Məhkəmə qərarları › İş №1(011)-254/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-254/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-254/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1975-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzaları əyin olunmuş, 08 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, cəriməni ödəməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Şəki Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl azad edilmiş, 30 dekabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə, qrup üzvləri 16 fevral 2021-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanının qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs1 evin qarşısında dayanıb ətrafı müşahidə etməklə kənar şəxslərin gəldiyi zaman məlumat verməli olduğu halda, Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin giriş darvazasının üzərindəki dəmir məftili açıb, evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra, oradan evin yataq otağına açılan pəncərəni fiziki güc tətbiq edib açaraq, evin içərisinə daxil olub, qonaq otağından Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində 01 ədəd “Eurolux” markalı televizoru, 01 ədəd 180 manat dəyərində kişi kostyumunu, mənzilin yataq otağında yerləşən dolabın içərisindən, cib hissələrində 1970 manat nağd pul, bir ədədinin qiyməti 200 manat olan 02 ədəd qızıl qadın üzüyü, 01 ədəd 300 manat dəyərində qızıl boyunbağı olan 200 manat dəyərində qadın kürkünü götürüb, Təqsirləndirilən şəxs1la birgə həmin əşyaları evdən çıxarmaqla, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3350 (üç min üç yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə, qrup üzvləri 16 fevral 2021-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanının qarşısına gəldikdən sonra, Təqsirləndirilən şəxs1 evin qarşısında dayanıb ətrafı müşahidə etməklə kənar şəxslərin gəldiyi zaman məlumat verməli olduğu halda, Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin giriş darvazasının üzərindəki dəmir məftili açıb, evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra, oradan evin yataq otağına açılan pəncərəni fiziki güc tətbiq edib açaraq, evin içərisinə daxil olub, qonaq otağından Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində 01 ədəd “Eurolux” markalı televizoru, 01 ədəd 180 manat dəyərində kişi kostyumunu, mənzilin yataq otağında yerləşən dolabın içərisindən cib hissələrində 1970 manat nağd pul, bir ədədinin qiyməti 200 manat olan 02 ədəd qızıl qadın üzüyü, 01 ədəd 300 manat dəyərində qızıl boyunbağı olan 200 manat dəyərində qadın kürkünü götürüb, Təqsirləndirilən şəxs2la birgə həmin əşyaları evdən çıxarmaqla, gizili olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3350 (üç min üç yüz əlli) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, 2020-ci ilin sonlarından qardaşı Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərinə gəlib, şəhərin müxtəlif yerlərində gündəlik evlərdə kirayə qalmışdır. Heç bir yerdə işləmədiyindən, maddi ehtiyaclarını qarşılıya bilməmişdir. 16 fevral 2021-ci il tarixdə, saat 14 radələrində qardaşı ilə birlikdə ağır xəstəlikdən əziyyət çəkən anasının müalicəsinə yardım etmək məqsədilə, pul toplamaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadıqları Yasamal rayonunda yerləşən “Asan Xidmət”in yaxınlığında kirayədə yaşadıqları evdən çıxıb avtobusa minərək, Xətai rayonu, Nobel prospektində “Kombinat” deyilən əraziyə getmişlər. Əllərində anasının xəstəliyinə aid arayışları götürüb qapı-qapı gəzərək, pul toplamağa başlamışlar. Saat 15 radələrində qardaşı ilə evlərin birinin qarşısından keçərkən, evlərdən birinin qapısını döymüşdür. Həmin evdən səs gəlmədiyini və evin dəmir qapısının məftil ilə bağlı olduğunu görüb, oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt o, qardaşına məhəllənin yuxarısında gözləməyi və kimsə gələrsə, xəbər etməyi bildirmiş və daha sonra həmin dəmir parçasını çıxardıb içəri daxil olmuşdur. İçəri daxil olan zaman, orada daha bir qapı olduğunu və həmin qapının bağlı olduğunu görmüşdür. Bundan sonra o, qapının yanında yerləşən evin nəfəsliyinin pəncərəsini itələyərək açıb evə daxil olmuşdur. Evi bir az axtardıqdan sonra o, qonaq otağında otan 01 ədəd televizoru, qonaq otağında olan paltar dolabından 01 ədəd kişi kostyumunu, evin yataq otağındakı dolabdan 01 ədəd qadın kürkünü götürüb, evin yataq otağındakı nəfəslik pəncərəsinin qarşısına yığmışdır. Daha sonra evin nəfəslik pəncərəsindən çölə çıxıb, qardaşı Sahibi səsləmişdir. O, Sahibə mənzildən oğurluq etdiyini və kömək lazım olduğunu bildirmişdir. Sahib həmin dəmir qapıdan içəri daxil otaraq əlində olan kişi kostyumunu və kürkünü götürüb çölə çıxmışdır. O, da televizoru götürərək çölə çıxmışdır, oradan Nobel prospektində yerləşən avtobus dayanacağına getmişlər. Dayanacaqdan avtobusa minərək, yaşadıqları evə getmişlər. Səhəri gün qardaşı Sahib televizoru götürüb evin kirayəsini ödəmək məqsədilə səhər saatlarında Şərifzadə küçəsində yerləşən lombardlardan birinə gedib, həmin televizoru ora 50 manat müqabilində girov qoymuşdur. O da, evdə olan zaman qadın kürkünə baxarkən, kürkün ciblərinin birində 02 ədəd qızıl qadın üzüyü, 01 ədəd qızıl qadın boyunbağının, digər cibində 1970 manat nağd pul olduğunu görmüşdür. Həmin qızılları, kostyumu və kürkü satmaq üçün axşam saatlarında “İnşaatçılar” metrostansiyasının yaxınlığına getmişlər. Ünvanını dəqiq bilmədiyi binaların arasında olarkən, bir xanıma anasının xəstə olduğu üçün qadın kürkünü 30 manata satmaq istədiyini bildirmişdir. Həmin xanım onunla razılaşmış və 30 manat nağd pul verərək, ondan kürkü almışdır. İrəlidə olan məhəllələrin birində 02 ədəd qadın üzüyünü və 01 ədəd qadın üzüyünü tanımadığı qadına anasının xəstə olduğu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin qadınla 380 manat müqabilində 02 ədəd qızıl üzüyü və 01 ədəd qadın boyunbağını satmışdır. Daha sonra, əlində olan kişi kostyumunu tanımadığı bir şəxsə 20 manat müqabilində təklif etmişdir. Həmin kostyumu da satdıqdan sonra, yaşadığı evə getmişdir. Mənzildən oğurladıqları əşyaların pulunu və həmin nağd pulu öz maddi ehtiyaclarına xərcləmişlər. Oğurluq hadisəsini qardaşı ilə birlikdə törətmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, 2020-ci ilin sonlarından qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərinə gəlib, şəhərin müxtəlif yerlərində kirayədə qalmışdır. 2019-cu il tarixdə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2020-ci ilin avqust ayında Şəki Şəhər Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. Həmçinin, onkoloji xəstəlikdən əziyyət çəkən anasının xəstəliyi ilə əlaqədar, xəstəxana xərclərini qarşılamaq üçün qardaşı ilə birlikdə özlərinə iş axtarmışlar. 16 fevral 2021-ci il tarixdə qardaşı ilə birlikdə anasının müalicəsinə yardım etmək məqsədilə pul toplamaq qərarına gəlmişlər. Bu məqsədlə, saat 14 radələrində yaşadıqları evdən çıxıb avtobusa minərək, “Əhmədli” metrostansiyasının qarşısında düşmüşlər. Oradan digər avtobusa minərək, Nobel prospektində “Kombinat” deyilən əraziyə getmişlər. Saat 15 radələrində əllərində anasının xəstəliyinə aid arayışları götürüb qapı-qapı gəzərək, pul toplamağa başlamışlar. Qardaşı ilə evlərin birinin qarşısından keçərkən, evin qapısını döymüşdür. Lakin, evdə heç kimin qapını açmadığını, evin qapısının məftil ilə bağlandığını görüb, evdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, irəli gedib məhəllənin yuxarı hissəsində gözləmişdir ki, kimsə gələrsə qardaşına xəbər etsin. Bir neçə dəqiqə sonra qardaşı Surac onu məhəllənin aşağısına çağırmışdır. O, ora çatan zaman, qardaşının həmin evin qapısından çölə çıxdığını, oğurluq etdiyi əşyaları çölə çıxarmaq üçün kömək istədiyini bildirmişdir. O da, həmin evin dəmir giriş qapısından içəri daxil olub qardaşına kömək etmişdir. Qardaşı evin nəfəslik pəncərəsindən 01 ədəd televizoru, 01 ədəd qadın kürkünü, 01 ədəd kişi kostyumunu götürüb, Nobel prospektində yerləşən avtobus dayanacağına getmişlər. Dayanacaqdan isə avtobusa minərək, yaşadıqları evə getmişlər. Səhəri gün o, televizoru götürüb evin kirayəsini ödəmək məqsədilə, səhər saatlarında lombardlardan birinə gedib, həmin televizoru ora təklif etmişdir. Lombardda işləyən şəxs ondan 50 manat müqabilində televizoru təhvil almışdır. O, həmin şəxsə 1 aydan sonra pulu qaytaracağını vəd edib televizoru götürəcəyini bildirmişdir. Daha sonra, yenidən yaşadığı evə getmişdir. Evə gedən zaman qardaşının evdə olduğunu və oğurladıqları qadın kürkünün içərisində 1970 manat nağd pul, 02 ədəd qızıl qadın üzüyü və 01 ədəd qızıl qadın boyunbağının olduğunu və həmin qızıl məmulatlarını özü satacağını bildirmişdir. Axşam saatlarında qardaşı evə gələrək, qızılların hamısını bir yerdə 380 manata, qadın kürkünü 30 manata, kişi kostyumunu isə 20 manata tanımadığı şəxslərə satdığını bildirmişdir. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Mədəniyyət və İncəsənət universitetində fəhlə kimi işləyir və hər gün səhər saat 09 rədələrindən axşam saat 18 radələrinədək işdə olur. X4 Maştağada yerləşən 1 saylı Əsəb Dispanserində sanitar kimi fəaliyyət göstərir. X6 isə böyük oğlu Şahid1 yanında mebel sexində işləyir. Şahid1 evli olduğundan, onlarla birgə yaşamamışdır. Ailədə hamı işlədiyi üçün, hər gün səhər saat 07:30-dan hamısı evdən çıxıb öz işlərini görmək üçün getmişlər. Axşam saat 19 rədələrində isə hamısı işdən sonra evdə olmuşdur. 16 fevral 2021-cı il tarixdə işlərini tez bitirdiyindən, evə tez getməyi qərarlaşdırmışdır. Yaşadığı ev həyət evi olduğundan, çöl qapı gecə saatlarına kimi açıq olmuşdur. Günorta saatlarında işdən çıxıb, yaşadığı evin həyətinin çöl qapısını açıb içəri daxil olan zaman, evdə olan “Eurolux” markalı televizorun yerində olmadığını görmüşdür. Həmin vaxt arvadına zəng vuraraq, televizorun harada olduğunu soruşmuşdur. Arvadı isə ona televizorun evdə olacağını bildirmişdir. Bundan sonra o, evində oğurluq baş verdiyini anlamışdır. Bununla əlaqədar evi axtarmağa başlamışdır. Evə baxış keçirən zaman, müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər yaşadığı evə pəncərədən daxil olaraq, televizordan əlavə yataq otağındakı paltar dolabından ciblərində 1.970 manat nağd pul, hər birinin dəyəri 200 manat olan iki ədəd qızıl qadın üzüyü, bir ədəd 300 manat dəyərində qızıl qadın boyunbağı olan 200 manat dəyərində qadın kürkünü, qonaq otağındakı paltar dolabından isə bir ədəd 180 manat dəyərində kişi kostyumu oğurlamışlar. Bundan sonra, oğlu Şahid1 zəng vuraraq, evdə oğurluq olması barədə məlumat vermişdir. Oğlu isə DİN-nin 102 xidmətinə zəng vuraraq, bu barədə məlumat vermişdir. Daha sonra yaşadığı mənzilə polis əməkdaşları gəlmiş və ondan hadisə yerində ərizə almışlar. Əşyalardan qadın kürkü və qızıl-zinət əşyaları arvadına məxsus olsa da, həmin əşyaları öz vəsaiti hesabına aldığı üçün, bütün maddi ziyan ona dəymişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3550 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, evindən oğurluğu Surac və Təqsirləndirilən şəxs1 qardaşları törətmişlər. Hazırda isə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxslərə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Xətai rayonu, Mədinə Gülgün küçəsi, ev 11, mənzil 9 ünvanında anası Samirə Həsənova ilə birlikdə yaşayır. Özü şirkətdə rəngsaz işləyir və hər gün səhər saat 09 radələrindən axşam saat 18 radələrinədək işdə olur. Atası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində fəhlə işləyir, anası isə Maştağa qəsəbəsində yerləşən 1 saylı Əsəb Dispanserində sanitar işləyir. Valideynləri hər gün səhər saatlarında evdən çıxıb axşam saat 17 rədələrində evə qayıdır. 16 fevral 2021-ci il tarixdə işdən çıxıb öz yaşadığı mənzilə gedən zaman, atası Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona zəng vuraraq, evdə televizorun yerində olmaması barədə məlumat vermişdir. O da, atasına heç nəyə əl vurmamağı tapşırmışdır. Bundan sonra o, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq, atasına məxsus evdən oğurluq baş verdiyini bildirmişdir. Axşam saatlarında atası ilə əlaqə saxlamış və həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxslər atasının yaşadığı evin nəfəslik pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq oradan 500 manatlıq “Eurolux” markalı televizoru, yataq otağındakı paltar dolabından ciblərində 1970 manat nağd pul, hər birinin dəyəri 200 manat olan iki ədəd qızıl qadın üzüyü, bir ədəd 300 manat dəyərində qızıl qadın boyunbağı olan 200 manat dəyərində qadın kürkünü, qonaq otağındakı paltar dolabından isə bir ədəd 180 manat dəyərində kişi kostyumunu oğurlamışlar. Nəticədə baş vermiş hadisə zamanı atasına ümumi olaraq 3550 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Şahid2 məhkəməyə ünvanladığı müraciətindən görünür ki, o, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, o, ünvan 4 ünvanının 1-ci mərtəbəsində yerləşən lombardın sahibidir. Hər gün səhər saat 09:00 dan axşam saat 19:00-a kimi həmin lombardda olub, insanlardan girov müqabilində müxtəlif əşya və qızıl-zinət əşyalarını götürüb əvəzində pul verir. 16 fevral 2021-ci il tarixdə, saat 18 radələrində lombardda olan zaman, bir nəfər şəxs televizor ilə içəri daxil olmuşdur. Həmin şəxs əlində olan televizoru girov qoyub, əvəzində pul götürmək istədiyini bildirmişdir. O, adının sonradan Sahib olduğunu öyrəndiyi şəxsdən televizoru nə məqsədlə girov qoymaq istədiyini maraqlandıqda, həmin şəxs anasının xəstə olduğu üçün dərman ala bilmədiyini bildirmişdir. O, Sahibdən ondan televizorun oğurluq olub-olmadığını maraqlandıqda isə, Sahib televizorun özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, Sahibə 50 manat pul müqabilində girov bileti təqdim edərək televizoru təhvil almışdır. 50 manatı aldıqdan sonra həmin şəxs 1 aya pulu qaytaracağını və televizorı gəlib götürəcəyini bildirmiş və ona məxsus lombarddan uzaqlaşmışdır. Televizoru təhvil aldıqdan sonra, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Aprel ayının əvvəllərində lombardda olduğu zaman, polis əməkdaşları televizoru girov qoyan şəxslə içəri daxil olub, həmin şəxsin girov qoyduğu televizorun oğurluq olduğunu bildirmişlər. Lombardda həmin televizorun və oğurluq televizoru ona girov qoyan şəxsin şəkillərini çəkərək çıxıb getmişlər. O, həmin televizorun oğurluq olduğunu bilməmiş və həmin televizoru girov bileti əsasında 50 manat pul müqabilində əldə etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onların təqsiri etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, diskdə olan videofayl açıldıqda, ekranda 16 fevral 2021-ci il tarixdə 26 saniyəlik Xətai rayonu, Nobel prospektinin ümumi görüntüsü vardır. Görüntüdə saat 12:19:10-da ağ rəngli sərnişin avtobusunun dayanacağa daxil olaraq dayanıb qapılarının açılması, əynində qara rəngli gödəkçə olan iki nəfər kişi cinsindən olan şəxsin avtobusun ön qapısından düşərək, Xətai rayonu, Mədinə Gülgün küçəsi istiqamətinə doğru getməsi müşahidə olundu. Diskdə olan digər videofayl açıldıqda, ekranda 16 fevral 2021-ci il tarixdə 59 saniyəlik Xətai rayonu, Nobel prospektinin ümumi görüntüsü vardır. Görüntüdə saat 13:34:05-də ağ rəngli sərnişin avtobusunun dayanacağa daxil olaraq, dayanıb hər iki qapılarının açılması, birinci videofaylda olan iki nəfər kişi cinsindən olan şəxslərin sürətli addımlarla avtobusa doğru getməsi, həmin şəxslərdən birinin əlində çanta, digərinin əlində parçaya bükülmüş bir bağlamanın olması, hər iki şəxsin avtobusa mindikdən sonra avtobusun hərəkət edərək, getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 videogörüntülərdə əynində qara rəngli gödəkçə olan şəxslərdən birinin özü, digərinin isə qardaşı Təqsirləndirilən şəxs1 olduğunu, avtobusdan düşərkən, oğurluq etdikləri evə getdiklərini, oğurluq etdikdən sonra, oğurladıqları əşyaları götürüb tələsik avtobusa minərək, oradan uzaqlaşıb getdiklərini bildirmişdir. Həmçinin, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 videogörüntülərdə əynində qara rəngli gödəkçə olan şəxslərdən birinin özü, digərinin isə qardaşı Təqsirləndirilən şəxs2 olduğunu, avtobusdan düşərkən, oğurluq etdikləri evə getdiklərini, oğurluq etdikdən sonra, oğurladıqları əşyaları götürüb tələsik avtobusa minərək, oradan uzaqlaşıb getdiklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli, 3/433 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizm təyinatı üzrə istifadəyə yararlıdır və onun səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Bununla belə silindrik mexanizmin ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Təqdim edilmiş qıfılın konstruksiyasına görə onu hər hansı bir predmetin köməyi ilə iz yaratmadan açmaq olar. İş materiallarında olan "xxxx" MMC-nin 13 aprel 2021-ci il tarixli, 106 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd istifadədə olmuş “Eurolux” markalı, LED40ast-DN4 modelli televizorun işlənmə dərəcəsi nəzərə alınmaqla, hazırki vəziyyətdə 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 300 manat müəyyən edilir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Eurolux” markalı televizor maddi sübut kimi tanınaraq, sahibinə geri qaytarılmışdır. İş materiallarından görünür ki, 16.02.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş “811483” nömrəli girov biletinin surəti və 16.02.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntüləri əks olunmuş 01 ədəd “DVD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 06 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli 06 aprel 2021-ci il tarixdən hesablanmaqla, 1 (bir) ay 10 (on) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13.04.2021-ci il tarixli tələbnamədən və Yevlax Rayon Məhkəməsinin 1(039)- 72/2017 saylı, 20 aprel 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, ona Yevlax Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə və 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzaları təyin olunmuşdur. Həmçinin, Salyan Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzası 1 (bir) il 10 (on) aya endirilmiş, 08 noyabr 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 20 aprel 2021-ci il tarixli arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 1(039)-72/2017 saylı, 20 aprel 2017-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə məbləğini dövlət büdcəsinə ödəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 13 aprel 2021-ci il tarixli tələbnamədən və Yevlax Rayon Məhkəməsinin 1(039)- 45/2019 saylı, 04 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, şərti məhkum etmə ləğv edilmiş və Təqsirləndirilən şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 (beş) ay 25 (iyirmi beş) gün müddəti Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəki Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün vaxtından əvvəl azad olunmuş, 30 dekabr 2020-ci ildə cəzasını çəkib qurtarmışdır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş institutlardan biri olan cəzadan azad etmənin əsasları həmin Məcəllənin bir neçə maddəsində nəzərdə tutulmuşdur. Bu əsaslara cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə aiddir (Cinayət Məcəlləsinin 76-82-ci maddələri). Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxslərin törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini və zərərçəkmiş şəxslə barışıq əldə etmələrini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, təhlükəli residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 məhkum olunmasına dair Yevlax Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü çıxarıldıqdan sonra hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və həmin hökm üzrə təyin edilmiş cərimə cəzasını çəkmədiyini nəzərə alaraq hesab edir ki, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza, ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Qeyd olunan maddənin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, onlara təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarının əvvəli tutulduqları vaxtdan, yəni 06 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Eurolux” markalı televizorun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - 16.02.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş 811483 nömrəli girov biletinin surəti və 16.02.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntüləri əks olunmuş bir ədəd “DVD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 50 (əlli) manat məbləğində məhkəmə xərci isə müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarda cərimə və 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 06 aprel 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 06 aprel 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd “Eurolux” markalı televizorun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan - 16.02.2021-ci il tarixli Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş 811483 nömrəli girov biletinin surəti və 16.02.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntüləri əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 50 (əlli) manat məbləğində məhkəmə xərci isə müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar