Məhkəmə qərarları › İş №1(011)-264/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-264/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-264/2020 01.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, subay, orta təhsilli, Salyan şəhəri Ə. Hüseynov küçəsi ev 130-da qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 96-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq sürücülük vəsiqəsi və etibarnaməsi olmadan xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində X5 məxsus «Mercedes Benz E 220» minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib ünvan 1 saylı ünvanda «Əhmədli» metrostansiyasına doğru 20-30 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda diqqətsizlik edərək həmin vaxt yolu sağdan sola adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs gec gördüyündən avtomobilin qabaq orta tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona sol bazu sümüyünün anatomik başının qapalı sınığından ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, X9 «Mercedes Benz E 220» minik markalı 99 PR- 075 dövlət qeydiyyat nömrəli avtomobili idarə edə bilməsi üçün tanışı Şahid xx xxxxxx 2019-cu il tarixdə etibarnamə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, «Mercedes Benz E 220» minik markalı 99 PR- 075 dövlət qeydiyyat nömrəli avtomobili idarə etmək üçün İlyasın razılığı ilə ondan 1 (bir) saatlıq götürmüş, lakin avtomobili idarə etmək hüququ və etibarnaməsi olmamışdır. Həmin tarixdə və saatda o, ünvan 1 saylı ünvanda qeyd olunan avtomobilə təxminən saatda 20-30 km sürətlə hərəkət edərkən yolu sağdan sola normal addımlarla keçən Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq yerə yıxmışdır. O, idarə etdiyi avtomobili dərhal saxlayaraq avtomobildən düşüb piyadaya yaxınlaşıb, onu avtomobilinə qoyaraq ilkin yardım göstərilməsi üçün yaxınlıqda yerləşən «X14» Klinikasına aparmışdır. Həmin klinikada xəsarət almış Zərərçəkmiş şəxs müayinə və müalicə etmişlər. Əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin əməliyyat və müalicə xərclərini ödəyib mümkün maddi və mənəvi yardım göstərdiyini, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, gənc olmasını qeyd edib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində ünvan 1 saylı ünvanda avtomobil yolunu, yəni «Sərhədçi» X10 istiqamətinə doğru sağdan sola keçərkən təxminən 7 (yeddi) metr məsafə qət etdikdən sonra qara rəngli «Mercedes Benz E 220» minik markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ön orta hissəsi ilə onu vurmuş və yerə yıxılmışdır. Yerə yıxılan zaman başı yerə dəymiş və sol qolu yuxarı hissədən sınmışdır. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onu vurandan sonra dərhal avtomobili saxlayıb, onu avtomobilə əyləşdirib müayinə olunması üçün yaxınlıqda olan «X15» Klinikasına aparmış, klinikada stasionar qaydada iki gün müalicə olunmaqla sol qolu əməliyyat olunmuşdur. Avtomobili idarə edən şəxs Röyal Hüseyenov «X15» da ödənişləri etməkdən ötrü ona 2100 (iki min yüz) manat pul vermişdir. Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 10 (on) ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili idarə etməyə «BC» dərəcəli sürücülük vəsiqəsi var və bu səbəbdən də 2000-ci il buraxılışlı, qara rəngli «Mercedes Benz E 220» minik markalı 99- PR-075 dövlət qeydiyyat nişanlı avtomobili taksi kimi idarə etmək məqsədi ilə X2 xx xxxxxx 2019-cu il tarixdə 6 ay müddətinə xx xxxx 2020-ci il tarixinədək etibarnamə əsasında icarəyə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Nizami rayonu Çobanzadə küçəsində tanışı Təqsirləndirilən şəxs ilə görüşərkən sonuncu onun idarə etdiyi avtomobili yeni gördüyündən sürüb baxmaq istədiyini ona bildirəndə, o, etiraz etməyərək avtomobili etibarnaməsiz və nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da Mercedes Benz E 220 minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili üzü «Laçın» Ticarət Mərkəzi istiqamətində sürüb getmişdir. Aradan təxminən 15 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng vurub idarə etdiyi avtomobillə yolu keçən piyadanı vurmasını, piyadaya xəsarət yetirdiyini, xəsarət alan şəxsi müayinə etdirməkdən ötrü «X16» klinikasına aparmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, hal şahidləri X6 və X4 iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir (i.v. 6-11); sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/429 nömrəli, xx.xx.2020-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 07/2020 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində ilkin olaraq müəyyən edilmiş xəsarət-sol bazu sümüyünün anatomik başının qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda və adına tərtib edilmiş tibbi sənəddə göstərilmiş xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi şəraitində törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v.26-28); Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hal şahidləri X1 və X3 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışın aparıldığı hadisə yeri Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsidir. Hadisə yerində yol iki hərəkət zolağından ibarətdir, yolu ortadan örtülü yol ayrıcı ayırır. Hadisə yerində yol hər iki istiqamətə görə 3 hərəkət zolağından ibarətdir. Zolaqları qırıq-qırıq ağ xətt ayırır. Yolun hərəkət hissəsinin eni ümumilikdə 16 metrdir. Hadisə yerində yolun hərəkət hissəsinin eni 8 metrdir. Yolun sağ və sol kənarlarında sarı xətt vardır. Yolun sağ və sol kənarlarında piyadalar üçün nəzərdə tutulmuş piyada yolu vardır. Daha sonra isə ticarət obyektləri yerləşir. Yolun orta ayrıc zolaqda işıq dirəkləri vardır (i.v. 35-37); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3898 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən Mercedes Benz E220 markalı, 99RP075 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 46- 49); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 66); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 71); Zərərçəkmiş şəxs Xətai RPİ-nə ünvanlanan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur (i.v. 83); xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 94); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 104); qətimkan tədbirinin seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 116); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərmişdir (i.v. 122); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 07/2020 saylı rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprertizası Mərkəzi ekspertinin vermiş olduğu məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3898 saylı rəyi işin faktiki hallarına uyğun olduğundan cinayət işi üzrə sübut növü kimi qiymətləndirilib cinayət işin materiallarına əlavə edilmiş, "Mercedes Benz E 220” minik markalı 99-RP 075 dövlət qeydiyyat nişanlı avtmobili idarə edən Şahid barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmiş, Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonra avtomaşının hadisə yerində saxlayaraq və xəsarət alan şəxsi xəstəxanaya apararaq ona tibbi yardım göstərilməsini təmin etdiyindən,əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (i.v. 134-139); Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılmasını (CM- 59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar