Məhkəmə qərarları › İş №1(011)-250/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-250/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-250/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.378 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 fevral 2023cü il tarixdə saat 17:40 dəqiqədə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan kəsiyində olan bükümün içərisində təmiz çəkisi 0,378 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə qiyabi tanıdığı, yəni anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib istifadə etmişdir. Təxminən 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir, daha çox vena daxil inyeksiya yolu ilə istifadə edirmiş. Belə ki, heroin va metamfetamin ağrılarına təsir göstərərək onları yüngülləşdirir. Narkotik vasitə heroin almaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi keçmişdə "Razin" adlanan əraziyə gəlib orada üzdən tanıdığı, anket məlumatlarını və istifadə etdiyi mobil nömrəni bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün bir ədəd sellofan kəsiyindən olan bükümdə narkotik vasitə heroin almışdır. Narkotik vasitə olan heroini almış, əynində olan qara cins şalvarın sol yan cibinə lazım olanda istifadə etmək məqsədi ilə qoymuşdur. 04 fevral 2023-cü il tarixdə saat 17:40 radələrində 3-cü Əhmədli küçəsi ilə piyada hərəkət edən zaman iki polis əməkdaşı ona yaxınlaşmış özlərini təqdim edərək onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və əllərini ciblərinə salmağa imkan verməyərək onu Xətai RPİ- nin 34-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan kəsiyindən olan bükümü çıxarmış, polis əməkdaşına təqdim etmiş, onun heroin olduğunu və həmin narkotik vasitəni Sabunçu rayonu ərazisinda tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİNnin Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir va polis kapitanı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi va dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Şöbəsinə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs ətrafında tadbirlar keçirilməyə başlanılmış, həmin gün o, Şahid2la birlikdə məlumat əsasən Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsinin yaxınlığına gəlmiş, saat təxminən 17:40 dəqiqədə 3-cü Əhmədli küçəsinin yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşatmış, ona yaxınlaşmış, həmin şəxsə xidməti vəsiqələrini göstərmiş, özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs da adının Nazim, soyadının isə Babayev olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmiş, şöbədə sonuncu əynində qara rangli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, öz deməsinə görə heroini təqdim etmişdir. Narkotik vasitə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd heroinin ümumi çəkisi 0.47 qram çəkidə olması müəyyən edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün möhür ilə möhürlənərək götürülmüş, bununla baglı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi cinayət işi başlanmış və icraata götürülmüşdür.(i.v1) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 18:20-də Xətai RPİ-nin, 34-cü PŞ-nin binasında tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 17:40-da hesablanmışdır.(i.v 21) şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Samsung” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddəni təqdim etmiş və həmin maddənin narkotik vasitə hesab olunan heroin olmasını bildirmişdir. Qeyd olunan maddəni necə əldə etməsini soruşduqda o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Razin qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 01 ədəd bükümünü 30 manat dəyərində aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs Əlamət oğluna narkotik vasitələrin satışını həyata keçirilməsi ilə bağlı verilən suala o, narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. (i.v. 31-32); Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2023cü il tarixli, 6/706 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №152” dairəvi möhür əksi olan, “..(imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına(Siyahı İ) daxildir.(i.v 37-40) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 49-50) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 4(011)-83/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(i.v.70-73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.1 və 66.3-cü maddələri xaric edilmiş, həmin Məcəllənin 234.4.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetə cəzası saxlanılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsinə əsasən 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin məcəllənin 66.5 və 66.2-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 21 gün müddətinə vaxtından əvəl şərti azad edilib. xx.xx.2022-ci il də cəza müddəti başa çatmışdır (i.v.84-86) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şərti olaraq cəzasından əvvəl azad olunmasına dair ərizəsi təmin edilmiş və o, cəzasının 02 ay 21 gün hissəsindən şərti olaraq azad olunmuşdur. (i.v 87-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2023-ci il tarixli, 684 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 94-95) Sübutların qiymətləndirilməsi haqqında 02 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 04 fevral 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, is uzra təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümə bükülmüş tədqiqatdan sonra qalıq qalan ümumi çəkisi 0,328 gram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut qisminda tanınsın və saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman narkotik vasitə heroinin elektron tərəzidə çəkilməsi zamanı çəkisinin 0.47 qram olması kimi müəyyən edilmiş göstərici nəzərə alınmayaraq məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023- cü il tarixli 6/706 saylı rəyində qeyd olunan 0,378 qram çəki əsas kimi götürülməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusatlarla bağlı barəsində cinayət təqibinin başlanması rədd edilməsi, iş üzrə tərtib edilmiş bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs ata adı fərqli şəkildə səhvən Əlamət kimi göstərildiyindən bütün istintaq sənədlərində onun ata adı "Alamat kimi oxunaraq qabul edilməsi, iş üzrə təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından həmin fakt üzrə cinayət işindən material ayrılaraq icraatıma qəbul edilməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqinda protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, bundan başqa cinayətin baş verməsinə səbəb olub şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması məqsədilə, eləcə də gələcəkdə bu cür cinayətlərin qarşısının alınması, Bakı şəhəri Xətai RPİ-nin 34-cu Polis Şöbəsinə təqdimat verilməsi qərara alınmışdıri.(v 97-102) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 1(101)-448/2015 saylı hökmü ilə təyin olunmuş (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarına əsasən həmin hökm uyğunlaşdırılmış) 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1423/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərarı üzrə çəkilməmiş 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni 22 sentyabr 2019-cu il tarixindən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, Azərbaycan Respubliksaı Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməsi, cəzasının əvvəli 22 sentyabr 2019-cu il tarixindən hesablanması hökm olunmuşdur. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladları vardır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, toz şəkilli olan maddəni təqdim etməsi və şəxsi istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Razin qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 01 ədəd bükümü 30 manat dəyərində aldığını bildirməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda residiv təhlükəli hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü mdadəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,378 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı övladlarının olmasını(CM59.1.3), əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2015-ci il tarixli, 1(101)- 448/2015 saylı hökmü ilə (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarına əsasən həmin hökm uygunlaşdırılmış) qəsdən ağır cinayət törətməyə görə cəzasını çəkib qurtarmadan yenidən qəsdən az ağır cinayət törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edilmiş və hər iki hökm üzrə məhkumluq müddəti ödənilmədiyindən, cəzasını çəkib qurtardığı xx.xx.2022-ci il tarixdən 06 il keçmədiyindən onun əməlində həmin məcəllənin 18.2.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residivi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin təhlükəli residivi(CM61.1.1) müəyyən edilmişdir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın və əməlində cəzanı ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ümumi təmiz çəkisi 0,328 qram olmaqla qalıq qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar