Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-255/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” ASC-də aparıcı mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, 09.12.2020-ci il tarixdən yeni nov koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları’’nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoxluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 12 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu Oqtay Vəliyev küçəsi, 14 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Miçurin küçəsi, 18 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsi, 19 dekabr 2020-ci il tarixdə isə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçələrində piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış və hal-hazırda “xxxx" QSC-də aparıcı mühəndis vəzifəsində işləyir. 09.12.2020-ci il tarixdə 7 saylı poliklinikanın əməkdaşları onun yaşadığı evə gələrək ondan “Covid-19" testi götürmüşlər, 11.12.2020-ci il tarixdə onun analizlərinin cavabı müsbət çıxdığına görə, TƏBİB-dən arvadı X1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gələrək, cavabların müsbət olduğunu və evdən çölə çıxmamağını demişlər. Həmin vaxtdan etibarən o, müalicələrini ev şəraitində almış və 2020-ci ilin dekabr ayının 21-də artıq xəstəlik müddəti bitdiyinə və 20 dekabr bazar gününə düşdüyünə görə, 19-da o bülleteni bağlatdırmaq məqsədilə poliklinikaya getmək istəyən zaman polis əməkdaşları məlumat almış və ona yaxınlaşaraq xəstə ola-ola bayıra çıxmamağını demişlər. Əlavə olarq o bildirmişdir ki, 09 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixədək axşamlar hava almaq üçün evi tərk etmiş, yaşadığı evin ətrafında gəzmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012ci ildən DİO-da xidmət edir, 2020-ci ildən Xətai RPİ-nin 34-cü PŞ CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 19.12.2020-ci il tarixdə inzibati ərazidə xidmət aparan zaman daxil olmuş məlumata əsasən, koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs özünü təcrid qaydalarını pozaraq, yaşadığı ünvanı tərk etmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşıb, sosial məsafəni gözləyərək onu 34-cü PŞ-nə dəvət etmişlər. Şöbədə təhqiqatçı polis baş-leytenantı Elxan Qəribov vətəndaşla profilaktik söhbət edərək izahatını almışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha ifadəsində təsdiqləmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu Məzahir Rüstəmov küçəsində yerləşən 7 nömrəli şəhər poliklinikasında 15 nömrəli sahənin həkimidir. 07.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs poliklinikaya müraciət etmiş, 09.12.2020-ci il tarixdə xəstədən yaxma götürülmüş, 11.12.2020-ci il tarixdə pozitiv cavabı çıxmışdır. X2 qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə sahə həkimi olduğundan mütəmadi olaraq İsmayılla telefon vasitəsilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb öz tövsiyələrini vermişdir. O, Təqsirləndirilən şəxsla hər dəfə əlaqə saxlayanda nəyinki İsmayıla tibbi tövsiyələrini, hətta Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən karantin nəzarətinə götürülmüş şəxslərin qarşısına qoyulmuş tələblər barədə də məlumat vermişdir. O, dəfələrlə İsmayıla onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltması üçün ayrı otaqda qalmasını, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmasını, onunla birgə yaşayan şəxslərlə ən azı iki metr məsafədə olmasını və ünsiyyət zamanı tibbi maskadan istifadə etməsini, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməsini, mənzilin daxilində mümkün qədər az hərəkət etməsini, ümumi istifadə yerlərini tez-tez havalandırmasını və özünü təcridetmə müddəti bitənə kimi yaşadığı mənzili qəti olaraq tərk etməməsini bildirmişdir. Bundan əlavə olaraq o, İsmayıla özünü təcrid etmə müddətinin 14 gün olduğunu və yalnız bu müddət keçdikdən sonra yenidən müayinəsinin nəticəsinin neqativ çıxdığı halda yaşadığı mənzili tərk edə biləcəyini izah elmişdir. İsmayılın xəstəlik dövründə özünü təcridetmə qaydalarını pozaraq yaşayış ünvanını tərk etməsini bilməmişdir. Bu barədə 2021ci ilin yanvar ayının əvvəllərində İsmayıl ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanan zaman İsmayıl ona yaşadığı evdən küçəyə çıxdığı üçün polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v.01); DVD diskə baxış keçirilməsi haqqında 26 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD” formatlı diskdə “WhatsApp Video 2020-12-19 at 14.44.28” adlı “mp 4” formatlı video fayl açıldıqda 1 ədəd qara gödəkcə geyinmiş və ağzında qara rəngli maska olan şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olmasını, koronavirus xəstəsi ola-ola özünü təcrid qaydalarını pozaraq, bülletenini bağlatdırmaq üçün poliklinikaya getdiyini bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olmasını, 19 dekabr 2020-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 2nını tərk edərək Məzahir Rüstəmov küçəsində yerləşən 7 saylı poliklinikaya getmək istədiyini və arabir yaşadığı ünvanın həyətinə düşərək hava aldığını səmimi şəkildə etiraf etmişdir (i.v. 12-13); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (i.v. 16); məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında 15.01.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin ekspertlərinə həvalə edilmişdir (i.v. 17-18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 7 nömrəli poliklinikasının ambulator kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 07.12.2020-ci il tarixdə üşütmə, hərarət, kəskin baş və əzələ ağrısı şikayətləri ilə telefonla sahə həkiminə müraciət etmişdir. Şikayətləri nəzərə alınaraq 07.12.2020-ci il tarixdən Covid 19 şübhəli diaqnozu ilə əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. 09.12.2020-ci ildə xəstədən yaxma götürülmüş və 11.12.2020-ci ildə Covid 19 diaqnozu təsdiqlənmişdir. 07.12.2020-ci il tarixdən 24.12.2020-ci ilədək ev şəraitində özünü təcrid prinsipi ilə ambulator müalicə alınmışdır. 25.12.2020-ci ildə sağalma diaqnozu ilə işə yazılmışdır (i.v. 21-22); Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Birliyinin 01.02.2021-ci il tarixli 03 saylı xasiyyətnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanında yaşayır və daimi pasport qeydiyyatındadır. Həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində ünvan 3 ya təqsirləndirici material daxil olmamışdır (i.v. 28); cinayət işinin dayandırılması haqqında 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v.39); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.41); cinayət işinin dayandırılması haqqında 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (i.v.45); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.47); CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrəsinin anten dairəsi 07 dekabr 2020-ci il tarixdən 19 dekabr 2020-ci il tarixinədək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, R.Rüstəmov küçəsi; Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 saylı binanın qarşısı; Bakı şəhəri, Xətai rayonu, X7 küçəsi 25; Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi 9; Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 23 saylı binanın yaxınlığındakı məntəqənin damı; Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 9; Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, H.Əliyev adına parkın ərazisi; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 7C; Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın damı; Bakı şəhəri, Nizami rayonu, M.H.Kazımov küçəsi 48; Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2074-cü məhəllə, 17 saylı yanacaq doldurma məntəqəsi; Bakı şəhəri, Nizami rayonu, Xarici dairəvi küçəsi, 2405-ci məhəllə, Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu küçəsi 2136; Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə; Bakı şəhəri, Cənub korpusu 3; Bakı şəhəri, Nərimanov rayonu, Micurin küçəsi 6, mənzil 22, ünvan 4 ünvanları kimi müəyyən olunmuşdur.(i.v. 49-59); Məhkəmə-tibbi ekspertiza və X3 11.02.2021-ci il tarixli 146/KEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs 07.12.2020-ci il tarixdə koronavirus infeksiyası ilə əlaqədar laborator müayinədən keçirilmiş və onda müayinə nəticəsi pozitiv olmuşdur, 19.12.2020-ci il tarixdə koronavirus infeksiyasının daşıyıcısı olmuşdur, 19.12.2020-ci il tarixdə koronavirus infeksiyasının daşıyıcısı olmuş və sanitar-gigiyena qaydalarını pozmaqla onun digər şəxsləri həmin virusa yoluxdurması istisna edilmir, koronavirus (Covid-19) infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i.v. 61-63); 02 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 64-65); qətimkan tədbirinin seçilməsi haqqında 02 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 81-82); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, məhkəmə-tibbi ekspertizasının 11.02.2021-ci il tarixli 146/KEŞ nömrəli rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X4 alınmış 14 yanvar 2021-ci il tarixli 5 nömrəli, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış 12.02.2021-ci il tarixli 10/122 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri, Xətai rayonu, Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış 16.02.2021-ci il tarixli 11-19/86-17 nömrəli sorğuya cavab məktubları sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən alınmış 01 ədəd “CD” formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, iş üzrə Təqsirləndirilən şəxs 16.12.2020-ci il tarixdə yaşadığı evi tərk etməsini bildirməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 86-92); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-255/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-255/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver