Məhkəmə qərarları › İş №1(011)-243/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-243/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-243/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1986-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə, saat 17 radələrində qohumu Şahid2 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində həmin ünvana internet naqillərinin çəkilməsini həyata keçirən X4 ABC-nin əməkdaşı Zərərçəkmiş şəxs həmin evdən 18 manat pulun oğurlanmasına aydınlıq gətirərkən, kobud rəftar etməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı, baş nahiyəsi ilə qəsdən sonuncunun sifət nahiyəsinə vurmaqla döyərək, ona ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ bazu nahiyəsində hematoma, sağ bazu oynağında açma və bükmə, eləcə də, dövrələmə hərəkətləri bir qədər məhdud olub, ağrılıdır və burunun mexaniki travması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Şahid2 onun qohumudur və onlar qonşudurlar. 12 aprel 2022-ci il tarixdə yaşadıqları məhəllədə internet kabellərini çəkən Toğrul və Ramin adlı şəxslər Məhəmmədəlinin evində işləyib, sonradan getmişlər. Lakin, bundan sonra onlar otaqdan 18 manat pulun oğurlanmasını aşkar etmişlər. Həmin vaxt evdə Toğrul işlədiyindən, ondan şübhələnmişlər. O və Məhəmmədəli Toğrulu çağırıb, söhbət edərək, başa salmaq istəmişlər. Məhəmmədəli həmin şəxsə şikayətçi olmayacağını, lakin etdiyi hərəkətə görə Toğrulun üzr istəməsini tələb etmişdir. Toğrul isə sərt şəkildə, yüksək tonda oğurluğu ona sübut edə bilməyəcəklərini demişdir. Həmin vaxt Toğrulun davranışından əsəbləşib, yaxınlaşaraq bir dəfə başı ilə Toğrulu vurmuşdur. Bundan sonra, Toğrul hadisə yerindən uzaqlaşmışdır. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, ona xəsarət yetirdiyinə görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, X4 ABC-də mühəndis işləyir. Xətai rayonunda optik internet kabellərinin çəkilməsi ilə bağlı vətəndaşlara müraciət edirlər. Vətəndaşlar könüllü şəkildə icazə verdikdən sonra, işə başlayırlar. 12 aprel 2022-ci il tarixdə, saat 17 radələrində ünvan 3 ünvanda yaşayan Şahid2 müraciət etmişdir. Məhəmmədəli ona icazə verdiyi üçün, işləri görüb yekunlaşmışdır. Bundan sonra, digər qonşuluqda olan ünvanda işləri görməyə başlamışdır. Həmin vaxt Məhəmmədəli yaxınlaşıb, onu öz evinə dəvət etmişdir. Onlar birlikdə gedib, söhbət edən zaman, Məhəmmədəlinin qohumu kimi özünü təqdim edən Rumin adlı şəxs yaxınlaşıb, evdən 18 manat pulu oğurlamaqda onu günahlandırmışdır. O, buna etirazını bildirdikdə, Rumin adlı şəxs onu özünə tərəf çəkib, başı ilə bir dəfə onun burun nahiyəsindən vurmuşdur. Bundan sonra o, həmin ünvandan çıxıb getmişdir. Ona xəsarət yetirən Təqsirləndirilən şəxsla hazırda barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 14 fevral 2022-ci il tarixli, 366 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sağ bazu nahiyəsində hematoma, sağ bazu oynağında açma və bükmə, eləcə də, dövrələmə hərəkətləri bir qədər məhdud olub, ağrılıdır və burunun mexaniki travması küt əşyanın (əşyaların) təsirindən törənmiş, müddəti 12 aprel 2022-ci il tarixə uyğun gəlir və bu xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda, həmin Məcəllənin 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar