Məhkəmə qərarları › İş №1(011)-247/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-247/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-247/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 01 yanvar 2022-ci il tarixdə, saat 02:03-də sürücülük hüququ və etibarnaməsi olmadan X4 məxsus “Yamaha SZ-RR V-2” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosikl ilə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ilə General Mehmandarov küçəsi istiqamətində hərəkətdə olan zaman İ.İsmayılov küçəsi 6 ünvanında işıqforun qırmızı - qadağanedici işığının tələblərinə riayət etmədən, hərəkətini davam etdirib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni işıqforun qadağanedici qırmızı işığında yol ayrıcına daxil olmadan dayanmalı, kəsişən yolla işıqforun yaşıl işığında yolayrıcına daxil olan avtomobillərin hərəkətinə üstünlük verərək buraxmalı, hərəkətə nəzarət etməli, işıqforun yaşıl işığında yolayrıcına daxil olan nəqliyyat vasitəsinin təhlükəsiz gəlib keçməsini təmin etməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etmədiyindən, motosiklin qabaq hissəsi ilə işıqforun yaşıl işığında yolun əks istiamətindən sola dönmə əməliyyatı etmək üzrə olan Şahid idarə etdiyi “Subaru İmpreza” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan motosiklin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs baş beyin əzilməsi ilə müşayiət olunan sol gicgah sümüyünün xətti sınığı solda hemotimpan sol təbil pərdəsinin travmatik zədələnməsi, sol qulaq seyvanın və gicgah nahiyəsinin yumşaq toxumasının hematoması kimi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, lakin avtomobil idarə etməyi bacarır. 2021-ci ilin dekabr ayında işsiz olduğu üçün iş axtarmağa başlamışdır. Təsadüfən Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən “Safdad” adlı restorana kuryer lazım olmasını öyrənmişdir. Həmin restorana kuryer kimi işə düzəlmişdir. Restoran dönər və s. yeməklərin satışı ilə fəaliyyət göstərmişdir. Restorana işə düzəldikdən sonra, sifarişləri çatdırmaq üçün ona “Yamaha” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosikl verilmişdir. Həmin andan etibarən sifariş olan dönərləri motosikl ilə ünvanlara çatdırmağa başlamışdır. Restoranın icarədarı X5 olmuşdur. İdarə olunması üçün ona verilmiş motosiklin kimə məxsus olmasını bilməmişdir. İşə düzələn zaman, ondan sürücülük vəsiqəsinin olub-olmaması soruşulmuş, o da, sürücülük vəsiqəsinin olmadığını, lakin avtomobil idarə etmək təcrübəsinin olduğunu demişdir. Həmçinin, sürücülük vəsiqəsi olmadığından, motosikli idarə etmək üçün ona etibarnamə verilməmişdir. 31 dekabr 2021ci il tarixdə axşam saatlarında çatdırmaları etdikdən sonra, restoran bağlanmış və işləri qutarmışdır. İş saatlarından sonra evə getmək üçün motosikl ona verilmişdir. 01 yanvar 2022-ci il tarixdə, saat 01 radələrində dostu Zərərçəkmiş şəxs Bakı şəhərinə qonaq gəlmişdir. Orxanla görüşüb Bakı şəhərində gəzmək üçün, hər ikisi idarə etdiyi motosiklə əyləşmişlər. Özü sükün arxasına, Orxan isə arxasında sərnişin oturacağına əyləşmişdir. Həmin gün saat təxminən 01:45-də motosikl ilə Xətai rayonu, İ.İsmayılov küçəsi ilə General Mehmandarov küçəsi istiqamətində öz hərəkət zolağında saatda 60 km sürətlə hərəkət etmişdir. Hərəkətdə olarkən, dörd yol ayrıcına çatmamış işıqforun qırmızı işığının yanmasını görmüşdür. Lakin, motosikli dayandırmalı olduğu halda, bunu etməyərək hərəkətini davam etdirmişdir. Hadisənin baş verməyəcəyini zənn edib, işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Həmin vaxt sola dönmək istəyən avtomobillərin arasında olan qara rəngli “Subaru” markalı avtomobil sağ hərəkət hissəsinə çıxaraq sola dönmə əməliyyatı edərkən, motosikl ilə həmin avtomobilin qabaq hissəsindən vurmuşdur. Həmin anda motosikl ilə avtomobilin arasında 15-20 metr məsafə olmuşdur. Həmin zaman arxasında əyləşmiş dostu Orxan həmin avtomobilin qabaq alın şüşəsinə dəymiş və yerə yıxılmışdır. Özü də motosikl ilə yerə yıxılmışdır. O, yerdən qalxaraq, kənara çəkilib əyləşərək, bir neçə dəqiqə gözləmiş, sonra ayağa qalxıb dostu Orxanın yanına getmişdir. Hadisə yerinə tanımadığı şəxslər toplaşmışdır. Sonra isə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. Təcili tibbi yardım dostu Orxanı və onu xəsarət aldığı üçün xəstəxanaya aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra, evə buraxılmış, dostu Orxanın isə xəsarəti ağır olduğundan, müalicəsini davam etdirmək üçün orada qalmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda, Zərərçəkmiş şəxs iş materiallarına əlavə olunmuş ərizəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs idarə etdiyi “Yamaha SZ-RR V-2” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosikl ilə yol-nəqliyyat hadisəsi törətmiş, həmin hadisə zamanı o, xəsarət almış və hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində evləri olmuş və uşaq olarkən həmin evdə yaşamışdır. Lakin, sonradan evi satıb, Salyan şəhərinə köçmüşlər. Salyan şəhərində yerləşən 78 saylı internet məktəbinə getmiş və orada təhsil almışdır. Qohumları isə Ukrayna Respublikasının Lvov şəhərində yaşayırlar. Mütəmadi olaraq qohumları ilə görüşmək üçün oraya gedib-gəlmişdir. Ukrayna Respublikasında müvəqqəti olaraq qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla dostdur. Təqsirləndirilən şəxs ilə hərbi xidmətdə tanış olmuş və birlikdə hərbi xidmət keçmişlər. Bakı şəhərinə gələrkən, Pərviz ilə əlaqə saxlamış və görüşmüşlər. Qardaşı Bakı şəhərində yaşayır, ona görə də, mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişdir. 31 dekabr 2021-ci il tarixdə yaşadığı Salyan şəhərindən Bakı şəhərinə gəlmişdir. Axşam saatlarında dostu Pərviz ilə əlaqə saxlayıb görüşmüşlər. Pərviz ilə görüşən zaman artıq 01 yanvar 2022-ci il tarixə keçmişdir. Pərviz görüşə motosikl ilə gəlmişdir. Pərviz kuryer işlədiyini və idarə etdiyi motosiklin işlədiyi restorana məxsus olduğunu bildirmişdir. O, Pərvizdən qardaşının yaşadığı mənzilə aparmasını xahiş etmişdir. Pərviz də etiraz etməmiş və onlar motosiklə əyləşmişlər. Pərviz sükan arxasına, o isə Pərvizin arxasında sərnişin oturacağına əyləşmişdir. 01 yanvar 2022-ci il tarixdə, saat 01:45-də Pərviz motosikl ilə Xətai rayonu, İ.İsmayılov küçəsi ilə General Mehmandarov küçəsi istiqamətində öz hərəkət zolağında hərəkət etmişdir. “Bizim market” adlı mağazanın qarşısında olan dörd yol ayrıcına çatmamış, işıqforların qırmızı işıqlarının yanmasını görmüşdür. Lakin, Pərviz motosikli dayandırmayıb, hərəkətini davam etdirmiş və onlar qara rəngli avtomobilin qabaq hissəsi ilə toqquşmuşlar. O, həmin avtomobilin qabaq alın şüşəsinə dəymiş və yerə yıxılmışdır. Huşunu itirmiş və özünə gəldikdə artıq xəstəxanada olmağını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus “Subaru İmpreza” markalı avtomobili var və həmin avtomobil 2018-ci ildən onun istifadəsindədir. 01 yanvar 2022-ci il tarixdə, gecə saat 02 radələrində idarə etdiyi avtomobillə Xətai rayonu, İnqilab İsmayılov küçəsi ilə hərəkətdə olmuşdur. Hərəkət istiqamətinə görə solda olan işıqfora çatdıqda, işıqforun yaşıl işığında dönmə əməliyyatı edən zaman, İnqilab İsmayılov küçəsi ilə General Mehmandarov küçəsi istiqamətində, yəni yolun əks istiqamətində hərəkət edən motosikl idarə etdiyi avtomobilin qabaq sağ hissəsindən vurmuşdur. Dərhal avtomobilini saxlayıb yerə düşmüş və görmüşdür ki, motosiklda iki nəfər şəxs olmuşdur. Motosiklda sərnişin kimi olan şəxs yerdə uzanılmış vəziyyətdə olmuş, sürücü isə həmin şəxsin yanında dayanmışdır. Bir qədər sonra, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaları gəlmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 22 yanvar 2022-ci il tarixli, 37 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs üzərində müəyyən edilmiş xəsarətlər - baş beyin əzilməsi ilə müşayiət olunan sol gicgah sümüyünün xətti sınığı, solda hemotimpan və sol təbil pərdəsinin travmatik zədələnməsi, sol qulaq seyvanın və gicgah nahiyəsinin yumşaq toxumasının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, 01 yanvar 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu motosikletlə avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı ilə əlaqədar videogörüntülər əks olunmuş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hərəkət edən motosikl işıqforun qırmızı işığında hərəkət edərək, digər işıqforun yaşıl işığında hərəkət edərək, dönmə əməliyyatı edən avtomobilin qabaq hissəsi ilə toqquşur, motosiklda arxada əyləşən sərnişin avtomobilin alın şüşəsinə dəyərək, asfalt üzərinə yıxılır, motosiklin sürücü isə avtomobilin qabaq kapotuna dəyərək yerə yıxılır. Baxış zamanı, Təqsirləndirilən şəxs motosikli idarə edən şəxsin özü olmasını, arxada əyləşmiş şəxsin isə Zərərçəkmiş şəxs olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 8/146 saylı ekspert rəyində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Yamaha” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarından görünür ki, X1 olan “Yamaha SZ-RR V-2” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosikl və Şahid sahibliyində olan “Subaru İmpreza minik” markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahiblərinə təhvil verilmişdir. Həmçinin, müşahidə kameralarında qeydə alınmış görüntülər əks olunmuş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter-uçot bazasının məlumatlarına əsasən, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarından görünür ki, 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 17 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və iş üzrə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - X1 olan “Yamaha SZ-RR V-2” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosiklin və Şahid sahibliyində olan “Subaru İmpreza minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan - müşahidə kameralarında qeydə alınmış görüntülər əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - X1 olan “Yamaha SZ-RR V-2” markalı, 99-C-174 dövlət qeydiyyat nişanlı motosiklin və Şahid sahibliyində olan “Subaru İmpreza minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - müşahidə kameralarında qeydə alınmış görüntülər əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar