Məhkəmə qərarları › İş №1(011)-247/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-247/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-247/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonu 1-ci Nüqədi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibardan sui-istifadə edərək gəmidə aşpaz kimi işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 20 mart 2024-cü il tarixdə ünvan 2 ünvanında işlədiyi "Sona" gözəllik salonunda 10.000 (on min) manat nağd pul vəsaitini alıb ələ keçirmiş, sonradan 2.600 (iki min altı yüz) manatı qaytarmaqla Zərərçəkmiş şəxs 7.400 (yeddi min dörd yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2023-cü ildən Xətai rayonu N. Tusi küçəsi ev 28 Ünvanında yerləşən "Sona" gözəllik salonunu icarə əsasında işlədir. 2023-cü ilin sentyabr ayında X1 ustası kimi işə götürmüşdür. Razılığa əsasən hər müştəridən əldə olunan gəlirin 40 faizi onun 60 faizi isə Ruhiyyənin olmalı idi 2024-cü ilin mart ayında ona təcili pul lazım olduğundan Zərərçəkmiş şəxs bildirmişdir ki, əgər istese aylıq 2000-2500 əmək haqqı olmaqla tanışları vasitəsilə Ruhiyyəni gəmidə aşpaz kimi işə düzəldə bilər. Bu iş üçün Ruhiyyədən 10 000 manat pul istəmişdir. 20 mart 2024-cü il tarixde Ruhiyyə işlədiklari salonda ona 10 000 manat pul vermişdir. O, həmin pulları sayaraq götürmüş və 2 ay ərzində söz verdiyi işi həll edəcəyini bildirmişdir. Həmin pulları öz ehtiyaclan üçün xərcləmişdir. Aldığı pulları 2 ay ərzində qaytarmağı fikirləşmişdir. Lakin müəyyən problemləri olduğundan aldığı puldan yalnız 2600 manatını qaytarmışdır. 2024-cü ilin sentyabr ayında Ruhiyyə işdən çıxan zaman salondan ona məxsus müxtəlif əşyaları götürüb video çəkərək ona göndərmişdir. Bildirmişdir ki, pulun qalan hissəsini qaytardıqdan sonra götürdüyü əşyaları geri təhvil verəcəkdir. Hal-hazırda vurulmuş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxs ilə barışmış, verilən ittihamın 25%-ni, yəni 1850 manat pulu dövlət büdcəsinə ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclas zalında bildirmişdir ki, xx.xx.2023-cu il tarixdə ünvan 3 ünvanında yerləşən "Sona gözəllik salonunda saç ustası kimi işə düzəlmişdir. İşlədiyi müddət ərzində salonu işlədən Təqsirləndirilən şəxs ilə yaxşı münasibətləri yaranmışdır. Onun maddi vəziyyəti yaxşı olmadığından Cavahir ona bildirmişdir ki, aylıq 2000-2500 manat əmək haqqı olmaqla gəmidə aşpaz kimi işə düzəldə bilər. O, razılaşaraq 20 mart 2024-cü il tarixdə 10.000 manat pulu işlədikləri salonda Cavahirə vermişdir. Cavahir pulları sayıb ondan götürdükdə bildirmişdir ki, 2 ay ərzində söz verdiyi işi həll edəcək. 2 ayın tamamında O, Cavahirdən işi ilə bağlı maraqlandıqda Cavahir onu aldadaraq müddəti uzatmışdır. 6 ay ərzində o, hissə-hissə Ümumilikdə Cavahirden 2600 manat pulunu geri almışdır. Qalan pulu qaytarmadığına görə Cavahirlə mübahisə edib 2024-cü ilin sentyabr ayında işdən çıxmışdır. İşdən çıxarkən salondan Cavahirə məxsus müxtəlif çeşiddə əşyaları götürüb videosunu çəkərək Cavahirə göndərmişdir. Bildirmişdir ki, pulunun qalan hissəsini qaytardıqdan sonra götürdüyü əşyaları təhvil verəcək. Cavahirin aldığı pulu qaytarmamasını görüb baş vermiş hadisə ilə bağlı Xətai RPİ-nin 35-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2023cü ildən ünvan 3 ünvanında yerləşən "Sona" gözəllik salonunda dırnaq ustası kimi fəaliyyət göstərir. Həmin salonu Təqsirləndirilən şəxs icare əsasında işlədir, münasibətləri daim yaxşı olub. Bir müddət salonda işlədikdən sonra Zərərçəkmiş şəxs həmin salonda saç ustası kimi işə düzəlmişdir. Ruhiyyə ilə də münasibətləri daim yaxşı olub. 20 mart 2024-cü il tarixdə salonda işlədiyi zaman Ruhiyyə Cavahirə çoxlu sayda 100 manatlıq pul əskinasları vermişdir. Cavahir pulları sayıb götürmüşdür. Ona aid məsələ olmadığından Cavahirin nə məqsədlə həmin pulları götürməsi barədə məlumatı olmamışdır Bir müddət sonra Cavahirlə Ruhiyyənin arasında soyuqluq hiss etdiyindən Ruhiyyədən nə baş verdiyini soruşmuşdur. Ruhiyyə isə ona bildirmişdir ki, işə düzəlməsi üçün Cavahirə 10 000 manat pul vermiş, Cavahir isə onu aldadaraq işə düzəltməmiş, aldığı puldan cəmi 2600 manatını qaytarmışdır. Bundan sonra Cavahir dəfələrlə onun yanında Ruhiyyəyə bildirmişdir ki, narahat olmasın yaxın vaxtlarda pulun qalan hissəsini də qaytaracaq. 2024cü ilin sentyabr ayında Ruhiyyə salondan saç kraskaları, lazer aparatının qollarını, üz təmizlik aparatını, duxiləri və s. götürərək Cavahirə bildirmişdir ki, pulunu qaytarandan sonra götürdükləri əşyaları geri təhvil verəcək. Təqsirləndirilən şəxs əməlini özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, istintaqa təqdim edilmiş maddi sübutlar habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 noyabr 2024-cü il tarixli cinayət işi başlanılması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin ibtidai istintaqının aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstinaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Xətai Rayon Polis İdarəsinin 35-ci PŞ-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdən ünvan 5 ünvanda yerləşən "Sona" gözəllik salonunda saç ustası kimi işə düzəlmişəm, işlədiyim müddətdə salonun icarəyə götürüb işlədən X3 ilə münasibətimiz yarandı. 2024-cü ilin mart ayında Cəvahir mənə bildirdi ki, bəs həyat yoldaşım Fərhadın tanışı var istəsən səni Gəmidə aşpaz düzəldə bilərəm. Buna görədə 10000 Azn verməlisən. Məndə Cəvahirə inandım xx.xx.2024cü il tarixdə mən iş yerimdə Cəvahirə 10000 azn verdim. Təxminən 5 ay gözlədim, lakin işin düzəlmədiyini görüb Cəvahirdən pulumu geri istədim. Lakin həmin vaxtan sonra Cəvahir müxtəlif bəhanələr gətirərək pulumu qaytarmır. ( i.v 6) 06 dekabr 2024-cü il zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. ( i.v 13) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 9 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 20); 07 yanvar 2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saat 13:30-da tutulmuşdur.(i.v 30) 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. ( i.v 41-42) 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai RPİ İŞ-nin müstəntiqi Tural Məşədiyevin vəsatətinin müdafiəsindən imtina edilməsi və onun saxlandığı Xətai RPİ MSY-dən dərhal azad edilməsi qərara alınmışdır.(i.v 54-55) 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir.(i.v 56) 05 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi pul vəsaitinin məbləği 7400 manat kimi qiymətləndirilməsi, iş üzrə təqsirləndirilən şəxsin etiraf ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş izrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi, iş üzrə Zərərçəkmiş şəxs dəymiş 7400 manat məbləğində maddi ziyanın bir hissəsini 1000 manatın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi, cinayət işi üzrə digər xüsusatlara 31 yanvar 2025-ci il tarixli "sübutların qiymətləndirilməsi haqqında" qərarla hüquqi qiymət verilməsi nəzərə alınması qərara alınmışdır. (i.v 130-133) Zərərçəkmiş şəxsin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6472 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 1850 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 manat manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar