Məhkəmə qərarları › İş №1(011)-261/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-261/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-261/2021 31.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,505 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 0,640 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq ünvan 2 ünvanının qarşısına daşımış, 19 fevral 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin ünvan 4 ünvanda yerləşən 36-cı Polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, buna görə bir neçə dəfə məhkum olunmuşdur. 19 fevral 2021-ci il tarixdə üzərində hər hansı narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gəririlmiş, orada üzərinə baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. İstintaq zamanı ifadələrini təzyiq və təsir nəticəsində vermiş, bu səbəbdən həmin ifadələrində özünü təqsirli bildiyi qeyd edilmişdir. Himayəsində yaşlı atası var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Qeyd olunanları nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsini daşıyır. 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda yaşayan İmran adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması və qəbulu ilə bağlı mötəbər mənbələrdən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupunun rəhbəri kimi qrupun tərkibində olmuşdur. 19 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanın qarşısında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xarici görünüşünə görə İmran adlı şəxsə bənzəyən şəxs tərəflərindən müəyyən edilmişdir. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərdikdən sonra Xətai rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərək özünü təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Həmin vaxt Təqsirləndirilən şəxs etiraf edərək narkotik vasitə istifadəçisi olduğunu və üzərində şəxsi istifadəsi üçün iki büküm narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsi Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişdir. 36-cı PB-də anket məlumatlarını dəqiqləşdirdikdən sonra dəvət olunmuş vəkilin iştirakı ilə Xətai RPİ-nin 36-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Xəlilovun xidməti otağında onların da iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən siqaretin gümüşü iç kağızına bükülmüş iki büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitə heroinə bənzər maddə olması görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin içərisindəki narkotik vasitə olan heroindir və öz istifadəsi üçün “kvadratlar” deyilən yerdən 30 manata almışdır. Bundan sonra polis mayoru Vüsal Xəlilov tərəfindən Təqsirləndirilən şəxs üzərindəki geyim yoxlanılmış, lakin üzərindən əlavə olaraq heç nə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm tərəziyə qoyularaq çəkilmişdir. Bükümlər çəkildikdən sonra ağ rəngli zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar həmin zərfi imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 fevral 2021-ci il tarixli qərardangörünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( i.v. 1); şübhəli şəxsin tutulması haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 19 fevral 2021-ci il tarixdə tutulmuşdur ( i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 19 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Xətai Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, çəkilişi aparan şəxs Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı X2, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə şübhəli şəxs qismində tutumuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılara hüquq və vəzifələri izah edilmiş, bu prosessual hərəkətin aparılması zamanı «Panasonic» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızda olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs gümüşü rəngli kağız bükümlərin içərisindəkilərin narkotik vasitə “heroin” olduğunu, bu narkotik vasitəni 18 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu “Kvadratlar” deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd gümüşü rəngli kağız bükümlərində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükülülər, üzərində “CHQ” yazısı olan Çin istehsallı elektron tərəzi vasitəsi ilə çəkildikdə həmin bükülülərin çəkisinin 1.18 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür ( i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2021-ci il tarixli, 6/749 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,505 qr və 0,135 qr ümumi təmiz çəkisi 0,640 qr qəhvəyi rəngli tozşəkilli maddlər kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respubikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir ( i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 54); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-57/2021 saylı, 21.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 75-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 06 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.07.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27.12.2006-cı il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07.12.2006-cı il tarixli qərarı ilə 05 (beş) ay müddətinə cəzadan şərti olaraq azad olunmuş, Biləsuvar Rayon Məhkəməsinin 25.01.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.11.2014-cü ildə cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmiş, Sabunçu Rayon Məhkəməsinin 26.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.02.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.11.2020-ci ildə cəzasının sonu ilə cəzadan azad edilmişdir ( i.v. 81-83); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-78/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Hümmət oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 02 noyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir ( i.v. 84-90); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsəürrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin 290 nömrəli, 29.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs M.Hadi küçəsi 103 saylı evin 111 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır ( i.v. 97); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsəürrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin 01.04.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, X6 16.06.2016-cı il tarixdən Xətai rayonu M.Hadi küçəsi ev 103 mənzil 111-də qeydiyyatdadır, qeydiyyatda olduğu vaxtdan bu günə kimi Xətai rayonu M.Hadi küçəsi 91 saylı binada yerləşən 97 saylı MKİS-nə qonşulardan və ailə üzvlərindən yazılı və şifahi surətdə heç bir şikayət daxil olmayıb ( i.v. 98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin Ambulator X1 26.04.2021-ci il tarixli, 1249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 100-102); sübutların qiymətləndirilməsi haqqında 29 aprel 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,505 qram və 0,135 qram, ümumi təmiz çəkisi 0,640 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra ümumi qalıq çəkisi 0,540 qram olan heroin cinayət işinin istintaqı başa çatdıqdan sonra iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icra olunmasınadək saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, cinayət işinin təhqiqat araşdırılması zamanı videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD (digital video disc) iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, şəxsi axtarış zamanı video görüntüdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin çəkisi 1,18 qram əks olunsa da, məhkəmə-kimyəvi ekspertizanın 20.02.2021-ci il tarixli, 6/749 saylı rəyində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin çəkisi ayrı- ayrılıqda təmiz çəkisi 0,505 qram və 0,135 qram olmaqla ümumi təmiz çəkisi 0,640 qram hesab edilmiş, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibi olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibinə xitam verilmiş, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmadığından, cinayət işinin materiallarından naməlum mənbəyə görə material ayrılaraq Xətai RPİ-nin 36-cı PB-yə göndərilmiş, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmiş, istintaq zamanı əməliyyat tədbiri keçirmə və maddi sübut götürmə haqqında protokol, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizanın 6/1116 saylı, 19 mart 2021-ci il tarixli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizanın 1249 saylı, 26.04.2021-ci il tarixli ekspert rəyi, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD (digital video disc) işüzrə sübut növü kimi qiymətləndirilmişdir ( i.v. 107-112); Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitənin aşkar edilməməsi, istintaq zamanı vermiş olduğu ifadələri təzyiq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızda olan bükümləri çıxarıb masanın üzərinə qoyduğunu, ondan bükümdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin olduğunu və “kvadratlar” deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirdiyini göstəmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin, məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd siqaretin gümüşü rəngli kağızda olan bükümləri çıxarıb masanın üzərinə qoyur. Ondan bükümdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin olduğunu, 18 fevral 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu “kvadratlar” deyilən ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduqları ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə hər hansı xüsusat bildirməmiş, bu barədə müraciətləri olmamış, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən belə məhkəmədə heç bir təzyiq altında olmadan ittiham olunduğu cinayət əməlini törətdiyini bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,640 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını (61.1.1) nəzərə alır və və onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,540 narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,540 (sıfır, beş yüz qırx) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar