Məhkəmə qərarları › İş №1(011)-263/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-263/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-263/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Müdafiəçi Saməddin oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx.xx.2023-cü il tarixində Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,782 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 26 fevral 2025-ci il tarixdə saat 18:49-da Xətai RPİ-nin 34cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən "LD" markalı siqaret qutusunun içərisində 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0, 782 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, diskə baxış protokolu, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona verilən ittiham üzrə özünü tam təqsirli bildiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, tutularkən üzərindən çıxan narkotik vasitəni 2024-cü il tarixində tanıdığı Asif adlı şəxsdən almışdır. Belə ki, Asiflə üzbəüz gələrkən sonuncu ondan narkotik vasitədən istifadə edib-etməməyini soruşduqda, o da ona bildirmişdir ki, istifadə edir. Daha sonra Asif ona bildirmişdir ki, ona narkotik sata bilər. Onunla kafedə görüşüb narkotik vasitəni alıb çıxan zaman 34-cü PŞ-nin əməliyyat müvəkkili Abbas onu tutmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tədbiq edilməmişdir. Məhkəmə iclas zalında təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, o, pulu Asifə karta atmışdır. Həmin kart məlumatları başqasına aid olduğu üçün müvafiq məlumatları təqdim edə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, inzibati ərazidə olarkən Tariyel adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 fevral 2025-ci il tarixdə saat 18:49-da PŞ-nin rəis müavini X5 və əməliyyat müvəkkili işləyən Şahid2 ilə birlikdə ünvan 2 saylı yaşayış binasının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Bundan sonra şəxsiyyəti barədə məlumat soruşduqda özünü xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olduğunu bildirdiyi 01 ədəd "Samsung A 24" markalı mobil telefonu, "LD" markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitəyə bənzər maddəni və 01 ədəd şokoladı təqdim etmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 15 manat 90 qəpik pul vəsaiti, sol yan cibindən isə "Leobank" bank kartı və Ədliyyə Nazirliyinə məxsus elektron qolbaq aşkar edilərək götürülmüşdür. Hava şəraitinə görə videoçəkilişin davamı polis şöbəsinə aparılaraq davam etdirilmişdir. Polis Şöbəsinin girişində əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən 01 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə elektron tərəziyə qoyularaq ölçülmüşdür. Bükümün çəkisi 1 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və möhür ilə möhürlənmişdir. Zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan büküm qablaşdırılmış şəkildə, bundan başqa Təqsirləndirilən şəxs saxlandığı andan videogörüntüləri özündə əks etdirən 01 ədəd CD-R formatlı disk və sonuncun üzərindən aşkar edilən 01 ədəd "Samsung A 24" markalı mobil telefonu, bank kartı, elektron nəzarət qolbağını baş təhqiqatçı Aşqin Abdullayevə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd şokolad və 15 manat 90 qəpik pul əskinazı iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş üzrə digər Şahid2 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadə elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); 26 fevral 2025-ci il tarixli şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olduğunu bildirdiyi 01 ədəd “Samsung A 24" markalı mobil telefonu, "LD" markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitəyə bənzər maddəni və 01 ədəd şokoladı təqdim etməsi, ardınca əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 15 manat 90 qəpik pul vəsaiti, sol yan cibindən isə "Leobank” bank kartı və Ədliyyə Nazirliyinə məxsus elektron qolbaq aşkar edilərək götürülür. (i.v 11-12) 26 fevral 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olduğunu bildirdiyi 01 ədəd "Samsung A 24" markalı mobil telefonu, "LD" markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitəyə bənzər maddə və 01 ədəd şokoladı təqdim etmiş, ardınca əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 15 manat 90 qəpik pul vəsaiti, sol yan cibindən isə "Leobank" bank kartı və Ədliyyə Nazirliyinə məxsus elektron qolbaq aşkar edilərək götürülmüşdür. (i.v 16) şübhəli şəxsin tutulması haqqında 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə, saat 19:59-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən azadlığının faktiki məhdudlaşdırıldığı saat 18:49-dan hesablanmışdır (i.v.26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/889 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №152 " möhür əksi, "...Ə.Tariyel..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,782 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.. (i.v 39-42); (ekspertiza xərci 110 manat) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona müvafiq maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51-52); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v 73-77) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladı vardır.(i.v 99) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15%-i olmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixində cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilib.(i.v 107-108) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-366/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlığın məhudlaşdırılması cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla, ümumilikdə 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması höküm olunmuşdur.(i.v 103-106) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15% məbləğində dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 110-114); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli,1(103)- 1718/2023 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin höküm ilə təyin edilmiş aylıq qazancının 15% məbləğində dövlət nəfinə tutulmaqla 06 ay müddətinə islah işləri cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətiə azadlığın məhdudlaşdırılması cəzasına CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günün azadlığın məhdudlaşdırılması cəzasının bir gün hesabı ilə hesablanmaqla 03 ay tam toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzas təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanması qərara alınmışdır(i.v 115-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1934 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİSndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. ( i.v. 129-130); 25 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları, şahid ifadələri, üzərinə baxış keçirilməsi barədə protokollar, "xxxx" MMC-dən alınmış “CD” diskə baxış protokolu, fizikikimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/889 №-li, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi ambulator X1 xx.xx.2025-ci il tarixli 1934 №-li rəyləri ilə tam sübuta yetirildiyindən və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilən vaxtı üzərindən götürülmüş 01 ədəd bükümdə heroin, bir ədəd "Samsung A 24" markalı mobil telefonun götürülməsinə dair videoçəkiliş aparılaraq “CD”-yə köçürülmüş 02 (iki) ədəd disk maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilməsi, cinayət işi üzrə "xxxx" MMC-dən alınmış 01(bir) ədəd “CD” disk maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,782 qram (tədqiqata 0,1 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,682 qram) narkotik vasitə heroin maddi sübut kimi tanınması, narkotik vasitə heroin təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmə tərəfindən yekun qərar qəbul edilənə qədər saxlanması üçün Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisi eskpert rəyinə uyğun götürülsün və 0,782 qram hesab edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2020-ci il təvvəllüdlü X2 olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınması, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan və kimdən əldə etməsinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata material ayrılsın və araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi,cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən, cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq, Bakı şəhəri, Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. (i.v 153-160) Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər probasiya idarəsində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixə məhkum Təqsirləndirilən şəxs cəzasının 01 il 07 ay 2 gün hissəsini çəkmiş, 1 il 1 ay 24 gün hissəsini isə çəkməmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə şəxsi axtarış və götürmə protokolunda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun narkotik vasitələr adlı İ siyahının, 83-cü bəndinə əsasən narktoik vasitə olan heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Təqsirləndirilən şəxs himayəsində azyşalı uşağının olması(CM59.1.4), törətdiyi əməldən səmimi peşman olmasını və törətdiyi əməli səmimi etiraf etməsini(CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Apellyasiya Məhkməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli,1(103)-1718/2023 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 03 (üç) ədəd disklər iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Saməddin oğlu müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli,1(103)-1718/2023 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,682 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 15 (on beş) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Saməddin oğluna 165 (bir yüz altmış beş) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar