Məhkəmə qərarları › İş №1(011)-255/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-255/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-255/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1958-ci ildə Qubadlı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 73, mənzil 3-də qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 23, mənzil 62-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən həmin dövr üçün Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının Biləsuvar-Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsinə təyin olunmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək 2016-cı ilin mart ayının sonlarında ünvan 1 ünvanda yerləşən «Nargilə» kafesinin yaxınlığında Zərərçəkmiş şəxs ona məxsus 5.000 manat, 2016-cı ilin may ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən «Dənizkənarı Bulvar» ərazisində 10.000 manat, 2016-cı ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanın yaxınlığında 1.000 manat, 2016-cı ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanın yaxınlığında 1.000 manat, 2016-cı ilin noyabr ayının ortalarında ünvan 2 ünvanın yaxınlığında 1.000 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ümumilikdə Zərərçəkmiş şəxs məxsus 18.000 manat məbləğində pulu ələ keçirməklə sonradan həmin məbləğin 10.000 manat olan hissəsini nağd formada qaytararaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 8.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin əvvəllərində tanışı Mirnazir onunla əlaqə saxlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının Biləsuvar rayon şöbəsinin rəisi vəzifəsi ştatının boş olmasını bildirib həmin vəzifəyə təyin olunmasında əlaqələri vasitəsilə ona köməklik göstərməyini xahiş etmişdir. O da həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsində işləyən Səlim Müslümovun qohumu olan və hazırda dünyasını dəyişmiş tanışlarından birinin vasitəsilə maraqlanacağını bildirmişdir. Bir neçə gün sonra Mirnazirlə əlaqə saxlayıb həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində çalışan Əjdər Cəbiyevin qəbuluna gedəcəklərini və ona qədər bütün lazımi sənədləri toplamalı olmasını bildirmişdir. 2016-cı ilin mart ayının təxminən sonlarında Xətai rayonu ərazisində yerləşən «Nargilə» kafesinin yaxınlığında Mirnazirlə görüşmüşlər. Həmin vaxt ortaq tanışları olan Niyaməddin adlı şəxs də yanlarında olmuşdur. Görüş zamanı Mirnazir ona işə düzəlmə məsələsi ilə bağlı 5.000 manat məbləğində pul vermişdir. O da həmin məbləğdə pulu sayıb qəbul etmiş və bir neçə gün ərzində işlə bağlı ona məlumat verəcəyini bildirmişdir. Bu görüşdən təxminən 2 ay sonra Mirnazirin işə düzəlmə məsələsi ilə bağlı təcili pul lazım olduğundan ona zəng edib artıq onun vəzifəyə təyin olunma məsələsinin razılaşdırıldığını və bunun üçün təcili olaraq 10.000 manat məbləğində pul lazım olmasını bildirmişdir. Həmin günü axşam saatlarında Mirnazirlə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Bulvar ərazisində görüşmüşdürlər. Mirnazir 10.000 manat məbləğində pulu ona vermiş, o da pulu sayıb qəbul etmişdir. Bundan sonra 2016-cı ilin təxminən oktyabrnoyabr ayları ərzində dəqiq xatırlamadığı tarixlərdə Mirnazir yaşadığı Xətai rayonu, Gəncə prospektində yerləşən evinin yaxınlığında əlavə üç dəfəyə olmaqla cəmi 3.000 manat məbləğində pul vermişdir. Mirnazirdən işə düzəlmə məsələsinə görə hissə-hissə olmaqla ümumilikdə 18.000 manat pul almışdır. Həmin pulları psixi pozuntusuna görə uzun müddətli müalicə alan xəstə övladı X1 müalicəsinə xərclədiyindən qaytara bilməmişdir. İşin alınmadığını anlayan Mirnazir dəfələrlə onunla əlaqə saxlayıb vermiş olduğu pulu qaytarmağı tələb etməyə başlamışdır. Buna görə də məcbur qalıb bankdan kredit yolu ilə 10.000 manat məbləğində pul götürüb həmin pulu tam olaraq Mirnazirlə görüşüb ona qaytarmışdır. Qalan 8.000 manat məbləğində pulu isə müəyyən vaxt ərzində qaytaracağına söz vermişdir. Lakin maddi imkansızlıq ucbatından Mirnazirin pulunu bu günədək qaytara bilməmişdir. Hazırda Mirnazirlə razılıq əldə etmişlər ki, 8000 manatı iki ay ərzində ödəsin. Son sözündə Təqsirləndirilən şəxs ilk dəfə belə səhvə yol verdiyini, əməlindən peşman olmasını, yaşlı olmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016cı ilin təxminən əvvəllərində tanışı Təqsirləndirilən şəxs ilə aralarında olan söhbətlərin birində işsiz olduğuna görə onu tibb sahəsində müəyyən rəhbər vəzifəyə işə düzəlməkdə köməklik göstərməsini xahiş etmişdir. Adil də tanışı olan müəyyən vəzifəli şəxslərlə maraqlanıb ona cavab verəcəyini bildirmişdir. Müəyyən müddət keçdikdən sonra Adillə aralarında olan görüşlərin birində Adil özü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının Biləsuvar-Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsi ştatının boş olmasını və istədiyi təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə olan yaxın əlaqələri vasitəsilə onu məhz həmin vəzifəyə təyin etdirə biləcəyini qeyd etmişdir. Təxminən 2-3 ay sonra Adillə görüşmüş, görüş zamanı Adil həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində çalışan Əjdər Cəbiyevlə olan yaxın əlaqələri vasitəsilə onu Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının Biləsuvar-Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyinə söz vermişdir. Adil bu işin düzəlməsi üçün müəyyən vəzifəli şəxslərə müəyyən məbləğdə pul verilməsinin lazım olmasını bildirmişdir. Sonrakı müddətdə 2016-cı ilin mart ayının təxminən sonlarında Adilin xahişi ilə Xətai rayonu ərazisində yerləşən «Nargilə» kafesinin yaxınlığında onunla görüşmüşdürlər. Həmin vaxt ortaq tanışları olan Niyaməddin adlı şəxs də yanlarında olmuşdur. Görüş zamanı Adilə işə düzəlmə məsələsi ilə bağlı 5.000 manat məbləğində pul vermişdir. Adil də pulu sayıb qəbul edərək işlə bağlı bir neçə gün ərzində ona məlumat verəcəyini bildirmişdir. Bu görüşdən təxminən 2 ay sonra Adilin ani zənginə görə 10.000 manat məbləğində pulu yaşadığı evdən götürüb Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Bulvar ərazisində görüşərək ona vermişdir. Bundan sonra 2016-cı ilin təxminən oktyabr ayının ortalarından başlayaraq noyabr ayının ortalarına qədər olan müddət ərzində dəqiq xatırlamadığı tarixdə Adilə hər dəfəsində 1.000 manat olmaqla 3 dəfə yaşadığı Xətai rayonu, Zığ şossesində yerləşən evinin yaxınlığında pul vermişdir. Adil də hər dəfəsində pulları qəbul edib həmin məbləğlərdə pulları deməsinə görə lazımi şəxslərə çatdıracağını bildirmişdir. Həmin məbləğlərdə pulları verərkən yanlarında hər hansı bir şəxs olmamışdır. Bununla da Adilə vermiş olduğu pulun ümumi məbləği 18.000 manat olmuşdur. Adil pulu tam olaraq qəbul etdikdən sonra 2016-cı ilin sonuna qədər onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının Biləsuvar-Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. Adilə pulu verdikdən sonra artıq işlərin uzandığını və bir xəbər olmadığını görüb ondan pulunu geri tələb etməyə başlamışdır. Adil isə hər dəfəsində müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmaq üçün vaxt istəmişdir. Çox təkidlərdən və mübahisələrdən sonra Adildən birmənalı olaraq ona verdiyi 18.000 manat məbləğində pulu geri qaytarmasını tələb etmişdir. Nəhayət 2018-ci ildə Adil ona vermiş olduğu 18.000 manat məbləğində pulun 10.000 manatını qaytarmışdır. Qalan 8.000 manat məbləğində pulu isə qaytarmamışdır. Buna görə də polisə o müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə iki ay ərzində 8000 manatın ödənilməsinə dair razılıq əldə etmişlər, bu səbəbdən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədəən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, Adil adlı şəxslə 2014-cü ilin əvvəllərində tanış olmuşdur. Zərərçəkmiş şəxsla isə həmyerli və qohumluq əlaqələri mövcuddur. Mirnazirlə söhbət etdikdə işə düzəlmək istədiyini bildirmiş və ona Adil adlı tanışının kömək edə biləcəyini söyləmişdir. Buna görə də Adillə üçlükdə görüş təşkil etmək qərarına gəlmişdirlər. Mirnazir, o və Adil Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Nargilə» kafesində görüşmüşlər. Görüş zamanı Mirnazir və Adili bir-birləri ilə tanış etmişdir. Daha sonra X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının Biləsuvar-Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsi ştatının boş olmasına görə həmin vəzifəyə təyin olunmasına nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. Adil də həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsində çalışan Əjdər Cəbiyevin tanışı olmasını bildirib onun vasitəsilə Mirnazirin həmin vəzifəyə təyin olunmasına köməklik göstərə biləcəyinə vəd vermişdir. Bunun üçün ilk əvvəl Mirnazirdən şəxsiyyət vəsiqəsinin, diplomunun surətlərini və iş fəaliyyəti barədə məlumatlarının əks olunduğu tərcümeyi-hal tələb etmişdir. Mirnazir də həmin sənədləri dərhal hazırlayacağını bildirmişdir. Bundan sonra Adil adlı şəxs Mirnazirin işə düzəldilməsi fəaliyyətinə başlamaq məqsədilə ilkin olaraq 5.000 manat məbləğində pul istəmişdir. Mirnazir də 5.000 manat məbləğində pulu verməyə razılığını bildirmişdir. Həmin görüşdən təxminən 1 həftə sonra Mirnazirlə birlikdə yenidən Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda yerləşən «Sarıqaya» restoranında Adillə görüşmüşdürlər. Görüş vaxtı Mirnazir Adilin tələb etdiyi sənədləri və 5.000 manat məbləğində pulu sayıb Adilə onun iştirakı ilə vermişdir. Adil də sənədləri və pulu sayıb qəbul etmişdir. Sonrakı məsələlərdə xəbəri olmamış və iştirak etməmişdir. Bir müddət sonra Mirnazir ona bildirmişdir ki, ümumilikdə Adilə işə düzəlmək üçün 18.000 manat pul vermiş, lakin Adil sözünə əməl etməmiş və onu işə düzəltməmişdir. Adilə verdiyi 18000 manatdan 10000 manatını qaytarmış qalan pulu isə qaytarmamışdır. İş materiallarında olan 01 mart 2023-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Zərərçəkmiş Zərərçəkmiş şəxs çıxışında zərərçəkmiş şəxslə razılıq əldə etdiyi üçün təqsirləndirilən şəxsə nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir cəza təyin edilərkən zərərçəkmiş şəxsin xahişi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar