Məhkəmə qərarları › İş №1(011)-265/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-265/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-265/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Çaparidze küçəsi, ev 3, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm içərisində təmiz çəkisi 0,684 qram olan narkotik vasitə heroini 20 manat nağd pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, Xətai Rayon Mühafizə İdarəsinin polis nəfərləri tərəfindən xidməti ərazidə aparılan reyd zamanı 30 yanvar 2023-cü il tarixdə saat 02:00 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2rləşən Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,684 qram olan qəhvəyi rəngli, maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək gölürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş halları, yəni təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, axtarış və götürmə haqqında protokol, videoçəkiliş ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, təxminən iki ay bundan əvvəl bir neçə dəfə narkotik vasitə olan heroindən istifadə etmişdir. Sonuncu dəfə 29 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “H.Aslanov” metronun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində “heroin" narkotik vasitə almışdır. Həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol cibinə qoymuşdur. 30 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Xətai rayonu, Cavanşir küçəsində tək olaraq piyada gəzərkən həmin narkotik vasitəni cibindən çıxarıb yoxlamaq istəyəndə təsadüfən 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşlarını gördüyündə özünü itirib narkotik vasitəni yenidən əynində olan göy rəngli cins şalvarın sol cibinə qoymaqla gizlətməyə cəhd etmiş, lakin polis əməkdaşları ondan gizlətmiş olduğu əşyanın nə olduğunu soruşduqda o həmin əşyanın narkotik vasitə olan heroin olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişdirlər. O da hər hansı etiraz etməmişdir. Polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PB-yə gətirmişdirlər. Polis bölməsində polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və buna görə də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdirlər. Hüquq və vəzifələri ona izah olunaraq müdafiəçi təqdim olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o da əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə saat 02:00-də iş yoldaşı Şahid2 ilə birikdə Xətai Rayon Mühafizə İdarəsinə məxsus «Volksvagen Polo» markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Cavanşir küçəsi 4 saylı ünvanın qarşısından keçərkən yolun hərəkət hissəsinin kənarında bir nəfər cavan oğlanın dayanmasını görmüşdürlər. Həmin cavan oğlanın xidməti avtomobili görən kimi özünü narahat və qeyri-adekvat aparmasından şübhələnib avtomobilin hərəkətini dayandırmışdırlar. Daha sonra o və Şahid2 avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Həmin şəxs dahada həyacanlanmış və sağ əlini arxaya tərəf hərəkət etdirməklə nəyisə gizlətməyə çalışmışdır.Buna imkan verməyərək onu Xətai RPİnin 36-cı PB-nin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmələri ilə bağlı tərəflərindən bölmə rəhbərliyinə məruzə edilmişdir. Bölmə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün bölmənin təhqiqatçısı polis kapitanı Faiq Şahverdiyevə təhvil vermişdirlər. Faiq Şahverdiyev ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra bölmənin xidməti otaqlarının birində o, Şahid2 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd markasını bilmədiyi mobil telefonu və 1 ədəd şəffaf rəngli sellofan kəsiyini təqdim etmişdir. 1 ədəd şəffaf rəngli sellofan kəsiyi açıldıqda içərisindən qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə müəyyən etməsi soruşulduqda o həmin kütlənin narkotik vasitə olan heroin olmasını və onu 29 yanvar 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında 20 manat müqabilində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi Şahid1 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş maddə olan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını və həmin bükümü ‘'Həzi Aslanov” metrostansiyasının yaxınlığında heç bir anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd disk protokola əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-də xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəflaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq çıxarıb təqdim edərək həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 6/551 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,684 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqatdan sonra qalıq 0,634 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X1 Şəxsinin 03 fevral 2023-cü il tarixli 605 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçini öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd disk iş üzrə maddi sübut qismində tanınmışdır. Bir ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 02:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında tam, hərtərəfli və obyektiv yoxlanılmış sübutların məcmusu ilə, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınaraq ərazi narkoloji dispanserə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 0,634 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,634 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar