Məhkəmə qərarları › İş №1(011)-243/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-243/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-243/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci tarixdə Baki şəhərində doğulmuş. Azərbycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2023-cu il tarixdə saat 19:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4əşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilmiş və orada şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol iç cibindən bir ədəd sellofana bükülmüş halda təmiz çəkisi 0,677 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, özünün etirafedici ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə heroini Bakı şəhərində tanımadığı va heç bir anket malumatlarını bilmədiyi şəxslərdən almışdır. xx.xx.2023-cu il tarixdə ünvan 6 ünvanının qarşısında olan vaxtı iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq onlarla birgə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə getməsini izah etmişlər. O, onlarla birgə 37-ci polis şöbəsinə getmişdir. Şöbədə əynindəki qara rəngli cins şalvarının sol iç cibindan bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rangli toz şəkilli maddəni təqdim etmişdir. Həmin bir ədəd bükümün içərisində nə olması soruşulduqda, həmin bir ədəd bükümdəki kütlənin narkotik maddə olan "heroin" olmasını bildirmişdir. Narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsində tanımadığı şəxsdən 20 manata almış va öz istifadə etməsi üçün üzərində saxlamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ülvi adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri va psixotrop maddələri üzərində daşımaqla istifadə edir. Əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 fevral 2023-cu il tarixdə saat 19:30-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq 37-ci PŞ-nə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin va psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol iç cibindən bir ədəd sellofana bükülmüş içərisində tozşəkilli, qəhvəyi rəngli maddə olan bükümü təqdim etmiş, "heroin" adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata istifadəsi üçün aldığını bildirmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 37-ci polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 20:00-da müdafiəçinin iştirakı Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 19:30-dan hesablanmışdır (i.v. 11); şəxsi axtarış və götürmə aparılması haqqında 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nın əməliyyat müvəkkili Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-in sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “XİAOMİ” markalı mobil telefon aparatlarını və həmin şalvarın sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü və həmin bükülünün içərisində olan maddəni təqdim etmiş, həmin maddənin heroin olmasını və 20 manata Xəzər rayonu, Şüvəlan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2022-cü il tarixli, 6/755 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,677 qram olan qəhvəyi rəngli madda kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 44-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 56-57); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v78-81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 830 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin ve psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunarkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v. 90-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətina azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkamasinin 25 sentyabr 2019-cu il tarixli hökmü ilə X4 tayin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin əvəz edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı üzrə təyin edilmiş 03 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 22 gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 09 ay müddətə azadlıqdan mahrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.(i.v93-95); Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cniayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 1 gün müddət ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v 96-105). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 13 gün hissəsi azadlıqdan məhrumetmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 03 ay 21 gün müddətinə azadlıqdan məhrumemtə cəzası ilə əvəz edilmişdir.(i.v 106-110) Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respubliksı Cinayəy Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 03 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 ay 22 gün hissəsi, hazirki hökmlə təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v 109-124) sübutların qiymətləndirilməsi haqqında 01 mart 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub şəxsi axtarış keçirilən zaman aşkar olunan narkotik vasitə heroinin çəkisi ilə məhkəmə-kimyəvi ekspertizasının rəyində qeyd olunan çəkilər arasında fərqlər yarandığından, ekspertiza rəyində göstərilən çəki əsas götürülməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs X6 məhkumluğu ödənilmədən yenidən eyni cinayət əməli törətməsi cinayətləri residivi kimi qəbul edilməsi və məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri 0,677 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi subut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,627 qram narkotik vasitə heroin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra Bakı şəhəri Xətai RPİ-də məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. (i.v. 125-130); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “XİAOMİ” markalı mobil telefon aparatlarını və həmin şalvarın sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü və həmin bükülünün içərisində olan maddəni təqdim etmiş, həmin maddənin heroin olmasını və 20 manata Xəzər rayonu, Şüvəlan qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən almasını bildirməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi ağırlaşdırıcı hal hesab olunur; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,677 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum olunduğu 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkib qutardığı tarixdən 02 il müddət keçmədən, yenidən qəsdən az ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi vardır. Təqsirləndirilən şəxs əməlində residivin olması(CM61.1.1) ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran cinayətin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X5 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,627 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X5 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar