Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-26/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 30 aprel 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 25 E ünvanda yolun kənarında saxlanılmış “Ford” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısını açaraq qabaq sağ oturacağın üzərində olan Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan bir ədəd 2.990 manat dəyərində “İphone” markalı, “13 Pro Max” model mobil telefon aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3.000 (üç min) manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 Noyabr prospekti ilə piyada hərəkət edərək “Ağ şəhər" adlanan binaların qarşısında “Ford” markalı avtomobil yolun kənarında dayanmışdır. Avtomobilin qeydiyyat nişanına fikir verməmiş və avtomobilindən iki nəfər şəxs düşmüşdür. Avtomobilin sükanı arxasından bir nəfər oğlan, qabaq sağ oturacaqdan isə bir nəfər qadın düşmüşdür. Həmin şəxslər avtomobildən düşdükdən sonra onların hərəkətlərindən görmüşdür ki, avtomobildə nasazlıq olmuşdur. Sükan arxasından düşən şəxs “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmişdir. Qadın isə avtomobilin arxa hissəsinə keçərək avtomobilin təkərindəki nasazlığa baxmışdır. Saat 19 radələrində avtomobilin yanından ötüb keçərkən qabaq sağ oturacağın üzərində bir ədəd telefonu görmüş və həmin telefonu oğurlamaq niyyətinə düşmüşdür. Onu görən olmasın deyə telefonu avtomobilin sol qapısından götürmüşdür. Avtomobilin içəri hissəsinə uzanaraq əli ilə sağ oturacaqda olan mobil telefonu götürmüşdür. Telefonu cibinə qoyaraq heç kəsin görmədiyindən əmin olub oradan uzaqlaşmışdır. Yolla gələn zaman “Toyota Prius” markalı taksi görmüş və sürücüdən onu Beynəlxalq avtovağzala aparmasını xahiş etmişdir. Yolda telefondan nömrəni çıxarıb sındırıb atmışdır. Avtovağzalda telefonun özünə məxsus olmasını bildirməklə üzdən tanıdığı “Hyundai” markalı avtomobili idarə edən taksi sürücüsünə 600 manata satmışdır. Əldə etdiyi pul vəsaitini öz şəxsi məqsədləri üçün xərcləmişdir. Daha sonra əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 aprel 2022-ci il tarixində saat 18:40 dəqiqədə yaşadığı evdən qardaşı Şahid ilə birlikdə “İçərişəhər” stansiyası yaxınlığında yerləşən 129 saylı orta məktəbin idman zalında voleybol oynamaq üçün çıxmışdır. Qardaşı Hüseynağa “Ford Connect” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 8 Noyabr prospektində hərəkətdə olarkən avtomobildə nasazlıq yaranmış və bu səbəbdən avtomobili “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə qarşı-qarşıya yerləşən “Ağ Şəhər” deyilən binaların satışı ofisinin qarşısında, 8 Noyabr prospekti 25 E ünvanda saxlamışdır. Avtomobildən ilkin olaraq qardaşı Hüseynağa düşmüşdür. Avtomobilin sağ arxa təkərində nasazlıq olmuşdur. Həmin nasazlığa baxmaq və onun aradan qaldırılmasında qardaşına kömək etmək məqsədilə avtomobilin qabaq sərnişin oturacağından düşmüşdür. Hüseynağa təkər açarı lazım olduğunu bildirmiş və açar tapmaq üçün yolun digər hərəkət hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə getmişdir. Avtomobilin yük hissəsində olan əlavə təkəri oradan çıxarmağa çalışmış, 5 dəqiqə sonra qardaşı Hüseynağa geri qayıdıb təkərdə yaranan nasazlığı aradan qaldırmış və saat 19 radələrində onlar maşına əyləşdikdə avtomobilin qabaq sağ oturacağının üzərində qoyduğu “İphone” markalı “13 Pro Max” modelli telefonunun orada olmadığını görmüşdür. Avtomobili axtarmış, lakin telefonu tapa bilməmiş və Hüseynağadan xahiş etmişdir ki, mobil nömrəsi ilə əlaqə saxlasın. Qardaşı Hüseynağa telefonu ilə onun nömrəsinə zəng etmişdir. İlk zəngdə telefona cavab verilməmiş, növbəti zənglərində isə mobil nömrəsinə zəng çatmamış və başa düşmüşdür ki, telefonu oğurlanmışdır. Telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş və nömrəni 10 manata almışdır. Nömrədə danışıq konturu da olmuşdur. Baş vermiş oğurluq cinayəti hadisəsi nəticəsində ona ümumilikdə 3.000 manat ziyan dəymişdir. Belə ki, telefonun dəyəri 2.990 manat, nömrənin dəyəri isə 10 manat olmuşdur. Dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid bacısı Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək işin yuxarıdakı xüsusatlarını bir daha təsdiq etmişdir.. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yolun kənarında saxlanılmış “Ford” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında olan bir ədəd “İphone” markalı, “13 Pro Max” modelli mobil telefon aparatını oğurlamasını deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq edərək hadisə yerini göstərmişdir, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 21 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, müşahidə kameralarında qeydə alınmış videogörüntüyə baxış keçirilmiş, 8 Noyabr prospektində yerləşən dayanacağın qarşısında yolun kənarında ağ rəngli yük avtomobili dayanmış, avtomobilin qəza işıqları yanılıdır, avtomobilin qabaq sağ qapısı açıqdır, avtomobilin arxasında bir nəfər şəxs hərəkət etmiş, sağ tərəfə ayrılan yoldan isə bir nəfər kişi hərəkət edərək yolun kənarında dayanmış yük avtomobilinə yaxınlaşır, həmin şəxs yük avtomobilinin sağ tərəfi ilə ötüb keçərək avtomobilin qarşısından sükan tərəfinə yaxınlaşır, qapını açaraq avtomobilə daxil olmuş, sonra isə avtomobildən çıxaraq oradan uzaqlaşıb üzü şəhər istiqamətində hərəkət etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdə görünən şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, müşahidə kameralarında qeydə alınmış videogörüntünün olduğu disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə tutularaq Xətai RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Xətai RPİ 37-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq Xətai RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin verdiyi ifadələri, hadisə yerinin videogörüntüsü ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməyərək təyin olunmuş məhkəmə prosesinə gəlmədiyindən 20 oktyabr 2022-ci il tarixli qərarla barəsində axtarış elan edilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. 15 noyabr 2022-ci il tarixində tutularaq Xətai RPİ-nin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-26/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-26/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver