Məhkəmə qərarları › İş №1(011)-249/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-249/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-249/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 22, mənzil 11 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, 12 fevral 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 22 nömrəli binanın üçüncü girişinin yaxınlığında yerləşən, saxlanc yeri kimi istifadə etdiyi yerin giriş qapısının üzərindəki kilidi vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus ümumi qiyməti 600 manat olan iki ədəd velosipedi, ümumi qiyməti 200 manat olan çay samovarını və ona aid olan ləvazimatları və qiyməti 30 manat olan bir ədəd qara rəngli təkərli oturacağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə, 16 fevral 2022-ci il tarixdə, saat 19 radələrində həmin saxlanc yerinə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs məxsus qiyməti 60 manat olan bir ədəd 8 bölümlü, üzərində “Nikai” yazısı olan, elektrik ağ rəngli radiatoru, qiyməti 5 manat olan bir ədəd qazan qapağını, qiyməti 20 manat olan bir ədəd kiçik ölçülü ləyəni və ümumi qiyməti 60 manat olan iki ədəd orta ölçülü ləyəni gizli olaraq talayıb, oradan uzaqlaşmaq istəyərkən, Zərərçəkmiş şəxs yaşadığı mənzilin pəncərəsindən onu səsləyərək, çağırmasına əhəmiyyət verməyib, ələ keçirdiyi əmlakı açıq olaraq talayıb hadisə yerindən qaçaraq, Zərərçəkmiş şəxs ümumilikdə 145 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq bir ədəd bükümdə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə, saat 05:50-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 22 nömrəli binanın qarşısında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində narkotik vasitənin olduğunu bildirdikdən sonra, üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümün içərisində olan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, Sarayevo küçəsində yerləşən yaşayış binasında atası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir və pula ehtiyacı olduğundan, oğurluq etmək qərarına gəlmişdir. Yaşadığı binanın üçüncü girişinin sağ tərəfi əvvəllər zibilxana kimi istifadə olunmuş, hazırda isə həmin hissə saxlanc yeri kimi istifadə olunur. Həmin saxlanc yerindən Natiq adlı qonşusu istifadə edir. Qonşusu Natiq həmin girişdə birinci mərtəbədə yaşayır. O, həmin saxlanc yerindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 12 fevral 2022-ci il tarixdə, saat 04 radələrində həmin yerə getmişdir. Saxlanc yerinin giriş qapısının kilidini açmaq üçün, özü ilə vintaçan aparmışdır. O, həmin vintaçanla kilidi açıb içəri daxil olmuşdur. Həmin yerdə müxtəlif əşyalar var idi. Orada olan kreslonu oğurlamaq qərarına gəlmişdir. O, həmin kreslonu götürüb, binanın yaşadığı birinci girişinə tərəf aparmış və yaşadığı mənzilə qoymuşdur. Kreslonu mənzildə öz otağına aparıb qoymuşdur. Atası həmin vaxt yatmış və kreslonu onun mənzilə gətirdiyini görməmişdir. Növbəti dəfə Natiqin istifadə etdiyi saxlanc yerindən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 16 fevral 2022-ci il tarixdə, axşam saatlarında həmin yerə getmişdir. O, həmin yerin qapısını yoxladıqda, qapı açıq vəziyyətdə olmuşdur. O, içəri daxil olmuş və oradan əlinə keçən bir ədəd elektrik qızdırıcı radiatoru, üç ədəd qazanı və bir ədəd qazan qapağını götürüb çıxmışdır. Həmin vaxt qonşusu Natiq yaşadığı mənzilin pəncərəsindən səsləyib onu çağırmış, lakin o, Natiqə əhəmiyyət verməyərək, bir ədəd radiatoru və üç ədəd qazanı qapaqla birlikdə götürüb, yaşadığı birinci girişə qaçmışdır. Götürdüyü əşyaları yaşadığı girişin 5-ci mərtəbəsində liftin şaxtasının yanında qoymuşdur. Bir neçə dəqiqə gözləyəndən sonra həyətə düşüb qaçmışdır. 17 fevral 2022-ci il tarixdə, səhər saatlarında evə gələrkən, mülki geyimdə olan iki nəfər şəxs yaşadığı binanın qarşısında onu saxlayıb, polis əməkdaşları olduqlarını bildirmiş və 34-cü Polis Şöbəsinə getməli olduqlarını demişlər. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümdə olan narkotik maddə heroini əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Lakin, o, narkotik maddələrdən istifadə etsə də, həmin vaxt onun üzərində hər hansı bir maddə olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və oğurladığı əşyaları sahibinə qaytardığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, Sarayevo küçəsi, 22 nömrəli binanın birinci mərtəbəsində yaşayır. 2008-ci ildən yaşadığı binanın üçüncü girişindən sağ tərəfdə yerləşən, əvvəllər məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş yeri təmizləyib, oranı saxlanc yeri kimi istifadə edir. Saxlanc yerinin girişində dəmir qapı qoymuşdur. Həmin saxlanc yerində məişət əşyalarını, iki ədəd velosipedi və sair əşyaları saxlamışdır. 16 fevral 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı mənzildə olmuşdur. Mənzilin yataq otağındakı pəncərə məhəllənin həyətinə baxır. Həmin vaxt yataq otağında olarkən, bir nəfər şəxsin saxlanc yeri kimi istifadə etdiyi yerin yaxınlığında dayandığını və yerdən ona məxsus qızdırıcı radiatoru və qazanları götürüb getmək istədiyini görmüşdür. Pəncərəni açıb həyətə baxdıqda, binanın birinci girişində yaşayan narkotik aludəçisi olan Samir adlı şəxsin olduğunu görmüşdür. O, Samirin ona aid əşyaların götürdüyünü görüb, sonuncuya səslənsə də, Samir sözlərinə əhəmiyyət verməyərək, yaşadığı birinci girişə tərəf qaçmışdır. O, çölə çıxmış, lakin Samiri həyətdə görməmişdir. Sonra saxlanc kimi istifadə etdiyi yerə getmişdir. Həmin yerin giriş qapısının üzərində olan kilid nasaz vəziyyətdə olmuş, qapısı isə açıq olmuşdur. O, içəri daxil olub, orada hər birinin qiyməti 300 manat olan iki ədəd «Star» markalı velosipedin, qiyməti 150 manat olan bir ədəd qızdırıcı radiatorun, ümumi qiyməti 50 manat olan üç ədəd qazanın və bir ədəd qazan qapağının, qiyməti 200 manat olan bir ədəd samovarın və ona aid ləvazimatların və qiyməti 50 manat olan bir ədəd kreslonun yerində olmadığını aşkar etmiş və başa düşmüşdür ki, həmin əşyalar saxlanc yerindən oğurlanıbdır. Həmin əşyaların oğurlanmasında qonşusu Samirdən şübhələnmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus saxlanc yerindən əşyalarını həqiqətən də, qonşusu Təqsirləndirilən şəxs götürübdür. Hal-hazıradək əşyalarından bir ədəd “Nikai” markalı elektrik radiator, bir ədəd təkərli oturacaq, bir ədəd qazan qapağı, bir ədəd kiçik ölçülü və iki ədəd orta ölçülü ləyən ona qaytarılmışdır. Lakin, ona məxsus oğurlanmış digər əşyaları, yəni iki ədəd velosiped və samovar qaytarılmamışdır. Odur ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs 16 fevral 2022-ci il tarixdə ərizə ilə 34-cü Polis Şöbəsinə müraciət edərək, yaşadığı binanın giriş hissəsinin yaxınlığında yerləşən, saxlanc yeri kimi istifadə etdiyi yerdən ona məxsus iki ədəd velosipedin, bir ədəd oturacağın və sair əşyaların oğurlandığını bildirmiş, daha sonra izahatında isə Zərərçəkmiş şəxs həmin əşyaların qonşuluqda yaşayan, narkotik aludəçisi olan Samir adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. Samir adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və məlum olmuşdur ki, həmin şəxs xx.xx.1980-ci ildə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. 17 fevral 2022-ci il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlanılmış və 34-cü Polis Şöbəsinə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən oğurluğu etiraf etmiş və üzərində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi zərurəti yarandığından, şəxsi axtarış keçirilməsi üçün şöbəyə vəkil dəvət olunaraq, iştirakı təmin edilmişdir. Bundan sonra, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Şəxsi axtarışdan əvvəl, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxardıb, masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda, içərisində toz şəkilli, qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün Nərimanov rayonunun ərazisində 20 manata aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qeyri-qanuni başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm zərfdə qablaşdırılmış, özü və digər iştirakçılar zərfin üzərində imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 1993-cü ildə arvadı ilə boşandıqdan sonra, Samir onun himayəsində qalmışdı. Samir narkotik aludəçisidir və buna görə əvvəllər məhkum olunubdur. Bu səbəbdən, Samirlə münasibətləri soyuqdur. Samirin qonşuluqda yaşayan Natiq adlı şəxsin saxlanc yeri kimi istifadə etdiyi yerdən oğurluq etməsini, Samir 17 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra bilmişdir. Samirin oğurladığı əşyalardan kreslonu onların yaşadıqları mənzilə gətirməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki, o, Samirin otağına girmir. Sonradan bilmişdir ki, kreslo Samirin otağında olub və Samir saxlanıldıqdan sonra, həmin kreslonu polis əməkdaşlarına təqdim edibdir. Samirin başqa yerlərdən oğurluq edib-etməməsini bilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkilinin raportundan görünür ki, 16 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 22 saylı binanın üçüncü girişinin yanında vətəndaş Zərərçəkmiş şəxs istifadə etdiyi saxlanc yerindən oğurluq etməkdə şübhəli bilinən xx.xx.1980-cı il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 22, mənzil 11 ünvanında yaşayan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2022-ci il tarixdə, saat 05:50-də yaşadığı binanın qarşısında saxlanılaraq, 34-cü Polis Şöbəsinə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və üzərində narkotik vasitənin olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 9/1247 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 175 manat müəyyən olunur. O cümlədən: bir ədəd istifadədə olmuş 8 bölümlü, üzərində “Nikai” yazısı olan, elektrik ağ rəngli radiator – 60 manat; bir ədəd istifadədə olmuş qara rəngli təkərli stul – 30 manat; bir ədəd istifadədə olmuş qazan qapağı – 5 manat; bir ədəd istifadədə olmuş kiçik ölçülü ləyən – 20 manat; iki ədəd istifadədə olmuş orta ölçülü ləyən – 60 manat. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd istifadədə olmuş, 8 bölümlü, üzərində “Nikai” yazısı olan elektrik ağ rəngli radiator, bir ədəd istifadədə olmuş, qara rəngli təkərli oturacaq, bir ədəd istifadədə olmuş qazan qapağı, bir ədəd istifadədə olmuş kiçik ölçülü ləyən və iki ədəd istifadədə olmuş orta ölçülü ləyən iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 17 fevral 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs – Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdə olan maddə heroindir, həmin maddəni tanımadığı bir şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə yaşadığı binadan saxlanc yerlərinin birindən oğurluq etdiyini etiraf etmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2022-ci il tarixli, 6/988 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 152” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə, bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,255 qramdır. İş materiallarından görünür ki, 0,255 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 06 aprel 2022-ci il tarixli, 1622 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 03 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarı ilə 2 (iki) ay 20 (iyirmi) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməllərini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılarkən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlləri qismən etiraf etməsini, əməllərindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 17 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəylərinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,255 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd istifadədə olmuş, 8 bölümlü, üzərində “Nikai” yazısı olan elektrik ağ rəngli radiator, bir ədəd istifadədə olmuş, qara rəngli təkərli oturacaq, bir ədəd istifadədə olmuş qazan qapağı, bir ədəd istifadədə olmuş kiçik ölçülü ləyən və iki ədəd istifadədə olmuş orta ölçülü ləyənin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 115 (bir yüz on beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 17 fevral 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,255 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd istifadədə olmuş, 8 bölümlü, üzərində “Nikai” yazısı olan elektrik ağ rəngli radiator, bir ədəd istifadədə olmuş, qara rəngli təkərli oturacaq, bir ədəd istifadədə olmuş qazan qapağı, bir ədəd istifadədə olmuş kiçik ölçülü ləyən və iki ədəd istifadədə olmuş orta ölçülü ləyənin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 115 (bir yüz on beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar