Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-247/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıması, 17 yanvar 2023-cü il tarixdə saat 17:30-da ünvan 3 ünvanda Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək PB-nin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkcəsinin döş cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,718 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi və həmin fakt əsasında Xətai RPİ-nin 36-cı PB-də toplanmış təhqiqat materialı olmuş və cinayət işi başlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitə aludəçisidir, buna görə də bədənində ağrılar olduğundan müxtəlif yerlərdə və şəxslərdən narkotik vasitə əldə edib qəbul etmişdir. Sonuncu dəfə, xx.xx.2023cü il tarixdə günorta vaxtı “Həzi Aslanov” metrostansiyasının yaxınlığından keçərkən təsadüfən yerdən 1 ədəd sellofan bükümdə maddə tapmış, onu yerdən götürüb içinə baxdığı zaman əvvəllər də istifadə etdiyi heroin olmasının görmüş və narkotik vasitəsini istifadə etmək üçün cibinə qoyaraq üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvanın qarşısında ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 36-cı PB-nə gəlmiş və orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcənin döş cibindən həmin 1 büküm narkotik vasitə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən şəxsi axtarış zamanı başqa qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş və o da daxil olmaqla bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin bükümü şəxsi istifadəsi üçün əldə etmiş, kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2, ifadəsində bildirmişdir ki, Akif adlı şəxsin Bakı şəhəri Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzərində araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmişdir. Dərhal 36-cı PB-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi 2942A ünvanının qarşısında saxlanılaraq 36-cı PB-nə gətirilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı izah olunduqdan sonra, ona dövlət hesabına müdafiəçi təyin etmək üçün, vəkillərin siyahısı təqdim edilmiş, o, həmin siyahıdan könüllü olaraq müdafiəçi seçdikdən sonra, müdafiəçinin iştirakı və video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilməsi ilə bağlı hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmeti təqdim etməsini istədikdə, o, könüllü sürətdə əynində olan göy rəngli gödəkcənin döş cibindən 01 ədəd sellofan bükümdə maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verildikdə sonuncu bildirmişdir ki, əynində olan gödəkcənin döş cibindən çıxan maddəni həmin gün bir neçə saat əvvəl Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında təsadüfən yerdən tapdığını, onun narkotik vasitə olduğunu bilib şəxsi istifadəsi üçün yerdən götürüb cibinə qoyaraq üzərində daşıdığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş və çəkisinin təqribən 1,88 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak etməmiş şahid Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsi digər Şahid2 ifadəsi ilə eyni məzmunlu olaraq onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarix saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertinin 6/308 nömrəli 18 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş “...imza Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız pakeetdə 01 ədəd bükümdə təmiz çəkisi – 1,768 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı narkotik vasitə heroinin aşkar edilərək götürülməsi “şəxsi axtarış və götürmə” protokolu ilə rəsmiləşdirilmişdir. Bu istintaq hərəkətinin əks olunduğu videogörüntülər DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PB-də keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş 1,768 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalı, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 1,718 qram narkotik vasitə heroin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra Bakı şəhər Xətai RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin tibb ekspertinin xx.xx.2023-cü il tarixli 427 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və pisxostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 04 fevral 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, onun törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 66.2-ci maddələrinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 17 yanvar 2023-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,718 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd CD formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-69/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,718 qram çəkidə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməmişdirsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-247/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-247/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver