Məhkəmə qərarları › İş №1(011)-253/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-253/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-253/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Kiçikbəyov və Partnyorları Vəkil Bürosunun vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşamış, hazırda Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,574 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsininin 37-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 02 fevral 2023-cü il tarixdə saat 19:40-da ünvan 4 ünvanının qarşısında saxlanılıb ünvan 5 yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, problemləri olduğuna görə səkkiz aydır ki narkotik vasitələrdən istifadə edir. Xətai metrostansiyasının yanında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər, daha sonra polis bölməsində üzərinə baxış keçirilmiş, həmin vaxt üzərində olan bir büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. O, narkotik vasitəni Savalan qəsəbəsinin yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat qarşılığında almışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili X2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində saxlanılaraq polis şöbəsinə aparılmış, üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nun inspektor kriminalisti polis leytenantı X6 və müdafiəçi X5 iştirakları ilə Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 43 manat pulu, əynindəki gödəkcənin sağ yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon aparatlarını və həmin gödəkçənin sol iç cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü və həmin bükülünün içərisində olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin qızılı rəngli siqaretin kağızı açıldıqda, içərisində qəhvəyi toz şəkilli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddələrin elektron tərəzidə çəkiləri çəkilmiş və həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,85 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, 02 fevral 2023-cü il tarixdə Sabunçu rayonu, Savalan qəsəbəsində üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (i.v. 32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 fevral 2023-cü il tarixli 6/665 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,574 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbayacan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 40-43); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-79/2023 nömrəli, 04 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir (i.v. 76-81); qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 82-83); Cəlilabad Rayon Məhkəməsinin 4(073)-39/2023 nömrəli, 18 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı 04 (dörd) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmışdır Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 07 fevral 1995-ci il tarixli hökmü ilə CM-nin 215, 192-ci maddənin 2-ci hissəsi, 144-cü maddəsinin 2-ci hissəsi və 23-1-ci maddələrinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 (üç) il azadlıqdan şərti məhrum edilmişdir. Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 22 dekabr 1995-ci il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsinə, 220-2 maddəsinin 1-ci hissəsinə, 38 və 39-cu maddələrinə əsasən 07 il müddətinə azadlıqdan məhrum etmə edilmişdir. 29 iyun 1999-cu ildə AR CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 il 05 ay 23 gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2007-ci il tarixdə AR CM-nin 128 və 132-ci maddələri ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 02 fevral 2011-ci il tarixli hökmü ilə CM-nin 69.3 və 180.1-ci maddələrinə əsasən 10 ay 15 gün müddətə qazancından dövlət nəfinə on beş faizədək məbləğdə pul tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 67-ci maddələrinə əsasən 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2013-cü il tarixli qərarı ilə CMnin 177.2.2-ci maddəsi hökmdən xaric edilmiş, CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 67-ci maddəsi ilə əvvəlki hökmlə birləşdirilərək üzərində qəti olaraq 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 19 yanvar 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 90-92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 916 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 130-131); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu halda könüllü olaraq təqdim etməsi təklif edilir, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 43 manat pulu, əynindəki gödəkcənin sağ yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon aparatlarını və həmin gödəkçənin sol iç cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükülünü və həmin bükülünün içərisində olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin qızılı rəngli siqaretin kağızı açıldıqda, içərisində qəhvəyi toz şəkilli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddələrin elektron tərəzidə çəkiləri çəkilmiş və həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,85 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, 02 fevral 2023-cü il tarixdə Sabunçu rayonu, Savalan qəsəbəsində üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün 1 büküm edərək üzərində saxladığını bildirmişdir (i.v. 134-135); sübutların qiymətləndirilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/665 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 916 nömrəli rəyləri sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD-R” formatlı diskin maddi sübut kimi tanınması və istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0,574 qram maddi sübut kimi tanınması və qalıq qalmış 0,524 qram narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır ( i.v. 136-142); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146-ci maddələri). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.574 qram heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM- 158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «DVD-R» formatlı disk iş materiallarında saxlanılmalı (CPM- 132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixindən 04 fevral 2023-cü il tarixinədək tutularaq saxlanıldığı 02 (iki) gün, 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə müddətinə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti, olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,574 qram olan tədqiqatdan sonra qalıq qalmış 0,524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyərləri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar