Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-248/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 və “SİGMA” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, 02 mart 2022-ci il tarixdə, saat 03 radələrində Əlahiddə ÇPA-nın 3-cü patrul bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında piyada hərəkət edən zaman, saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,363 qram ağ rəngli kristalşəkilli maddə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir neçə il olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Öz istifadəsi üçün psixotrop maddəni Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən alır. 01 mart 2022-ci il tarixdə, axşam saatlarında, o, “Neftçilər” metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin almışdır. 02 mart 2022-ci il tarixdə, gecə saat 03 radələrində Xətai rayonu, M.Hadi küçəsində piyada hərəkət edən zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və psixotrop maddələrin qəbulunda ondan şübhələndiklərini bildirərək, onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da, buna etiraz etməmiş və dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona təklif olunmuşdur ki, əgər üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etsin. Bundan sonra o, əynində olan cins şalvarının cibində gizlətdiyi bir büküm psixotrop maddəni çıxardıb təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir və həmin maddəni “Neftçilər” metrostansiyasının yaxınlığından öz şəxsi istifadəsi üçün almış, başqa məqsədi olmamış, həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş əşya yoxdur. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi qeyd olunan psixotrop maddə metamfetamindən başqa üzərində saxlanılması qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Göstərilən psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırıb götürülmüş, üzərindən aşkar edilərək götürülmüş maddə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, X7 Alayının 3-cü Patrul Bölüyündə polis nəfəri vəzifəsində işləyir. 02 mart 2022-ci il tarixdə, saat təxminən 03 radələrində inzibati ərazidə xidmət apararkən, Xətai rayonu, M.Hadi küçəsi, 136 saylı binanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra, həmin şəxsi Xətai RPİnin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Daha sonra, təhqiqatçının, dəvət olunmuş müdafiəçinin və onların iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl, Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu və “Neftçilər” metrostansiyasının yaxınlığından aldığını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən ağ rəngli kristallik şəkilli maddə aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq, möhürləndikdən sonra, iştirakçılar tərəfindən zərf və tərtib olunmuş protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 02 mart 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, ağ rəngli, kristal formalı olan psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan ağ rəngli, kristal formalı maddə psixotrop maddə metamfetamindir, həmin maddəni 01 mart 2022-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümündə ağ rəngli, kristal formalı maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2022-ci il tarixli, 6/1280 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 152” dairəvi möhür əksi, “X4...” yazıları və imzalar olan zərfdəki bükümdə, təmiz çəkisi 0,363 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq - 0,313 qramdır. İş materiallarından görünür ki, 0,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 04 aprel 2022-ci il tarixli, 1570 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 20 aprel 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 2 (iki) gün həbsdə saxlandığı müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 02 mart 2022-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 97 (doxsan yeddi) gün həbsdə saxlama müddəti 194 (bir yüz doxsan dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-248/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-248/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver