Məhkəmə qərarları › İş №1(011)-241/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-241/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-241/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,82 qram və 2,6 qram, ümumi çəkisi 7,42 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 05 yanvar 2024-cü il tarixdə, saat 04:00-da Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında xidmət apararkən onun hərəkətləri şübhə doğurduğu uçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə vıdeoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən tünd goy rəngli parça kisənin içində iki ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 4,82 qram və 2,6 qram, ümumi çəkisi 7,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, artıq bir ilə yaxın müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir, buna onu heç kim təhrik etməsə də narkotik vasitəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almış, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə gecə təxminən 01 radələrində marixuana əldə etmək məqsədilə yaşadığı ünvan 5 ünvanda mobil telefonu ilə "Telegram" sosial şəbəkəsində müxtəlif səhifələrə baxmağa və yazmağa başlamış, bir qədər axtardıqdan sonra adını xatırlamadığı səhifənin mesajlaşma hissəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxslə mesajlaşaraq ondan öz istifadəsi üçün marixuana əldə etmək istədiyini bildirmişdir. Həmin şəxs ona 60 manat qarşılığında marixuana təşkil edə biləcəyini yazmış və ona ödəniş etmək üçün internet linki göndərmişdir. O, həmin linkə daxil olaraq müvafiq boş xanaları doldurmaqla onlayn qaydada 60 manat ödəniş etmiş, bundan sonra həmin şəxs ona narkotik vasitəni götürəcəyi yerin ünvanını göndərmişdir. O, ev ünvanını tərk edərək çıxmış və sosial şəbəkədə ona göndərilən ünvana getmişdir. Xəritə üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ünvanı dəqiq xatırlamadığı yerə çatmış, orada yolun kənarında torpağa basdırılmış şəkildə 02 ədəd şəffaf sellofan bükümdə marixuana olduğunu görmüş, həmin bükümləri oradan götürərək özündə olan tünd göy rəngli parçanın içərisinə yerləşdirib əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Belə ki, əldə etdiyi marixuananı istifadə edib əylənmək məqsədilə Bakı şəhərinin mərkəzinə getmək qərarına gəlmiş, bu minvalla həmin tarixdə nəqliyyat vasitələrindən istifadə edərək Bakı şəhəri, ünvan 7 ünvanının qarşısında olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 37-ci PŞ-nə gəlmiş, PŞ-də olarkən narkotik vasitə istifadəçisi olduğunu, eyni zamanda üzərində iki büküm “nəşə” olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birındə polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən "xxxx" ASC-yə məxsus 4169-7388-1177-4599 nömrəli və "xxxx" ASC-yə məxsus 5243-7544-4437-1205 nömrəli bank kartları, həmçinin həmin gödəkçənin sağ yan cibindən tünd göy rəngli parçanın içərisində 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə olan maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin içərisində narkotik vasitə olan bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, bükümün birinin çəkisinin qablaşdırma ilə birlikdə 5.13 qram və digərinin çəkisi isə qablaşdırma ilə birlikdə 2,76 qram olmaları müəyyən edilmişdir. Həmin bükümlər zərfə qoyulub möhürlənmiş və zərf özü daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Özü narkotik vasitə olan marixuana istifadə etsə də, heç vaxt narkotik vasitəni heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı sosial şəbəkədə tanımadığı və anket məlumatlarını bilmədiyi şəxslə danışıb, ona göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna rayonunda yerləşən dəqiq xatırlamadaığı ünvana gedərək əldə etmişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, onun narkotik vasitə istifadə etməyini heç kim bilməmiş və həmişə narkotik vasitəni tək istifadə etmişdir. 02 ədəd bükümlərdə olan qurudulmuş marixuananı “Telegram” sosial şəbəkəsində adını xatırlamadığı səhifənin mesajlaşma hissəsində danışmaqla verilmiş ünvana gedərək əldə etmiş, danışdığı şəxsin anket məlumatlarını, adını və xarici görünüşünü həmçinin mobil nömrəsini də bilməmiş, sözügedən sosial şəbəkədə həmin şəxslə olan mesajları danışdığı şəxs tərəfindən dərhal silindiyi üçün digər məlumatları da xatırlamır. Şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilmiş "xxxx" ASC-yə məxsus 5243-7544-4437-1205 nömrəli bank kartı öz adına rəsmiləşdirilmiş, həmin bank kartını kredit kartı kimi istifadə etmiş, "xxxx" ASC-yə məxsus 4169-7388-1177-4599 nömrəli bank kartını isə xatırlamadığı supermarketdən bir manata almış, həmin kart "cashback" kartı olmuş və adına rəsmiləşmədiyi üçün bu günədək istifadə etməmişdir. Bundan əlavə o qeyd etmişdir ki, ofisiant kimi hal-hazırda çalışır və işdən gecə saat 00:00 çıxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis kiçik serjantı rütbəsini daşıyır. 05 yanvar 2024-cü il tarixdə DİN-nin Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Xətai RPİnin inzibati ərazisində xidmət apararkən saat 04:00 radələrində ünvan 9 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsdən şəxsiyyəti barədə məlumat soruşduqda sonuncu özünü xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxslə profilaktiki söhbətlər aparan zaman danışıqlarında qeyri-səmimilik və üzündə solğunluq aşkar şəkildə göründüyündən sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPl-nin 37-ci PŞ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra Xətai RPİ-nin 37-ci PŞ-nə aparıb polis şöbəsində sonuncunun gətirilməsi barədə raport tərtib edərək barəsində araşdırma aparılması üçün təhqiqatçı Bahadur Ənnağızadəyə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 10, mənzil 14 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması nüəyyən edilmiş, təhqiqatçı Bahadur Ənnağızadə, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş apararaq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu isə əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “X2 9 Pro” markalı mobil telefonu, "xxxx" ASC-yə, “Unibank ASC-yə məxsus bank kartlarını, həmin gödəkçənin sağ yan cibindən isə içərisində 02 ədəd şəffaf sellofan bükümlərdə tünd yaşıl rəngli otşəkillı maddələr olan tünd goy rəngli parçadan kisəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 02 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində nə olması soruşulduqda həmin bükümlərin içərisində narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində sosial şəbəkədə anket məlumatlarını bilmədiyi şəxslə danışaraq 60 AZN ödəniş müqabilində götürdüyünü bildirmişdir. Bundan sonra həmin bükümlər ayrı-ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə bükümlərdən birinin çəkisi qablaşdırma ilə birlikdə 5.13 qramda və digərinin çəkisi isə qablaşdırma ilə birlikdə 2,76 qramda olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmiş, sonuncudan narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda, üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində sosial şəbəkədə anket məlumatlarını bilmədiyi şəxslə danışaraq 60 AZN ödəniş müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:00-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “X2 9 Pro” markalı telefonu, həmin gödəkçənin sol yan cibindən 4169-7388-1177-4599 nömrəli "xxxx"ın bir bank və 5243-7544-4437-1205 nömrəli “Uni bank” plastik kartını, həmin gödəkçənin sağ yan cibindən isə tünd göy rəngli parça kisənin içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş tünd yaşıl rəngli otşəkilii maddəni təqdim etmişdir. Ondan həmin otşəkilli kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi “marixuana” olmasını bildirmişdir. Həmin paket açıldıqda, içərisində otşəkilii kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddələr elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin birinin çəkisi 5,13 qram, digər bükümün çəkisi isə 2,76 qramdır. Ümumilikdə həmin bükümlərin çəkisi qablaşdırma ilə birlikdə 7,88 qramdır. O, həmin otşəkilli kütləni xx.xx.2024-cü il tarixdə gecə vaxtlarında anket məlumatlarını bilmədiyi şəxsdən sosial şəbəkə vasitəsi ilə online qaydada Xəzər rayonu, Buzovna qəsəbəsində 60 manata almasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 25-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-7/09 nömrəli, 05 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 4.82 qram və 2.6 qram, ümumi çəkisi 7.42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 34-36); “DVD-R” diskə baxış keçirilməsi haqqında 05 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 05 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 42); təqsirləndirilən şəxs qismində cəb etmə haqqında 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin tarixdə saat 09:30-da həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 46-47); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 67-68); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 74); 111 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 03 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 76); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin xx.xx.2024-cü il tarixli, 618 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 78-79); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 7.42 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış keçirilməsinin görüntüləri olan 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 94-99). İ-27754 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir İ-19881 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “X2 9 Pro” markalı telefonu, həmin gödəkçənin sol yan cibindən 4169-7388-1177-4599 nömrəli "xxxx"ın bir bank və 5243-7544-4437-1205 nömrəli “Uni bank” plastik kartını, həmin gödəkçənin sağ yan cibindən isə tünd göy rəngli parça kisənin içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş tünd yaşıl rəngli otşəkilii maddəni təqdim edir. Ondan həmin otşəkilli kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin narkotik maddə olan nəşə adı ilə bildiyi “marixuana” olmasını, həmin otşəkilli kütləni xx.xx.2024-cü il tarixdə gecə vaxtlarında anket məlumatlarını bilmədiyi şəxsdən sosial şəbəkə vasitəsi ilə online qaydada Xəzər rayonu, Buzovna qəsəbəsində 60 manata almasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən təmiz çəkisi 7.42 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, Vətən müharibəsi iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini, əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 05 yanvar 2024-cü il tarixdən 06 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ilkin təmiz çəkisi 7.42 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:30-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdən 06 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:30-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ilkin təmiz çəkisi 7.42 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7.32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar