Məhkəmə qərarları › İş №1(011)-243/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-243/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-243/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını sonuna qədər çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində daşımaqla saxlamış və 26 yanvar 2024-cü il tarixdə saat 20:30-da Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu Qafqaz küçəsi 49 ünvanın qarşısında saxlanılıb ünvan 2n 37-ci PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış-götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, təxminən üç ildir narkotik vasitələrin müxtəlif növlərinin istifadəçisidir, bədənində ağrılar olduğundan müxtəlif yerlərdə tanımadığı şəxslərdən psixotrop maddə metamfetamin əldə edib çəkmə yolu ilə qəbul etmiş, 26 yanvar 2024-cü il tarixdə şəxsi istifadəsi üçün əvvələr də bir neçə dəfə narkotik vasitə aldığı «Elbrus» adlı şəxslə əlaqə saxlayıb Xətai rayonu, metronun Həzi Aslanov stansiyasının çıxışında onunla görüşmüş və ondan istifadəsi üçün metamfetamin istəmiş, Elburus adlı şəxs üzərində bir qram olmasını və 25 manata satmasını bildirdikdə onunla razılaşmış və həmən məbləğdə pulu verib sellofana bükülmüş vəziyyətdə metamfetamini götürmüş, sonra isə həmin bükümü əynindəki idman şalvrının sağ cibinə qoymuş, daha sonra yaşadığı evin qarşısında tək piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və polis bölməsinə aparmış, bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, bundan sonra polis bölməsində xidməti otaqların birində polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparan zaman, əynində olan idman şalvarının sağ yan cibində saxladığı 01 büküm metanfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddənin özünə məxsus olduğunu, haradan əldə etdiyini bildirmiş, sonra təqdim etdiyi büküm iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Təqdim etdiyi psixotrop maddə olan bir büküm metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlayaraq gəzdirmiş, başqa heç bir yerdə psixotrop maddə və ya narkotik vasitə saxlamamış, psixotrop maddə aldığı Elburus adlı şəxsin yalnız adını bilmiş, həmin şəxsdən əvvəllər də bir neçə dəfə psixotrop maddə almış, polis əməkdaşları tərəfindən saxlanılan və polis şöbəsinə aparılan zaman ona qarşı heç bir təzyiq olmamışdır. Əməlindən peşman olduğunu, artıq bu cür əməllərdən uzaq olduğunu, iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayan Toğrul adlı şəxsin narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlayıb daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Məlumatın yoxlanılması üçün özü və polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 26 yanvar 2024-cü il tarixdə saat 20:30-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı Xətai rayonu Qafqaz küçəsi 49 ünvanında Təqsirləndirilən şəxs saxlanılmış və şübhəli şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edilmişdir, şöbədə təhqiqatçı Əkbər Hacıyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq ona hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofon kəsiyinə bükülmüş içərisində spesifik iyə malik, ağ rəngli, kristal şəkilli maddəni çıxardıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olmasını, şəxsi istifadəsi üçün metronun H.Aslanov stansiyasının qarşısında Elburus adlı şəxsdən 25 manata almasını bildirmişdir.Aşkar edilmiş 01 büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və şöbəyə aparılarkən hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid2 ifadəsi məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞnin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar məzmunlu olmuş və cinayət işinin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. İfadələr arasında heç bir ziddiyət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-də videoçəkiliş edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi sonuncuya təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofon kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristalşəkilli maddəni çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən bükülünün içərisindəki maddənin psixotrop maddə olan metamfetamin olmasını və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə metronun H.Aslanov stansiyasının qarşısında “Elburus” adlı şəxsdən 25 manata aldığını bildirir. Bundan sonra təhqiqatçı Əkbər Hacıyev tərəfindən həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırılmaqla üzəri iştirakçılar tərəfindən imzalanır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənir. Şəxsi axtarış və götürmə prosesini əks etdirən 01 ədəd CD disk protokola əlavə edilir. İş materiallarına əlavə edilmiş 05 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolla həmin xüsusatlar birda öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/692 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 153» möhür əksləri, «2.Vəliyev T (imza)» yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqatdan sonra qalıq – 0.263 qram. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 06 mart 2024-cü il tarixli 1524 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0.263 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 28 yanvar 2024-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 fevral 2024-cü il tarixli tələbnamədən və Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1 adlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş, məhkumluğu ödənilməmiş və vaxtından əvvəl götürülməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən residiv nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0.263 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD-R disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 80 (səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.263 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar