliyi Xidməti) yazısı olan səhra geyim formasında hərbi qulluqçu fotoşəkilindən istifadə olunması müəyyən edilmişdir. Bundan başqa, telefona baxış zamanı aşkar olunmuş «Bolt» tətbiqində Təqsirləndirilən şəxs «Tahir» adı ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli videgörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi CD formatlı diskə baxış zamanı Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən zərərçəkmiş şəxsin işlədiyi «Retro Servis» avtomobil təmiri məntəqəsinə daxil olması və bir neçə dəqiqə sonra həmin məntəqəni tərk etməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus mobil telefonun oğurlanması epizodu üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs həmin epizodla bağlı “Qafqaz” restoranının həyətini göstərib cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq əyani olaraq göstərmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 məxsus mobil telefonun oğurlanması epiozdu üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs göstərməsinə əsasən “Luxury Boutuqie” avtomobil təmiri məntəqəsinə gedilmiş, əvvəllər tanımadığı və adını bilmədiyi usta ilə bir neçə dəqiqə danışdıqdan sonra həmin şəxsin başı işə qarışıq olduğundan və başqa heç kimin olmamasından istifadə edib masanın üzərindən “İphone 11 pro” markalı mobil telefonu oğurlamış və dərhal oradan uzaqlaşmışdır. Bundan sonra Nərimanov rayonu ərazisində yerləşən telefon mağazasına oğurladığı “İphone 11 pro” markalı mobil telefonu 100 manata satdığını biıdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət məcəlləsinin 177.1, 234.1-ci maddələri ilə təqsirləndirilərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung J3” markalı mobil telefon maddi sübut kimi tanınmış və Xətai Rayon Prokurorluğunun arxivinə təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 Vahid oğlunun ərizələrindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışlar, dəymiş ziyan ödənilməmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. İş materiallarında olan AZ-İV 183636 və AZ–İİİ 954579 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Dürdanə Qurbanova və xx.xx.2017-ci il təvəllüdlü Yaqub Qurbanov adlı 2 azyaşlı uşağı var. Qazax RİHB-nın Hüseynbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi, yəni 17 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Retro Servis» avtomobil təmiri məntəqəsindən Zərərçəkmiş şəxs2 məxsus «Apple iPhone X» markalı mobil telefonu və 01 noyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Luxury Boutuqie» avtomobil təmiri məntəqəsindən Zərərçəkmiş şəxs4 Viktoriviçə məxsus «Apple iPhone 11 Pro» markalı mobil telefonu oğurlamaması özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxin özünü müdafiə məqsədilə gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlarla təkzib edilmişdir. Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Retro Servis» avtomobil təmiri məntəqəsindən Zərərçəkmiş şəxs2 məxsus «Apple iPhone X» markalı mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması videogörüntü, həmçinin zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilmişdir. 09 fevral 2023-cü il tarixli videgörüntüyə baxış keçirilməsi haqqında protokol və videogörüntüdən açıq-aşkar Təqsirləndirilən şəxs «Retro Servis» avtomobil təmiri məntəqəsinə daxil olması və bir neçə dəqiqə sonra həmin məntəqəni tərk etməsi görünür. Zərərçəkmiş şəxs2 məxsus mobil telefonun da məhz həmin vaxt oğurlanması sonuncunun ifadəsi ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs sadəcə nömrəni yerdən tapdığını bildirməsi inandırıcı və həqiqətə uyğun deyil. Belə ki, həmin nömrə Zərərçəkmiş şəxs2 istifadəsində olan «Apple iPhone X» markalı mobil telefonda olmuşdur. Həmin nömrədən zərərçəkmişin tanışlarına yazaraq onun adından borc pul istəmişdir. Digər epizod üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Luxury Boutuqie» avtomobil təmiri məntəqəsindən Zərərçəkmiş şəxs4 Viktoriviçə məxsus «Apple iPhone 11 Pro» markalı mobil telefonu oğurlamaması bildirməsi zərərçəkmiş şəxsin ifadəsi, xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol ilə tam təkzib edilmişdir. Həmin protokola əsasən müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs özü oğurluq etdiyi “Luxury Boutuqie” avtomobil təmiri məntəqəsini göstərmiş, onun göstərməsinə əsasən oraya gedilmişdir. Məhkəmə iclasında niyə məhz avtomobil təmiri məntəqəsini göstərməsi sualına cavab olaraq oradan oğurluq etmədiyi üçün göstərdiyini bildirmişdir. Halbuki şəxsin müəyyən yerdən oğurluq etmədiyi halda həmin yeri göstərməsi məntiqi və həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs “Luxury Boutuqie” avtomobil təmiri məntəqəsinə daxil olub-çıxması və bundan sonra «Apple iPhone 11 Pro» markalı mobil telefonunun oğurlanması zərərçəkmiş şəxsin ifadəsi ilə bir daha sübuta yetirilmişdir. Telefonda olan mobil nömrədən zərərçəkmişin tanışlarına yazaraq onun adından borc pul istəmişdir. Azərbaycan Respublikası CPM-nin 81.2-ci maddəsinə əsasən məhkəmə iclasında sədrlik edən baxılan cinayət işinə və materiala aidiyyəti olmayanları məhkəmə baxışından kənarlaşdırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs mağazaya yaxınlaşaraq “Xiaomi note 11” markalı “Samsung S10” markalı, “Samsung A13” markalı telefon satdığını bildirmişdir. Göründüyü kimi onun ifadəsi hazırki iş üzrə müəyyən edilmiş heç bir halı təsdiq etmir. Buna görə də Şahid1 ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, istintaq tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün qismən etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, 05 yanvar 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokol, 09 fevral 2023-cü il tarixli videgörüntüyə baxış keçirilməsi haqqında protokol, xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 310-cu maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf etməsini və zərərçəkmiş şəxslərin ikisi ilə barışmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 310-cu maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Buna görə cəzaçəkmə müddətinin əvvəli tutulduğu 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut olan saxlanması üçün Xətai Rayon Prokurorluğuna təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “samsung J3” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 310cu maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan saxlanması üçün Xətai Rayon Prokurorluğuna təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “samsung J3” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar