Məhkəmə qərarları › İş №1(011)-241/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-241/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-241/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək üzərində 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021ci il tarixli amnistiya qərarına əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 17 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını talamaq qərarına gəlib bu məqsədlə 29 dekabr 2022-ci il tarixdə saat 19:35 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə Bakı kinoteatrı istiqamətində piyada hərəkət edən vətəndaş Zərərçəkmiş şəxs təqib edib Xətai rayonu, Sarayevo 9 ünvanında fəaliyyət göstərən “Əhmədli MALL”-un qarşısında saat 19:35 dəqiqədə Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb onun sağ əlində saxladığı kağız paketdən qiyməti 5 manat olan koburaya qoyulmuş və qiyməti 5 manat olan ***-***-**-** nar kart nömrəsi daxil edilmiş qiyməti 400 AZN olan 1 ədəd qara rəngli “Redmi 8A” markalı (Midnight Black 2GB Ram 32 GB ROM) **********52191 İMEİ kodlu mobil telefonu və koburanın içərisinə qoyulmuş, hesabında 500.65 manat olan "xxxx" ASC-yə aid olan 510307******6678 nömrəli bank kartını çıxararaq gizli olaraq taladıqdan sonra həmin gün saat 21 radələrində sözügedən bank kartı ilə ünvan 3 ünvanda fəaliyyət göstərən “R 8 S” kişi geyimləri mağazasında qiyməti 65 manat olan bir cüt kişi ayaqqabısını və qiyməti 25 manat 1 ədəd qolsuz kişi gödəkçəsini alaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 38 ilə yaxın həbs yerlərində olmuşdur. O müxtəlif vaxtlarda Azərbaycan Respublikasının CM-nin 234.1, 180.1 və 177.2.5-ci maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin iyun ayında azadlığa buraxılmış, lakin yenidən CM-nin 177.2.5-ci maddəsi ilə cinayət törətdiyi üçün barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Hadisə iulə bağlı o qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən “Şanlı Urfa” restoranında işləyən qohumunun yanına gedərkən ünvan 4 ünvanda yerləşən “Əhmədli Mall”-un yanında dayanmışdır. Həmin vaxtı bir nəfər 20 yaşında xanımın əlində adi çanta və kağızdan olan paket çantanın olduğunu və çantanın içində isə mobil telefonun olduğunu görmüşdür. Həmin xanımın telefonu diqqətini cəlb etmişdir. O xanımın arxasınca adi yerişlə yeriyərək addımlamağa başlamışdır. Həmin xanım Rəna Hacyeva olmuşdur. Fürsət axtarmışdır ki, Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşsın. Zərərçəkmiş şəxs pilləkənlərlə qalxdıqdan sonra addımlamağa başladıqda onun xəbəri olmadan sakit tərzdə Zərərçəkmiş şəxs sağ tərəfdən yaxınlaşaraq əli ilə onun mobil telefonunu götürüb özünü şübhələndirməmək üçün ilkin olaraq yavaş addımlamış daha sonra səkinin üzərindən avtomobil yoluna tərəf tullanıb qaçaraq getmişdir. O, telefonu götürən zaman Zərərçəkmiş şəxs onu görməmiş və çağırmamışdır. Daha sonra o Neftçilər metrostansiyasına doğru sərnişin avtobusu ilə getmişdir. Yolda gedərkən Zərərçəkmiş şəxs telefonuna baxdıqda telefonun qara rəngli “Redmi 8A” markalı telefon olduğunu görmüşdür. Telefonu söndürdükdən sonra üzərində ola bənövşəyi rəngli kaburanı çıxardaraq telefonun arxasında “Kapital banka” aid olan plastik kartın olduğunu aşkar etmişdir. Mobil nömrəni telefondan çıxardıb atdıqdan sonra telefonu cibinə qoymuşdur. Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında sərnişin avtobusundan enib həmin ərazidə fəaliyyət göstərən kişi geyimləri mağazasından qiyməti 65 manat olan bir cüt kişi ayaqqabısı və qiyməti 25 manat 1 ədəd qolsuz kişi gödəkçəsini həmin plastik kartdan istifadə etməklə almışdır. Mağazadan çıxdıqdan sonra “Kapital banka” aid olan kodunu bilmədiyi kartdan yalnız 1 dəfə 100 manatadək istifadə etmək olduğunu bildiyi üçün Neftçilər metrosunun yaxınlığında küçəyə tullayıb evinə getmişdir. O, əvvəlcədən kartda nə qədər pul olmasından və alış veriş etdikdən sonra kartda nə qədər pul qalmasından məlumatsız olmuşdur. xx.xx.2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Xəzər rayonu, Koroğlu metrostansiyasının yaxınlığında tanımadığı şəxsə mobil telefonu 40 manata satmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində işdən çıxaraq Nərimanov metrostansiyasına daxil olub yol boyu telefonuna baxa-baxa Əhmədli metrostansiyasından çıxmışdır. Metrodan çıxarkən telefonunu çantasına qoymuşdur. O “Əhmədli Mall”-un qarşısı ilə hərəkət edərək yaşadığı ünvana tərəf getmişdir. Həmin vaxt sağ əlində özünə məxsus olan 1 ədəd parçadan ibarət çanta və həmin əlində kağızdan olan paket çanta olmuşdur. Həmin kağız materialından olan çantasına işə aid olan əşyalarını qoymuş, həmin əşyalarında üzərinə özünə məxsus olan 3 il bundan əvvəl 600 manata aldığı lakin hazırda bazar qiyməti 400 manat olan 1 ədəd qara rəngli, “Redmi 8” markalı mobil telefonunu qoymuşdur. Həmin telefonun üzərində bənövşəyi rəngli üzlük olmuşdur. Həmin üzlük ilə telefonun arasına 1 ədəd “Kapital banka” aid 5103 0714 5165 6678 seriyalı aylıq məvacib kartı olmuşdur. Həmin kartın içərisində pul olmuşdur. Yolda hərəkət edərkən arxadan tanımadığı şəxsin çantasına təsadüfən toxunduğunu zənn etdiyi üçün əl çantasına baxdıqda güman etmişdir ki, mobil telefonu çantasının alt hissəsinə düşüb, bu səbəbdəndə ona əhəmiyyət verməyib yoluna davam etmişdir. O, həmin şəxsin əşyalarına təsadüfən toxunduğunu zənn etdiyi üçün ona əhəmiyyət verməyib yoluna davam etmişdir. Təxminən 100-150 metr getdikdən sonra anasına zəng etmək məqsədi ilə telefonuna əl atdıqda mobil telefonunun çantasında olmadığını aşkar etmişdir. Bundan sonra o, başa düşmüşdür ki, telefonu oğurlanmışdır. Telefonunun oğurlandığına əmin olduqdan sonra yaxınlıqda olan polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra o, banka yaxınlaşaraq həmin bank hesabını dayandırmışdır. Lakin bankdan çıxarış verərkən məlum olmuşdur ki, naməlum şəxs kartından 90 manat pul istifadə edərək alış-veriş etmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, təxminən 3 ilə yaxındır ki, ünvan 3 ünvanda Neftçilər metrostansiyasının yaxınlığında “R 8 S” kişi geyimləri mağazasında satıcı işləyir. 13 yanvar 2023-cü il tarixdə Xətai RPİ-nin polis əməkdaşları tərəfindən 1 nəfər təxminən 60 yaşında olan, sonradan adını bildiyi Taləddin adlı şəxsi mağazaya ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı gətirərkən o, həmin şəxsi görən kimi tanımışdır. Həmin Taləddin adlı şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində mağazaya daxil olaraq qiyməti 65 manat olan bir cüt kişi ayaqqabısı və qiyməti 25 manat 1 ədəd qolsuz kişi gödəkçəni “Kapital banka” aid plastik kartdan istifadə etməklə almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Əhmədli Mall” mağazasının qarşısına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-10); diskə baxış keçirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd “CD-R” formatlı diskdə olan “Whatsapp Video 2023-01-11 at 14:34:48.mp4” video faylına baxış keçirdikdə məlum olur ki, 29 dekabr 2022-ci il tarixdə saat 19:35 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə Bakı kinoteatrı istiqamətində piyada hərəkət edən vətəndaş Zərərçəkmiş şəxs təxminən 50-60 yaşında olan, orta boylu, əynində qara rəngli ayaqqabısı, şalvarı, gödəkçəsi və papağı olan şəxs 2-3 metr məsafə saxlamaqla arxasınca iti addımlar ilə hərəkət edərək təqib edir, digər “Whatsapp Video 2023-01-11 at 14:35:02.mp4” video faylına baxış keçirdikdə isə məlum olur ki, hadisə yerində “Əhmədli Mall”-un qarşısında pilləkənləri çıxdıqdan sonra saat 19:35 dəqiqədə Zərərçəkmiş şəxs həmin naməlum şəxs arxadan yaxınlaşıb onun sağ əlində saxladığı kağız paketə toxunaraq hadisə yerində avtomobil yoluna doğru qaçması müşahidə olunur (i.v. 11-12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20); "xxxx"a aid ödəniş kartı üzrə çıxarışdan görünür ki, 30 dekabr 2022-ci il tarixdə kart üzrə 25 və 65 manat cəmi 90 manat miqdarında əməliyyat aparılmışdır (i.v. 27); “CD-R” formatlı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd “CD-R” formatlı diskdə olan video fayllara baxış keçirilən zaman iştirak etmiş Təqsirləndirilən şəxs görüntülərdə olan şəxsin özü olduğunu etiraf etmişdir (i.v. 30a); şübhəli şəxsin tutulması haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 42); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 51-52); ifadənin yerində yoxlanılması haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 63-67); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-17/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 77-81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 66.3-cü maddələri xaric edilmiş və CMnin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək üzərində 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır (i.v. 82-84); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il 04 ay ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 03 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir (i.v. 85-90); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-564/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq olunmaqla azaldılmış 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 17 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur; sübutların qiymətləndirilməsi haqqında 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı disk sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir (i.v. 95-98); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı ödəmədiyini, ondan şikayətçi olduğunu bildirərək ona qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmləri üzrə olan məhkumluqları Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 29 dekabr 2022-ci il tarixdə yenidən cinayət törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 17 günü hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 29 dekabr 2022-ci il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmləri ilə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmləri üzrə olan məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisindən az olmamalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün surətindən aydın olduğu kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünün 27 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 29 dekabr 2022-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu kimi cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin üçdə ikisindən az olmamalı (CM-65.2), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzasının əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut –1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar