Məhkəmə qərarları › İş №1(011)-249/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-249/2020

27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-249/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdaş rayonunun Cardam kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi “Topaz” mərc oyunları zalının giriş qapısının pəncərəsinin şüşəsini təpiklə sındıraraq oraya qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən masanın çəkməcəsindən 2818 (iki min səkkiz yüz on səkkiz) manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2818 (iki min səkkiz yüz on səkkiz) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində yoldaşlarından borc pul almaq məqsədi ilə işlədiyi “Salam Aleykum” restoranına iş getmiş, lakin həmin zaman restoran bağlı olduğundan orada heç kim olmamış, çarəsizlikdən bir qədər restoran ətrafında gəzən zaman yaxınlıqda olan “Topaz” mərc oyunları zalı diqqətini çəkmişdir. Həmin obyektdə pul olacağını və giriş qapısının da şüşədən olduğundan oraya daxil olmağın asan olacağını fikirləşmişdir. “Topaz” mərc oyunları zalının giriş qapısı birləşdirilmiş çərçivə giriş qapısı ilə birlikdə şüşədən olmuş, kombi istilik sistemi isə haşiyəyə alınaraq pəncərəyə bərkidilmiş və əlavə plastik qapı qoyulmuşdur. Ətrafa nəzər yetirdikdən sonra onu heç kimin görmədiyini yəqin edib plastik qapının içindən təpiklə vuraraq “Topaz” mərc oyunlar zalının şüşəsini sındıraraq içəri daxil olmuş, masaya yaxınlaşıb alışqanın işığından istifadə edərək çəkməcəyə baxdıqda bir dəstə 100 manatlıq, bir neçə ədəd 20 manatlıq əskinaz və bir manatlıq əskinazlar görərək götürüb dərhal oranı tərk etmişdir. Səhəri gün Ağdaş rayonuna getmiş, xx.xx.2020-ci il tarixdə ona sahə müvəkkili tərəfindən axtarıldığı, oğurluq etməkdə şübhəli olduğu və kamera görüntülərinin olduğu bildirilmişdir. Bakı şəhərinə gələrək Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət etmiş, oğurluq yolu ilə əldə etdiyi pulun üzərindən 248 manat pulu öz ehtiyacları üçün xərcləmiş, qalan pulu isə istintaqa təhvil vermişdir. Əməlindən səmimi peşman olduğunu, habelə Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin ona qarşə şikayət və tələbinin olmadığını bildirib barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, məhkəməyə ünvanladığı ərizəsində, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki,o, 2015-ci il tarixdən Xətai rayonu M.Mehdizadə küçəsi 21 ünvanında yerləşən 17 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 30 m2 ölçüdə obyekti icarə müqaviləsi əsasında götürərək “Topaz” mərc oyunları zalı kimi fəaliyyət göstərmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:00-da obyektin giriş qapısını bağlayaraq yaşadığı ünvana getmiş, xx.xx.2020-ci il tarixdə işə gələrək obyektin giriş qapısını açıb içəri daxil olduqda giriş qapısındaki pəncərənin şüşəsini sındırılmış vəziyyətdə görmüş və həmin zaman naməlum şəxsin oğurluq etmək məqsədi ilə qanunsuz olaraq obyektə daxil olmasını anlamışdır. Sonra o, masaya yaxınlaşıb çəkməcəyə baxdıqda oraya qoyduğu 2818 manat nəğd pulun həmin naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra o, ərizə ilə Xətai RPİ-nin 37-ci PB-nə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ona məxsus 2818 manat pulu oğurlayan şəxsin yaxınlıqda yerləşən “Salam Aleykum” restoranında masa xidmətçisi (ofesiant) işləyən Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. O, Təqsirləndirilən şəxs mütəmadi olaraq “Topaz” mərc oyunları zalına gələrək orada mərc etdiyindən Təqsirləndirilən şəxs tanımışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, onunla barışmışdır, ondan heç bir şikayət və tələbi də yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında götürərək fəaliyyət göstərdiyi Xətai rayonu M.Mehdizadə küçəsi 21 ünvanında yerləşən 17 mərtəbəli binanın 1ci mərtəbəsində olan 30 m2 ölçüdə “Topaz” mərc oyunları zalına baxış keçirilmiş, baxış zamanı həmin obyektdən Zərərçəkmiş şəxs məxsus 2818 manat məbləğində nağd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğlurlanması faktı aşkar edilmişdir (i.v. 05-10); könüllü təqdim olunan əşyanın götürülməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu M.Mehdizadə küçəsi 21 ünvanında yerləşən 17 mərtəbəli binanın 1-ci mərtəbəsində olan “Topaz” mərc oyunları zalından oğurladığı 2818 (iki min səkkiz yüz on səkkiz) manat puldan 1548 (bir min beş yüz qırx səkkiz) manatını könüllü olaraq istintaq orqanına təqdim etdiyindən həmin pul Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən götürülmüşdür (i.v. 19); xx xxxx 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 44-45); qəbzdən görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 tərəfindən 1548 (bir min beş yüz qırx səkkiz) manat pul Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 51); Zərərçəkmiş şəxs istintaq orqanın verdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərixəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam şəkildə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (i.v. 52); xx.xx.2020-ci il tarixli üzləşdirmə protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini eynilə təsdiq etmişdir (i.v. 53-55); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 56-57); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-185/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (i.v. 69-71); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə isə cəriməni tam ödəmişdir (i.v. 82-84); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, ona həmin maddə ilə yeni məzmundə ittiham elan edilərək zərərçəkmiş şəxsə dəymiş maddi ziyan 2818 manat göstərilmiş, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs hesab edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Topaz” mərc oyunları zalından oğurladığı və xx.xx.2019-cu il tarixdə könüllü təqdim etdiyi 1548 (min beş yüz qırx səkkiz) manat iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini təkbaşına və gizli olaraq törətdiyinə görə barəsində CM-nin 177.2.1 və 180-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (i.v. 104-107); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 109- 110); təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 121-122); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə müqaviləsi əsasında götürərək fəaliyyət göstərdiyi Xətai rayonu M.Mehdizadə küçəsi 21 ünvanında yerləşən 17 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 30 m2 ölçüdə olan “Topaz” mərc oyunları zalında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 125-128); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahhiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12.), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13.) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - 1548 (bir min beş yüz qırx səkkiz) manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 1548 (bir min beş yüz qırx səkkiz) manat pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar