Məhkəmə qərarları › İş №1(011)-254/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-254/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-254/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ucar rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan iş üzrə barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,590 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayaraq daşımış, onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 fevral 2025-ci il tarixdə saat 21:55-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,590 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokol, şəxsi axtarış və baxış keçirilməsi aparılarkən video çəkiliş üçün istifadə edilmiş 02 ədəd CD disk, əldə edilmiş maddi sübut, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı Şəhər Xətai Rayon Polis İdraəsinin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 17 fevral 2025-ci il tarixdə, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və üzərində daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 17 fevral 2025-ci il tarixdə saat 21:55 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün Bakı şəhəri, Xətai rayonu, İ.Məmmədov küçəsinə gedib əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs, İ.Məmmədov küçəsi 26 saylı ünvanın qarşısında küçə ilə piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərib özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib üzərində qanunsuz olan hər-hansı əşya vardırsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı ünvanda videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyə bükülmüş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddənin adını "daş" kimi bildiyi narkotik olduğunu, tanımadığı şəxsdən 10 manat pul ödəməklə öz şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon, qəpik pullar, açar, pul kisəsi və bir qutu siqaret də aşkar edilmişdir. Aşkar edilmiş "Redmi" markalı mobil telefon toplanmış material ilə birlikdə istintaqa təqdim edilmiş və digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Daha sonra həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və çəkisi müəyyən edildikdən sonra qablaşdırılmışdır. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş sonra 34-cü polis şöbəsinə gəlib, təhqiqatçı tərəfindən çəkilişə baxıldıqdan sonra aşkar edilmiş büküm tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər Şahid1 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi olaraq etiraf etməsini nəzərə alaraq iştirak etməyən şahidlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); 17 fevral 2025-ci il tarixli “şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, 17 fevral 2025-ci il tarixdə Xətai RPİ-nin 34-cü P5-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 va X5 daxil olmuş əməliyyat məlumatı üzrə müvafiq tədbir keçirməklə saat 21:55-də Bakı şəhəri, Xətai rayonu, İ.Məmmədov 26 ünvanında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim edib videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli olmasını bildirməklə üzərindəki əşyaları təqdim etməsini bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək bükümdəki maddənin narkotik olmasını, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etməsini bildirir. Həmin büküm elektron tərəzidə çəkilir, çəkisinin 1.01 qram olması müəyyən edilməklə qablaşdırılır.(i.v 13-14) 17 fevral 2025-cü il tarixli "təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 21:55-də ünvan 4 ünvanda narkotiklərin qanunsuz dövriyyəsinə şübhəli bilinib saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilməsinə dair təqdim edilmiş videogörüntüyə, eyni zamanda Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümə baxış keçirilmiş və maddi sübut əhəmiyyəti daşıdığı uçün gotürülümüşdur. (i.v 18) Şübhəli şəxsin tutulması haqqında 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 fevral 2025-ci il tarixdə, saat 22:45-də Xətai RPİ 34-cü PŞ-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən saat 21:55-dən hesablanmışdır ( i.v. 28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 18 fevral 2025-ci il tarixli 6/746 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN №152 möhür əksi " Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,590 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(i.v 40-44) (ekspertiza xərci 114 manat) 19 fevral 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, birinci diskin içərisində 01 ədəd "mp4" formatlı video görüntü mövcuddur. Belə ki, birinci videogörüntünün birinci saniyəsindən etibarən 17 fevral 2025-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin şöbənin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili X3 videoçəkiliş aparması ilə özlərini təqdim edərək həmin gün saat 21:55-də Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi 26 ünvanın qarşısında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmadı ilə bağlı üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa təqdim etməsi təklif edilir. Bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim edilən bükümdə adını "Daş" kimi bildiyi metamfetamin adlanan psixotrop maddə olmasını, həmin narkotiki öz istifadəsi üçün tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını, özünün narkotik vasitə istifadə etdiyini, əvvəllər məhkum olunmadığını deyir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən qəpik milli pullar və bir ədəd açar, üzərindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd "Redmi" markalı içərisində ***-***-**-** sayh mobil nömrə olmasını bildirdiyi mobil telefon, gödəkçənin sol yan cibindən bir qutu siqaret, həmin gödəkçənin iç cibindən bir ədəd içərisində Təqsirləndirilən şəxs məxsus sənəd, metro kartı, plastik bank kartı olan pul kisəsi aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılaraq içərisindəki kütlə aşkar edilir və elektron tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 1.01 qram olması müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılıb üzəri möhurlənir. İkinci diskdəki videogörüntünün birinci saniyəsindən etibarən 17 fevral 2025-ci il Jurinda Yatai BPL-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin şöbənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili X5 bir neçə dəqiqə əvvəl keçirilmiş əməliyyat tərbiri zamanı saat 21:55-də ünvan 5 ünvanın qarşısında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış bükümün olduğu zərfi və əməliyyat çəkilişini Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Ağasəf Şəhriyarova təqdim edirlər. Təhiqatçı tərəfindən təqdim edilmiş bükümə eyni zamanda əməliyyat çəkilişinə baxış keçirildikdən sonra bükümdəki kütlə tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspetizaya göndərilir.(i.v 50-51) 19 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 56-57) 19 fevral 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 75-76) 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 77-78) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(i.v 90) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1700 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür.( i.v.107-108); Sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmaqla barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınması, aparılmış istintaqla əməlində Azərbaycan Republikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilsin və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən material ayırılması və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin davam edirilməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməməsi, Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran, həmçinin həmin Məcəllənin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməməsi nəzərə alınması, video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 0,590 qram metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin metamfetaminin 0,540 qram qalığı saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilsin və ekspert rəyində qeyd edilən miqdar əsas götürülməsi, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadəsi, baxış protokolu, ekspertiza rəyləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. ( i.v 109- 114). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə şəxsi axtarış və götürmə protokolunda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,590 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə olunmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün ona təyin olunmuş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 02 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,540 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) saat üçün nəzərdə tutulan 165 (yüz altmış beş) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar