Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-246/2020 28.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olan, ünvan 3B ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yerdə yəni, ünvan 1 ünvanında yerləşən «Şamaxı» adlı kafedə Zərərçəkmiş şəxs ona spirtli içki verməməsi səbəbindən və buna görə ona iradını bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan onunla kafenin həyətində mübahisə edib həmin kafedə olan kənar şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərindən üstün tutub gücünü nümayiş etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik göstərib sonuncunu təhqir edib ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən və həmin kafedə olan şəxslərin istirahətlərinə və kafenin işçilərinin normal fəaliyyətlərinin pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə əlində olan və silah qismində istifadə etdiyi dəmir armatur parçası ilə baş nahiyyəsinə vurub ona başın alın və təpə nahiyəsinin əzilmiş yaraları, ənsə nahiyəsinin və çənəaltı nahiyənin səthi əzilmiş yaraları xəsarətləri yetirərək ona sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, yaşadığı ünvanın yaxınlığında anası Şahid1 məxsus kafe var və anası həmin kafeni Zərərçəkmiş şəxs icarəyə vermişdir. O, arabir həmin kafeyə gedərək orada pivə içmişdir. xx xxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində pivə içmək üçün həmin kafeyə getmiş, orada üç badə pivə içərək hesabı ödəmişdir. Həmin vaxt üzdən tanıdığı, lakin adlarını bilmədiyi qonşu məhəllədə yaşayan üç nəfər şəxslər kafeyə daxil olub onunla salamlaşdıqdan sonra eyni masada əyləşmişlər. Əlavə olaraq bir badə pivə sifariş etmiş, bu zaman Yaşar ondan pivəni kimin istədiyini soruşmuş, o, isə Yaşara cavab verərək pivəni özü üçün istədiyini demişdir. Sonra kafedə ofisiant işləyən Səlim ona yaxınlaşaraq pivəni kimin istədiyini soruşduqda o, ona pivənin pulunu uzadaraq özü üçün istədiyini bildirmişdir. Yaşar oturduğu masadan ona anasını pivə verilməsinə icazə vermədiyini və bu səbəbdən də ona pivə verməyəcəyini demişdir. Yaşarla aralarında mübahisə yaranmış və onlar bir-birini nalayiq söyüşlərlə təhqir etməyə başlamışlar. Həmin vaxt yanında olan şəxslər masadan duraraq getmiş, anası Sevil kafeyə daxil olub ona öz iradını bildirmişdir. Sonra Səlim onun sifariş verdiyi pivəni gətirmiş, o, pivəni içən zaman Yaşarın oğlu Natiq kafeyə daxil olaraq əlində olan beş barmaqla onu vurmuş, o, aldığı zərbədən yerə yıxılmışdır. Yerdən tapdığı dəmir parçasını əlinə götürərək fırlatmış, dəmir parçası ilə bilmədən Yaşarın başına vurmuş və sonuncunun başı qanamağa başlamışdır. Bu zaman anası Sevil və orada olan şəxslər onları ayırmışlar. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur, ailəsinə yeganə qazanc gətirən şəxsdir, himayəsində bir azyaşlı övladı var, hazırda zərərçəkmiş şəxslə barışmış zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını, səhhəti ilə bağlı üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Ağacanın anası Sevilə məxsus Bakı şəhəri Xətai rayonu M.Davud küçəsində yerləşən kafeni şifahi razılaşma əsasında ayı 200 manata icarəyə götürüb işlətməyə başlamışdır. Kafenin sahibi Sevil oğlu Ağacanın kafeyə gəlib içki istədikdə ona içki verməməsini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində kafedə 1-2 nəfər müştəri olmuş, Ağacan kafeyə gəlib əyləşməklə iki badə pivə sifariş edib içmiş, bir neçə dəqiqə sonra bir neçə nəfər tanımadığı cavan oğlanlar kafeyə gəlib kafedən çöldə həyətdə oturmaqla pivə sifariş etmişlər. Ağacan da keçib onlarla əyləşdiyi üçün o, sonuncudan sifariş olunan pivələrin kimə aid olmasını soruşmuş, Ağacan pivələrin onluq olmasını bildirmişdir. Bu sözdən 15 dəqiqə sonra ofisiant Səlim Ağacangil əyləşdiyi stola yaxınlaşıb sifariş götürəndə Ağacan heç bir əsas olmadan Səlimə sillə vurmaqla ünvanına küçə söyüşləri söyüb onu təhqir etmiş, kafedə xadimə işləyən Dünyaxanım Ağacanı sakitləşdirmək istədikdə heç bir səbəb olmadan Agacan yumruqla Dünyaxanımın sol göz nahiyəsindən vurub onun da ünvanına söyüşlər işlətmişdir. Ağacanın bu hərəkətləri nəticəsində onunla birgə oturmuş tanımadığı dörd nəfər müştəri və digər müştərilər yaranmış səs-küyə görə oradan uzaqlaşıb getmişlər. Elə bu vaxt o, özü yaxınlaşıb Ağacanı ayırmaq, onu sakitləşdirmək istədikdə Agacan ünvanına söyüşlər işlətməklə kafenin qapısında olan dəmir armatur parçasını götürüb dörd dəfə ayrı-ayrı zərbələrlə başından vurub ona bədən xəsarəti yetirmişdir. İlk zərbədən özünü pis hiss etmiş, üst-başı qan olmuşdur. O, Ağacana heç bir müqavimət göstərmədən elə üst-başı qanlı vəziyyətdə kafedən 80-100 metr aralı məsafədə olan kirayədə yaşadığı evə gəlmişdir. Ağacan köynəksiz vəziyyətdə dalınca söyüşlər işlətməklə bir neçə qonşunun ümumi yaşadığı həyətə gəlib söyüşlər işlətdikdə həmin qonşular ona irad bildirmiş və anası Sevil gəlib onu həyətdən çıxartmışdır. Arvadı Afaq al qan içində olmağını görüb nə baş verdiyini soruşduqda ona Ağacanın onu dəmir armatur parçası ilə vurmasını bildirmişdir. Sonra vəziyyətinin yaxşı olmadığını görüb təcili yardıma zəng edib çağırdıqda evlərinə gələn təcili yardım həkimlərini Ağacan söyüb təhqir etmiş, onlardan biri qadın olan Ağacana «Ağacan mənəm tanımırsan məni» deyə müraciət etmişdir. Təcili yardım həkimləri onu Neyrocərrahiyyə xəstəxanasına gətirmiş, orada həkimlər başına tikiş qoyub sarğılar etdikdən sonra evə buraxmışlar. Onunla birgə xəstəxanaya arvadı Afaq və Ağacanın anası Sevildə gəlmişdir. Həmin vaxt xəstəxanaya gələn polis əməkdaşları aldığı xəsarətlərə görə onu Xətai RPİ-nin 37-ci PŞ-nə aparmış, o, orada baş verənlərlə bağlı ərizə və izahat yazmışdır. Oradan çıxıb səhərə yaxın saat 04 radələrində evinə gələndən sonra oğlu Natiqdə evdə olmaqla ona da baş verənləri bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı ünvanın yaxınlığında özünə məxsus kafe var və o, həmin kafeni Zərərçəkmiş şəxs icarəyə vermişdir. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 23 radələrində yaşadığı evin həyətində çay içən zaman kafedən səs-küy gəldiyini eşitmiş, bu səbəbdən kafeyə doğru getmişdir. Həmin vaxt görmüşdür ki, oğlu Ağacanla Yaşar arasında mübahisə gedir və onlar bir-birilərini nalayiq söyüşlərlə təhqir edirlər. Kafeyə daxil olaraq nə baş verdiyini aydınlaşdırmaq istəmiş, Ağacana öz iradını bildirmiş, Yaşarla söhbət edən zaman Yaşarın oğlu Natiq qəfildən kafeyə daxil olaraq bir dəfə Ağacanın sifət nahiyəsindən vurmuşdur. Sonra Ağacan yerdən tapdığı, lakin görə bilmədiyi əşyanı götürərək o, yan, bu yana fırlatmış, Ağacan əlində fırlatdığı dəmir parçası ilə Yaşarın başına vurmuşdur. Bundan sonra kafedə olan tanımadığı şəxslər və o, onları ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən Saatlı rayonu Hacıqasımlı kənd orta məktəbində coğrafiya müəllimi işləyir. Atası Yaşar və anası Afaq təxminən iki il olar ki, ünvan 3 ünvanında kirayədə yaşayırlar. O, yay tətili ilə bağlı Saatlı rayonundan valideynlərinin yanına gəlib onların yanında yaşamışdır. Atası Yaşar kirayədə yaşadıqları evin yaxınlığında yerləşən Şamaxı kafesini Sevil adlı qadından icarəyə götürüb işlətmiş, o, hərdən bir atasının işlətdiyi kafeyə getmişdir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində əmisi Nazim Bəkdəmirovun yaşadığı Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinə getmiş, həmin gecə onlarda qalmış, xx xxxx 2019-cu il tarixdə saat təxminən 00:30 radələrində əmisi Nazimə zəng edib atası Yaşarı Ağacanın kafedə dəmir armatur parçası ilə sifətinə vurub xəsarət yetirdiyini, hal-hazırda atası Yaşarın Xətai RPİ-nin 37-ci PŞ-də olmasını demişdir. O da əmisi Nazimlə birlikdə həmin şöbəyə getmiş, orada olan zaman atasının sifətinin sarıqlı olmasını görmüş, soruşduqda atası Sevilin oğlu Ağacanın armatur parçası ilə vurub xəsarət yetirdiyini bildirmişdir. Hadisə vaxtı orada olmamış və Ağacana hər hansı xəsarət yetirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır (i.v.1); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 66-67); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 70-71); Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar üzləşmədə məhkəmə istintaqı zamanı vermiş və elan olunmuş ifadələrə uyğun ifadə vermişlər (i.v. 75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəmişdir (i.v. 80-81); Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 800 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (i.v. 86-94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertisaı barədə xx xxx 2020-ci il tarixli 16/651 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs başın alın və təpə nahiyəsinin əzilmiş yaraları, ənsə nahiyəsinin və çənəaltı nahiyənin səthi əzilmiş yaraları müəyyən edildi. Xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx xxxx 2019-cu il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 96-98); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizası barədə xx xxx 2020-ci il tarixli 16/651 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 104-109). təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmaqla qərarın surəti təqdim edilmişdir (i.v. 128-129); doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Valeh adlı uşağı vardır (i.v. 136); qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (i.v. 145); Məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, bir nəfər şəxs (təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir) digər şəxsin üzərinə (zərərçəkmiş şəxsin) gedir, əlində olan əşya ilə bir neçə dəfə üzərinə getdiyi şəxsin baş nahiyəsinə vurur, ətrafda olan şəxslər onları ayırırlar. Videogörüntünü ittiham və müdafiə tərəfi mübahisələndirməmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2-ci maddəsinə əsasən eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, cinayət hadisəsi xx xxxx 2019-cu il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Təqsirləndirilən şəxs hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əliyev X1 Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-246/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-246/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver