Məhkəmə qərarları › İş №1(011)-265/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-265/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-265/2020 01.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd gümüşü rəngli siqaret bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,420 qram, 0,430 qram, və 0,280 qram, ümumi təmiz çəkisi 1,130 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx xxx 2020-ci il tarixdə saat 08:00-da Xətai rayonu Gəncə prospekti 11 saylı ünvanın qarşısında Xətai RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli pul qabının içərisində olan narkotik maddəni istifadə etmək üçün 02 ədəd şpris, 01 ədəd sınıq şüşə ampula və üç büküm həmin narkotik vasitələr olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 08:00 radələrində Xətai rayonu Gəncə prospekti 11 ünvanında yerləşən Heydər Əliyev adına parkın yaxınlığından keçən zaman orada yerləşən karantin postundakı polis əməkdaşları onu saxlayıb icazəsini yoxlamışlar. Onun icazəsi olmadığı və üzərində narkotik maddə olduğu üçün oradan qaçmaq istəmişdir. Polis əməkdaşları onu saxlamış, o, polis əməkdaşlarına qaçmasına səbəb kimi üzərində narkotik maddə olduğunu bildirmişdir. Onu Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gəlmişdir. Polis əməkdaşları ona hüquqlarını izah etməklə hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 13 saylı vəkil bürosundan müdafiəçi dəvət etmişlər. Bundan sonra ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o, əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibində olan qırmızı rəngli pul qabının içərisində olan narkotik maddəni istifadə etmək üçün 02 ədəd şpris, 01 ədəd sınıq şüşə qab və üç büküm narkotik maddə olan heroindən ibarət maddələri masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilərək götürülmüş 02 ədəd şpris, 01 ədəd sınıq şüşə qab və üç büküm narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürü ilə möhürlənmiş və o da daxil olmaqla zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Xətai rayonu Məzahir Rüstəmov 2 ünvanında yerləşən 7 saylı poliklinikanın yaxınlığında üzdən tanıdığı bir nəfər şəxsdən hər biri on manat olmaqla otuz manata istifadə etmək üçün alıb üzərində saxlamışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin öz xətti ilə yazmış olduğu izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 08 radələrində ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olaraq Xətai rayonu Gəncə prospektində qurulmuş stasionar postda xidmətdə olan zaman həmin postdan bir nəfər piyada keçən şəxs onlar tərəfindən dayandırılaraq həmin şəxsin çölə çıxmağa icazəsi olub-olmaması yoxlanılmışdır. Həmin şəxsin hərəkət və danışığında qeyri-dəqiqlik olduğundan həmçinin özünün narkotik istifadəçisi olduğunu bildirməsinə görə həmin şəxs onun, PPXB-nin digər polis nəfərləri Şahid2 və Şahid3 tərəfindən Xətai RPİ-nin 35-ci PB-nə dəvət olunmuşdur .Polis Bölməsinə çatdıqdan sonra onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qırmızı rəngli pul kisəsinin içərisində 2 ədəd istifadə olunmuş tibbi şpris, 3 ədəd tibbi şpris iynəsi, 1 ədəd istifadə olunmuş distilə edilmiş suyun ampulası və siqaretin kağızına bükülmüş 3 büküm tünd rəngli qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu və həmin maddəni xx xxx 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 3 saylı ünvanın qarşısında üzdən tanıdığı lakin anket məlumatlarım bilmədiyi şəxsdən özü istifadə etməsi üçün 30 manata alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Yəhya oğlu, və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 09:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Xətai rayon Polis idarəsinin 35-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3, Bakı Şəhəri Xətai rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Yəhya oğlunun, Bakı Şəhəri Xətai rayon Polis idarəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid1, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində Panasonic markalı videokameradan istifadə olunmaqla video kamera çəkilişi ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-ində nəzərdə tuulmuş hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qırmızı rəngli pul kisəsinin içərisində 2 ədəd istifadə olunmuş tibbi şpris, 3 ədəd tibbi tibbi şpris iynəsi, 1 ədəd istifadə olunmuş distilə edilmiş suyun ampulası və siqaretin kağızına bükülmüş 3 büküm tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu, xx xxx 2020-ci il tarixdə saat 22:30 radələrində ünvan 3 saylı ünvanın qarşısında üzdən tanıdığı lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etməsi üçün 30 manata alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd siqaretin kağızına bükülmüş 3 büküm tünd qəhvəyi rəngli, tozkristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmiş, aşkar olunmuş 3 ədəd siqaretin kağızına bükülmüş 3 büküm narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 21-22); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/678 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Əliyev M (imza)” və s. qeydlər olan zərfdəki 3 ədəd bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,420 qr., 0,430 qr., 0.280 qram, ümumi təmiz çəkisi 1,1130 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -1 ədəd sınıq şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. -2 ədəd boş şprislərdə narkotik, psixotrop maddələrin izləri yoxdur (i.v. 30-35); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 47); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 68-70); təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi barədə xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 71); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 78); Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 605 nömrəli, xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və yaşayır. Yaşadığı müddətdə onun haqqında heç bir şikayət daxil olmamışdır (i.v. 92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2020-ci il tarixli, 1302 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkodienlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. 94-96); sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, məhkəmə kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/678 saylı rəyi iş üzrə sübutu əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1302 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi ayrı-ayrılıqda təmiz çəkiləri 0,420qr., 0,430 qr., 0,280 qram, ümumi təmiz çəkisi 1,130 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 1,080 qram narkotik maddə heroin iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin məsul saxlanana təhvil verilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2020-ci il tarixdə Xətai RPİ-nin, 35-ci PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi naməlum mənbəni müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış və araşdırılması üçün Xətai RPİ- nin 35-ci PB-nə göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolu, əldə edilmiş maddi sübutlar, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qəbul olunmuşdur (i.v. 96-101); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd qırmızı rəngli pul kisəsinin içərisində 2 ədəd istifadə olunmuş tibbi şpris, 3 ədəd tibbi tibbi şpris iynəsi, 1 ədəd istifadə olunmuş distilə edilmiş suyun ampulası və siqaretin kağızına bükülmüş üç bükülünü çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkilərin ağ rəngli bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, xx xxx 2020-ci il tarixdə ünvan 3 saylı ünvanın qarşısında üzdən tanıdığı lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etməsi üçün 30 manata alaraq üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,130 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əliyev X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,050 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 108,46 (bir yüz səkkiz, qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar