Məhkəmə qərarları › İş №1(011)-250/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-250/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-250/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafiəçiləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz «Ford Fusion» markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə “Neapol” dairəsi istiqamətindən üzü Bakı Kinoteatrı istiqamətində hərəkətdə olub, avtomobili park etmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən binanın həyət ərazisinə daxil olarkən, yolu keçən piyadalara yol vermək üçün avtomobili dayandırmış, avtomobillə yenidən hərəkətə başlayarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, avtomobillə hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda buna əməl etməmiş, mövcud şəraitdə ünvan 3 binanın qarşısındakı yolun hərəkət istiqamətinin sol tərəfindən adi yerişlə sağ tərəfə keçən piyada X2 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurub, ona ehtiyatsızlıqdan qarının küt travması, qarın divarının əzilməsi, İV dərəcəli travmatik və hemorragik şok, daxili qanaxma və ürəkdə çoxsaylı Minakov ləkələri ilə müşayiət olunan nazik bağırsaq müsariqəsinin çoxsaylı əzilmiş-cırılmış yaraları və parietal peritonun çoxsaylı əzilmiş-cırılmış yaraları, sağ bazu sümüyünün qapalı sınığı və sınıq ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, sol dirsək oynağı, döş qəfəsinin ön səthi, qarın və sağ sağrı nahiyələrində qançırlar, qarın nahiyəsində sıyrıqlar, sağ ayaq pəncəsi nahiyəsində əzilmiş yara ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlərdən xx.xx.2022-ci il tarixdə saat 13:10-da X7 ölməsinə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü il buraxılışlı, boz metallik rəngli «Ford Fusion» markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Artıq 1 ilə yaxındır ki, avtomobil idarə edir, «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. 27 yanvar 2022-ci il tarixdə, təxminən saat 11 radələrində özünə məxsus texniki cəhətdən saz «Ford Fusion» markalı **- UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə “Neapol” dairəsi istiqamətdən üzü Bakı Kinoteatrı istiqamətində yolun sağdan sola 1-cü zolağı ilə hərəkət etmiş, ünvan 3 ünvanda yerləşən “Melissa” mağazasının qarşısına çatıb, avtomobilini park etmək məqsədi ilə həmin ünvanda yerləşən binanın həyətinə vermək qərarına gəlmiş, bu məqsədlə Sarayevo küçəsində məhəllə arası yola döndüyü zaman, tanımadığı qadın və iki övladının yolu keçdiyini görüb, avtomobili saxlayaraq onlara yol vermiş, fikri həmin piyadaların yolun hərəkət hissəsini keçmələrinə yönəldiyindən, onlar yolu keçdikdən sonra, qarşı tərəfinə diqqət etməyib, avtomobili yerindən qəfil tərpədib, hərəkətə gəlmiş, təxminən bir metr məsafə qətt etdikdən sonra, ani zamanda mobil telefonla danışaraq yolu sol tərəfdən sağ tərəfə doğru adi yerişlə keçən X2 vurmuş, həmin zaman Validə Quluyeva avtomobilin kapotu üzərinə yıxıldıqda, dərhal avtomobilin əyləcinə basıb, avtomobilini saxlamaq istəmiş, buna baxmayaraq Validə Quluyeva avtomobilin kapotunun üzərindən avtomobilin təkəri altına yıxıldığından, avtomobillə onun üzərindən keçmiş, dərhal avtomobildən düşüb X13 stansiyasına zəng etmiş, ardınca hadisə yerində qalıb, polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra X13 avtomobili hadisə yerinə gəlib, piyada Validə Quluyevaya tibbi Yardım Göstərərək, onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, onun anası da xəstəxanaya getmişdir. O isə hadisə yerində qalmışdır. Hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, X5 onun bacısıdır. Mərhum bacısı Validə heç vaxt ailə həyatı qurmamış, valideynlərinin vəfatından sonra yuxarıda qeyd edilən ünvanda tək yaşamış, ölən tarixədək Dövlət Təhlükəsizlik Xidmətinə aid hərbi hissədə xadimə kimi işləmişdir. 27 yanvar 2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdə olduğu zaman sonradan adını öyrəndiyi Şahid hazırda xatırlamadığı mobil nömrədən ona zəng edib, bacısı Validənin maşınla vurulması barədə məlumat verib, hadisə nəticəsində onun xəsarət aldığını və hazırda X11 3 saylı Şəhər Klinik Xəsatəxanasına aparıldığını bildirmişdir. Bacısının vurulması barədə məlumat aldıqdan sonra evdən çıxaraq Xəstəxanaya gəlmiş, xəstəxanaya çatdıqda, artıq bacısı Validənin aldığı bədən xəsarətləri səbəbindən ölməsini bilmişdir. Xəstəxanada olan Şahid deməsindən ona məlum olmuşdur ki, onun qızı Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Fusion» markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Bakı Kinoteatrı adlanan yerin yaxınlığında hərəkətdə olub, avtomobillə binalardan birinin həyətinə daxil olarkən, fikrinin yayınması səbəbindən ehtiyyatsızlıq edərək binanın qarşısındakı yolu keçməkdə olan bacısı Validə Quluyevanı vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs qohumları bacısının dəfnində, onun qəbrinin düzəlməsində, keçirilən bütün yas mərasimlərində yaxından iştirak edərək, onlara maddi və mənəvi köməklik göstərmiş, o, bu hadisəni ehtiyyatsızlıqdan baş vermiş bir yol nəqliyyat hadisəsi kimi qiymətləndirmiş, hadisə ilə bağlı onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi qalmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. 2014-cü il buraxılışlı, boz metallik rəngli «Ford Fusion» markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında qızı Səadətə məxsusdur. Qızı Səadət artıq 1 ilə yaxındır ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. 27 yanvar 2022-ci il tarixdə, təxminən saat 11 radələrində “Bank of Baku”-nun Əhmədli filialına getməkdən ötrü yaşadıqları evdən çıxıb, qızı Səadətin idarə etdiyi texniki cəhətdən saz «Ford Fusion» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətdə yollanmışlar, bu zaman o, avtomobildə qabaq sağ yan oturacaqda əyləşmiş, artıq Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Bank of Baku”-nun qarşısına çatdıqlarında, bankın qarşısında avtomobili park etmək üçün münasib yer olmadığı üçün, qızı Səadət idarə etdiyi avtomobillə hərəkətini davam etdirib, avtomobili həmin ünvanda yerləşən binalardan birinin həyətinə verərək park etmək qərarına gəlmiş, bu məqsədlə idarə etidyi avtomobillə Sarayevo küçəsində məhəllə arası yola döndüyü zaman, tanımadıqları qadın və iki övladının yolu keçdiyini görüb, avtomobili saxlayaraq onlara yol vermiş, fikri həmin piyadaların yolun hərəkət hissəsini keçmələrinə yönəldiyindən, onlar yolu keçdikdən sonra, qarşı tərəfinə diqqət etməyib, avtomobili yerindən qəfil tərpədib, yenidən hərəkətə gəlmiş, həmin zaman isə yolu sol tərəfdən sağ tərəfə doğru adi yerişlə keçməkdə olan sonradan adını öyrəndiyi X2 avtomobilin qabaq sol yan hissəsi ilə vurmuş, bundan sonra onlar dərhal avtomobildən düşüb X13 stansiyasına zəng etmişlər, ardınca hadisə yerində qalıb, polis əməkdaşlarının gəlməsini gözləmiş, bir neçə dəqiqədən sonra X13 avtomobili hadisə yerinə gəlib, piyada Validə Quluyevaya tibbi Yardım Göstərərək, onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, eyni zamanda Validə xanım xəstəxanaya aparılarkən hal-hazırda xatırlamadığı mobil nömrəni ona verib, nömrənin qardaşına məxsus olduğunu deyib, onunla əlaqə saxlayaraq hadisə barədə onu məlumatlandırmağı xahiş etmiş, o da, öz növbəsində istifadəsində olan ***-***-**-** mobil nömrə ilə sonradan adını öyrəndiyi Soltan müəllimə zəng vurub, hadisə barədə onu məlumatlandırmaqla, bacısı Validə Quluyevanın 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmasını bildirmiş, ardınca isə hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma zərurəti ilə əlaqədar qızı Səadəti Xətai rayon Polis İdarəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvana baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 4-8); nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi haqqında 27 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 2014-cü il buraxılışlı, boz metallik rəngli, “Ford Fusion minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin xarici görünüşündə heç bir zədə və xəsarət izi aşkar edilməmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-12); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə olan 2/3345 nömrəli xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 14); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTTİŞ tərəfindən xx.xx.2020-ci il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı BD 000634 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 17-18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 27 yanvar 2022-ci il tarixli, 09 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - qarının küt travması, qarın divarının əzilməsi, İV dərəcəli travmatik və hemorragik şok, daxili qanaxma və ürəkdə çoxsaylı Minakov ləkələri ilə müşayiət olunan nazik bağırsaq müsariqəsinin çoxsaylı əzimiş-cırılmış yaraları və parietal peritonun çoxsaylı əzilmiş-cırılmış yaraları, sağ bazu sümüyünün qapalı sınığı və sınıq ətrafı yumşaq toxumalarda dərialtı qansızmalar, sol dirsək oynağı, döş qəfəsinin ön səthi, qarın və sağ sağrı nahiyələrində qançırlar, qarın nahiyəsində sıyrıqlar, sağ ayaq pəncəsi nahiyəsində əzilmiş yara V.H.Quluyevanın xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl bərk küt əşyanın qüvvətli təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2022-ci il tarixdə piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən vurulması nəticəsində əmələ gələ bilərdirlər. Bu xəsarətlər dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. V.H.Quluyevanın ölümünə səbəb olmuş olduğu ağır küt travmanın təsiri nəticəsində yaranmış xəsarətlərdən baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhumun ölümü xx.xx.2022-ci il tarixdə saat 13:10 radlərində “X7” baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur (i.v. 26-29); ifadənin yerində yoxlanılması haqqında 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 30-32); zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında 03 mart 2022-ci il tarixli qərardan görünür ki, X6 ********* saylı cinayət işi üzrə X1 hüquqi varisi qismində tanınmışdır (i.v. 39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8 aprel 2022-ci il tarixli, 8/823 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən «Ford Fusion» markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 52-54); zərərçəkmiş şəxsin hüquqi varisi X3 11 saylı Notariat ofisində təqdim etdiyi ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v. 57); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 59-60); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 70-71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 76); sübutların qiymətləndirilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə, nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokollar, hadisə yerinin sxemi, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və X8 rayon şöbəsinin 27 yanvar 2022-ci il tarixli 09 nömrəli və məhkəmə-yol-nəqliyyat ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 8/823 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 77-83); zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, bacısı X5 xəstəxanaya yerləşdirilərkən və onu dəfn edərkən çəkmiş olduğu xərclərlə bağlı dəymiş 13000 manat məbləğində ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), CM-nin 60-cı maddəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM-67.2), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar