Məhkəmə qərarları › İş №1(011)-252/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-252/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-252/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,392 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 13 fevral 2023-cü il tarixdə saat 13:30-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3 yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,392 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsind Suraxanı Rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi üzrə icraat aparılır. Uzun müddətdir ki, işsizdir. Narkotik vasitə istifadəçisidir və tutulana qədər narkotik vasitə heroin istifadə etmişdir. Heroini müxtəlif tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 13 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb “Həzi Aslanov” metrostansiyası yaxınlığına getmiş, orada tanımadığı narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Həmin şəxsdən narkotik vasitə heroin istəmiş və o, bir ədəd gümüşü rəngli kağıza bükülmüş “kakos” adlandırılan narkotik vasitə heroin vermişdir. O, 15 manat ödəməklə həmin bükümü alaraq münasib vaxtda istifadə etmək məqsədi ilə əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Saat 13:30-da ünvan 5 ünvanının qarşısından keçərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişdirlər. Həmin polis əməkdaşları onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Bundan sonra o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsinə müdafiəçi dəvət edilmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. O, könüllü qaydada əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızda olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisindəkinin “kakos” adlandırılan heroin olduğunu və onu “Həzi Aslanov” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş və möhürlənərək qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Bundan sonra üzərində axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Protokol tərtib olunmuş iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Nifti Cəlal oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Şahid2 olmuşdur. 13 fevral 2023-cü il tarixdə saat 13:30-da Təqsirləndirilən şəxs Xətai rayonu, General Mehmandarov küçəsi 74 ünvanının qarşısında görüb onu saxlamışdırlar. Özlərini ona təqdim etdikdən sonra onu 35-ci Polis Bölməsinə dəvət etmişdirlər. O etiraz etməmiş və onlarla bölməyə getmişdir. Bölməyə Bakı şəhəri 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuş hüquq vəzifələri ona izah edilmişdir. Özünün, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Xətai RPİ-nin 35-ci PB-nin növbətçi köməkçisi, polis serjantı X1 videoçəkiliş aparması ilə təhqiqatçı, polis baş leytenant X2 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Nfti Əliyev cibindən çıxardığı həmin maddənin şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olduğunu etiraf etmiş və həmin bükümü “Həzi Aslanov” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı Zakir Bəhrəmov tərəfindən şübhəli şəxsin üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Şəxsi axtarş zamanı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi barədə birlikdə xidmət apardığı Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü özü, rəhbəri isə Şahid1 olmuşdur. Bununla əlaqədar olaraq 13 fevral 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında görüb saxlamışdırlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs olduğu üçün 35-ci Polis Bölməsinə dəvət etmişdirlər. Bölmədə olarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Özünün, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Zakir Bəhrəmov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və üzərində hər hansı qanunsuz əşya varsa, həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. O, həmin maddənin “kakos” deyilən narkotik vasitə olduğunu və onu şəxsi istifadə məqsədi ilə “Həzi Aslanov” metrostansiyası yaxınlığında tanımadığı və adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükülü onların qarşısında elektron tərəzidə çəkilərək 1,6 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı Zakir Bəhrəmov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa əşya, predmet aşkar edilməmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı və tərəflərindən imzalanmışdır. Həmin videoçəkiliş PB-nin növbətçi köməkçisi, polis serjantı Röyal Səmədzadə tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə prosesi təhqiqatçı Zakir Bəhrəmov tərəfindən protokollaşdırılmış və protokol özü də daxil olmaqla iştirakçıların hər biri tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 13 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində spesifik iyli, qəhvəyi rəngli narkotik maddə hesab olunan heroinə bənzər bükümü çıxarıb təqdim edərək həmin maddənin heroin “kakos” olduğunu, 13 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, 13 fevral 2023-cü il tarixdə G.Mehmandarov küçəsi 74 ünvanının qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1.6 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 34-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 6/893 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №154" möhür əksi, “...Təqsirləndirilən şəxs..” və s. soyadlar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,392 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 41-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 52-53); diskə baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 64-65); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-113/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 76-80); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 90-91); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən daxil olmuş 1(010)-208/2023 saylı xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi hal-hazırda icraatdadır və məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə, saat 11:25-ə təyin edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin xx.xx.2023-cü il tarixli 1003 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 98-99); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin və şahidin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.392 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.292 qram narkotik vasitə olan heroin Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd “CD-R” disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 101-108); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 vardır. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində spesifik iyli, qəhvəyi rəngli narkotik maddə hesab olunan heroinə bənzər bükümü çıxarıb təqdim edərək həmin maddənin heroin “kakos” olduğunu, 13 fevral 2023cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, 13 fevral 2023-cü il tarixdə G.Mehmandarov küçəsi 74 ünvanının qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.392 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin növünü və miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş ilkin təmiz çəkisi 1.392 qram tədqiqatdan sonra qalıq qalmış 1.292 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,392 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,292 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar