Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-256/2022 04.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 02 noyabr 2020-ci il tarixindən qeydiyyatçı işlədiyi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun 08 fevral 2021-ci il tarixli, 105 nömrəli əmrinə əsasən, xəzinədar vəzifəsini icra edərkən, maddi məsul şəxs kimi tibbi xidmətin göstərilməsi üçün MMC-yə müraciət etmiş şəxslərdən əldə etdiyi pul vəsaitini Cəmiyyətin xəzinəsinə köçürməsi öhdəliyini yerinə yetirməyərək, davamlı olaraq mənimsəməyə yönələn və vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməllərini həyata keçirərək, qulluq mövqeyindən istifadə etməklə, 13 mart 2021-ci il tarixdən 02 iyul 2021-ci il tarixədək ona etibar edilmiş özgə əmlakı olan 2988,95 (iki min doqquz yüz səksən səkkiz manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitini Cəmiyyətin ünvan 2 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək, özünün şəxsi ehtiyaclarına sərf etməklə, əmlak sahibi “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmaqla, mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. “X4” MMC ilə 02 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlamış və qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Qeydiyyatçı kimi əmək funksiyası klinikaya müalicə məqsədilə müraciət etmiş pasiyentlərin qəbulunu həyata keçirmək, onların həkim qəbuluna göndərilməsi işini təşkil etməkdən ibarət olmuşdur. 2021-ci ilin fevral ayının ortalarından etibarən klinikanın Pediatriya şöbəsində xəzinədar ştatı boşaldığı və yerinə təyinat olmadığı üçün, rəhbərliyin müvafiq əmri ilə ona həmin şöbədəki xəzinədar funksiyasını müvəqqəti olaraq yerinə yetirmək həvalə edilmişdir. Xəzinədar kimi isə həm gələn pasiyentləri qeydiyyata almaq, həm də, onlardan pul ödənişini qəbul etmək funksiyalarını icra etmişdir. 2021-ci ilin iyul ayının ortalarında baş xəzinədar Şahid1 ona bildirmişdir ki, ümumi nəzarət zamanı kassada onun adına çatışmazlıq aşkar edilmişdir. Belə ki, 2021-ci ilin aprel ayından iyul ayınadək olan müddətdə müştərilərdən aldığı pulları hesaba köçürməyərək, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan hesablama zamanı, onun tərəfindən Cəmiyyətə 2988,95 manat ziyan vurulduğu müəyyən olunmuşdur. “X4” MMC-yə vurduğu ziyanı hazırda tam həcmdə ödəmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “X4” MMC-nin nümayəndəsi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, “X4” MMC-də qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ilə İşçinin tam maddi məsuliyyəti haqqında müqavilə bağlanmışdır. 2021-ci ilin fevral ayından etibarən Təqsirləndirilən şəxs qeydiyyatçı işi ilə yanaşı, klinikanın Pediatriya şöbəsi üzrə gecə növbəsi zamanı pasientlər tərəfindən edilmiş ödənişləri qəbul etmək funksiyası həvalə edilmişdir. 2021-ci ilin iyul ayının ortalarında klinikanın xəzinədarı Şahid1 klinikanın rəhbərliyinə məlumat verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs hesabında müəyyən məbləğdə çatışmazlıq aşkar edilmişdir. Bundan sonra bu faktın yoxlanılması üçün, klinikanın daxili auditi tərəfindən Təqsirləndirilən şəxs hesabı yoxlanmış və 4588,95 manat məbləğində çatışmazlıq olduğu aşkar edilmişdir. Raul özü də etiraf etmişdir ki, 2021-ci ilin aprel-iyul ayları ərzində müəyyən sayda pasiyentlərdən tibbi xidmətin göstərilməsi üçün aldığı pulları hesaba köçürməmişdir. Raul ondan şikayət edilməməsini xahiş edərək, mənimsədiyi pulu qaytaracağına dair vəd vermişdir. Ona görə də, pulun qaytarılması üçün bir müddət gözləmişdirlər. 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs vurduğu ziyandan Cəmiyyətin hesabına 1600 manat məbləğində pulu ödəmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Cəmiyyətə qalan borcu, yəni mənimsədiyi pulun məbləği 2988,95 manat təşkil etmişdir. Qalan borcunu ödəmədiyinə görə, Təqsirləndirilən şəxs barəsində Xətai Rayon Prokurorluğuna ərizə ilə müraciət edilmişdir. Sonradan, Təqsirləndirilən şəxs tərəfindən qalan 2988,95 manat borcdan 2400 manat da Cəmiyyətin hesabına ödənilmişdir. Lakin, qalan 588,95 manat borcu ödəmədiyindən, “X4” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs 588,95 manat əsas borcun, vəkilin xidmətinə görə ödənilən 395 manat olmaqla, cəmi 983,95 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cəmiyyətin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “X4” MMC-yə dəymiş ziyan sonradan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş və Cəmiyyətin hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən, verilmiş mülki iddianın baxılmadan, geri qaytarılmasını xahiş etmişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, 2019-cu ilin mart ayından “X4” MMC-də xəzinədar vəzifəsində işləyir. Xəzinədar kimi əmək funskiyası müraciət etmiş pasiyentlər tərəfindən edilmiş ödənişləri qəbul edərək, sistemə köçürməkdən ibarətdir. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında “X4” MMCyə qeydiyyatçı işinə qəbul edilmişdir. Qeydiyyatçı kimi onun işi müraciət edən pasiyentlərə həkim qəbulu və analizlər üçün çeklər yazmaq və onlara istiqamət verməkdən ibarət olmuşdur. Koronavirus pandemiyası ilə əlaqədar, klinika gecə növbəsində də, fəaliyyət göstərməyə başladığı üçün, 2021-ci ilin fevral ayından etibarən, Təqsirləndirilən şəxs qeydiyyatçı işi ilə yanaşı, klinikanın Pediatriya şöbəsi üzrə gecə növbəsi zamanı, pasientlər tərəfindən edilmiş ödənişləri qəbul etmək funksiyası da həvalə edilmişdir. 2021ci ilin iyul ayında klinikada maliyyə təftişi aparılarkən, Raulun hesabında müəyyən məbləğlərdə çatışmazlıq aşkar olunmuşdur. Bundan sonra, Raulun fəaliyyətini yenidən ətraflı yoxlamağa başlamışdırlar. Ümumilikdə Raulun hesabında 4588,95 manat çatışmazlıq olduğu təsdiq edilmişdir. Bununla əlaqədar izahatı alınmış Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə ayrı-ayrı pasiyentlərdən aldığı pulları kassaya köçürməyərək, mənimsə yolu ilə ələ keçirdiyini etiraf etmişdir. Raul şikayət edilməməsini xahiş etmiş və klinikaya olan borcunu ödəyəcəyini söz vermişdir. 20 oktyabr 2021-ci il tarixdə Raul mənimsədiyi məbləğdən 1600 manatını klinikaya ödəmiş, lakin, bundan sonra Raul tərəfindən heç bir ödəniş edilməmişdir. Raulun əməlləri ilə bağlı klinikanın rəhbərliyinə məlumat vermişlər və rəhbərlik tərəfindən bu barədə araşdırma aparılması üçün rayon prokurorluğuna müraciət ünvanlanmışdır. Təqsirləndirilən şəxs klinikaya mənimsəmə yolu ilə vurduğu ziyanın məbləği 2988,95 manat təşkil etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, o, 2019-cu ilin yanvar ayından “X4” MMC-də “Risq planlama və marketinq” Departamentinin müdiri işləyir. Təqsirləndirilən şəxs ilə 02 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və Raul qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Koronovirus pandemiyası ilə əlaqədar pasiyentlərin sayı çoxaldığı üçün, Təqsirləndirilən şəxs eyni zamanda, Pediatriya şöbəsinin xəzinədar funksiyası da həvalə edilmişdir. Raul xəzinədar funksiyasını yerinə yetirdiyi 2021-ci ilin mart ayından iyul ayınadək olan müddət ərzində, müraciət etmiş pasiyentlərdən müxtəlif miqdarlarda pul vəsaitlərini alaraq, ümumilikdə 4588,95 manat məbləğində pulu sistemə daxil etməmiş və öz mülkiyyətinə keçirərək mənimsəmişdir. Raulun pasiyentlərdən aldığı pulları öz mülkiyyətinə keçirməklə mənimsədiyini klinikada kassir işləyən Şahid1 aşkar etmişdir. Allahverdi bu barədə ona məlumat vermiş və daxili araşdırma aparılarkən, Raulun törətdiyi bütün mənimsəmə faktları aşkara çıxarılmışdır. Bu barədə Rauldan izahat alınmış və Raul törətdiyi əməlini etiraf etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 02 noyabr 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Təqsirləndirilən şəxs “X4” MMC-də qeydiyyatçı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İşçinin tam maddi məsuliyyəti haqqında müqavilədən görünür ki, həmin müqavilə ilə “işçi” olan Təqsirləndirilən şəxs “işəgötürən” “X4” MMC qarşısında vəzifə öhdəliklərinin icrası ilə bağlı istifadəsində olan və ümumi istifadə üçün nəzərdə tutulmuş maddi dəyəri olan bütün növ əşyaların qorunub saxlanılması ilə bağlı, o cümlədən əmək münasibətləri prosesində “işəgötürən”in etibar edərək, verdiyi əmlakın, maddi və ya digər sərvətlərin emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə əlaqədar onlara ziyan vurduqda, tam maddi məsuliyyət daşıyır. İş materiallarından görünür ki, “X4” MMC-nin direktoru Nümayəndə1 08 fevral 2021-ci il tarixli əmrinə əsasən, qeydiyyat şöbəsinin əməkdaşı olan Təqsirləndirilən şəxs xəzinədar vəzifəsinin vəzifə öhdəlikləri həvalə edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “işəgötürən” “X4” MMC ilə “işçi” Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinə 21 sentyabr 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan “X4” MMC-nin Audit hesabatından görünür ki, Təqsirləndirilən şəxs fəaliyyəti dövründə yol verdiyi uyğunsuzluqların araşdırılması məqsədi ilə qərar qəbul olunmuşdur. Klinikada əhaliyə göstərilən tibbi xidmət zamanı, pasientlərə olunan xidmətin dəyəri 5362,10 (beş min üç yüz altmış iki manat on qəpik) manat olduğu halda, kassaya ödənilən nağd vəsait 814,15 (səkkiz yüz on dörd manat on beş qəpik) manat olmuşdur. Araşdırma zamanı uçotun aparıldığı proqram üzrə yaranan 4547,95 (dörd min beş yüz qırx yeddi manat doxsan beş qəpik) manat fərqin borc siyahısına işləndiyi məlum olmuşdur. 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 1600 (bir min altı yüz) manat pul “X4” MMC-nin kassasına mədaxil olunmuşdur. Nəticədə, 2988,95 (iki min doqquz yüz səksən səkkiz manat doxsan beş qəpik) manat pul vəsaitinin borc siyahısında qaldığı müəyyən olunmuşdur. İş materiallarında olan “X4” MMC-nin direktoru Nümayəndə1 Xətai Rayon Prokurorluğuna ünvanladığı müraciətində qeyd olunur ki, klinikada qeydiyyatçı vəzifəsində çalışan Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından etibarən müraciət etmiş pasiyentlərdən xidmət haqqı olaraq pul vəsaitlərini alsa da, onları sistemə daxil etməmiş və mənimsəmişdir. Bununla da, həmin şəxs müəssisəyə xeyli miqdarda ziyan vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməli araşdırmağı və əməlinə hüquqi qiymət verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 9/8811 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cədvəl məlumatları və audit rəyinin düzgünlüyü istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə, “X4” MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 2988,95 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talaması faktını təsdiq edən sənədlər cinayət işi üzrə maddi sübut kimi tanınaraq, iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən, 28 mart 2022-ci il tarixdə barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, əməliyyat-axtarış tədbirləri zamanı, axtarışda olan Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə tutularaq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təqdim olunmuşdur. İş materiallarından görünür ki, 09 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs “X4” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət işi üzrə onun mülki iddiaçı qismində tanınmasını, iş üzrə Təqsirləndirilən şəxs 588,95 manat əsas borcun, vəkilin xidmətinə görə ödənilən 395 manat olmaqla, cəmi 983,95 (doqquz yüz səksən üç manat doxsan beş qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cəmiyyətin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, “X4” MMC-nin direktoru ərizə ilə məhkəməyə müraciət edərək, Cəmiyyətə dəymiş ziyanın hazırda Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, həmin şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, verilmiş mülki iddianın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Həmçinin, iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs da məhkəmə iclasında mülki iddia ilə bağlı işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, həmin Məcəllənin 179.2.3-cü maddəsinə əsasən, eyni əməllərin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona əlavə cəza kimi dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 09 aprel 2022-ci il tarixdə tutularaq, saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talaması faktını təsdiq edən sənədlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, iş üzrə zərərçəkmiş hüquqi şəxs “X4” MMC tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülkiprosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, verilmiş mülki iddia baxılmamış saxlanılmalı, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Qeyd olunanlara əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə, onun 1 (bir) gün tutulduğu müddət 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talaması faktını təsdiq edən sənədlər cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iş üzrə zərərçəkmiş hüquqi şəxs “X4” MMC-nin mülki iddiası baxılmamış saxlansın və iddia ərizəsi geri qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-256/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-256/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver