Məhkəmə qərarları › İş №1(011)-263/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-263/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-263/2021 03.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Çöllük küçəsi ev 69-da qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda təkrarən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,266 qram təşkil edən kustar üsulla hazırlanmış heroini əldə edib üstündə saxlayaraq daşımış və 15 fevral 2021ci il tarixdə, saat 19:45-də Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar olunaraq maddi sübut kimi götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,455 qram olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamış, 20 fevral 2021-ci il tarixdə saat 18:50 radələrində Su NPİ-nin Zığ limanında X14 əməkdaşları tərəfindən Bakı şəhəri Xətai rayonu ərazisində X21 X5 inzibati ərazisində 2 ədəd akkumulyatorları talamaq istəyərkən saxlanılıb həmin bölməyə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol iç cibindən ağ qara rəngli siqaret kağızının içərisində şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 ilə yaxındır ki, narkotik maddə qəbul edir. 13 fevral 2021-ci il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsində dəniz kənarında gəzərkən yerdən bir ədəd bükülü tapmış, həmin bükülünü açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan bir ədəd bükülüdə içərisində narkotik vasitə olan heroini özü istifadə etmək üçün cibinə qoymuşdur. 15 fevral 2021-ci il tarixdə saat təxminən 19:45-də həmin bir ədəd bükümdə olan narkotik vasitə heroini əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub evdən küçəyə çıxaraq Suraxanı rayonu Qaraçuxur qəsəbəsinə getmişdir. Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məhəllə 4042/60 ünvanın qarşısı ilə hərəkətdə olan vaxtı bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra narkotik vasitələrin istifadə edilməsində və üzərində saxlanılmasında şübhəli olduğunu ona bildirib Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. Bölmədə hüquq və vəzifələri ona izah olunduqdan sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa təqdim etməsini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən öz istifadəsi üçün saxladığı bir büküm narkotik vasitə olan heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra protokol tərtib edilmiş və tərtib edilmiş protokol özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. 17 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və onu buraxmışlar. Buraxıldıqdan təxminən 2 gün sonra, yəni 19 fevral 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində tanımadığı Əhməd adlı şəxslə rastlaşmış və həmin şəxdən narkotik vasitə heroin almışdır. Həmin şəxsə aldığı heroinin müqabilində 50 manat pul vermişdir. Həmin narkotik vasitə heroini istifadə etmək üçün üzərində saxlamışdır. 20.02.2021-ci il tarixdə saat 18:00 radələrində pula ehtiyacı olduğu üçün Bakı şəhəri Xətai rayonu ərazisində dəmir yığıb satmaq istəmişdir. Bu səbəbdən X21 Donanmasının ərazisi ətrafında dəmir axtarmağa başlamışdır. Bu zaman X21 Donanmasının inzibati ərazisində gəmilərin yanalma körpüsünün üstündə 2 ədəd akkumulyator görmüşdür. Həmin akkumulyatorları oğurlamaq məqsədi ilə X21 Donanmasının dəmir setka hasarının üzərindən keçib 2 ədəd akkumulyatorun olduğu körpüyə yaxınlaşmışdır. Akkumulyatorlar ağır olduqları üçün bir ədədini götürüb Donanmanın hasarından o biri tərəfə atmışdır. Daha sonra saat 18:50-də geri qayıdıb digər akkumulyatoruda götürüb getmək istəyəndə 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və akkumulyatoru hara apardığını soruşmuşlar. O, etiraf edərək həmin akkumulyatoru oğurlamaq istədiyini bildirmiş və 1 ədəd akkumulyatoru atdığı yeri onlara göstərmişdir. Sonra polis əməkdaşları 2 ədəd akkumulyatoru götürüb ona Zığ limanında xətt polis bölməsinə getməyi təklif etmişlər. Onlarla razılaşmış və bölməyə getmişdir. Polis bölməsində ona oğurluqda şübhəli olduğu bildirilmiş və bu səbəbdən də üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Polis bölməsində üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Video çəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuş və qanunsuz əşyanın üzərində olduğu tədqirdə təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli qış gödəkcəsinin sinə tərəfindən sol iç cibindən ağ qara rəngli siqaret kağızının içərisində olan şəffaf sellofana bükülmüş narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşı ondan təqdim etdiyi narkotik vasitənin hardan və kimdən aldığını soruşan zaman, heroini Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanımadığı Əhməd adlı şəxsdən 50 manat pul verməklə aldığını demişdir. Təqdim etdiyi narkotik maddə olan heroin ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və özü, habelə iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hər tərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, X13 idarəsinin Zığ limanında X14 narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 fevral 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində X21 X5 inzibati ərazisində xidmətdə olarkən 1 nəfər şəxsin Liman Bazasının inzibati ərazisinə Xəzər dənizinin sahili istiqamətindən dəmir torun üstündən keçməsini görmüş, dərhal Zığ Limanında XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili Şahid2 məlumat verib hadisə yerinə çağırmış və həmin şəxsi müşahidə etməyə başlamışlar. 20.02.2021-ci il tarixdə saat 18 radələrində həmin şəxsin dəmir toru keçdikdən sonra Liman bazanın ərazisinə daxil olub yerdən 1 ədəd akkumulyatoru götürüb dəmir tordan sahil istiqamətində atdığını, digərini götürüb atmaq istəyəndə dərhal ona yaxınlaşıb saxlamışlar və özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs harada işləməsini, Liman bazasının ərazisinə necə keçdiyini və akkumulyatoru hansı səbəbdən sahil istiqamətində atmasını soruşduqda Təqsirləndirilən şəxs həmin akkumulyatorları satmaq üçün oğurlamaq istədiyini, Liman bazanın ərazisinə icazəsiz dəmir toru keçərək daxil olmasını bildirmişdir. Bu səbəbdən onu bölmənin növbətçi hissəsinə gətirmişlər və məlum olmuş ki, o, 1973-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Polis bölməsində Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitə aludəçisidir və üzərində narkotik vasitə heroin vardır. O, şübhəli şəxs kimi tutulduqdan sonra video görüntü ilə onun üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən ağ qara rəngli siqaret kağızının içərisində 01 ədəd şəffaf sellofana bükülmüş narkotik maddə olan heroinə oxşar kütləni təqdim edərək həmin bükülünün içində narkotik maddə heroinin olduğunu bildirmişdir. Həmin bükülü açılmış, içində ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş ağ qara rəngli siqaret kağızının içərisində 01 ədəd şəffaf sellofana bükülmüş kütlə, narikotik vasitə heroini Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bazarının yanında Əhməd adlı şəxsdən 50 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş, ağ qara rəngli siqaret kağızının içərisində 01 ədəd şəffaf sellofana bükülmüş kütlə ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən, o cümlədən də onun tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 iş üzrə dindirilmiş digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edərək tədqiq etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 15 fevral 2021-ci il tarixdə saat 20 radələrində xidmətdə olarkən Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə 15.02.2021-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərara əsasən narkotik vasitə saxlamaqda şübhəli bilinən Suraxanı rayonu Hövsan qəsəbə sakini Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi məhəllə 4042/60 qarşısı ilə piyada hərəkət edən zaman saxlamışlar və Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, saxlanılma səbəbi və nədə şübhələndiyi izah olunmuş, müdafiə hüququ təmin edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkilişdən istifadə olunmuşdur. Video çəkiliş mobil telefon vasitəsi ilə aparılmışdır. Keçirilmiş şəxsi axtarış zamanı E. Şahbazov əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükülü vəziyyətdə siqaretin qara rəngli sellofanını təqdim etmiş və həmin 1 ədəd bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini 13 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində dəniz kənarından yerdən tapdığını və sonradan narkotik vasitə heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin bükülü açılarkən içində ilk baxışdan narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli, spesifik qoxuya malik kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd qara rəngli sellofana bükülmüş büküm narkotik vasitə heroinə bənzər maddə ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” möhürlü kağızı ilə möhürlənmişdir. Sonra şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra, həmin protokol iştirakçılar tərəfindən, o cümlədən də tərəfindən imzalanmışdır. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, Şahid3 ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 fevral 2021-ci il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( İ cild, i.v. 1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X13 İdarəsi Zığ limanında X14 8/-HK-1/03 nömrəli, 20 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.02.2021-ci il tarixdə Zığ limanında XPB-də tutulmuşdur ( İ cild, i.v. 13); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 19:50-də Zığ limanında XPB-də tutulmuşdur ( İ cild, i.v. 22-23); şəxsi axtarış barədə 20 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Zığ limanında XPB-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAQ-un baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və 13 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə video çəkiliş formatında AR CPM-in 242-246-cı maddələrinin tələblərinə riayət etməklə 20 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Zığ limanında XPB-in inzibati binasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMnin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və ya başqa cinayət xarakterli əşya varsa könüllü olaraq təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sol iç cibində ağ-qara rəngli siqaret kağızının içərisində 1 ədəd sellofan bükülünü təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs ondan götürülmüş 1 (bir) ədəd ağ-qara rəngli siqaret kağızının içərisində sellofan bükülünün içərisində olan əşyanın “heroin” olduğunu və həmin narkotik vasitəni 20 gün bundan qabaq Bakıxanov qəsəbəsində yerləşəb Bazarın qarşısında uzun müddət tanıdığı “Əhməd” adlı şəxsdən 50 (əlli) AZN qarşılığında aldığını və özü istifadəçisi olduğuna görə öz üstündə saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat 10 qəpik AZN pulu könüllü surətdə təqdim etdi, qeyd olunanlardan başqa şübhəli şəxsin üzərindən araşdırma əhəmiyyəti kəsb edən hər hansı əşya aşkar olunmamışdır ( İ cild, i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2021-ci il tarixli, 6/762 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN X13 İdarəsi Zığ Xətt X15 üçün” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə Heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( İ cild, i.v. 43-45); təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir ( İ cild, i.v. 57); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 4(004)-101/2021 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20.02.2021-ci il tarixdən, saat 19:50dən hesablanmışdır ( İ cild, i.v. 81); Suraxanı RİHB-nın Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Hövsan qəsəbəsi O.Şahbazov küçəsi nömrəsiz fərdi evdə qeydiyyatsız yaşayır. Yaşadığı dövrdə ictimaiyyət tərəfindən mənfi xarakterizə olunur ( İ cild, i.v. 94); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 12.03.2021-ci il tarixli, 2094 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( İ cild, i.v. 96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 19.03.2021-ci il tarixli, 018-3543-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat yoxdur ( İ cild, i.v. 97); Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 23.06.1973-cü il tarixdə Səbail rayon qeydiyyat şöbəsində 917 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur ( İ cild, i.v. 111); cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrədə davam etdirilmişdir ( İ cild, i.v. 113- 114); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq, icraata qəbul edilib istintaqı aparılmışdır ( İ cild, i.v. 116); şübhəli şəxsin tutulması haqqında 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 15 fevral 2021-ci il tarixdə, saat 2015-də Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında tutulmuşdur ( İ cild, i.v. 134); şəxsi axtarış və götürmə aparılması haqqında 15 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid4, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «İPHONE 7» markalı mobil telefonun, video kamerasından istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürmə aparmazdan əvvəl proses iştirakçılarına CPMdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükülü vəziyətdə siqaretin qara rəngli sellofanını təqdim edərək həmin 1 ədədin içərisində narkotik vasitə olan kakos (heroin) olduğunu, bu narkotik vasitə kakosu (heroini) 2021-ci ilin fevral ayının 13-ü tarixində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində dəniz kənarından yerdən tapdığı və sonradan narkotik vasitə kakosu(heroini) şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofana bükülmüş bükümü açdıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofana bükülmüş büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 196 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir ( İ cild, i.v. 141-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2021-ci il tarixli, 6/674 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, i.v. 152-156); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ( İ cild, i.v. 172); qətimkan tədbiri seçmək haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( İ cild, i.v. 189); Masallı Rayon Məhkəməsinin 1(050)-36/2015 saylı, 26 fevral 2015-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ( İ cild, i.v. 196-198); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 24 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 25.03.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il maddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Səbail Rayon Məhkəməsinin 25.06.2004-cü il tarixli qərarı ilə AR CPM-in 513, 520-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 02 il 06 ay 02 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.05.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 152, 67.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apelyasiya Məhkəməsinin 19.06.2003-cü il tarixli qərarı ilə AR CM-in 67.1-ci maddəsi ilə AR CM-in 38-ci maddəsi ilə əvəz olunub, Suraxanı Rayon Məhkəməsinin 01.03.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 28.09.2007-ci il tarixli qərarı ilə AR CM-in 76-cı maddəsinə əsasən 03 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, Masallı Rayon Məhkəməsinin 05.03.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.07.2017-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 04 (dörd) ilə endirilmiş, 28.11.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur ( İ cild, i.v. 208-211); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzinin” 04.03.2021-ci il tarixli, 19/51-2570 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur ( İ cild, i.v. 212); Video diskə baxış keçirilməsi haqqında 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinə əlavə edilmiş üzərində rəqəm, hərf və sözlər olmayan, üst səthi ağ rəngli olan 1 ədəd “CD” diskə köçürülmüş video görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 9 dəqiqə 45 saniyəlik video görüntünün 04 dəqiqə 28-ci saniyəsindən 05 dəqiqə 03-cü saniyəsinədək olan müddətdə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Tofiq oğlu əynində olan qara şalvarın sağ yan cibindən 1 ədəd bükülü vəziyyətdə siqaretin qara rəngli sellofanını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir ( İ cild, i.v. 218); 210100110 nömrəli və ********* nömrəli cinayət işləri üzrə Azəraycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 15.03.2021-ci il tarixli, 777 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxsTofiq oğlunda müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( İ cild, i.v. 235-238); sübutların qiymətləndirilməsi haqqında 26.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yeni məzmunlu ittiham elan edilmiş, iş üzrə ekspertiza rəyləri, ifadələr, protokollar və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmamış, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxladığı ağ qara rəngli siqaret kağızının içərisində şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,455 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 01 aprel 2021-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra (tədqiqata sərf edilmiş 0,05 qram) qalıq qalmış 0,405 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Su NPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 17 fevral 2021-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra (tədqiqata sərf edilmiş 0,05 qram) qalıq qalmış 0,216 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Su NPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntünü əks etdirən 02 ədəd video disk maddi sübut kimi tanınmış və cinayət işinin materialına əlavə edilmiş, narkotik vasitənin mənbəyinin və Əhməd adlı şəxsin müəyyən edilməsindən ötrü 211160003 nömrəli cinayət işindən material ayrılmış və Su NPİ-nin Zığ limanında xətt polis bölməsinə göndərilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2021-ci il tarixli 9/1080 №-li ekspert rəyi, “xxxx” QSC-nin X21 Donanmasının 23 aprel 2021-ci il tarixli 02/02-369 nömrəli məktubu və aktları, şahid X3 ifadəsi və onun iştirakı tərtib edilmiş baxış protokolu sübut əhəmiyyəti kəsb etmədiyindən sübut növü hesab edilməmiş və sübutlar siyahısından çıxarılmış, 2 (iki) ədəd akkumulyatorlar “xxxx” QSC-nin X4ytarılmışdır ( İİ cild, i.v. 7-16); təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yeni məzmunlu ittiham elan edilmişdir ( İİ cild, i.v. 30); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə hadisənin diskə baxış keçirilməsi haqqında protokollarda göstərildiyi şəkildə davam etdiyi müəyyən edilmiş, təqsirləndirilən şəxs diskə baxış keçirilməsi haqqında protokolda qeyd etdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dörd dəfə məhkum edilməsi, yaşayış yeri üzrə mənfi xarakterizə olunması, hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işinin olmasını isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Su NPİdə saxlanılan 0,405 qram və 0,266 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan X20 İdarəsində saxlanılan 0,405 (sıfır, dörd yüz beş) qram və 0,216 (sıfır, iki yüz on altı) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 221 (iki yüz iyirmi bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar