Məhkəmə qərarları › İş №1(011)-253/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-253/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-253/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, cavabdeh kimi ondan 6700,00 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30,00 manat məbləğində dövlət rüsumunun və 250,00 manat məbləğində vəkil bürosuna ödənilən xərcin tutularaq, Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli, 2(011)-5237/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 3(011)-1349/2020 saylı qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500,00 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 16 sentyabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla, rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirərək, 6980,00 manat məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməməklə, qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir və avtomobillərin satışı bazarında ikinci əl avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. 2019-cu ilin fevral ayında tanışı Zərərçəkmiş şəxs avtomobil almaq üçün ona müraciət etmişdir. O, avtomobil satışı ilə məşğul olanları tanıdığına görə, yaxşı vəziyyətdə avtomobil axtarışına başlamışdır. Bundan sonra, Zərərçəkmiş şəxs üçün “BMW-318” markalı avtomobili taparaq, sahibi ilə görüşüb avtomobilə baxmışdır. Həmin avtomobilə baxdıqdan sonra, avtomobilin yaxşı vəziyətdə olduğu üçün qiyməti ilə maraqlanmışdır. Avtomobilin sahibi 6400,00 manata satacağını ona bildirmişdir. O, Elmana həmin avtomobilin yaxşı vəziyyətdə olduğunu bildirərək, almağına razılıq vermişdir. Elman həmin ərəfələrdə işlədiyi yerdən çıxa bilmədiyi üçün, avtomobili almaqdan ötrü ona 6400,00 manat məbləğində pul vermişdir. O da, həmin avtomobili alaraq, notarial qaydada avtomobilin əvvəlki sahibi tərəfindən verilmiş etibarnaməyə əsasən, tanışı Elmanın adına baş etibarnamə almışdır. Avtomobili alandan sonra, o, avtomobildə olan bəzi nasazlıqları aradan qaldıraraq, texniki baxışdan keçirmişdir. O, avtomobili Elmana təhvil verən zaman, avtomobilin təmirinə xərclədiyi pulu sonuncu ona qaytararaq, avtomobili sürüb getmişdir. Avtomobil təhvil veriləndən bir gün sonra, Elman həmin avtomobil ilə Lənkəran rayonuna gedən zaman, avtomobilin mühərrikində nasazlıq yaranmış və Elman bununla bağlı onun mobil nömrəsinə zəng edərək, məlumat vermişdir. Elman avtomobili Lənkəran şəhərində fərdi fəaliyyət göstərən avtomobillərin təmiri yerinə apararaq, avtomobilin mühərrikini sökdürmüşdür. Bir müddət sonra Elman avtomobili evakuator vasitəsilə Bakı şəhərinə gətirərək, onun xəbəri olmadan yaşadığı evin qarşısında saxlayaraq, avtomobili almaq üçün verdiyi məbləği ondan tələb etməyə başlamışdır. Sonradan Elman ilə avtomobili başqa bir şəxsə satmaqla bağlı öz aralarında razılığa gələndən sonra, avtomobilə dair olan bütün sənədləri onun yaşadığı evə vermişdir. Həmin vaxtdan bir müddət keçdikdən sonra, Elman onun barəsində aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə 6700,00 manat pul vəsaitinin, ödənilmiş 30,00 manat dövlət rüsumunun və 250,00 manat vəkil bürosuna ödənilən xərcin ondan alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Lakin, o, 2020-ci ilin mart ayından pandemiya ilə əlaqədar, iş yerində qazanc əldə edə bilmədiyinə görə, Elmana olan borcundan heç bir ödəniş edə bilməmişdir. Sonradan həmin avtomobili idarə edərkən, yol polisi tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Zərərçəkmiş şəxs olan borcunu hal-hazıradək ödəyə bilməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur və Binəqədi rayonu, 8-ci mkr/n-da yerləşən mənzildə yaşayır. 2019-cu ilin fevral ayında avtomobil almaq qərarına gəlmiş və avtomobil alqı-satıqısı ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs müraciət etmişdir. Məmməd özünə məxsus “BMW-318” markalı avtomobilin olduğunu və həmin avtomobili satmaq istədiyini ona bildirmişdir. O, avtomobilə baxmaq üçün Məmmədin yaşadığı ünvanın qarşısına getmiş, avtomobilin vəziyyəti ilə maraqlandıqda, sonuncu avtomobilin saz vəziyyətdə olduğunu və avtomobili 6400 manata satacağını ona bildirmişdir. O, Məmmədi tanıdığına görə və etibar etdiyi üçün, razılaşmış və həmin məbləğdə pulu sonuncuya vermişdir. Bundan əlavə həmin vaxtı o, Məmmədə 400 manat da pul vermişdir ki, avtomobilin mühərrikinin yağını və nasaz olan digər hissələrini dəyişdirsin. Bundan bir neçə gün sonra, o, Məmməddən avtomobili təhvil almış və avtomobili təhvil alan zaman, sonuncu avtomobildə heç bir nasazlığın olmadığını bildirmişdir. Həmin gün aldığı avtomobil ilə Lənkəran rayonuna, yaxın qohumunun yas mərasiminə gedən zaman, Salyan rayonu ərazisində avtomobilin mühərrik hissəsində ciddi nasazlıq yaranmış və nasazlığın aradan qaldırılması üçün, avtomobili Lənkəran rayonunda avtomobillərin təmiri yerinə aparmışdır. Orada müəyyən edilmişdir ki, mühərrikin yağında kəskin azalma baş verdiyindən, mühərrik sıradan çıxmışdır. Bundan sonra, Məmmədlə əlaqə saxlayaraq, baş vermiş hadisəni sonuncuya danışmış, Məmməd isə avtomobili ondan götürüb, təmir etdirəcəyini söz vermişdir. Aralarında olan razılışmaya əsasən, Məmməd avtomobili təmir etdirəndən sonra, başqa bir şəxsə sataraq, verilən məbləği ona qaytarmalı idi. Lakin, bundan xeyli müddət keçməsinə baxmayaraq, Məmməd avtomobili və yaxud verilmiş məbləği qaytarmamışdır. Məmməd ona bildirmişdir ki, nə avtomobili, nə də ki, verilən pulu ona qaytarmayacaqdır. Sonradan məcbur olub, Təqsirləndirilən şəxs barəsində aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən, 6700 manat pul vəsaitinin və 250 manat vəkil bürosuna ödənilmiş xərcin Təqsirləndirilən şəxs alınaraq, ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs tərəfindən qətnamə üzrə heç bir ödəniş olmadığı üçün, sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü, icra məmuru tərəfindən təqdimat verilmişdir. Hal-hazıradək ona hər hansı bir məbləğdə ödəniş olunmamışdır. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-ci il tarixli icra sənədinə əsasən, 6700 manat məbliğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 250 manat məbləğində vəkil bürosuna ödənilən xərc Təqsirləndirilən şəxs alınaraq, Zərərçəkmiş şəxs ödənilməlidir. Xətai Rayon İcra Şöbəsində 07 fevral 2020-ci il tarixdə İcraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin icrasını təmin etmək məqsədi ilə, borcluya bildiriş göndərilmiş, məcburi icra tədbirləri olaraq sorğular verilmiş, lakin tələb yerinə yetirilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədi üzrə tələbi icra etmədiyinə görə, Xətai Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmiş və məsuliyyəti elan olunmaqla, sonradan ona yeni müddət verilmişdir. Lakin, Təqsirləndirilən şəxs öhdəliyini yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə dair təşəbbüs göstərməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibatı məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Beləliklə, borclu Təqsirləndirilən şəxs tərəfindən dövlətin adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən, barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün, müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5237/2019 saylı, 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs cavabdehlər Təqsirləndirilən şəxs və X5 qarşı avtomobilə görə ödənilmiş pulun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, 6700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 250 (iki yüz əlli) manat məbləğində vəkil bürosuna ödənilən xərcin Təqsirləndirilən şəxs alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi, iddianın qalan hissədə və X5 münasibətdə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5237/2019 saylı, 26 iyul 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi qanunla müəyyən olunmuş müddətdə könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1349/2020 nömrəli, 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5237/2019 saylı, 26 iyul 2019-cu il tarixli icra sənədini icra etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq, 10 (on) gün müddətində vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, 03 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 sentyabr 2022ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 aprel 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmündə göstərilmiş məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar