Məhkəmə qərarları › İş №1(011)-251/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-251/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-251/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri X3 və X6 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, 09 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, özgənin əmlakını talamaq məqsədilə, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Görüş” kafesinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, kafenin içərisində yerləşən bir ədəd dəyəri 220 manat olan "HP" markalı noutbuku gizli olaraq talayıb, zərəçəkmiş şəxsə zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığından, istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd gümüşü siqaret kağızına bükülmüş, çəkisi 0.324 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 10 fevral 2022-ci il tarixdə, saat 21:10-da oğurluq cinayət əməli törətdiyi üçün ünvan 4 ünvanının qarşısında saxlanılaraq, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızına bükülmüş, çəkisi 0.324 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, 09 fevral 2022-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, özgənin əmlakını talamaq məqsədilə, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Görüş” kafesinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olub, kafenin içərisində yerləşən bir ədəd dəyəri 220 manat olan “HP” markalı noutbuku gizli olaraq talayıb, zərəçəkmiş şəxsə zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığından, istintaqa məlum olmayan şəxsdən, 20 manat müqabilində, şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd gümüşü siqaret kağızına bükülmüş, çəkisi 0,301 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla, əynində olan göy rəngli cins şalvarın sağ cibində saxlamış, 10 fevral 2022-ci il tarixdə, saat 21:10-da oğurluq cinayət əməli törətdiyi üçün ünvan 4 ünvanının qarşısında saxlanılaraq, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd gümüşü siqaret kağızına bükülmüş, çəkisi 0,301 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə yaşamış və rəsmi olaraq heç bir yerdə işləməmişdir. Son zamanlar onların maddi vəziyyətləri pisləşdiyi üçün, artıq evin kirayəsini verməkdə çətinlik çəkmişlər. Ona görə də, gecələmək üçün 09 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində “Əhmədli” metorstansiyasının yaxınlığında yerləşən “Görüş” kafesi onların diqqətini çəkmişdir. O, həmin kafeyə daxil olaraq, hər hansısa bir otaqda gecələmək istəmişlər. Əvvəlcə o, kafenin hasarından tullanaraq, içəri daxil olmuş, sonradan isə Vaqif də içəri daxil olmuşdur. Onlar kafedəki otaqların birinə daxil olmuş və orada “HP” markalı noutbuku aşkar etmişlər. O, Vaqifə həmin noutbuku oğurlayıb satmaq istədiyini bildirmiş, Vaqif də onun təklifini qəbul etmişdir. Onlar restoranın otaqlarının birində qalıb, səhərə yaxın oradan çıxmağı fikirləşmişlər. Bir qədər sonra Vaqif ona kafeni gəzib baxmaq istədiyini bildirmişdir. Təxminən bir saat sonra Vaqifin gəlmədiyini görüb, kafenin daxilində Vaqifi axtarmağa başlamış, lakin tapa bilmədikdə, yenidən otağa qayıdaraq, noutbuku götürüb, hasardan tullanaraq, oradan uzaqlaşmışdır. Onun mobil telefonu olmadığı üçün, Vaqifin telefonu onda qalmışdır. Ona görə də, o, Vaqiflə əlaqə saxlaya bilməmişdir. O, Neapol dairəsi yaxınlığında yerləşən məhəllədə gecələmişdir. Səhər saatlarında o, metroya daxil olaraq “20 Yanvar” metrostansiyasına getmiş və Vaqiflə tez-tez görüşdükləri “Tələbə” çay evində oturmuşdur. Təxminən 1-2 saat sonra, Vaqif “Tələbə” çay evinə gəlmişdir. O, Vaqifdən nəyə görə kafedən getdiyini soruşduqda, Vaqif mühafizəçini gördüyünü və oradan qaçdığını bildirmişdir. Bundan sonra, o, mobil nömrə almaq üçün “Əhmədli” metrostansiyasının yaxınlığına gedən zaman, metrostansiyanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Şöbəsinə aparılmışdır. Orada oğurluğu Vaqiflə birlikdə etdiyini, o cümlədən Vaqifin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşəşn çay evində olduğunu bildirdikdən sonra, polis əməkdaşları Vaqifi tapmaq üçün dediyi ünvana getmişlər. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümdə olan psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Lakin, o, narkotik və psixotrop maddələrdən istifadə etsə də, həmin vaxt onun üzərində hər hansı bir maddə olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və oğurladıqları noutbuku sahibinə qaytardıqlarını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin müəyyən vaxtlarda kafe və restoranlarda kababçı işləmişdir. O, dostu Təqsirləndirilən şəxs1la birlikdə gündəlik 3 manat müqabilində kirayədə yaşamışlar. Son zamanlarda maddi vəziyyətləri pisləşdiyi üçün, artıq kirayə pulunu verməyə imkanları olmamışdır. Buna görə də, bəzi vaxtlarda çöldə gecələməyə məcbur olmuşlar. 08 fevral 2022-ci il tarixdə, axşam saatlarında Bəxtiyarla birlikdə “Əhmədli” metrostansiyasının yaxınlığında gecələmək üçün yer axtarmağa başlamışlar. Bir qədər gəzişdikdən sonra, təxminən gecə saat 02 rarələrində “Görüş” kafesinin qarşısından keçən zaman, həmin kafenin otaqlarının birində gecələmək qərarına gəlmişlər. Kafenin hasarından əvvəlcə Bəxtiyar, daha sonra isə o, tullanaraq kafeyə daxil olmuşlar. Kafenin otaqlarından birinə daxil olan zaman, bir ədəd “HP” markalı noutbuk onların diqqətini çəkmişdir. Bəxtiyar həmin noutbuku oğurlayıb satmağı təklif etmiş, o, da Bəxtiyarın fikiri ilə razılaşmışdır. O, kafedə kameranın olduğunu gördüyü üçün, otağı tapıb, kameranı sıradan çıxartmaq istəmişdir. Bu səbəbdən kafedə kamera otağını axtarmağa başlamışdır. Həmin zaman pivə aparatını görüb, pivə içmək istəmiş, lakin nə qədər cəhd etsə də, pivə aparatını işə sala bilməmişdir. Həmin vaxt o, mühafizəçini görüb, dərhal kafenin hasarından çöl tərəfə tullanaraq, qaçmağa başlamışdır. O, kafenin içərisində gəzən zaman, Bəxtiyar kafenin otağında qalmışdır. O, təxminən bir saat kafeni kənardan müşahidə etdikdən sonra, yenidən kafeyə qayıdarkən, Bəxtiyarın orada olmadığını görüb oranı tərk etmişdir. Bəxtiyarın özünün mobil telefonu olmadığından, onun mobil telefonu Bəxtiyarda olmuşdur. Ona görə o, Bəxtiyarla əlaqə saxlaya bilməmişdir. Lakin onlar tez-tez “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Tələbə” çay evində oturduqları üçün, o, səhər saatlarında həmin çay evinə getmişdir. Bəxtiyar həmin çay evində onu gözləmişdir. Bəxtiyar özü ilə oğurladıqları “HP” markalı noutbuku da gətirmişdir. Bir qədər orada oturduqdan sonra, Bəxtiyar “Əhmədli” metrostansiyasına tərəf gedib, mobil telefon nömrəsini almaq istədiyini bildirmişdir. Həmin vaxt o, kafedə qalmış, oğurladıqları noutbuk da onun yanında qalmışdır. Bundan təxminən 2-3 saat sonra polis əməkdaşları kafeyə daxil olaraq, oğurluq cinayətində şübhəli şəxs kimi onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən, o, Bəxtiyarla birlikdə kafedən oğurluq etdiyini etiraf etmişdir. Bundan başqa, polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümdə olan psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamağını etiraf etmişdir. Lakin, o, narkotik və psixotrop maddələrdən istifadə etsə də, həmin vaxt onun üzərində hər hansı bir maddə olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və oğurladıqları noutbuku sahibinə qaytardıqlarını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, həmin şəxslərə qarşı şikayət və tələblərinin olmadığını, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirməklə, təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, icarə əsasında Xətai rayonu, M.Hadi küçəsi 118B ünvanında yerləşən “Görüş” kafesini işlədir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmin şəxsləri yalnız icarədə işlətdiyi kafedə oğurluq baş verəndən sonra görmüşdür. Kafenin həyətində dörd ədəd otaq, həmçinin vitrin, vitrinin alt hissəsində soyuducu, vitrinin yanında isə pivə süzmək üçün aparat yerləşir. 09 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində naməlum şəxslər kafenin hasarından qanunsuz daxil olaraq, kafenin həyətində bir az gəzişdikdən sonra, otaqda ona məxsus “HP” markalı noutbuku oğurlamışlar. Həmçinin, həmin şəxslər kafenin həyətində yerləşən vitrinin alt hissəsində olan soyuducunun motorunun borusunu zədələmişlər. O, cümlədən pivə aparatının motor hissəsində yerləşən plastik qabı zədələmişlər. Onlar vitrindəki və pivə aparatındakı motoru sökərək oğurlamaq istəmişlər, lakin sonradan fikirlərini dəyişmişlər. Həmin əşyaların zədələnməsi ilə bağlı onun heç bir şikayət və tələbi yoxdur. O, səhər saatlarında kafeyə gəlib mətbəxin qapısının açıq olduğunu görüb şübhələndiyi üçün, kafenin kamera görüntülərinə baxan zaman, gecə saatlarında oğurluq hadisəsi olduğunu aşkar etmişdir. Ona görə dərhal DİNnin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları oraya gələrək, hadisə yerinə baxış keçirmiş və həmin günün səhərisi, yəni 10 fevral 2022-ci il tarixdə oğurluq edən şəxslər saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 fevral 2022ci il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında - M.Hadi küçəsi 118B ünvanında yerləşən “Görüş” kafesində oğurluq hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu ilə birlikdə hadisə yerində baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, oğurluğu xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adlı şəxslər törətmişlər. 10 fevral 2022-ci il tarixdə həmin şəxslər saxlanılaraq, 34-cü Polis Şöbəsinə gətirilmişdirlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 09 fevral 2022-ci il tarixdə, gecə saatlarında “Görüş” kafesinə hasardan tullanaraq, içəri daxil olub, içəridə yerləşən otaqdan “HP” markalı noutbuku oğurladıqlarını səmimi şəkildə etiraf etmişlər. Bundan sonra onların üzərinə şəxsi axtarış keçiriləcəyi barədə təhqiqatçı tərəfindən xəbərdarlıq edilmişdir. Bundan sonra, dəvət olunmuş müdafiəçinin iştirakı ilə onların üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və axtarış keçirilməmişdən əvvəl təhqiqatçı onlara üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə, təqdim etməsini təklif etmişdir. Həmin zaman, Təqsirləndirilən şəxs1 göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin kütlənin psixotrop maddə hesab olunan metamfetamin olduğunu və tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən, dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin kütlənin psixotrop maddə hesab olunan metamfetamin olduğunu və tanımadığı bir nəfər şəxsdən “20 Yanvar” metrostansiyasının yaxınlığında aldığını bildirmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq, ekspertizaya göndərilməsi üçün möhürlənmiş və üzərinə imzalar çəkilmişdir. Şahid həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxsləri saxlayarkən və sonradan polis şöbəsində olarkən, həmin şəxslərə qarşı hər hansı bir zorakı hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri özlərinin qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin təhqiqatçısının raportundan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, dalan 1, ev 2-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs 09 fevral 2022-ci il tarixdə icarəyə götürüb işlətdiyi ünvan 7 ünvanında yerləşən “Görüş” kafesinə hasardan keçmə yolu ilə daxil olaraq, otaqda olan özünə məxsus “HP” markalı noutbukun naməlum şəxs (lər) tərəfindən oğurlandığını aşkar etməsi barədə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə daxil olmuş ərizəsi qeydiyyata alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin hadisəni törədən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/1515 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Çində istehsal edilmiş “HP beatsaudio Pavilion dm4” markalı, 584037-251 modelli (Core İ5) noutbukun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti təxminən 220 manat müəyyən olunur. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus bir ədəd “HP beatsaudio Pavilion dm4” markalı, 584037-251 modelli (Core İ5) noutbuk iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 10 fevral 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, ağ rəngli, kristalşəkilli olan maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 həmin maddəni iki gün bundan əvvəl “Neftçilər” metrostansiyasının yaxınlığından öz istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmçinin, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 10 fevral 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, ağ rəngli, kristalşəkilli maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 həmin maddəni iki gün bundan əvvəl “20 Yanvar” metrostansiyasının yaxınlığından öz istifadəsi üçün 20 manata əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq yolu ilə əldə etdiyi bir ədəd çantasında olan “HP” markalı noutbuku və ona aid enerji yığması üçün istifadə olunan naqilləri könüllü olaraq təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 6/844 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 152” möhür əksi və “...Təqsirləndirilən şəxs1...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,324 qram ağ rəngli, kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra qalıq - 0,274 qramdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli, 6/843 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 152” möhür əksi və “...Təqsirləndirilən şəxs2...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,301 qram ağ rəngli, kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra qalıq - 0,251 qramdır. İş materiallarından görünür ki, 0,274 qram və 0,251 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən iki ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 01 mart 2022-ci il tarixli, 1029 və 1030 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 08 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 09 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci il tarixli maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli qərarı ilə 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda həmin məhkumluqlar ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzanı çəkib qurtardığı gündən, Təqsirləndirilən şəxs2 isə vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməllərini törətmişdirlər. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdikləri ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsələr də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin törətdikləri əməlləri qismən etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini və iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmələrini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarının əvvəli onların tutulduğu tarixdən, yəni 10 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəylərinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar yaşadıqları ərazinin narkoloji dispanserində qeydə alınmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,251 qram və 0,274 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “HP beatsaudio Pavilion dm4” markalı, 584037-251 modelli (Core İ5) noutbukun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,251 qram və 0,274 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “HP beatsaudio Pavilion dm4” markalı, 584037-251 modelli (Core İ5) noutbukun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 270 (iki yüz yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar