Məhkəmə qərarları › İş №1(011)-256/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-256/2021

11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-256/2021 11.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 23 yanvar 2021-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “Bazarstore” marketin içərisində orada müştəri olan Zərərçəkmiş şəxs1 ərzaq məhsullarına baxan zaman diqqətinin yayınmasından istifadə edərək, məhsulların daşınması üçün nəzərdə tutulmuş ərzaq arabasında olan sonuncuya məxsus içərisində 50 ədəd 200 manat əsginasdan ibarət olan 10.000 manat, 41 ədəd 100 manat əsginasdan ibarət olan 4100 manat, həmin dövrün rəsmi məzənnəsi ilə 3400 manat təşkil edən 20 ədəd 100 ABŞ dolları nağd pul olan 1 ədəd 25 manat dəyərində “Guard” markalı pul kisəsini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 17525 (on yeddi min beş yüz iyirmi beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 13 fevral 2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “Bravo” marketin içərisində orada müştəri olan Zərərçəkmiş şəxs3 ərzaq məhsullarına baxan zaman diqqətinin yayınmasından istifadə edərək, məhsulların daşınması üçün nəzərdə tutulmuş ərzaq arabasında olan sonuncuya məxsus içərisində 01 ədəd şəxsiyyət və 01 ədəd sürücülük vəsiqələri, 01 ədəd avtomobilin texniki pasportu, 02 ədəd bank kartları və 2400 manat nağd pul olan 01 ədəd 50 manat dəyərində pul kisəsini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 26 fevral 2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən “Bravo” marketin içərisində orada müştəri olan Zərərçəkmiş şəxs2 ərzaq məhsullarına baxan zaman diqqətinin yayınmasından istifadə edərək, məhsulların daşınması üçün nəzərdə tutulmuş ərzaq arabasında olan sonuncuya məxsus içərisində 01 ədəd şəxsiyyət və 01 ədəd sürücülük vəsiqələri, 01 ədəd avtomobilin texniki pasportu, 01 ədəd “Kapital” və 01 ədəd “Access” banka məxsus plastik kartlar, 1000 manat və həmin dövrün rəsmi məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları nağd pul olan 1 ədəd 80 manat dəyərində pul kisəsini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1420 (bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən ayaqqabı sexində usta kimi işləsə də, sonradan “Covid 19” pandemiyası ilə əlaqədar olaraq Respublikada tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı olaraq işlər dayandırıldığı üçün maddi cəhətdən sıxıntı çəkmişdir. Respublikada elan edilmiş sərt karantin rejimi yumşaldılmış və fəaliyyətini dayandırmış iş yerləri yenidən fəaliyyətə başlamışdır. Buna görə də 23.01.2021-ci il tarixdə o, işlədiyi Nizami rayonu ərazisində yerləşən ayaqqabı sexinə işə getmişdir. Həmin gün saat 14 radələrində işdən çıxaraq marşrut işləmədiyi üçün piyada şəkildə gəzə-gəzə yaşadığı ünvana doğru getməyə başlamışdır. Həmin gün saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Bazarstore” adlı marketin qarşısına getmiş və lazım olan ərzaq məhsullarını almaq üçün marketə daxil olub ərzaq məhsulları ilə maraqlanmağa başlamışdır. Həmin vaxt o, marketdə ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulmuş arabanın içərisində pul kisəsinin və müəyyən ərzaq məhsullarının olmasını, həmçinin arabanın sahibsiz olduğunu görmüşdür. Həmin vaxt o, uzun müddət işsiz olduğuna görə arabanın içərisində olan pul kisəsini oğurlamaq qərarına gəlmiş və tez içərisində ərzaq məhsulları olan arabaya yaxınlaşaraq orada olan pul kisəsini götürüb əynində olan gödəkçənin içərisinə qoyaraq tələsik marketdən çıxmış və yoldan keçən taksi fəaliyyəti ilə məşğul olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə minərək yaşadığı ünvan 4 ünvanına getmişdir. Evdə olan zaman hamam otağında pulları sayan zaman həmin pulların ümumilikdə 14.000 manat olmasını müəyyən etmişdir. Həmin pullar 200 və 100 manatlıq və 100 ABŞ dolları olan əskinazlardan ibarət olmuşdur. Bundan sonra o, həmin puldan 2500 manatını götürdükdən sonra pul kisəsinin içərisində olan sənədlər və qalan pulla birlikdə paltar dolabının arxa hissəsində gizlətmişdir. Götürdüyü 2500 manat puldan 1500 manatını şəxsi ehtiyaclarına xərcləmişdir. Qalan 1000 manat pulu anası Rəna Sayadovanın adına olan “4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” plastik kartının hesabına köçürmüşdür. 27 yanvar 2021-ci il tarixdə o, Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olan zaman onu 34-cü Polis Şöbəsinin əməkdaşları saxlamış və o, yalan danışmağın heç bir mənası olmadığını görüb törətdiyi cinayət əməlini etiraf edərək yaşadığı evdə gizlədərək saxladığı pul kisəsini içərisində olan 11500 manat pulu, Zərərçəkmiş şəxs1 məxsus sürücülük və şəxsiyyət vəsiqələrini, iki ədəd plastik kartları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa 13.02.2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən “Bravo” marketə gedərək orada müştəri kimi mağazanın içərisində gəzərək diqqət çəkməmək üçün marketdə olan ərzaq məhsulları ilə maraqlanmağa başlamışdır. O, marketdə ərzaq yığmaq üçün nəzərdə tutulmuş arabalardan birini götürüb arabanın içərisində müxtəlif ərzaq məhsulları qoyaraq marketin içərisində gəzişməyə başlamışdır. Həmin vaxt o, marketdə bir nəfər qadın müştərinin pul kisəsini ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulmuş arabanın içərisinə qoyaraq alış veriş etdiyini görmüşdür. O, qadının diqqətinin ərzaq məhsullarına yönəldiyini və ərzaq arabasını çox zaman sahibsiz qoyduğunu görüb qadına məxsus pul kisəsini oğurlamaq qərarına gəlmiş və həmin qadının arxasınca düşərək izləməyə başlamışdır. Qadın müştərinin marketdə meyvə-tərəvəz hissəsində yaxınlaşaraq arabanı sahibsiz qoyaraq meyvə-tərəvəz bölməsinə yaxınlaşdığını görmüşdür. Buna görə də, tez yaxınlaşıb qadının ərzaq məhsulları yığdığı arabanın içərisində qoyduğu pul kisəsini götürüb cibinə qoyaraq marketdən çıxıb oradan uzaqlaşmışdır. Bir qədər getdikdən sonra oğurladığı pul kisəsinin içərisinə baxan zaman orada 2400 manat nağd pul, 01 ədəd şəxsiyyət və 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd avtomobilin texniki pasportu, 02 ədəd bank kartları olduğunu görmüşdür. Bundan sonra o, pul kisəsinin içərisində olan 2400 manat pulu götürüb pul kisəsini içərisində olan sənədlərlə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən zibil qutularının birinin içərisində atmışdır. Əldə etdiyi pulları isə şəxsi işlərinə xərcləmişdir. Bundan başqa 26.02.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən “Bravo” marketə gedərək orada müştəri kimi mağazanın içərisində gəzərək diqqət çəkməmək üçün marketdə olan ərzaq məhsulları ilə maraqlanmağa başlamışdır. O, marketdə ərzaq yığmaq üçün nəzərdə tutulmuş arabalardan birini götürüb arabanın içərisində müxtəlif ərzaq məhsulları qoyaraq marketin içərisində gəzişməyə başlamışdır. Həmin vaxt o, marketdə bir nəfər qadın müştərinin ağ rəngli əl çantasını ərzaq məhsullarının daşınması üçün nəzərdə tutulmuş arabanın içərisinə qoyaraq alış veriş etdiyini görmüşdür. O, qadının diqqətinin ərzaq məhsullarına yönəldiyini görüb qadına məxsus əl çantasını oğurlamaq qərarına gəlmiş və həmin qadının arxasınca düşərək onu izləməyə başlamışdır. Qadın müştərinin marketdə meyvə-tərəvəz hissəsində yaxınlaşaraq arabanı sahibsiz qoyaraq meyvə-tərəvəz bölməsinə yaxınlaşdığını görmüşdür. Buna görə də, tez yaxınlaşıb qadının ərzaq məhsulları və əl çantasını qoyduğu ərzaq arabasını sürüb həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, arabanı marketin içərisində bir qədər irəli sürüb əl çantasının açaraq içərisinə baxan zaman orada 01 ədəd pul kisəsi olduğunu görüb həmin pul kisəsini götürüb marketi tərk edərək oradan uzaqlaşıb çıxıb getmişdir. Bir qədər getdikdən sonra oğurladığı pul kisəsinin içərisinə baxan zaman orada 1000 manat və 200 ABŞ dolları, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd avtomobilin texniki pasportu, 02 ədəd bank kartları olduğunu görmüşdür. Bundan sonra o, pul kisəsinin içərisində olan 1000 manat və 200 ABŞ dolları pulları götürüb pul kisəsini içərisində olan sənədlərlə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən zibil qutularının birinin içərisində atmışdır. Əldə etdiyi pulları isə şəxsi işlərinə xərcləmişdir. Oğurladığı pul kisələrini içərisində şəxsiyyət və sürücülük vəsiqələri olmasını bilməmişdir, onun həmin sənədləri oğurlamaq niyyəti olmamışdır, pul əldə etmək məqsədi ilə pul kisələrini oğurlamış, həmin sənədlərdən istifadə etmək məqsədi olmamışdır, “Unibank” tərəfindən verilmiş “4098 0944 2040 7890” nömrəli “Alballı Plus” plastik karta 1000 manat pul vurması barədə anası X2 məlumatı olmamış, kartın anasının adına olsa da, onun istifadə etmiş, anasının kartın balansına pul köçürülməsindən məlumatı olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 23-25-ci məhəllədə yerləşən “Bazarstore” marketdən ərzaq arabasının içərisində oğurlanmış pul kisəsinin içərisində ümumilikdə 14000 manat pul olmuş, həmin puldan 1500 manatını şəxsi işlərinə xərcləmiş, 1000 manat pulu isə karta köçürmüşdür, qalan 11500 manat nağd pulu isə polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon səfərbərlik xidmətində müfəttiş kimi işləmişdir. 23 yanvar 2021-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 23-25 məhəllədə yerləşən “Bazarstore” marketə alış-veriş etmək üçün getmişdir. Həmin vaxt o, özünə məxsus içərisində ümumilikdə 17500 manat nağd pul, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, 1 ədəd “Bazarstore” marketə məxsus bonus və 1 ədəd “Sabina” parfumeriya mağazasına məxsus 10 % endirim kartı olan pul kisəsini marketdə olan alış-veriş etmək üçün nəzərdə tutulmuş arabanın içərisinə qoymuşdur. Bundan sonra o, marketdən bir neçə ərzaq məhsulunu götürüb çörək və şirniyyat bölməsinə keçən zaman ərzaq məhsulları yığdığı arabanın içərisinə qoyduğu pul kisəsinin arabanın içərisində olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs onun başının mağazada ərzaq məhsullarına qarışıq olmasından istifadə edərək ərzaq arabasına qoyduğu və içərisində 50 ədəd 200 manat, 41 ədəd 100 manat, 20 ədəd 100 ABŞ dollarından ibarət olmaqla ümumilikdə 17500 manat nağd pul, 1 ədəd AZE-******** seriyalı şəxsiyyət və 1 ədəd AC-716966 seriyalı sürücülük vəsiqəsi, 1 ədəd “Bazarstore” marketə məxsus bonus və 1 ədəd “Sabina” parfumeriya mağazasına məxsus 10% endirim kartı olan 50 manat dəyərində pul kisəsini oğurlamışdır. Bundan sonra o, 34-cü PŞ-nə zəng vuraraq hadisə barədə məlumat vermiş və şəxsi işləri ilə əlaqədar olaraq həmin gün ərizə ilə müraciət edə bilməmişdir. 26.01.2021-ci il tarixdə 34-cü PŞ-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Marketdə alış-veriş edən zaman ərzaq arabasının içərisinə qoyduğu özünə məxsus 50 manat dəyərində pul kisəsi oğurlanmışdır. Həmin pul kisəsinin içərisində 50 ədəd 200 manat, 41 ədəd 100 manat, 20 ədəd 100 ABŞ dollarından ibarət olmaqla ümumilikdə 17500 manat nağd pul, 1 ədəd AZE-******** seriyalı şəxsiyyət və 1 ədəd AC-716966 seriyalı sürücülük vəsiqəsi, 1 ədəd “Bazarstore” marketə məxsus bonus və 1 ədəd “Sabina” parfumeriya mağazasına məxsus 10 % endirim kartı olmuşdur və hadisə nəticəsində ona ümumilikdə 17550 manat maddi ziyan dəymişdir. Ona məxsus 1 ədəd “Bazarstore” bonus və 1 ədəd “Sabina” parfumeriya mağazasına məxsus 10 % endirim kartının balansında pul olmamışdır. Həmin kartlar yalnız alış-veriş edilən zaman endirim və ya hədiyyə əldə etmək üçün istifadə olunan kartlar olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 26 fevral 2021-ci il tarixdə təxminən saat 16 radələrində ünvan 3 ünvanında yerləşən “Bravo” marketə alış-veriş etmək üçün getmişdir. Həmin vaxt o, özünə məxsus ağ rəngli əl çantasını marketdə olan alış-veriş etmək üçün nəzərdə tutulmuş arabanın içərisinə qoymuşdur. Bundan sonra o, marketdən bir neçə ərzaq məhsulunu götürüb meyvə-tərəvəz bölməsinə keçərək orada olan məhsullara baxmağa başlamış və həmin şöbədə bir neçə ərzaq məhsulu götürüb ərzaq məhsulları yığdığı arabaya yaxınlaşan zaman arabanın içərisinə qoyduğu ağ rəngli əl çantanın arabada olmadığın görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, naməlum şəxs onun başının mağazada olan ərzaq məhsullarına qarışıq olmasından istifadə edərək ərzaq arabasına qoyduğu əl çantasını oğurlamışdır. Buna görə də, o, tez bu barədə “Bravo” marketin mühafizə xidmətinə məlumat vermişdir. Sonra marketdə işləyən mühafizəçilər onunla əlaqə saxlayaraq əl çantasının içərisinə ərzaq məhsulları yığdığı araba ilə birlikdə digər şöbədə, yəni geyim şöbəsində olduğunu bildirmişlər. O da marketin işçilərinə ərzaq məhsulları yığdığı arabanın yanında olduğunu və arabadan əl çantasının götürüldüyünü bildirmişdir. Bundan sonra mühafizəçilərlə birlikdə paltar şöbəsinə getmiş və orada ərzaq arabasının içərisində olan ağ rəngli əl çantanı götürüb içərisinə baxan zaman özünə məxsus içərisində 1000 manat və 200 ABŞ dolları pul əsginasları, 01 ədəd şəxsiyyət və 01 ədəd sürücülük vəsiqələri, idarə etdiyi avtomobilə məxsus 01 ədəd avtomobilin texniki pasportu, 02 ədəd “Kapital” və “Access” banka məxsus bank kartları olan 80 manat dəyərində pul kisəsini çantanın içərisində olmadığını, oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə 36-cı PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. ünvan 3 ünvanında yerləşən “Bravo” marketdə alış-veriş edən zaman ərzaq arabasının içərisinə qoyduğu ona məxsus əl çantasının içərisindən 80 manat dəyərində pul kisəsi oğurlanmışdır. Həmin pul kisəsinin içərisində özünə məxsus 1000 manat və 200 ABŞ dollarından ibarət nağd pul, 1 ədəd şəxsiyyət və 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd avtomobilin texniki pasportu, və 02 ədəd bank kartları olmuşdur və hadisə nəticəsində ona ümumilikdə 1420 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 13 fevral 2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “Bravo” marketə alış-veriş etmək üçün getmişdir. Həmin vaxt o, özünə məxsus içərisində ümumilikdə 2400 manat nağd pul, şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilin texniki pasportu, 02 ədəd əmək haqqı kartları olan pul kisəsini marketdə olan alış-veriş etmək üçün nəzərdə tutulmuş arabanın içərisinə qoymuşdur. Bundan sonra marketdən bir neçə lazımı ərzaq məhsullarını vitrinlərdən götürüb ərzaq arabasına yığmış və pulunu ödəmək üçün marketdə olan kassalardan birinə yaxınlaşmışdır. Həmin vaxt o, aldığı ərzaq məhsullarının pulunu vermək üçün arabaya qoyduğu pul kisəsini götürmək istəyən zaman pul kisəsini arabanın içərisində qoyduğu yerdə olmadığını aşkar etmişdir. O ilk olaraq pul kisəsinin başqa bir arabanın içərisində unutduğunu düşünüb bu barədə marketin mühafizəçilərinə məlumat vermişdir. Bundan sonra market işçilərinin iştirakı ilə kamera görüntüsünə baxan zaman bir nəfər şəxsin meyvə-tərəvəz şöbəsində olan zaman başının qarışıq olmasından istifadə edərək ərzaq arabasına yaxınlaşıb oradan olan pul kisəsini götürüb getməsini aşkar etmişlər. Həmin vaxt artıq ona məlum olmuşdur ki, naməlum şəxs ona məxsus içərisində 2400 manat nağd pul, 01 ədəd şəxsiyyət və 01 ədəd sürücülük vəsiqələri, 01 ədəd avtomobilin texniki pasportu, 02 ədəd əmək haqqı kartları olan 50 manat dəyərində pul kisəsini oğurlamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə 36-cı PB-nə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Marketdə alış-veriş edən zaman ərzaq arabasının içərisinə qoyduğu ona məxsus 50 manat dəyərində pul kisəsi oğurlanmışdır. Həmin pul kisəsinin içərisində özünə məxsus 2400 manat nağd pul, 01 ədəd şəxsiyyət və 01 ədəd sürücülük vəsiqəsi, 1 ədəd avtomobilin texniki pasportu və 02 ədəd əmək haqqı kartları olmuşdur və hadisə nəticəsində ona ümumilikdə 2450 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında yerləşən ayaqqabı sexində usta kimi işləmişdir. Nuran da onunla birlikdə ayaqqabı sexində ayaqqabı ustası kimi işləmişdir. Nuran evlidir, himayəsində üç azyaşlı övladı vardır. X3 onun doğma anasıdır. 27 yanvar 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq qardaşı Nuranın oğurluq etdiyi üçün saxlandığı barədə məlumat vermişlər. Buna görə də o, 34-cü PŞ-nə getmiş və orada ona məlum olmuşdur ki, Nuran 23.01.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Bazarstore” marketdə müştərilərdən birinə məxsus pul kisəsini oğurladığı üçün saxlanmışdır. Daha sonra isə öyrənmişdir ki, Nuranın oğurladığı pul kisəsinin içərisində ümumilikdə 17500 manat pul olmuş və Nuran həmin puldan 1000 manatını anası Rəna Sayadovanın adına olan “4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” plastik kartının hesabına köçürmüşdür.“4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” plastik kart anası Rənanın adına olsa da, kartı Nuran istifadə etmişdir. 01 fevral 2021-ci il tarixdə anası Rəna ilə birlikdə “X4” ASC 10 saylı filialına getmiş və orada məlum olmuşdur ki, anası Rənanın adına olan “4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” plastik kart hesabına 25.01.2021-ci il tarixdə 996 manat pul köçürülmüş və 29.01.2021-ci il tarixdə kartın balansından 5 manat çıxıldıqdan sonra balansında 991,83 manat pul qalmışdır. Həmin vaxt anası Rəna adına olan “4098 0944 2040 7890” nömrəli plastik kart hesabının balansında olan 991 manat pulu polisə təhvil vermək üçün bankdan təhvil alaraq kart hesabını bağlatdırmışdır. Onun qardaşı Nuranın oğurluq cinayəti törətməsindən xəbəri olmamışdır. Nuran bu barədə nə ona nə də ki, ailə üzvlərinə heç bir söz deməmişdir. Onlar bu barədə Nuran tutulduqdan sonra öyrənmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır ( i.v. 01); Hadisə yerinə baxış keçirilməsi haqqında 26.02.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Xətai rayonu R.Quliyev küçəsində yerləşən “Bravo” ticarət obyektində baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 11-14); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.49); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.59); Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutlmuşdur (i.v. 82-83); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.92-93); Cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 27 mart 2021-ci il tarixli qərardan görünür ki, CM-nin 177.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilərək CMnin 177.2.2 və 177.2.4-cü maddəsi ilə istintaqı aparılmışdır.(i.v. 109-111); 26.01.2021-ci il tarixli “Könüllü təqdim etmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bazarstore” marketdən oğurladığı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd pul kisəsini, 1 ədəd AZE-******** seriyalı şəxsiyyət və 1 ədəd AC-716966 seriyalı sürücülük vəsiqəsini, 1 ədəd “Bazarstore” marketə məxsus bonus və 1 ədəd “Sabina” parfumeriya mağazasına məxsus 10 % endirim kartını, 1 ədəd 100 manat və 40 ədəd 200 manatlıq, 20 ədəd 100 ABŞ dollarından ibarət, ümumilikdə 11500 manat pulu polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir(i.v.125- 127); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.131); Təqdim etmə və götürmə barədə 27.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Bazarstore” marketdən oğurladığı pul kisəsinin içində olmuş puldan 1000 manatını balansına köçürdüyünü anası X1 adına olan “4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” plastik kartını istintaqa təqdim etmişdir(i.v.141-143); Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 153-154); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, 29.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək, Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir(i.v.187-188); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, 29.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir(i.v.189-190); Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd “Guard” markalı pul kisəsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs1 həmin pul kisəsinin ona məxsus olduğunu, pul kisəsini markasından, rəngindən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir(i.v.194-195); Təqdim etmə və götürmə barədə protokoldan görünür ki, istintaq zamanı Şahid 23.01.2021-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan müddət ərzində anası X2 adın alan “4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” kart hesabında aparılmış əməliyyatların siyahısı göstərilmiş 02 ədəd A4 formatlı kağız üzərində olan qəbzləri və kartın hesabında olan 991 manat pulu istintaqa təqdim etmişdir. Şahid təqdim etdiyi qəbzlərdən görünür ki, 25.01.2021-ci il tarixdə X2 adına alan “4098 0944 2040 7890” nömrəli “Unibank”a məxsus “Alballı Plus” kart hesabına terminal vasitəsi ilə 996 manat pul köçürüldükdən sonra kartın hesabında ümumilikdə 996,50 manat pul olmuş, 29.01.2021-ci il tarixdə kartın balasından 5 manat pulun çıxarılması və 01.02.2021-ci il tarixdə kart hesabına 0,33 manat artması əməliyyatları yerinə yetirildikdən sonra kart hesabında olan 991,83 manat puldan 991 manat pul çıxarılmışdır (i.v. 206-209); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.214-216); Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19.02.2021-ci il tarixli 9/624 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan 1 ədəd “Guard” markalı, qara rəngli, 22x13 sm ölçülü, süni dəri materialdan olan zəncirbəndlə açılıb-bağlanan istifadə olunmuş pul kisəsinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti 25,00 manat müəyyən edilir (i.v. 217-220); Bakı şəhəri Xətai rayon məhkəməsinin 27.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (i.v.250-251); DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı ünvan 3 ünvanında yerləşən “Bravo” marketin müşahidə kamerasından 13.02.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq götürülmüş 01 ədəd “CD” fomatlı diskə baxış keçirilmiş və baxış zamanı ağ rəngli gödəkcə, qara rəngli şalvar, papaq və maska geyinmiş bir nəfər şəxsin 13.02.2021-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “Bravo” marketin meyvə-tərəvəz şöbəsində Zərərçəkmiş şəxs3 ərzaq məhsulları yığdığı arabaya yaxınlaşaraq arabada olan pul kisəsini görüb getməsinin görüntüləri aşkar olunmuşdur. Bununla yanaşı diskə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Bravo” marketin içərisində ərzaq arabasında olan pul kisəsini götürən və əynində ağ rəngli gödəkcə, qara rəngli şalvar, papaq və maska geyinmiş şəxsin özü olmasını bildirmişdir(i.v.261-262); DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı ünvan 3 ünvanında yerləşən “Bravo” marketin müşahidə kamerasından 26.02.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq götürülmüş 01 ədəd “CD” fomatlı diskə baxış keçirilmiş və baxış zamanı əynində tünd rəngli gödəkcə, şalvar, papaq və maska geyinmiş bir nəfər şəxsin 26.02.2021-ci il tarixdə idarə etdiyi ünvan 3 ünvanında yerləşən “Bravo” marketin meyvə-tərəvəz şöbəsində Zərərçəkmiş şəxs2 ərzaq məhsulları yığdığı arabaya yaxınlaşaraq arabada olan ağ rəngli çantanı götürüb öz arabasına qoyub marketin içərisinə doğru hərəkət etməsi və çantanın içərisini axtarıb orada olan pul kisəsini götürüb əynində olan gödəkcənin içəri tərəfdən sol yanda olan cibinə qoyması aşkar olunmuşdur. Bununla yanaşı diskə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs 26.02.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Bravo” marketin içərisində ərzaq arabasında olan ağ rəngli çantanı götürüb idarə etdiyi arabaya qoyan və əynində tünd rəngli gödəkcə, şalvar, papaq və maska geyinmiş şəxsin özü olmasını, çantanın içərisində olan pul kisəsini götürüb əynində olan gödəkçənin cibinə qoyduqdan sonra marketi tərk edib çıxıb getdiyini bildirmişdir (i.v.263-264); Sübutların qiymətləndirilməsi haqqında 15.04.2021-ci il tarixli qərardan görünür ki, Şahid təqdim etdiyi 02 ədəd A4 formatlı kağız üzərində olan qəbzlərin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus 12491 manat pul maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Guard” markalı pul kisəsi maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmış, iş üzrə 13 və 26 fevral 2021-ci il tarixlərdə ünvan 3 ünvanında yerləşən “Bravo” marketdə baş vermiş oğurluq hadisəsinin görüntüləri olan 02 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), vurulmuş ziyanın qismən ödənilməsini (CM-59.1.14.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs iş üzrə zərəri tam ödəməmiş, təkrar cinayət törətmişdir. Bu hal onun kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcəkdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), onun 27 yanvar 2021-ci il tarixdən 29 yanvar 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 02 ədəd A4 formatlı kağız üzərində olan qəbzlərin surəti və 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs1 məxsus 12491 manat pulun və 1 ədəd “Guard” markalı pul kisəsi sahibinə geri qaytarılması nəzərə alınmalıdır(CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.01.2021-ci il tarixdən 29.01.2021-ci il tarixədək həbsdə saxlanıldığı 2(iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar –02 ədəd A4 formatlı kağız üzərində olan qəbzlərin surəti və 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs1 məxsus 12491 manat pulun və 1 ədəd “Guard” markalı pul kisəsinin sahibinə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar